Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:52

Təqlidin intiharı və ya “İntihar...”dan sonrakı Şəhriyar


Elnarə Tofiqqızı
Elnarə Tofiqqızı
-

Elnarə Tofiqqızı "İntihar hörüyü" romanı haqda:

Şəhriyar del Geraninin bu əsərindən görünən nədir?

Şəhriyar bu əsərində də şairdir – böyük mətnə hazırlaşan, ancaq hələ özünü axtaran şair!

Əsərin roman səviyyəsinə yüksəlməməsi və sürətlə sona yuvarlanması müəllifin bədii mətn potensialının məhdudluğundan daha çox, alınmayan təhkiyədən can qurtarmasına bənzəyir.

Şəhriyar niyə məhz bu mövzunun onu narahat etməsinin dərkində çətinlik çəkdiyindən, üzərinə götürmək istədiyi missiyanı da başa vura bilmir, özünü tez-tələsik “intihara” çatdırır.


Elnarə Tofiqqızı bu məqaləsi ilə gənc yazar Şəhriyar del Geraninin "İntihar hörüyü" romanının "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur. Bu, müzakirədə son yazıdır. Tezliklə müəllifin tənqidlərə münasibətini də “Oxu zalı”nda oxuyun.


Elnarə Tofiqqızı


TƏQLİDİN İNTİHARI VƏ YA “İNTİHAR...”DAN SONRAKI ŞƏHRİYAR


1.

Şəhriyar del Geraninin “İntihar hörüyü” ilk cümləsindən sonuna qədər görünən, üzdə olan əsərdir. Bir neçə abzasdan sonra yeniyetmətlik xatirələrini danışan gəncin rəssam olacağı da göz önündədir, sonda intihar edəcəyi də.

Çünki rəssamlar və onların həyat tərzi haqqında ədəbi təsəvvürlər təhtəlşüuri olaraq Şəhriyar kimi ədəbiyyata yenicə qədəm qoyan gənci istiqamətləndirir, onun təfəkkür imkanlarının bu sərhədlərdən kənara çıxmasına imkan vermir. Həyatın dibindən gələn, mütləq azadlıq tələb edən istedadlı gəncin həyatı ənənəvi qaydada rəssamlığa gətirib çıxarmalı və özünü ifadə edə bilməmək əzabı intiharla nəticələnməli idi.

Qəbul olunmuş, dəfələrlə bu və ya digər formada istifadə edilmiş süjet: Şəhriyar öz yaşının hüdudlarını aşa bilmir, “həyatın dibi və istedad” və ya “həyatın dibindəki həyat” təsəvvürləri, mistik desək (və baş-ayaq tutsaq), “7-ci çakranın” aktiv fazada təqdimatından o tərəfə keçmir. Həmin dünyanın mistik dərki gənc yazarın potensial imkanları daxilində olsa da, ifadə etmək səviyyəsinə qalxmır. Daha doğrusu, Şəhriyar niyə məhz bu mövzunun onu narahat etməsinin dərkində çətinlik çəkdiyindən, üzərinə götürmək istədiyi missiyanı da başa vura bilmir, özünü tez-tələsik “intihara” çatdırır.

Üslub baxımından ən asan və daha az texnika tələb edən variantdan istifadə də onillərlə keçilən yolun bir qədər “müasirləşmiş” təkrarıdır: təhkiyənin verdiyi imkandan bəhrələnərək, oxucu ilə birbaşa ünsiyyətə cəhd də burdan doğur. Amma niyə oxucuya qarşı əndazəni aşan “səmimiyyət” (daha doğrusu, kobudluq, bir az da irəli getsək, hətta təhqir də demək olar) göstərilməlidir?

Bəlkə də müəllifi anlamağa burdan başlamaq lazımdır. Şəhriyar özü də (qəti şübhə etmirik) mövzunun və həyatın təsvir etmək istədiyi alt qatının dəfələrlə və daha yüksək səviyyədə ifadə olunduğunu bilir, ona görə təhkiyədə alt şüurun reaksiyası ilə buna qarşı mübarizə aparır. Ancaq bu mübarizə psixoloji qatın deyil, təhkiyənin tərsinə çevrilməsindən uzağa getmir: daha çılpaq təsvirlər, daha kobud ifadələr işlədilir. Sanki bu təsvirlə müəllif “həyatın dibinin” indiyə qədər deyilməyən dərin qatlarına enmək üçün cəhd göstərir, ancaq əlbəttə ki, belə priyomlar onu bir qədər də səthə çıxarır və mövzunu səthiləşdirir.
Şəhriyar del Gerani
Şəhriyar del Gerani

Əsərin roman səviyyəsinə yüksəlməməsi və sürətlə sona yuvarlanması müəllifin bədii mətn potensialının məhdudluğundan daha çox, alınmayan təhkiyədən can qurtarmasına bənzəyir.

2.

Əsər sevgi üstündə qurulub, amma həddən artıq aqressiya ilə təqdim olunur. Bu, öz-özünə nifrət edən, keçdiyi yolu lənətləyən obrazın etirafları deyil, obrazın psixoloji durumunu ifadə etmək çətinliyi qarşısında təcrübəsiz müəllifin tərəddüdləridir. Mənəvi təbəddülatların özü mənzərə yaratmır və ona görə də
Samralın qəfil intiharının bazası yoxdur.

Hətta müəllif özü də bunu bilir və finalı bənzər əsərlərdən fərqləndirmək üçün qəhrəmanını tamamilə sıradan çıxarmır, onu prototiplərində yenidən canlandırmağa çalışır.

3.

“İntihar hörüyü” – sanki bir misranın ağırlığının açımına xidmət edir. Poeziyada dəfələrlə istifadə olunan məşhur deyim Şəhriyarın qələmində prozaya çevrilir. Hətta şair kimi tanıdığımız bu gəncin bir poetik deyimin yükü altında günlərlə düşündüyü, ancaq sonuna çata bilmədiyi açımını (şərhini) qələmə almaq istəyi haqqında da fikir yürütmək olar. Əsərin bitməməsi, deyilməyən və ya ifadə edilə bilməyən çox mətləbləri oxucunun ixtiyarına buraxmaqdan başqa əlac görülməməsi də poetik təfəkkürün prozaya uyğunlaşmamasından yaranır. “Hörüyündən asıldım” deyiminin bir şəxsin düşüncəsində “bir addımlıq” boyu nə qədərdirsə, “İntihar hörüyü” də o boydadır.

Adətən, şair kosmik informasiya ilə dediyi poetik biçimi yozmağı hər bir oxucunun öz ixtiyarına buraxır. Onun hüdudlarını görmək və bu informasiyanı romanda vermək bacarığı isə yazıçılara aiddir.

4.

Şəhriyar del Geraninin bu əsərindən görünən nədir?

Əlbəttə ki, onun bir daha şair olduğu tam aydınlığı ilə üzə çıxır. Şəhriyar bu əsərində də şairdir – böyük mətnə hazırlaşan, ancaq hələ özünü axtaran şair!

Şəhriyarın geniş potensialını da görmək mümkündür bu əsərdə: təkrarçılıqdan qaçmaq istəyi, öz-özüylə mübarizə, yeni nəsr anlayışına canatım, səmimilik, mətni tərs üzə çevirmək cəhdi... Mətnin tərs üzə çevrilməsi istəyi Şəhriyarda hələlik üst qatdadır, yazı və həyat təcrübəsi ilə onun təkmilləşəcəyinə isə şübhə etmirik. Xüsusi olaraq qeyd edək ki, vulqarizm (jarqon, tabu) ədəbi əsərdə müəllifin istifadə etdiyi proyomlar sırasında olsa da, təhkiyə forması kimi ondan yalnız qeyri-peşəkarlar istifadə edə bilər və bu formanın Şəhriyar qələmində məzmuna çevrilməyəcəyinə “İntihar hörüyü”nin 10-cu fəslindən sonrakı xeyli təsvir daha böyük ümid yaradır.

Şəhriyarın bu əsərindən daxilindəki təqlidçiliyə üsyan etdiyi (onu öldürdüyü) qənaətini çıxarmağa çalışaq - əlbəttə ki, bu gümanımızın yəqinliyini növbəti əsərində göstərəcəyi ümidi ilə.
XS
SM
MD
LG