Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:54

Sabir Çopuroğlu: «Ən baha əsəri 6 min Avroya satmışam»


Rəssam Sabir Çopuroğlu
Rəssam Sabir Çopuroğlu
-
«İlk dəfə rəssamlığa nənəmin ayaq ağrısı üçün aldığı Naftalan neftindən evimizin divarlarına şəkil çəkməklə başlamışam».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına rəssam Sabir Çopuroğlu söylədi.

NƏNƏM MƏNİ DÖYDÜ...

Nənəsi ilə birgə qədim Borçalının Ərqovan kəndində yaşayan Sabir Çopuroğlu ilk «rəssamlıq işi»nin ona çox baha başa gəldiyini bildirdi:

«Nənəm gəlib məni yaxşıca döydü ki, niyə divarı xarab eləmisən, təzə ağartmışdım... Amma rəsmlər çəkməyə davam etdim. Neftlə yox. Nənəm Tiflisə gedəndə, orada yaşayan ata-anam rəngli qələmlər, boya alıb göndərirdi mənim üçün. Məktəbə gedəndə də, şairlərin, yazıçıların rəsmlərini çəkməyə başladım. Hətta məktəbdə sərgim oldu»

NEFT MƏSƏLƏSİ NECƏ AĞILA GƏLDİ?

Uzun illər Tiflis rəssamlıq mühitində çalışan Sabir Çopuroğlu Bakıya köçəndən sonra yenilik axtarışında olduğunu dedi:

«Bir yenilik axtarırdım, kənardan gələn rəssam kimi... Bakı neft paytaxtıdır. Neftin içində yaşayırıq. Düzü, Tiflisdə məşhur rəssam Zurab Seretelinin briqadasında işləyərkən bitumdan istifadə edirdik. Həm bu səbəbdən, həm də uşaqlıqda neftlə çəkdiklərimi unutmamışdım. Dedim, bəlkə neftlə bir rəsm çəkim?».

BAYILA--NEFT GÖLMƏÇƏLƏRİNƏ...

Rəssam istəyini gerçəkləşdirmək üçün Bayıla--neft gölməçələrinə üz tutub:

«Bayılda çoxlu neft gölməçələri var. Neft elə şeydir ki, qurumur. Əsrlərlə qala bilər, qatlılaşa bilər, amma qurumaz. Həmin qatılaşan neftdən bir neçə litr emalatxanama gətirdim. Başladım eksperimentə. Necə edim ki, bu qurusun? Gərək bunu boya halına gətirəsən. Çox fikirləşəndən sonra tapdım. Öz texnikamla istədiyim qatılığı aldım və başladım çəkməyə. 2-3 günə neft yağlı boya kimi qurudu. Həm də, qəşəng alındı. Neftin özünün gözəl rəngi var axı. Bundan sonra başladım rəsmlər çəkməyə...».

Sevda İsmayıllı və Sabir Çopuroğlu
Sevda İsmayıllı və Sabir Çopuroğlu
«BOYAYA PATENT ALDIM»

Sabir Çopuroğlu hazırladığı boyaya patent aldığını da deyir:

«Qeydiyyatdan keçdim və sənədi aldım. İndi sərbəst işləyirəm. Beynəlxalq sərgilərdə iştirak etdim. Naftalandakı bir otelin elə Naftalan nefti ilə bədii tərtibatını da verdim. 200-dən çox rəsm əsərim var orada. Naftalan neftinin gözəl rəngi var».

ANCAQ OĞLUNA RƏNGİN ALINMA TEXNOLOGİYASINI ÖYRƏDİB

Rəssam rəngin alınma texnologiyasını ancaq oğluna öyrətdiyini deyir:

«Oğlum Rəssamlıq Akademiyasında oxuyur. Məndən sonra «neftlə rəsm çəkirəm» –deyənlər var. Amma o neft deyil, bitumdur-qırdır. Üstünə lak töküb neftə oxşayan maddə alırlar. Küçə rəssamları pul qazanmaq üçün belə işləyirlər».

NEFT QOXAN RƏSSAM ƏSƏRİNİ NEÇƏYƏ SATIR?

Rəssam həm yerlilərə, həm də əcnəbilərə əsər satdığını deyir:

«Çünki məni tanıyırlar artıq--internetdən, radio-televiziyadan. Rəsmlərim qəzet-jurnallarda çap olunub. Maraq çoxdur. Sifarişlər də olur. Rusiyadan internet vasitəsilə dəfələrlə sifariş almışam. Fransadan, Almaniyadan, İngiltərədən, Hollandiyadan da məktublar, sifarişlər gəlir. Çəkib yollayıram. Bizimkilər də alırlar. Kimin pulu azdır küçədən alır. Kimə də sərf edir--məndən».

Sabir Çopuroğlu
Sabir Çopuroğlu
RƏSM ƏSƏRİNİ İMKANLI ADAMLAR ALIR

Rəssam ən baha satdığı əsərdən də danışdı:

«Ən baha əsəri 6 min avroya satmışam. 5 minə satdığım da olub. Ondan aşağılar da var--3 minə, 2 minə və s. Əsəri satmaq üçün gərək sərgi keçirəsən. Sənətdən başı çıxan imkanlı adamları dəvət edəsən. Rəsm əsərini imkanlı adamlar alır».

MARADONANIN BÖYÜK QARDAŞI...

Aparıcının: «Siz əfsanəvi futbolçu Maradonaya çox bənzəyirsiniz. Heç sizə bu barədə deyiblər»—sualını belə cavabladı:

«Çox! Tiflisə gedəndə gömrükdə saxlayırlar, soruşurlar: Qatso, tı nostoyaşiy Maradona? (Qatso, sən əsl Maradonasan?). Deyirəm yox, Maradona mənim kiçik qardaşımdır... (gülüşmə). Tiflisin özündə də elə bilirlər Maradonayam. Gürcü dilində danışanda, əsl həqiqət üzə çıxır».
XS
SM
MD
LG