Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:31

Azərbaycan: Avropaya inteqrasiya olunmamaq paktı


Avropa İttifaqının bayrağı
Avropa İttifaqının bayrağı
-
Jurnalist Andrew Rettman EUobserver internet qəzetində yazır ki, «Azərbaycanın petro-rejimi və Avropa İttifaqı saat əqrəbinin əksi istiqamətində yeni strateji pakta dair danışıqlardadırlar»
4 aprel tarixli layihə «Strateji Modernləşdirmə Partnyorluğu» (Strategic Modernisation Partnership) adlanır, 13 səhifədən ibarətdir və hüquqi baxımdan icrası məcburi deyildir.
«Azərbaycan Avropa İttifaqına üzvlük bir tərəfə qalsın, heç, necə deyərlər, daha «ətli-qanlı» «Assosiasiya Sazişinə» qoşulmaq istəmədiyi üçün, çox güman, qarşıdan gələn illərdə Avropa ilə münasibətlərini formalaşdırmalı olacaq»- yazır jurnalist.
İlk iki səhifədə söhbət «yekun məqsədin Avropa İttifaqı ilə inteqrasiya və yaxınlaşma olmaqla, praktik islahat tədbirlərinin mütərəqqi tətbiqinin olacağı» barədədir.
Sənəddə deyilir ki, «bu pakt Azərbaycanda siyasi və iqtisadi islahatları inkişaf etdirəcək, dərin və hərtərəfli demokratiyaya dəstək verəcək, regional təhlükəsizliyi və davamlı iqtisadi yüksəlişi və enerji əməkdaşlığını gücləndirəcək».
Bu da qeyd olunur ki, Avropa İttifaqı Azərbaycan vətəndaşlarının üzv ölkələrə səfərlərini asanlaşdıracaq.
Lakin bu da vurğulanır ki, bu işlərin baş verməsi üçün Aİ-dan vəsait ayrılmayacaq və yeni strukrturlar yaradılmayacaq, əvəzində daha çox 10 il bundan əvvəl yaradılmış “alt komitələr”ə müraciət olunacaq.
Yerdə qalan 11 səhifədə «qarşıdan gələn 6 aydan iki il müddətinədək icra olunacaq bir sıra «fəaliyyətlərdən» bəhs olunur.
Bu fəaliyyətlər öz növbəsində 5 fəslə ayrılıb: siyasi islahatlar və Aİ ilə yaxınlaşma; təhlükəsizlik əməkdaşlağı və məsləhətləşmələri; ticarət və biznes mühiti; enerji, ətraf mühit və nəqliyyat; habelə fiziki şəxslər arasında birbaşa əlaqələr.
Bu sənəd keçmiş sovet ölkələrinin iştirakilə Aİ-nın noyabrda Vilnüsdə keçiriləcək sammitində imzalanmalı idi.
Andrew Rettman yazır ki, indi Aİ sənədin imzalanması üçün ayrılmış müddətin kifayət edəcəyi barədə bir ay bundan əvvəl olduğundan daha az əmindir.
AZƏRBAYCAN ƏN YUMŞAQ TƏNQİDİ DƏ HƏZM ETMİR
O vurğulayır ki, yeni mətn siyasi islahatlar barədə əvvəlki sənəddən – 2004-cü ildə imzalanmış Azərbaycan-Aİ «Hərəkət Planı»ndan daha az iddialıdır, beləki, həmin sənəddə iki fəsil demokratiya və qanunun aliliyinə həsr olunmuşdu.
Bakı
Bakı
«Lakin Aİ-dakı mənbələrə istinadən demək olar ki, hətta sənədin yeni yumşaq dilini də Azərbaycanın getdikcə repressivləşən rejimi həzm edə bilmir»- yazır müəllif.
Avropa İttifaqından olan bir mənbə bildirib ki, «cəmiyyəti bir balaca daha demokratik etmədən reallıqda modernləşdirmə çox çətindi».
Lakin Azərbaycanın Aİ-dakı səfiri Fuad İskəndərov izah edib ki, «Avropa bizim ərazi bütövlüyümüzə hörmət nümayiş etdirməlidir».
Cənab İskəndərov sayta bildirib ki, «bu paktın əsas qayəsi Azərbaycanın biznes elitasının təlimi və onun ən müasir texnologiyalara yiyələnməsinə yardım göstərilməsidi».
O əlavə edib ki, «sənədin 95 faizi artıq hazırdır, lakin belə də olur ki, yerdə qalan 5 faiz üçün uzun müddət işləmək lazım gəlir».
STRATEJİ HÖRMƏT
Andrew Rettman yazır ki, «stareji» və «hörmət» Azərbaycan üçün çox mühüm sözlərdir.
Cənab İskəndərov bildirir ki, Aİ Azərbaycanın Avropaya Rusiyadan yan keçən 40 milyard avroluq qaz kəmərinin çəkilişi barədə Bakının «son dərəcə çətin» seçim etməsini qiymətləndirməlidir.
Eyni zamanda Azərbaycan Bakıya hörmət göstərilərək əvvəlcədən icazə almadan Dağlıq Qarabağa səfər edən Avropa İttifaqı diplomatlarını «qara siyahıya» salmağa hazırdır.
«Bununla belə, Azərbaycanın reallıqda olan imici onun yaratmaq istədiyi imicdən dəhşətli dərəcədə fərqlidir» – yazır müəəllif.
Cənab İskəndərov deyib ki, «Azərbaycan müsəlman aləmində ən tolerant ölkələrdən biridir və bununla fəxr edir».
O söyləyib ki, Azərbaycan Avropa İttifaqı ölkələrinə bənzəmək istəyir, lakin bu, 25-30 il çəkə bilər, beləki, Azərbaycan post-sovet liderlərinin yeni nəslinin yetişdirilməsinə çalışır.
Səfir deyib ki, Azərbaycan Avropa İttifaqı ilə hər vergülün üstündə ciddi mübarizə aparır, çünki hər hansı məqama imza atıldıqdan sonra, onun icrası şübhəsiz yerinə yetirilməli olacaq. «Əgər biz nəyəsə «hə» dediksə, onu yerinə yetirəcəyik» – deyib səfir.
BƏ «HƏ» DEMİŞDİNİZ…
«Lakin məsələn, İbrahim İbrahimli səfirin tolerantlıq barədə dedikləri ilə razılaşmaya bilər – yazır Andrew Rettman.
Human Rights Watch
Human Rights Watch
Bu müxalifət lideri aprelin 6-da Azərbaycanın təcrid olunmuş regionu olan Naxçıvana səfər edib.
Onun maşını qara rəngli BMW avtomobili tərəfindən dayandırılıb. Mülki geyimli dörd nəfər onu yaxalayaraq başına torba keçirmiş, daha sonra isə döymüş və yol kənarına tullamışdılar.
O Human Rights Watch insan haqları təşkilatına belə deyib: «Onlar mənim qarnıma və paça nahiyəmə zərbələr endirirdilər. Onlar gənc və belə görünür ki, yaxşı təlim görmüş şəxsləri idi. Mən yıxılmışdım, lakin onlar məni hələ də döyürdülər və deyirdilər ki, evimə qayıdım və bir də buralara gəlməyim».
Human Rights Watch insan haqları təşkilatının hesabatında deyilir ki, Azərbaycanda prezident seçkisinin ərəfəsində 38 nəfər siyasi motivlərlə təqibə və ya həbsə məruz qalıb.
«İskəndərovun «yeni nəsil» yetişdirmək barədə söhbətlərinə baxmayaraq, hücumlar ilk növbədə yaşlı elitanı lağa qoymaq üçün yeni mediadan istifadə edən gəncləri hədəfləyir» – yazır müəllif.
Nida vətəndaş hərəkatının 7 üzvü həbsdədir.
Qəzet redaktoru Hilal Məmmədov YouTube-da «davay do svidaniya» oxuyan müğənniləri yerləşdirdiyi üçün həbsxanaya göndərilib.
«İskəndərovun «biz «hə» dediksə, deməli edəcəyik» hökmünə baxmayaraq, Avropa İttifaqı bildirir ki, Azərbaycan 2004-cü ildə «Hərəkət planı»nın siyasi islahatlarına «hə» desə də, onları icra etməyib» – yazır Andrew Rettman.
XALQ ALMAĞA HAZIRDIR, HAKİMİYYƏT VERMƏYƏ YOX
Giorgi Gogia
Giorgi Gogia
«Strateji» və «hörmət» sözündən başqa Azərbaycan səfiri ölkəsinin Avropa İttifaqı ilə münasibətlərini təsvir edərkən bir neçə dəfə «proqnozlaşdırılan partnyor» ifadəsini işlədib.
Lakin HRW-un təhlilçisi Giorgi Gogia, deyir ki, «adamları daha çox sıxışdırdıqca, onların hərəkətləri daha az «proqnozlaşdırılan» və daha az sabit olur».
Gogia qeyd edir ki, yanvar ayında İsmayıllı şəhərində adamlar üç gün ərzində iğtişaş törətdilər və buna səbəb yerli icra başçısının özünü toxunulmaz sayan qohumunun yol hadisəsinə görə bir taksi sürücüsünü sillələməsi idi.
«İğtişaşçılar hökumətin devrilməsini yox, sosial ədalət – iş və korrupsiyaya son qoyulmasını tələb edirdilər» – deyir Gogia.
«Söhbət ondan getmir ki, xalq islahata hazır deyil, - bildirir Gogia, - hakimiyyət bu islahatı xalqa vermir».
Müəllif Andrew Rettman EUobserver internet qəzetində xarici əlaqələrlə bağlı mövzularda çıxış edir. O qəzetə 2005-ci ildə qoşulub və İsrail, Rusiya, Avropa İttifaqı xarici xidməti və təhlükəsizliyi məsələləri üzrə ixtisaslaşıb. 37 yaşı var, Polşada, Varşavada doğulub.
XS
SM
MD
LG