Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:28

Ştirlitsin prototipi olan kəşfiyyatçı


Leman az qala dərhal SSRİ-yə işləməyə razılığını verdi. Doğrudur, onu bu işə Hitler rejiminə nifrətinmi, yoxsa maddi maraqlarınmı vadar etdiyini demək çətindir.

Villi Leman
Villi Leman

-

22 iyun- Nasist Almaniyasının SSRİ-yə hücum etdiyi gündür

Tezliklə Hitler gizli polis – Gestaponu qurdu. Villi Lemanın başçılıq etdiyi əks-kəşfiyyat idarəsi tamamilə Gestaponun tərkibinə keçdi. Bundan əlavə o, sovet nümayəndələrinin məsləhəti ilə nasist partiyasına üzv oldu...


Yəqin elə bir adam tapılmaz ki, heç olmasa bir dəfə Tatyana Lioznovanın məşhur çoxseriyalı filmi “Baharın on yeddi anı”na baxmasın və onun baş qəhrəmanını tanımasın.

Filmdəki Maks Otto fon Ştirlits (digər adı Maksim Maksimoviç İsayevdir) SS-in ştandartenfüreri, nasist Almaniyası və bəzi başqa ölkələrdə SSRİ-nın maraqları üçün çalışan sovet kəşfiyyatçısıdır.

O, sovet və post-sovet mədəniyyətində qərbdəki Ceyms Bondla müqayisə olunacaq qədər məhşur kəşfiyyatçı obrazıdır.

Amma Ştirlitsin gerçək həyatdakı prototipini çox az adam tanıyır. Onun mümkün prototiplərindən biri Villi Lemandır (Willy Lehmann) .

O 1884-cü il martın 15-də Leypsiqdə dünyaya gəlib. Lemanın valideynləri təmiz alman idilər, atası müəllim işləyirdi və ailələri ziyalı ailəsi hesab olunurdu.

Ancaq Villi çox erkən yaşlarında sərbəst həyata atıldı, gimnaziyanı atıb işləməyə başladı, xarrat peşəsinə yiyələndi.

17 yaşı olanda o, könüllü şəkildə əsgərliyə getdi – donanmada xidmətə başladı.

Qısa vaxtda hərbi işdə uğurlara imza atdı, rəhbərlik də onun səylərini və çalışqanlığını dəyərləndirib çoxsaylı həvəsləndirici mükafatlarla təltif etdi.

Bu gənc oğlan düz 10 il donanmada xidmət edərək, yunqalıqdan unter zabit rütbəsinə qədər yüksəldi.

Ehtiyata buraxılan Leman Berlin polisində işləməyə qərar verdi.

Villi yeni iş yerində, qısa müddətdə fövqəladə yüksək bacarığa sahib xəfiyyə kimi şöhrət qazandı, o, cinayətləri Şerlok Holms kimi asanlıqla açırdı.

HITLERƏ ANTİPATİYA

Almaniya - kansler Adolf Hitler Berlin Olimpiadasının açılış mərasimində, 1 avqust 1936
Almaniya - kansler Adolf Hitler Berlin Olimpiadasının açılış mərasimində, 1 avqust 1936


Az sonra 1-ci Dünya Müharibəsi başlandı, Leman bu müharibədə 3-cü dərəcəli Dəmir Xaçla təltif olundu. Bununla rəhbərlik onun qeyri-qanuni xarici casusların aşkarlanıb həbs edilməsi sahəsində xidmətlərini dəyərləndirmiş oldu. O dövrdə Leman artıq əks-kəşfiyyatda işləyirdi.

Müharibədən sonra da Leman əks-kəşfiyyatdakı işinə davam etdi. Bir müddət sonra Almaniyada Lemanın böyük antipatiyayla yanaşdığı Hitler tərəfdarları fəallaşmağa başladılar.

Onun nasizmə münasibətindən ancaq ən yaxın adamları, həmçinin keçmiş iş yoldaşı və ən yaxın dostu Ernst Kur xəbərdar idi.

Sovet kəşfiyyatı məhz onun vasitəsilə Lemanla əlaqə yarada bilmişdi. Kur kiçik agent kimi Berlindəki rus kəşfiyyatçıları ilə işləyirdi.

Lemanın məxfi əməkdaşlığa cəlb edilməsi işini, əvvəllər xeyli sayda qüsursuz əməliyyatlar və mürəkkəb işlərin öhdəsindən uğurla gəlmiş tanınmış sovet kəşfiyyatçısı Vasili Zarubin yerinə yetirdi.

A-201

Leman az qala dərhal SSRİ-yə işləməyə razılığını verdi. Doğrudur, onu bu işə Hitler rejiminə nifrətinmi, yoxsa maddi maraqlarınmı vadar etdiyini demək çətindir, çünki Sovet İttifaqı öz casuslarına yaxşı pul verirdi. 1929 -cu ildə Moskva Lemana A-201 casus nömrəsini və gizli “Braytenbax” ləqəbini verdi.

Bununla belə Villi Leman alman əks-kəşfiyyatında işə hələ yenicə başlamışdı. 1933-cü ildə hakimiyyətə nasistlər gəldi, ölkə böyük miqyaslı müharibə hazırlığına başladı. Tezliklə Hitler gizli polis – Gestaponu qurdu. Villi Lemanın başçılıq etdiyi əks-kəşfiyyat idarəsi tamamilə Gestaponun tərkibinə keçdi. Bundan əlavə o, sovet nümayəndələrinin məsləhəti ilə nasist partiyasına üzv oldu. Bir müddət sonra Lemanı SS-ə götürüb rütbəsini artırdılar.

Sovet kəşfiyyatı da alman casusunun mükafatını artırdı, indi onun verəcəyi məlumat olduqca dəyərliydi. Leman SS-in əməliyyatları, şifrələr, kodlar, gizli yazışmalar və s. haqqında məlumatlar verirdi.

Tixonov Ştirlits rolunda
Tixonov Ştirlits rolunda


Bundan əlavə o, Almaniyada fəaliyyət göstərən sovet casuslarının bir çox əməliyyatlarda iştirakının təhlükəsizliyini təmin edirdi. 1935-ci ildə Leman SSRİ-ni mühəndis Verner fon Braunun maye yanacaqlı uzaqvuran raketlər üzərində işə başladığı haqda məlumatlandırmışdı. Həmçinin bu dəyərli casus sovet kəşfiyyatına Almaniyanın raket sınaqları üçün 5 poliqonu, xüsusilə gizli, ciddi qorunan Demerits düşərgəsi haqda məlumatlar ötürmüşdü.

QORXUNC HADİSƏLƏR

1936-cı ildə Leman yeni işə təyin olunur, o, hərbi sənayedə əks-kəşfiyyatçı kimi çalışmağa başlayır. Onun ötürdüyü məlumatlar müharibə dövründə sovet hərbi texnikasının inkişafında böyük rol oynadı. Məsəlçün, Leman Moskvanı Almaniyada istehsal olunan yeni silah növləri - zirehli nəqliyyat vasitələri və özüyeriyən silahlar, tamamilə metaldan hazırlanmış qırıcılar, sinirləri iflic edən zəhərli maddələr kimi mühüm şeylər haqda məlumatlandırmışdı.
Leman həqiqətən dəyərli məlumatlarını göndərməyə davam edirdi, amma bu zaman qorxunc hadisələr baş verməyə başladı – SSRİ-də başlayan repressiya dalğasının bir ucu da gedib xarici kəşfiyyata toxundu.

1938-ci ildə Sovet təhlükəsizlik orqanının rəhbəri Beriya Lemanla əlaqəni təmin edən Zarubin və digər kəşfiyyatçıları geri çağırır. Zarubin sağ qalsa da, işdən uzaqlaşdırılır. Bir çox başqa kəşfiyyatçı ya güllələnir, ya da həbs düşərgələrinə göndərilir. Nəticədə Almaniyadakı sovet kəşfiyyatı alt-üst olur, Lemanla əlaqə pozulur. O özü bu zaman uğurla SS-dəki xidmətinə davam edirdi. Hitler höküməti onu yüksək qiymətləndirirdi (o, birbaşa Gestaponun rəhbəti Henrix Müllerə tabe idi).

Leninqrad Alman təyyarələrinin bombardmanından sonra, 1942
Leninqrad Alman təyyarələrinin bombardmanından sonra, 1942


Hitler hökümətinin yuxarı təbəqələri Lemana çox güvənirdi və o, nasistlərin bütün gizli fəaliyyətlərindən xəbərdar idi. Lakin, indi o, xüsusi mühümlüyü olan və çox dəyəli məlumatları Moskvaya çatdıra bilmirdi.

BÖYÜK RİSK

Bir dəfə Leman həyatını təhlükə altında qoyub, sovet səfirliyinin poçt qutusuna bir məktub atır və onunla əlaqə yaradılmasını xahiş etdi. Məktub NKVD-yə göndərildi və 1940-cı ilin avqustunda Lemanla əlaqə yaratmaq üçün sovet kəşfiyyatçısı Aleksandr Korotkov Berlinə göndərildi.

Görüş zamanı Leman Korotkova bir sıra mühüm materiallar verir və o bu materiallarla birlikdə Moskvaya yollanır, bundan sonra Lemanla kəşfiyyatçı Boris Juravlyov əlaqə yaradır. Leman mütəmadi olaraq ona gizli məlumatlar göndərir. 1941-ci ildə o, SSRİ-nın ərazisində aparılacaq müharibəyə hazırlıq, həmçinin Sovet İttifaqı ilə qonşu ölkələrin sərhədinə ordu cəmləşdirilməsi haqda xəbər verir. Lakin Mərkəz bu məlumatlara inanmır – Lemanı təxribatçı, ikili casus hesab edirlər.

Sovet İttifaqına hücumdan üç gün əvvəl Juravlyov Lemanla yenidən görüşür. Leman alman ordusunun SSRİ-yə hücum edəcəyi vaxtı da deyir – 22 iyun 1941-ci il, saat 3-də. O həmçinin Berlindəki sovet səfirliyinin zəbt olunacağını da bildirir. Juravlyov dərhal məlumatı Mərkəzə çatdırır, məlumat həmin dəqiqə Stalinə verilir. Lakin, növbəti dəfə o, casusun məlumatını şübhə altına alır, dəyərli məlumat hədər gedir.

Lemanın dedikləri öz sübutunu tapdıqca onun məlumatlarının 100 faiz doğru olduğu ortaya çıxdı. Lakin artıq gec idi, müharibənin başlanması ilə Lemanla əlaqə həmişəlik pozuldu.

FACİƏLİ SONLUQ

Belə dəyərli informatorla yenidən əlaqə qurmaq cəhdləri faciə ilə sona çatdı. 1942-ci ildə Almaniya ərazisinə paraşütlə milliyyətcə alman olan iki sovet casusu R. Bart və V. Hessler atıldı. Onlar Berlinə gedib, hələ də SS-də xidmət edən Lemanı tapmalıydılar.

Ancaq Almaniyanın paytaxtına çatar-çatmaz Gestapo casusları yaxalayır və onlar işgəncə altında gəlişlərinin məqsədini açıb deyirlər, bununla da Lemanı ələ verirlər.

Villi Lemanı sonuncu dəfə 1942-ci ildə evdən çıxıb işə gedərkən görürlər, bundan sonra o bir də evinə qayıtmır. Lemanın da adı izsiz-tozsuz yoxa çıxanların sırasına qatılır, onun həbsi haqda, xüsusilə də casusluq fəaliyyəti haqda heç bir xəbər çıxmır. Lemandan sonra heç bir iz qalmır...

Yalnız müharibədən sonra, sovet kəşfiyyatçıları nasist arxivlərini araşdırarkən, SS-in hauptşturmfüreri Villi Lemanın qeydiyyat kartını tapırlar. Ordakı qeydlər Lemanın həbsi və o dövrün ən qorxunc həbsxanası sayılan “Plettsenzee”yə göndərilməsi ilə bitir. Yəqin ki Leman bu qorxunc yerdə uzun müddət əzab-işgəncə görməyib, güman ki, SSRİ ilə əməkdaşlıq edən yüksək çinli SS hərbi qulluqçusu haqda məlumat yayılmaması üçün onu dərhal güllələyiblər.

Çevirdi: Namiq Hüseynli

XS
SM
MD
LG