Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:14

«Yalnız kasıbın daxmasını sökürlər»


Arxiv foto
Arxiv foto
-
“Evin bir tərəfini uçurublar, gözləyirik, görək gəlib salamat qalanını nə vaxt uçuracaqlar”.

3 il əvvəl tikdiyi və bir neçə gün əvvəl bir tərəfi uçurulmuş evinin qalan hissəsinin də uçurulmasını gözləyən, Ceyranbatan sakini Rza Səmədovdur.

Onun sözlərinə görə, neçə gündür əraziyə ağır texnika gətirilir, evlər sökülür. Söküntünü Dövlət Neft Şirkəti aparır.

“Vaxtilə pul verib torpaq almışam, İcra Hakimiyyəti də icazə verib, tikmişik. Onda Neft Şirkəti hara baxırdı? İndi Neft Kəmərlərini Mühafizə İdarəsinin əməkdaşları gəlirlər ki, bura bizim yerimizdir, çıxın. 4 uşaq saxlayıram, sürücülük edirəm. Onsuz da əziyyət içindəyik, qazandığımız bank kreditlərinə gedir. Uşağı məktəbə buraxmıram ki, geyimi yoxdur. Dörd uşaqla küçədə qalmalıyıq?”

“HƏR AN HÜCUM OLA BİLƏR”

Evi sökülən başqa sakin:

“Gecə də yatmırıq ki, hər an hücum ola, evlərimiz dağıdıla bilər. Sanki müharibə zonasında yaşayırıq, düşmən hücumu gözləyirik. Onu da deyim ki, yaşadığımız ərazidə çoxlu bahalı imarətlər var, ancaq nədənsə ağır texnika onların yanından düz ötür, elə bil həmin söküntünün həmin villalara aidiyyəti yoxdur”.

Sakinlərin deməsinə görə, evlərin sökülməsi ilə bağlı məhkəmə qərarı təqdim olunmur:

“Nə bir dəfə məhkəməyə çağırmayıblar, nə də xəbərdarlıq etməyiblər. Qəflətən gəlirlər, darışırlar evlərin canına, 4-5 ev uçurdub gedirlər. Etiraz edəni də döyürlər, sürüb evdən çıxarırlar. Burda əsl vandalizmdir. Bizə heç kəs yiyə durmur, hara gediriksə, deyirlər bizlik deyil”.

Sakinlərin sözlərinə görə, əgər evlərin sökülməsi vacibdirsə, o zaman kompensasiya ödənilsin, ya da başqa yerdə evlə təmin olunsunlar.

“Ceyranbatan bağları” kimi tanınan ərazidə söküntü hələ 1 il əvvəldən başlanıb. Ötən ildən vaxtaşırı əraziyə “baş çəkən” ARDNŞ mühafizəçiləri özləri ilə gətirdikləri texnikalarla hər dəfə bir neçə evi və hasarı söküb gedir.

Hüquqşünas Namizəd Səfərov
Hüquqşünas Namizəd Səfərov
ARDNŞ isə söküntünü belə əsaslandırır ki, özbaşına tikililər Bakı-Novorossiysk Neft Kəmərinin mühafizə xəttinə düşür. Sakinlərə dəfələrlə xəbərdarlıq olunub ki, ərazidə ev tikmək qadağandır.

Sakinlər isə iddia edirlər ki, neft kəmərləri tikdikləri evlərdən 10 kilometr aralıdadır.
Hüquqşünas Namizəd Səfərov isə məhkəmə qərarı olmadan sakinlərin evlərinin sökülməsini özbaşına hərəkət kimi qiymətləndirir:

“Hətta o tikililər özbaşınadırsa, buna məhkəmə qərar verməlidir. ARDNŞ məhkəmədə iddia qaldırıb sübut etməlidir ki, həqiqətən də tikililər mühafizə xəttinə düşür”.
XS
SM
MD
LG