Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:08

Moskva Ermənistanda rus dilini gücləndirəcək


Arxiv foto
Arxiv foto

.
Sargis Harutyunyan


Rusiyanın Yerevandakı vəzifəli diplomatlarından biri deyib ki, Cənubi Qafqaz Kremlin rəhbərlik etdiyi Gömrük İttifaqına qoşulandan sonra, Moskva rus dilinin Ermənistandakı mövqelərinin möhkəmləndirilməsinə başlayacaq.

Rusiyanın Ermənistandakı “Rossotrudnichestvo” agentliyinin başçısı Viktor Krivopuskov AzadlıqRadiosunun erməni xidmətinə deyib ki, bu addımları təkcə Rusiya yox, həm də Belarusun və Qazaxıstanın daxil olduğu Gömrük İttifaqı, habelə 2015-ci ildən sonra formalaşması gözlənilən post-Sovet inteqrasiyası vahidi – Avrasiya İqtisadi İttifaqı atacaq.

Gömrük İttifaqının rəsmi dili

“Rus dili Gömrük İttifaqının və Avrasiya İttifaqının rəsmi dili olduğundan, - deyə izah edib Krivopuskov, - bu dil bizim bütün münasibətlərimizin sementi olacaq və burada inqilabi dəyişikliyə ehtiyac yoxdur. Biz sadəcə olaraq mövcud tələbə cavab verməliyik”.

Rusiyanın xariclə mədəni əlaqələrini möhkəmləndirmək üçün yaradılmış agentliyin rəhbəri deyib ki, bu məqsədə nail olmaq üçün xüsusi proqram var və onun icrasına vəsait ayrılacaq. Bununla belə, Krivopuskov vurğulayıb ki, şəxsən o, rus dilinin Ermənistanın ikinci dövlət dili elan edilməsinin əleyhinədir.

Prezident Serzh Sarkisian ötən ay Moskvada Ermənistanın Gömrük İttifaqına qoşulacağını elan etdikdən sonra, ölkədə belə bir narahatlıq dilə gətirildi ki, bundan sonra Kreml Yerevan və onun keçmiş metropoliyası Moskva arasında əlavə bağların möhkəmləndirilməsi üçün rus dilinin Ermənistandakı mövqelərini gücləndirmək istiqamətində addımlar atacaq.

Rusiya universitetlərinin istilası

Sarkisianın ötən sentybarın 3-də verdiyi bəyanatından sonra, Rusiya prezidenti Vladimir Putin demişdi ki, Moskva gələcəkdə “humanitar sahədə” bir sıra təşəbbüslər göstərəcək.

Vladimir Putin elan etmişdi ki, “hazırda Yerevanda rus gimnaziyasının və Moskva Dövlət Universitetinin filialının açılması təşəbbüsü üzərində iş gedir. Bu sahədə bizim uğurlu təcrübəmiz var. Mən Rusiya-Ermənistan Slavyan Universitetini və bizim altı universitetimizin Yerevanda açılmış filiallarını nəzərdə tuturam. Bu filiallarda 2000 tələbə təhsil alır”.

Ermənistan Milli Məclisinin Elm, Təhsil, Mədəniyyət, Gənclər və İdman İşləri üzrə Komitəsinin başçısı Artak Davtian deyib ki, Ermənistan hökuməti ölkədə rus dilinin populyarlaşdırılmasının milli təhlükəsizlik üçün hədə ola biləcəyindən narahat deyil. Eyni zamanda hakim Respublika Partiyasına bağlı millət vəkili bildirib ki, Ermənistan süveren ölkədir və erməni dili onun “əsas sütünlarından biridir”.

Ermənicə düşünməyən elita

Şairə Marine Petrosian belə bir narahatlıq ifadə edib ki, Ermənistan Gömrük İttifaqına qoşulmaq razılığını verəndən sonra, Rusiya özünün mədəni istilasına başlayacaq və bu, əsasən rus dilinin yayılması yolu ilə ediləcək.

“Məncə belə bir dil həmləsu başlasa, mütləq cavab reaksiyası olcaq. Son vaxtlaradək mən özüm bu məsələyə sakit baxırdım, çünki təhlükə görmürdüm. Amma indi belə bir həmlə var... Ermənilər bir qayda olaraq təhlükə olanda, ayağa qalxıblar və mən inanıram ki, indi belə bir təhlükə mövcuddur” – deyib Petrosian.

Rus dilinin Ermənistan məktəblərinin və təhsil ocaqlarının tədris planlarına məcburi fənn kimi salınmasının əleyhinə mübarizə aparan təzyiq qrupunun üzvü Armen Hovannisian deyib ki, rus dilinin Ermənistanda mövqelərinin erməni dilinin hesabına gücləndirilməsi milli kimliyə birbaşa təhlükə olardı. O hesab edir ki, rus dilinin Ermənistanda populyarlaşdırılması ingilis, fransız və ya fars dillərini yox, bir vaxtlar Sovet İttifaqında olduğu kimi məhz erməni dilini sıxışdıracaq.

“Bu o deməkdir ki, həyatda uğurli olmaq istəyən şəxs təhsilini rusca almalı olacaq, - deyib Hovannisian AzadlıqRadiosuna, - bunun isə ən təhlükəlıi tərəfi odur lki, ermənicə yaxşı danışa bilməyən və erməni dövlətçiliyi kateqoriyalarında düşünməyən elita yarana bilər”.
XS
SM
MD
LG