Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:35

QİSMƏT. Ahmet Hamdi Tanpınar: dünyanın ən gözəl striptizi


QİSMƏT
QİSMƏT
-

Filologiya fakültəsindəki tələbələrimdən kim Tanpınarı sevirsə, anlayırsa, heç düşünmədən onlara yuxarı bal yazıram...


Qismət "Oxu zalı" üçün Türk ədəbiyyatından yazır.


QİSMƏT


AHMET HAMDİ TANPINAR: DÜNYANIN ƏN GÖZƏL STRİPTİZİ


XX əsrin başından 80-ci illərə qədər Türkiyədə bir-birini izləyən qarmaqarışıq siyasi sistemlər, çevrilişlər, təkcə sosial müstəvidə yox, mənəvi-mədəni sahədə də öz təsirini göstərdi.

İtkilər-qazanclarla müşayiət olunan bu çalxantılı zaman modernləşmə dövrü idi və bu modernləşmə dövrünün təxminən 60 illik hissəsində - buna keçid dövrü demək olar – Ahmet Hamdi Tanpınar şeirləri, hekayələri, romanları, esseləri, analiz yazıları ilə aktiv yaradıcılıqla məşğul olub.

Dağılmış imperiyanın xarabalıqları ilə yeni qurulan cumhuriyyətin idealları arasında çaş-baş qalan, özünü zaman-zaman bədbəxt hiss edən, bir ayağı ilə keçmişə bağlı olsa da, yeni olanın əhəmiyyətini açıq-aydın dərk eləyən müstəsna dərəcədə həssas Tanpınar bütün yaradıcılığı boyu şərq-qərb dillemmasını düşünüb, müzakirə edib, ağrısını çəkib.

Ağrısını çəkib deyirəm, çünki həmişə ideologiya ilə arasındakı məsafəni qorumağa çalışan və əski türk ədəbiyyatına olan sevdasına görə (Tanpınar həm də mahir klassik ədəbiyyat bilicisi idi), eyni zamanda dini düşüncəyə yaxın olduğu üçün müasirlərindən tamam fərqli olub.

Ədəbiyyat təhlilləri ilə məşhur Mehmet Kaplan yazır ki, Tanpınarı sevmək səviyyə məsələsidir, zəka məsələsidir; filologiya fakültəsindəki tələbələrimdən kim Tanpınarı sevirsə, anlayırsa, heç düşünmədən onlara yuxarı bal yazıram. Çünki Tanpınarı dərk etmək bir çox məsələni beynində, ürəyində həll etmək deməkdir.
Tanpınarın romanı Azərbaycan dilində
Tanpınarın romanı Azərbaycan dilində

Tanpınar sonralar bütün yaradıcılığı boyunca onu qarabaqara izləyəcək olan Yahya Kemaldan (xüsusilə şeirdə) çox təsirlənib. Artıq yetkinlik dönəmində öz yaradıcılıq istiqamətini, həqiqi sənətçi səsini, Orhan Pamukun təbirincə desək, “şeirdə arayıb, romanda tapan”dan sonra Yahya Kemala – ustadına tənqidi də yanaşıb.

Amma Tanpınarın Yahya Kemaldan öyrəndiyi, mənimsədiyi “cəmiyyətin içindəki fərd” düşüncəsi, yəni sadə desək, cəmiyyət-fərd məsələsi kamillik dönəmi yaradıcılığında həmişə görünür.

Tanpınar öz dövrünün intellektualları arasında fəlsəfəyə, yeni tendensiyalara ən açıq yazıçı idi və onun xüsusilə fransız ekzistensializminə olan marağı əksər araşdırmaçılar tərəfindən dönə-dönə təkrarlanır. Onun barəsində deyirlər ki, Tanpınar daim ekzistensializmin və berqsonizmin terminləri ilə fikrini ifadə edirdi. Əlbəttə ki, təkcə, eksiztensializm yox, həm də psixoanaliz.

Tanpınar XX əsrin və sonrakı bütün epoxaların ən kult, ən başıbəlalı kitabı olan Coysun “Uliss”ini fransızca oxuyub və ilk öncə özünə, sonra çağdaşlarına bir sual verib: “Dünyada nələr baş verir, biz nə ilə məşğuluq?”

Bu sual, əslində, bir növ dönüş nöqtəsi idi. Çünki bu sualdan sonra Tanpınar, əksər esselərində sanki bir şeyə can atır, hamını da bu canatıma qoşulmağa səsləyirdi: dünyayla eyni vaxtda yaşadığımız epoxanın problemlərini düşünmək.

Filosof Cemil Meriç onu belə xarakterizə edir: “Orientalistdi, qərbləşmiş şərqi təmsil edir. Reallığı bütöv qucaqlamaq istəyən namus sahibidir. Yazdıqları ilə, dedikləri ilə sərxoş olmayan yazıçıdır.”

Dəlisov alim Yalçın Küçük isə Tanpınarı belə görür: “Tanpınar xoş bir tərəddüddür.”
James Joyce
James Joyce

Çağdaşlarının da, sonrakı araşdırmaçıların da içində Tanpınarı “kavqa adamı” olmamaqda ittiham edənlər çox olub, lakin hamısı etiraf edirlər ki, o azsaylı düşüncə adamlarından, estetlərdən biri idi. Hər şey haqqında suallar verməyi xoşlayan Tanpınar ideoloji seçimi barəsində özünə sual verir və cavablandırır: “Solçuyam, ya sağçı? Mən görünür hakimin vəziyyətində olmağı seçmişəm.”

Başqa bir yerdə isə belə davam edir: “Türkiyədə hər şey politikadır. Sağ məni kafi dərəcədə özlərininki, kafi dərəcədə inhisarçı, kafi dərəcədə cahil saymır. Sol mənə düşməndir. Mənim mədəni səviyyəmdə olanlar isə firənglərin içindən məndən yaxşısını tapıb çıxarmaq üçün əlləşirlər. Həqiqət belədir ki, mən türkcədə yeniyəm, amma dünyada yox. Sağçılar gözü qapalı və əzbərlənmiş şəkildə, keçmiş türk tarixi, ancaq daxili siyasət və propaqanda - deyirlər. Solçular Türkiyə yoxdu, olmasına da lüzum yoxdu – deyirlər, ya da buna bənzər nəsə. Mənsə dünya içində irəliyə, gələcəyə açıq, keçmişlə münasibətlərini aydınlaşdırmış bir Türkiyə istəyirəm.”

Türk romançılığında uzun müddət bəlli-başlı iki yanaşma hakim olub. Elə indinin özündə də müəyyən qədər öz ömrünü davam etdirən bu yanaşmalardan birincisi, kobudca ümumiləşdirsək, ictimai-siyasi problemləri standart bir düşüncə qəlibinin içində ifadə edən, ədəbiyyatın estetik tərəflərini o qədər də vacib saymayan romanlardır. Bizim ədəbiyyatda da bu düşüncə daha çox dominantdır. İkinci tip romanlar isə fərdlərin dünyasına, fərdlərarası münasibətlərə fokuslanan, onların daxili dünyasının obyektivindən dünyanı təsvir etməyə çalışan və əlbəttə ki, üslub-forma-struktur-yeni təhkiyə formaları haqqında düşünən romanlardır.

Tanpınar ikincilərə aiddir, daha dəqiqi, birinci tiplə ikinci tipin birləşdiyi nöqtədir.

Məşhur tənqidçi Berna Moran bu fikri daha konkret şəkildə ifadə edib: “Ahmet Hamdi Tanpınar yazdığı her romanın gerektirdiği biçim ve tekniği aramış ve biçim sorunuyla, yazarlarımız arasında az bulunur bir titizlikle uğraşmıştı. Yazarken sanki okuru unutmuş, romanın çözüm bekleyen teknik sorunlarıyla cebelleşen, her şeyden önce kendini tatmin etmek isteyecek bir sanat yapıtı yaratmak isteyen bir hali vardır. Yalnızca estetik yapı peşindedir demek istemiyorum, çünkü ”tezli” roman yazmak istemese de “meseleleri” olan bir romancıdır ve aradığı teknik, romanda güdülen amacın, “meselesinin” gerektirdiği tekniktir.”

Ahmet Hamdi Tanpınarın yaradıcılığı bütövlükdə türk ədəbiyyatı üçün bənzərsiz xəzinə olsa da, iki romanı xüsusilə müstəsna əhəmiyyətə malikdir. Bunlardan biri “Huzur”, digəri isə “Saatleri ayarlama enstitüsü” romanıdır. Romanların məzmununu bölüşmək istəmirəm, sadəcə deməliyəm ki, Tanpınarın bizim dilə yalnız “Huzur” romanı çevrilib – nəhayət bu il.

Tanpınar həm adını çəkdiyim iki əsas romanında, həm də “Beş şehir”, “Mahur beste”, “Sahnenin dışındakılar” adlı əsərlərində həddindən artıq aşınmış, dönə-dönə istifadə edilməkdən köhnəlmiş dil-üslub vahidlərinin yerinə, yeni ifadə formaları tapmağa can atan yazıçıdır. Onun qəhrəmanlarının çoxu təhsilli insanlardır. Bu mənada romanlarında çox nadir hallarda dialektə, məhdud regional ifadə vasitələrinə rast gəlmək olar. Düzdür, zaman-zaman Osmanlı türkcəsindən və fransız dilindən istifadə etməyi sevir, amma bu, sırf üslubi əhəmiyyət kəsb edir. Tanpınarın qəhrəmanları özünün sevdiyi qərb müəlliflərini (Məsələn, “Huzur”dakı Mümtazın Bodler, Mallarme, Verlen sevməsi kimi) sevən adamlardır. (ardı aşağıda)



Romanlarında ən çox gözə çarpan fəndlər şüur axını, flashback (geri dönüşlər), allüziyalar və personafikasiyalardır.

Xüsusilə personafikasiyadan çox istifadə edir Tanpınar. Saatlar, güzgülər, kitablar, yollar, evlər, otaqlar və s. – hamısı onun romanlarında insanlaşır. Məsələn, “Huzur” romanının qəhrəmanı Mümtaz düşünür: ”Hasta bir yol... Bir nevi cüzzama yakalanmış, onun tarafından iki yana sıralanmış evlerin duvarına kadar yer yer oyulan bir yol...”

Tanpınarın romanlarında çox yüksək səviyyəli yumor, ironiya var və bu özünü əsasən “Saatleri ayarlama enstitüsü” romanında göstərir. Təkcə, adlara baxmaq kifayətdir: Şeyh Ahmed Zamanî, Halit Ayarcı, Takribî Ahmet Efendi.

Ahmet Hamdi Tanpınar üçün şeirin, rəsmin, musiqinin və fəlsəfənin əhəmiyyəti çox böyük olub, buna görə də, demək olar ki, bütün əsərlərində qəhrəmanları sənət növləri haqqında müzakirələr edir, şərq incəsənəti ilə qərbi incəsənətini müqayisə edirlər.

Tanpınar bütün yaradıcılığı boyu, həm şərq klassiklərindən, həm də öz yaşadığı dövrün qabaqcıl qərb müəlliflərindən əxz etdiklərini birləşdirib kamil bir üslub yaratmağa can atıb. Həmişə özündən narazı olan, heç vaxt tam olaraq yazdığını bəyənməyən, hər dəfə silən, yenidən başlayan və bu Sizif əməyindən nəinki bezən, hətta zövq olan Tanpınar, əslində, bütün ədəbi-estetik arzularına çatıb. Bu gün Tanpınar olmadan modern türk ədəbiyyatını təsəvvür etmək qeyri-mümkündür.

Tanpınar romanları, şeirləri, esseləri ilə türk cəmiyyətinin kəm-kəsirini özünəqədərki ənənəvi romançılardan tamam fərqli şəkildə ifadə edən, çox böyük mədəni hazırlığı ilə türk romanını Avropa romanı səviyyəsinə qaldıran mərhələvi müəlliflərdən olub.

Onun barəsində çoxlu sayda araşdırmalar oxumuşam və bu gün də harda rastıma Tanpınarla bağlı nəsə çıxsa, böyük təşnəliklə oxuyuram, lakin fikrimcə, onu bircə cümlə ilə ifadə etmək lazım gəlsə, mən Fethi Nacinin onu haqqında dediyi fikirləri balaca əlavə ilə təkrar edərdim:

“Tanpınar yazdığı hər şeyə dünyanın ən gözəl striptizini etdirir və biz onun sayəsində hər şeyi yenidən, başqa cür, bütün çılpaqlığı ilə görürük.”
XS
SM
MD
LG