Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:44

Qətlə etirazlar, gəlmələrə nifrət, ya bazar uğrunda savaş?


Orxan Zeynalovu qolubağlı nazir Vladimir Kolokoltsevin qarşısına çıxarıblar
Orxan Zeynalovu qolubağlı nazir Vladimir Kolokoltsevin qarşısına çıxarıblar
-
ORXAN ZEYNALOVUN HAY-KÜYLÜ HƏBSİ


Rusiya telekanalları oktyabrın 10-da Yegor Sherbakov adlı şəxsin qətlində şübhəli bilinən 25 yaşlı azərbaycanlı Orxan Zeynalovun həbsi ilə bağlı videogörüntüləri yayıblar.

Polisin verdiyi məlumata görə, Orxan Moskvaya yaxın Kolomna şəhərində tutularkən xüsusi təyinatlılara müqavimət göstərib. O, Moskvaya gətirilərkən qeyri-rəsmi söhbətdə qətli boynuna alıb.

Polisin çəkdiyi videolarda onun öncə üzüqoylu vertolyotun içində aparılması, sonra Moskvaya gətirilməsi və ardınca da hər kəsin qarşısında üzərində axtarış aparılması və qolları burulmuş halda daxili işlər naziri Sergey Kolokoltsevin qarşısına çıxarılması göstərilib.

Kolokoltsev Zeynalovun üzünə baxandan sonra onu aparıblar.

“Moskva və ətrafında 5 günlük gərginliyə səbəb olan şəxs tutulub. Bu bir daha göstərir ki, polis əhalinin, cəmiyyətin qarşılarına qoyduğu məqsədləri həyata keçirməyə qadirdir. Bir daha vurğulamaq istərdim ki, sakinlərimizin təhlükəsizliyini təmin etməyə hazırıq”- nazir bu sözləri Zeynalov aparılandan sonra deyib.

Rusiya İstintaq Komitəsinin rəsmi əməkdaşı Vladimir Markin nazirin sözlərinə bunları əlavə edib:

“Tutulan şəxsin ifadəsindən asılı olaraq istintaq davam edəcək. O,qətli boynuna alsa, bir məsələ, etiraf etməsə, o zaman cinayətin şahidləri ilə üzləşdiriləcək”.

"UCUZ ŞOU?"

“Bu ucuz şoudan başqa bir şey deyil”.

Bunu isə elə həmin bu video kadrların yayımlandığı internet resurslarda fikirlərini bölüşənlər və jurnalistlər yazır.

Rusiya internet resurslarında Sherbakovun qətlə yetirildiyi binanın önündəki təhlükəsizlik kamerasına düşən görüntülərin montaj olunduğunu iddia edən videolar yayımlanır.

Rusiyadan Siyasi şərhçi Sergei Sokolov yazır ki, Sherbakovun qətlində şübhəli bilinənin PR məqsədli vertolyotla Moskvaya gətirən, kamera qarşısında döyməkdən çəkinməyən Daxili İşlər Nazirliyinin əməkdaşları bununla əslində Biryulovo bazası ətrafında baş verənlərin unudulacağına ümid edirlər.


"ƏSL HƏDƏF BAZARI ƏLƏ KEÇİRMƏKDİR"

Sokolovun fikrincə, Rusiya polisi və Moskva meri Sergei Sobyaninin bir məqsədi var – “rəhbərlik moskvalıları düşünür” şousunu yaratmaqla diqqəti əsas məsələdən yayındırmaq. Əslində isə, onlar baş vermiş qətldən, yerli sakinlərin kortəbii hiddəti və millətçi-şovinistlərin təzyiqindən məharətlə istifadə edərək Pokrovskaya bazarını ələ keçirmək istəyirlər.

Pokrovskaya bazarı Rusiya paytaxtının tərəvəz ehtiyacının 60 faizini ödəyir. İllik rəsmi dövriyyəsi 1 milyard dollardan çoxdur. 2 dəmiryol xətti və dairəvi yolun üstündə yerləşdiyindən strateji əhəmiyyəti var. Burada mindən çox ucuz işçi qüvvəsi – miqrantlar çalışır.

Oktyabrın 16-da bazarda çalışan yüzlərlə işçi tərəvəz bazasının önündə polisə qarşı etiraz aksiyası keçirib. Bu dəfə onlar bağlanmış bazadakı mallarını çıxarmaq istəyirlər. Yayılan məlumatlara görə, bazarda 1500 konteyner tərəvəz qalıb və bu üzdən yaranan qıtlıq nəticəsində artıq indidən Moskva bazarlarında qiymətlər artmağa başlayıb.


BAZAR SAHİBLƏRİNİ NİYƏ SIXIŞDIRIRLAR?

Sokolovun fikrincə, indi bazarda yoxlamaların aparılması və mer Sobyaninin artıq indidən buranın bir daha açıqlmayacağını işarə vurması təsadüfi deyil. Çox güman ki, bazarı vaxtı ilə keçmiş mer Yuri Luzhkovun himayə etdiyi iş adamları Dağıstanlı İbrahim və Alishaba Hacıyevlərin əllərindən almaq istəyirlər.

Bir neçə il əvvəl eyni qayda ilə Telman Zeynalov da Çerkizov bazarını itirmişdi. Pokrovskaya bazarının kimin əlinə keçəcəyi isə bir neçə il sonra ortaya çıxacaq.

Rusiyada Hacıyev qardaşlarına “daydaylıq” elədiyi iddia edilən DİN və FSB-dəki bir sıra rəsmilər, o cümlədən rayonun polis rəisi Gennadi Kaverin işdən çıxarılıb. Bazar ertəsi bazarda reydlər zamanı tutulan 1200 miqrantdan 200-nün sənədlərinin qaydasında olmadığı və deportasiya ediləcəyi açıqlanıb.


MİQRANTLARA QARŞI HÜCUMLAR DALĞASI,
1 NƏFƏR ÖLDÜRÜLÜB


Moskvanı bir sıra yerlərində ultra-sağçıların gəlmələrə qarşı çıxışları və hücumları da davam edir. 13 oktyabrda Biryulovo bazasına ilk hücumda həbs edilən 276 nəfərdən 3-nə qarşı ittiham irəli sürülüb. Oktyabrın 15-i axşam isə Prajskaya metrosu çıxışında skinhedlərin “Qurban bayramına qarşı” aksiyası olub və OMON 50 nəfəri saxlayıb, sonradan buraxıblar.

Oktyabrın 15-i axşam Biryulovo rayonu ərazisində çoxsaylı bıçaq zərbələri ilə öldürülən Özbəkistan vətəndaşının meyiti tapılıb.


AMNESTY İNTERNATİONAL NARAHATDIR

Amnesty İnternational təşkilatı milıətçilərin Pokrovskaya bazarına hücumu və talanlarını, gəlmələrə qarşı zorakılıqları və polisin sonra miqrant ovuna çıxmağından narahatlığını bildirib.

Yayılan bəyanatda deyilir ki, bütün bu baş verənlər miqrantlara qarşı diskriminasiya və qanunsuzluqdur.

Təşkilatın Rusiya üzrə nümayəndəsi Denis Krivosheev deyir ki, reydlər və sonrakı həbslər şou xarakteri daşıyır. Hüquq-mühafizə orqanları gəlmələrə qarşı ksenofob və millətçi hücumlara qarşı eyni diqqəti göstərmir və unudur.

Amnesty-İnternational təşkilatının fikrincə, Moskvada bu cür şovinist çıxışların artmasının bir səbəbi də ötən ay keçirilən Mer seçkilərində həm iqtidarın namizədi Sergey Sobyanin, həm də ona müxalif olan Alexei Navalnynın seçki kampaniyası nı gəlmələrə qarşı millətçi çağırışlar üzərində qurmasıdır”.

QƏRB MƏTBUATI - DURUMU MER SEÇKİLƏRİ GƏRGİNLƏŞDİRİB

Nyu-York Tayms yazarı Masha Gessen ötən ay keçirilən seçkidə hər iki namizədin gəlmələrə qarşı çıxışlarına diqqət çəkir.

Yazır ki, həm iqtidar, həm də müxalifətdəki bəzi qruplar Moskvanın bir çox problemlərini – korrupsiyadan tutmuş, cinayətkarlığa qədər çox şeyi miqrantların üzərinə yıxmağa çalışırlar. Baxmayaraq ki, rəsmi Statistikaya görə Rusiyada törədilən cinayətlərin ancaq 3 faizi gəlmələrin payına düşür.


KİLSƏ GƏLMƏLƏRƏ QARŞI DRUJİNALAR YARATMAĞA ÇAĞIRIR

Vaşinqton Post qəzetinin yazarı Will England da bugünkü yazısında baş verənləri Rusiyada millətçiliyin tüğyan etməsi kimi qiymətləndirir.

Qəzet yazır ki, Moskva meri Sobyanoin açıqca bəyan edir ki, şəhərlərində Amerika olduğu kimi gəlmələrin kompakt yaşadığı Chinatown-lar, şəhərçiklərin yaranmasına göz yummayacaqlar.

Vaşinqton postu naharat edən başqa bir məqamsa, Rusiyada millətçilərin özlərinin xalq drujinaları yaratmaqla gəlmələri yoxlamaq cəhdləridir.

Rusiya Pravoslav Kilsəsi də oktyabrın 15-də bu cür könüllü qrupları yaratmağa və qanunsuz immiqrantları yoxlamağa çağırmışdı.
XS
SM
MD
LG