Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:32

Pul kisəsi ətrafında yaranan diasporlar


Moskvada polis qanunsuz miqrantları aparır
Moskvada polis qanunsuz miqrantları aparır
Digər post-sovet dövlətlərdə Azərbaycan diasporları necə yaşayır? Ölkədən-ölkəyə və ya icmadan-icmaya fərq varmı?
Azadlıq Radiosunun suallarına Rusiyanın “Kommersant” qəzetinin Belarusdakı müxbiri Mövsun Hacıyev cavab verir.

Azadlıq Radiosu: Belarusdakı Azərbaycan icması o biri post-sovet ölkələrindəki Azərbaycan icmalarından nə ilə fərqlənir?

Mövsun Hacıyev: Mən bir çox post-sovet ölkələrindəki diasporlarla işləmişəm, o ölkələrin hamısında Azərbaycan diasporları adətən pul kisəsi ətrafında birləşmiş qurumlardır. Onların fəaliyyəti əsasən tədbirlər, bayramlar keçirməkdir.
Bu baxımdan Belarusdakı Azərbaycan diasporu kəskin fərqlidir. Belarusdakı azərbaycanlılar pul kisəsinə yox, şəxsiyyətə üstünlük verirlər. Belarusdakı Azərbaycan diasporunun indiki rəhbəri Natiq Bağırov təkcə azərbaycanlılar arasında yox, bütün Belarusda tanınmış şəxsdir. O , güləş üzrə dünya çempionudur, ölkə prezidenti yanında Məşvərət Şurasının üzvüdür. Bu da yeri gəlmişkən, diasporun dövlət qurumları ilə münasibətlərində özünü göstərir.

Azadlıq Radiosu: Başqa fərqli cəhətlər hansılardır?

Mövsün Hacıyev: Burda diasporun özəyini 1990-2000-ci illərdə Azərbaycandan kütləvi şəkildə gedənlər yox, Belarusda ali məktəbi bitirib, burda qalan azərbaycanlılar təşkil edir. Bu da bu diasporun başqa fərqli cəhətidir.

Azadlıq Radiosu: Belarusda nə qədər azərbaycanlı yaşayır?

Mövsun Hacıyev: Təxminən 10 min. Dəqiq rəqəmlər yoxdur. Çünki bəzi azərbaycanlılar bura mövsümi işlərlə bağlı gəlir. İşini qurtarandan sonra çıxıb gedir.

Azadlıq Radiosu: Bəs yerli qaydalarda hansı fərqlər var?

Mövsün Hacıyev: Belarusda çox sərt miqrasiya qanunları var. Ən əsası odur ki, bu qanunlara riayət olunur. Bu da qeyri-qanuni miqrasiyaya imkan vermir.

Azadlıq Radiosu: Belarusda azərbaycanlılara münasibət necədir?

Mövsün Hacıyev: Belarusiyada millətçilik Rusiyadakı kimi özünü açıq göstərmir. Ancaq tanınmış belarus politoloqu Olqa Abramovanın dediyi kimi millətçilik var. Məişət səviyyəsində miqrantlar yerlilər arasında konfliktlər olur və bunlar dərhal milli müstəviyə keçir. Ancaq məsələnin böyüməsinə imkan verilmir.
Əvvəlki kimi “oblava”lar yoxdur. Əsasən məmurlarla problemlər olur. Xüsusilə sənədləşmə məsələlərində. Ancaq problemlər yoluna qoyulur.

Azadlıq Radiosu: Moskvada Orxan Zeynalov məsələsi kimi Belarusda da belə hadisələr böyüdülürmü?

Mövsün Hacıyev: Mən Belarusda olduğum 5 ildə yalnız bir belə gurultulu hadisə görmüşəm. Bir azərbaycanlı aldığı evin pulunu verməmək üçün, yəni bütün sənədləşmə işləri qurtarandan sonra evi ələ keçirmək üçün ev sahibini öldürmüşdü. Ancaq Belarusda dövlət strukturları belə məsələlərə çox həssas yanaşırlar. Belarus prezidenti Lukashenko sovet mentalitetli beynəlmiləlçi bir adamdır. Ölkənin uzun illər Fövqəladə Hallar Naziri olmuş şəxs Azərbaycanın yetişdirməsi idi. Bütün bunlara görə, dövlət strukturları belə məsələlərə çox həssas yanaşırlar.
XS
SM
MD
LG