Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:56

Saqqallı homoseksual müğənnini «Eurovision»dan qovmaq çağırışları


Avstriya - Conchita Wurst Vyanada "Həyat balı"nda. 25 may 2013
Avstriya - Conchita Wurst Vyanada "Həyat balı"nda. 25 may 2013
-

Avstriyanın “Eurovision”a göndərəcəyi homoseksual müğənni ilə bağlı mübahisə böyüyür.


Gələn il Danimarkada keçiriləcək müsabiqədə Avstriyanı qadın paltarları geyən, manikür edən, amma eyni zamanda saqqal saxlayan 25 yaşlı gənc "Conchita Wurst" təmsil edəcək.

Avstriyanın dövlət kanalı olan ORF-in bu seçimini cinsi azlıqlara dəstək baxımından cəsarətli addım sayanlar az olmasa da, bəzi tənqidçilər müğənninin provakativ görünüşünün həm Avstriyanın, həm də müsabiqənin imicinə ziyan vurduğunu deyirlər.

40 MİN "SEVMƏDİM"

Facebook-da hətta əsl adı Tom Neuwirth olan və ona xanım olaraq müraciət edilməsini istəyən müğənniyə qarşı səhifə də yaradılıb. Səhifəni 40 min nəfər “like” edib. 5 min nəfər isə onun müsabiqədən kənarlaşdırılmasına çağıran şikayətə imza atıb.

Avstriyada başlanan bu təşəbbüsə dünyanın başqa ölkələrindən də qoşulanlar var.
Belarus -- Artiom Kirashou (sağda) öz ailəsi ilə.
Belarus -- Artiom Kirashou (sağda) öz ailəsi ilə.

Məsələn, Belorusda 2 min nəfər yerli informasiya nazirliyinə şikayət məktubu yazıb ki, “Eurovision” müsabiqəsinin TV yayımına imkan verilməsin, çünki müsabiqə “əxlaqsızlıq yuvasına” çevrilib.

Bu şikayətlərin təşəbbüskarı Artsyom Kirashou deyir ki, avropalı liberallar bu qərarları ilə öz dəyərlərini Belorusa və Rusiyaya sırımaq istəyirlər.

Onun sözlərinə görə, həmin “dəyərlər” Belorus xalqının istinad etdiyi pravoslav dəyərlərə ziddir, eyni zamanda müsabiqəni izləyən uşaqların tərbiyəsi üçün ziyanlıdır.

QALMAQALIN "XEYRİ"

Wurst isə bildirir ki, tənqidlərə əhəmiyyət vermir.

Homoseksual olduğunu açıq şəkildə elan etmiş müğənni deyir ki, o öz davranışları və fəaliyyəti ilə cinsi azlıqlara qarşı ayrı-seçkiliklə mübarizə aparır.

Wurst hesab edir ki, elə onun “Eurovision”a göndərilməsi ilə bağlı qərarın ətrafında gedən söz-söhbət, yaşanan qalmaqal da bu ayrı-seçkiliyi bir problem kimi qabardır və onun həllinin vacib olduğunu göstərir.
Conchita Wurst
Conchita Wurst

Tom Neuwirth müğənni kimi debütünü 2006-cı ildə edib – Avstriyadakı gənc ulduzlar müsabiqəsində.

2011-ci ildə isə başqa bir müsabiqədə - “Die Grosse Chance" yarışmasında ikinci yerə layiq görülüb. İlk olaraq bəzi tamaşaçılarda qıcıq yaratsa da, sonda ayaq üstə alqışlanıb.

2012-ci ildə Avstriyanın “Eurovision” seçimlərində qalib ola bilməyib (2-ci yeri tutub).

Onun özünə götürdüyü təxəllüs almanca “kolbasa” deməkdir.

1998-Cİ İL TƏKRARLANACAQMI?

Tom Neuwirth Avstriyanın kiçik bir şəhərində doğulub. Deyir ki, uşaq vaxtı özünə qarşı tolerantlıq görməyib, yoldaşları onu ələ salıblar. O ümid edir ki, indiki məşhurluğu onun kimi ayrı-seçkiliyə məruz qalan yeniyetmələrə mənəvi dəstək olacaq.

Avropada belə düşünənlər də var ki, homoseksual müğənniyə meydan verilməsi indiki dövrdə mühümdür. Çünki müsabiqənin populyar olduğu keçmiş sovet respublikalarında homofobiya güclənir. Xüsusən də Rusiyada. Orada bu yaxınlarda “qeyri-ənənəvi cinsi meyllərin təbliğini qadağan edən qanun” da qəbul edilib.

1998-ci ildə İsraildə transseksual müğənni Dana International-ın “Eurovision”a göndərilməsi qərarı da qalmaqal yaratmışdı. Mühafizəkar yəhudi qrupları bunun əleyhinə çıxmışdı.

Amma Dana müsabiqəni udmuş və onun “Diva” hiti yarım milyon nüsxə satılmışdı.
XS
SM
MD
LG