Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:44

İran iki böyük sərhəd məntəqəsini bağladı


Foto: Arxiv. Astara Gömrük Məntəqəsi
Foto: Arxiv. Astara Gömrük Məntəqəsi
-
Noyabrın 7-dən İran Azərbaycanla sərhəddəki Biləsuvar və Culfa sərhəd keçid məntəqələrini bağlayıb.

AzadlıqRadiosunun cənub bölgəsi üzrə müxbiri Müstəcab Məmmədov bir gün sonra – noyabrın 8-də Biləsuvar sərhəd məntəqəsinə baş çəkib. Onun məlumatına görə, məntəqə dünən saat 16:00-dan bağlanıb. İki minədək Azərbaycan vətəndaşı İrana keçmək üçün sərhəddə gözləyib. Daha sonra adamların çoxu ya evlərinə qayıdıb, ya da İrana keçmək üçün Astara keçid məntəqəsinə yollanıb:

«İranda olan Azərbaycan vətəndaşları qayıda, burdan da İran vətəndaşları öz ölkələrinə gedə bilirlər. Qalan yük maşınlarıdır, şəxsi avtomobillərdir – heç biri buraxılmır. Burda təxminən 400-ə yaxın yük maşını da var. Yarısı Azərbaycana, yarısı İrana məxsusdur. Onların da heç birini buraxmırlar. Naxçıvana gedən, Naxçıvandan gələn yük maşınları da buraxılmır».

AzadlıqRadiosu müxbirinin sözlərinə görə, adamların çoxu oraya üz tutduğundan Astara keçid məntəqəsində böyük növbə yaranıb.

«GƏTİRDİYİMİZ ƏRZAĞIN XARAB OLACAĞINDAN QORXURUQ»

Başqa sürücülər kimi, Şərur rayonunun sakini Rafiq Aslanov da iki gündür Biləsuvar keçid məntəqəsində ilişib qalıb. O da Naxçıvana keçəcəyi günü ümidlə gözləyir:

«İki gündür burda qalmışıq. Yol bağlanıb, vəziyyətimiz çox pisdir. Keçə bilmirik, qoymurlar. İndi gözləyirik ki, dövlətimiz bizə kömək eləsin ki, keçib Naxçıvana gedək. Biz tırlarla gedib yük aparırıq. Yüklərimiz qalıb, xarab olur. Dünən saat 4-dən qalmışıq, gözləyirik. Apardıqlarımızın da əksəriyyəti qida məhsullarıdır. Xarab olmaq təhlükəsi var. Görək, dövlət tərəfindən hansı tədbirlər görüləcək. Vaxtında tədbir görülsün ki, məhsulumuzu çatdıraq».

İRAN: «KEÇİD MƏNTƏQƏLƏRİNİN BAĞLANMASI AZƏRBAYCANA CAVABDIR»

İran səfirliyi
İran səfirliyi
AzadlıqRadiosunun «Biləsuvar və Culfa sərhəd keçid məntəqələri niyə bağlanıb?» sualını İranın Azərbaycandakı səfirliyinə ünvanlayıb.

Səfirliyin mətbuat xidmətinin rəhbəri Seyid Məhəmməd Ayətullahi bildirir ki, buna səbəb daha öncə Azərbaycan tərəfinin sərhədi bağlamasıdır:

«Azərbaycan Respublikası naməlum bir şəxsin Poldəşt sərhəd keçid məntəqəsinə yaxın bir yerdə bir traktora atəş açmasını bəhanə gətirərək qeyri-adi davranışla noyabrın 6-dan Poldəşt-Şahtaxtlı sərhəd keçid məntəqəsini bağlayıb. Bu da iranlı sürücülərə və vətəndaşlara ciddi problemlər yaradıb. İran Azərbaycan sərhədçilərinin qeyri-adi əməli qarşısında iki gün dözüm nümayiş etdirib. Azərbaycan tərəfini qabaqcadan məlumatlandıraraq və onları bu əməlindən daşındırmaq məqsədi ilə Biləsuvar və Culfa sərhəd keçid məntəqələrini bağlayıb».

İran səfirliyi mətbuat xidmətinin mediaya açıqlamasında deyilir ki, «səfirliyin məsul şəxsləri bu problemin həlli üçün lazımi danışıqları davam etdirirlər».

Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Xarici İşlər Nazirliyinin məsələyə münasibətini öyrənmək mümkün olmadı.

BUNDAN ƏVVƏL...

Noyabrın 6-da İranla Naxçıvan sərhədində olay baş vermişdi. İran tərəfdən Araz çayının Azərbaycan tərəfində işləyən traktora atəş açılmışdı.

Azərbaycan tərəfi atəşin səbəbləri ilə bağlı sorğu göndərəndən sonra nəzarət-buraxılış məntəqəsi bağlanmışdı. Sorğu hələ cavabsız qalıb.
Sədrəddin Soltan
Sədrəddin Soltan

Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyir ki, zaman-zaman, İranla Azərbaycan sərhədində keçid məntəqələri bağlanır. Onun fikrincə, baş verən olay Azərbaycanın İrana yox, İranın Azərbaycana təzyiqidir:

«Azərbaycan tərəfi heç vaxt İrana qarşı iddia irəli sürmür və həmişə İranın törətdiyi əməllərə qarşı cavab verir. Azərbaycan heç vaxt İranın sərhədini pozub, İrana təyyarəsini keçirməyib. Azərbaycandan oraya narkotik maddə də keçirilmir. Həmişə nə olubsa, bunu İran edib. İndiki hadisəyə gəlincə, İran bununla Azərbaycan gücünü göstərir. Çünki son zamanlar İranın bəzi adamları burda təzyiq altındadır. Fikrimcə, İran bu cür təzyiqlərlə Azərbaycandan yeni nəsə istəyir».

İranla Azərbaycan sərhədində bütövlükdə 5 nəzarət-buraxılış məntəqəsi fəaliyyət göstərir.
XS
SM
MD
LG