Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:49

İki tənqidçi qəzet «SOS» siqnalı verir


Rauf Arifoğlu
Rauf Arifoğlu
-
İstər «Azadlıq», istərsə «Yeni Müsavat» yaşca müstəqil Azərbaycandan bir-iki bayram böyük sayılır. O üzdən bu qəzetlər, özəlliklə «Azadlıq», onlara münasibətdən asılı olmayaraq, müstəqillik və azad sözlə eyniləşdirilir.

Qəzetlər süni maneələr ucbatından böhran yaşadıqlarını bildirir. «Yeni Müsavat»ın baş redaktoru Rauf Arifoğlu qəzetin internet saytında yaydığı müraciətində hakimiyyət məmurlarının «Yeni Müsavat»ın 3 min nüsxəsini dövriyyədən çıxardığını yazır:

«...İndi bizi bitirməyə çalışan məmurlar var ya, onların hamısı potensial dustaqdır; onların, onların yaxınlarının da yaxın gələcəkdəki «bizim qəzet» ünvanıyıq. Qapısı bərkdən döyülənin də, şərlənib tutulanın da, içəridə sındırılmamaq üçün mücadilə verənin də arxası-dayağı «Yeni Müsavat»dır... Minnət qoymuruq - xatırladırıq. İndi bizim dar günümüzdür. Dəstəyə, duaya, telefon zənginə, abunə yazılmağınıza ehtiyacımız var».

«Azadlıq» qəzeti isə yerləşdiyi «Azərbaycan» nəşriyyatına olan çap borcunu, yerhaqqını və üst-üstə yığılan «şərəf və ləyaqət» cərimələrini dərhal ödəmək tələbi ilə üz-üzədir. Qəzet rəhbərliyi bu tələblərin qəzeti tamam çökdürəcəyini bəyan edir.

Azərbaycan media məkanını indiyədək bir çox mətbu orqan tərk edib. Hətta reytinq öncülləri də. Bəs Azərbaycanın bir media məzarlığına çevrilməsi ölkə demokratiyasına nə vəd edir? «Məzarlıq»dakı siyahıya baxsaq, əksəriyyətinin tənqidi media olduğunu görərik. Yoxsa fikir plüralizmi, tənqidi baxış oxucunu maraqlandırmır?

«AZAD MEDİANIN MEYDANI DARALIB»

Media eksperti Qulu Məhərrəmli deyir ki, tənqidi yazıları dünyanın çox yerində sevməsələr də, inkişaf etmək, cəmiyyətdə gedən prosesləri doğru-dürüst bilmək üçün tənqidi mediaya hər zaman ehtiyac duyulur. «Azərbaycan ictimaiyyətində də plüralizmə meyl var» deyən müsahibimiz əlavə edir ki, sadəcə bu meyl hələ zəifdir:
Qulu Məhərrəmli
Qulu Məhərrəmli

«Özünüifadə imkanları məhdud olduğuna görə cəmiyyətimiz zahirən elə görünür ki, vətəndaş tənqidi medianı dəstəkləmir. Amma qəzetdə tənqidi bir yazı gedən kimi cəmiyyət dərhal reaksiya verir. Bu o deməkdir ki, cəmiyyət tənqidi medianı istəyir, amma özünü açıq şəkildə ifadə edə bilmir, çünki müəyyən psixologiyanın əsirinə çevrilib».

Qulu Məhərrəmlinin fikrincə, azad medianın meydanı 1998-ci ildən bəri daralmağa başlayıb:

«Əslində təzad yaranıb, bir tərəfdən ölkənin imkanları artır, o biri tərəfdən tənqidçi media küncə sığışdırılır. Deməli, bizdə bir çox məmur ictimai nəzarəti istəmir. Bu da öz mənfi nəticəsini göstərir: korrupsiyanın, rüşvətin, miqyasının artmasında, qanunsuzluqların çoxalmasında».

«DÜNYANI AĞ-QARA GÖRƏNDƏ OXUCU İTİRİRSƏN»

Qəzetlərin üzləşdiyi problemlərin həm də media idarəçiliyindən doğduğunu hesab edən Milli Məclisin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadənin sözlərinə görə, internet saytlarının çoxalması kağız mediasına öz təsirini göstərir:

«Mən istisna eləmirəm ki, bir çox qəzet öz oxucunu itirib, çünki oxucu çap mediasından elektron mediaya üz tutub. Təbii, söz azadlığını ilk növbədə bu azadlığı istəyən oxucu dəstəkləməlidir.
Asim Mollazadə
Asim Mollazadə
​Bir mövqedən yapışan və ya dünyanı ağ-qara görən çap orqanları cəmiyyətin nəbzini tuta bilməyəndə oxucularını itirirlər. Hər bir ölkədə qəzetin uğuru onun oxunması ilə bağlıdır. Vaxt vardı, «Azadlıq» qəzetinin tirajı 100 mini aşmışdı. Bu gün vəziyyət köklü surətdə dəyişib. Bu gün keyfiyyət üzərində düşünmək lazımdır».

Asim Mollazadə vurğulayır ki, qəzet satışına yaradılan əngəllər barədə çoxlu misal gətirə bilər, amma onun fikrincə, ən azı kütləvi abunənin yoxluğu özünütənqidə diqqət çəkməlidir.

MƏTBUAT ŞURASI PROBLEMİ ÇÖZƏCƏKMİ?

«Yeni Müsavat» və «Azadlıq» qəzetlərinin məsələsi Mətbuat Şurasında (MŞ) də müzakirə olunub. Bunu qurumun idarə heyətinin üzvü Müşfiq Ələsgərli söyləyir. Onun sözlərinə görə, MŞ-nin, adətən, ehtiyac olanda fəallaşan qəzet yayımı komissiyası yenidən bərpa olunub.

Müşfiq Ələsgərli deyir ki, qəzetlərin fəaliyyəti ilə bağlı yaranmış çətinliklərin həlli yönündə araşdırmalara başlanıb.

Hər iki qəzet onu gözləyən təhlükədən sovuşmaq üçün abunə kampaniyası elan edib.

«QƏZETİN HANI?»

Oxucu Çingiz Özgür «Yeni Müsavat»ın dayandığını eşidincə, duyğularını yazıya töküb. «Qəzetin hanı?» adlı məqalədə oxucu 20 illik «dostu»ndan söz açır:
Foto: Arxiv
Foto: Arxiv

«Bəzən avtobusda qəzet oxumağa imkan olmayacaq deyə, o avtobusu buraxıram. Bəzən ofisdə qəzetimi oğurlayırlar, dava salıram. Bəzən əlimdə qəzet olmadan metroya girirəm, öz-özümə birtəhər oluram, elə bil, pul salmayıb keçmişəm turniketdən. Axşam işdən çıxanda hansısa qohum evinə getdimsə, əlimi qəzetsiz görsələr, şübhələnirlər, deyirlər, bəlkə nəsə olub. Narahatçılıqla soruşurlar: «Qəzetin hanı?»…».

Müəllif yazır ki, bu qəzetdə yüzlərlə «imza»yla dostluğu var:

«Heç özləri də bilmir ki, mən onlarla dostam... Mənə aydındır hər şey, deyilən də, hətta deyilməyən də. Bəs mən nə deyəcəm, heç şeydən xəbəri olmayan sadə insanları necə başa salacam, 20 ilə yaxındır ən çox eşitdiyim sualı verəcəklər, nə cavab verəcəm, «Qəzetin hanı?» deyə soruşanda necə deyəcəm, qəzetim hanı?».
XS
SM
MD
LG