Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:33

Əri Rusyətdə olan Səkinənin macəraları


Rəhim Əliyev
Rəhim Əliyev
-

– İncimə, sən mənim öz seçimimsən,– sonra susdu, dalını demədi.

“Seçim” sözü Seyidin qulağına lap yad gəldi, elə bil səhnədən deyildi. Bunu düşünəndə gördü ki, qız özü soyunur, paltarlarını yerə tullayırdl...



Rəhim Əliyev


SƏKİNƏNİN ROMANI

(hekayə)

Seyid zəndnən baxdı qızın ağ ipək koftasına, təmizliyi, ütüsü göz oxşurdi. Yaxasında, döşünün üstə iri güllər sallanırdı. Ağnan oynurdu qızın qapqara gözləri.

Ürəyində deyindi dostuna: ağ eləyib bu Səfər, belə qızı pivəxanaya gətirərlər? Düzü, qapının üstdə Kafe yazılmışdı, amma bu davadan sonra Balaxanski küçədə tikilmiş fəhlə pivəxanası idi. Bolşevik hökuməti o vaxt fəhlələrə bu təzə pivəxanalarnan hörmət eləyirdi: günü tər-qannan işlə, sonra çıx pivə iç, sərinnə.

Səfər yemək, içki qoydu stolun üstə, oturdu. Seyid onun üzünə baxdı: çox rahat idi, qızı yaraşmayan yerə gətirməyi vecinə döyüldü. Araq süzəndə şüşəsini bərk-bərk sıxmışdı sol əlində, belədə əlləri əsmirdi. Şüşəni qoyan kimi badəni götürdü, amma lap azca qaldırdı, hələ yeməyə toxunan olmamışdı.

–Sağ olaq,– deyib xırda qurtumlarnan qalın rumkanı böşaltdı, ağzının qırağından düşdi bir-iki damcı da pencəyinin yaxasına.

Ağzına şor atıb siqaret yandırdi. İkisi içdi, Səkinə içmirdi. Xeyli sonra qızı Seyidə təqdim elədı. Əri Rusyətdədi, bir qızı var. Biləcəri düzündəki universitetdə dərs deyir. Səfər macal tapdı təqdimata görə qızı süzməyə: ağ, ortaboy, arıq qız idi, üzü sümüklü, qansız idi, elə bilirdin indicə halsız yıxılasıdı. Ciddi baxanda gözləri qəşəng olurdu, güləndə isə axırdı, kefli adamın gözünə oxşurdu. İkinci badədən sonra Səfərin dili açıldı, susmadan danışirdı...

Araq qurtaranda qalxdılar, Seyidin emalatxanasına sarı addımladılar. Səfərin üzündə qədərsiz bir qürur vardı, başını dik tutub elə yeriyirdi ki, elə bil üfiqdən o yanı görürdü. Nimdaş çəkmələrinin dabanını da ritmnən asfalta vururdu. Səkinə lal-dinməz idi. Seyidə nəsə deyəndə ona Siz deyə üz tuturdu. Bu, onun həm xoşuna gəlirdi, həm də gülümsədirdi onu, çünki ona çoxdan Siz deyən yox idi. Emalatxanaya çatanda Səfər başladı Seyidi təqdim eləməyə: hörmətli sənətkardı, arxitektordu dizaynerdi, rəssamdı. Çay qoydular. Səkinə üçün bu yarımqazma emalatxana təzə bir yerdi: divarlarda lüt qadın şəkilləri vardı, köhnə mis-misənə asılmışdı. Ortadakı girdə qara üstlü stol alcaq idi, rütubət və siqaret iyi gəlirdi.

Qonaqları yola salanda Seyid daldan Səkinəyə bir də baxdı: sinədən aşağı cannı idi, ayaqları da heç nazik deyildi. Güman Səfərin niyyəti vardı emalatxananı qıza göstərməkdə: yəni belə imkan var. Seyid içində qibtə elədi Səfərin sirinsimiş üzünə, belə olmaq lazımdı, fikirləşdi.

Sonra bir-iki ay içində Səkinə ilə Seyidnən yadda qalmayan ayaqüstü görüşləri oldu. Tələbələrini sınaq dərslərinə gətirirdi yaxındakı məktəbə. Səfərlə bir-iki dəfə də emalatxanaya gəldilər. Amma iş çay və araq içməkdən o yana getmirdi. Sonra ayaqları kəsildi, day birgə gəlmədilər. Səkinə xanım Seyidin yadından çıxdı.

Aradan xeyli keçdi. Bir gün günortaya yaxın Səkinə emalatxanaya gəldi. Bu, qızın Səfərsiz ilk gəlişi idi, Seyid özlüyündə təəccübləndi buna. Üz-gözü tələsik pudralanmışdı, qəhvəyi palto geymişdi, çiyindən ona bir az iri idi. Genə Seyidnən Siznən, xanım-xatun ədasıynan danışmağa başladı. Düzü, qızın solğun, pudrası bilinən üzü onun xoşuna gəlmirdi. Bu pudra heç xanımlıq nişanı döyüldü. Seyid səbrnən gözlürdi: əvvəl ağlına gəldi ki, Səfər onun ardınca gələcək. Amma gəlmədi. Sonra fikirləşdi ki, nəsə xahiş elər. Xahiş də eləmədi, axı Seyidin əlinnən hər iş gəlirdi.

Səkinə əriynən Urusyet həyatından, qızı doğmağından, universitetdən, Səfərnən orda dərs deməyindən, müəllimlərin rüşvət almağından danışırdi. Səfərdən hörmətnən danışırdı. Paltonu çıxarib oturmuşdu enli yaxalı, kül rəngi yun paltarda. Seyid arada saata baxdi: qızın gəlməyindən kecmişdi dörd saatdan çox. Gürdü qonaq getmək istəmir, oturduğu stula yapışıb gözlür nəsə. Seyid qalxıb yarızarafat arxadan Səkinənin stoluna yaxınlaşdı, sağ əlinin qızın çiyninə qoydu, dedi:

–Nə bahalı paltarın var...

Qız qımıldanmadı, amma Seyid gördü ki, onun balaca məmələri qalxıb düşür. Səkinə key kimi olmuşdu, özü də vaxtından tez. O, iri əllərini qızın arıq çiynində gəzdirdi. Qızda heç narahatıq görmədi. Sonra əlləri bir az aşağı sürüşdü. Qızın məmələri balaca və yumşaq idi, amma gilələri iriydi. Səkinə nə müqavimət göstərir, nədə oturduğu yerdən tərpənə bilirdi. Amma Seyid bir az həyacanlandı. Gördü ki, qızı tərpənəsi deyil. Qızdan aralanıb asılqandan gödəkçəsini götürüb geydi və dedi:

– Dükana dəyib gəlirəm...

Qız heç nə demədi. Səfər qayıdıb salafan torbanı stolun üstünə qoydu. Araq şüşəsinin başı görünürdü. Səkinə onu görən kimi tənbəl-tənbəl qalxdi, dedi:

– Vaxtdı, gedim qızı dərsdən götürüm...

Səkinə qalxıb paltosunu geydi, xanım-xatun addımlarnan getdi. Seyid arxasıyca baxdı: paltonun altında qarnı-baçı bilinmirdi, arıq qadına oxşayırdı. Seyid anladi: Səkinə genə gələcək. Amma iki həftə keçsə də gəlib çıxmadı. Əvəzinə emalatxanaya hər gün günortadan sonra cavabsız zənglər gəlməyə başladi. O dəstəyi götürəndə o başda qoyurdular. Bu zənglər Seyidi bezdirəndə gedib qonşu Əlpənahın dükanından nömrəyazanı gətirdi. Bunu dükana onun arvadı ərinə nəzarət üçün qoymuşdu.

Seyid nömrəyazanı öz emalatxanasında quran gün həmin zəng gəldi. O götürəndə dəstək o başda yenə qoyuldu. Sonra bir dəfə də zəng oldu. Yenə danışmadı, amma nömrə həmənki idi. Seyid nömrəni dəftərçəyə yazdı, nömrəyazanı isə qonşuya qaytardı, arvadı dükana gələndə yerində olmalı idi.

Seyid iki gün də zənglərə dözdü. Üçüncü gün birinci zəngdən sonra götürüb dəftərdəki nömrəni yığdı, o başda dəstək götürüləndə salam verdi. Cavabında qadın səsi nəzakətlə dedi:

–Salam, hansı nömrəni yığmısız?

Bu Səkinənin bir az xırıltılı səsiydi. Elə bil otaqda danışırdı. Qadını qınamaq üçün hazırladığı sözlər Seyidin yadından çıxdı, yorası üçün dedi:

– Seyiddi Səkinə xanım, görünüb eləmirsiz, necəsiz? – qırıq, rabitəsiz danışıq başladı, Seyid özünü o yola qoymadan dedi,– imkan olanda emalatxanaya gəlin, səsinizi eşidək...

– Sabah qızı məktəbə qoyub gələcəm...

Seyid kinli döyüldü, amma onun beynin aparan zənglərin yerini bir yolla Səkinədən çıxmalıydı. Səhər mağazaya gedib hər şey aldı. Səkinə də düz zənglər olan vaxtda gəldi. Xırda girişdən sonra Seyid süfrəni açdı. Səkinəyə də badə qoydu. Doldurdu. Bilirdi ki. içməyəcək. Öz badəsini qaldıranda laqeyd səslə dedi:

– Götür.

– Mən heç kəsnən içmirəm,– badəni götürüb dedi, xüsusi hörmətin bildirdi və Seyidin ardınca içdi.

Seyid rahatlaşdı. Səkinənin içməyi ona sarı addım idi. Sonra qız dedi ki, Urusyetdə yaşayanda əriynən içirmiş. Başqa şeylər də danışdı, ərinin ordaki rus arvadını sakit-sakit təsvir elədi. Seyid mat qaldı: Şamaxının aran kəndində böyümüş bu qızda rus qadınlarına qərəz yox idi. Nadir bir şey idi. Arağı da Seyidnən bərabər içdi. Qazın yanındaki balaca otağa da tərəddüdsüz girdi, ikiyerlik divana da oturdu. Amma soyuna bilmirdi, Seyid özü bir az əziyyət çəkdi, gördü ki, qız doğrudan utancaqdı, özü öz bədənindən utanırdı. Bu, Seyidin xoşuna gəlmədi. Yırğaları da yarımçıq oldu, Səkinə qız uşağı kimi dartındı ora-bura.

Sonra iri otağa qayıdanda Səkinənin üzündə ağrı vardı.

– Niyə qanın qaraldı,– soruşdu Seyid.

– Sancılandım,– qız əlini göbəyinin altına qoydu, – gedim evdə uzanım...

Seyid onu qapıdan ötürdü və rahat nəfəs aldı. Xoşdamırdı işin içindən iş çıxanda. Yırğadan da qalmadı yadında bir elə şey.

Həftələr keçdikcə Səkinə yadından çıxdı. Emalatxana qonaqlı yer idi, gəlib-gedən, onnan yeyib içən çox idi. Dörd ay sonra, yazın axır həftələrində Səkinə emalatxanaya zəng çaldı, Seyid onu xırıltılı səsindən o saat tanıdı. Ona müəllim deyə müraciət elədi, yenə Siznən danışdı.

– Ha vaxt gəlirsiz səsinizi eşidək?– soruşdu Seyid axırda.

– Sabah qızı dərsə aparıb gələcəm,– dedi Səkinə.

Birinci görüşün kəm-kəsiri Seyidin yadından çıxmışdı. Fikirləşdi ki, qoy təzə bir gün olsun. Yenə mağazaya gedib hazırlıq gördü. Səkinə birinci dəfə geydiyi yun paltarda gəlmişdi, tərləmişdi. Amma nikbin idi, solğun üzündə sevinc vardı. Oturub yeyib içdilər, rus arağı gətirmişdi. Dili açıldı, dörd ayda başına gələnləri danışdı. Demə emalatxanadan gedəndən sonra xəstəxanaya düşüb, əri Urusyetdən gəlib onun əməliyyat olunmağı üçün pul verib. Nəsə qadın xəstəliyinə görə əməliyyat olunubmuş.

Dedi ki, uzun illərdi səhərəcən yata bilmir. Gözləri yanır, amma yuxuluya bilmir. Səhər işiqlananda yuxuya gedir, buna görə əzab çəkir.

Qız araqdan sonra kefli kimi göründü Seyidə, gülümsəyəndə iri gözləri süzülüb gedirdi. Amma iki yerlik divanın üstündə alayı bir adam oldu: yenə soyunmaq istəmirdi:

– Qorxuram, qorxuram, – təkrar edirdi...

– Nədən qorxursan?

Qız cavab vermək istəmirdi. Seyid isə görürdü ki, bu birinci dəfədən inadkar olub. Xeyli mazaqlaşdılar, Seyid bir az həvəsdən düşdü. Səkinə bunu hiss eləyəndə onun yanağından öpdü, dedi:

– İncimə, sən mənim öz seçimimsən,– sonra susdu, dalını demədi.

“Seçim” sözü Seyidin qulağına lap yad gəldi, elə bil səhnədən deyildi. Bunu düşünəndə gördü ki, qız özü soyunur, paltarlarını yerə tullayırdl. Sonra fikrə getmiş Seyidin yanında uzanıb qulağına dedi:

– Sancıdan qorxuram, tələsimə, yavaş-yavaş...

Amma Seyidin həvəsi lap öldu, xəstə qadınla yırğa ona ağlasığmaz gəlirdi. Xeyli hərəkətsiz uzandılar. Sonra Səkinə Seyidin iri əlini göbəyinin üstünə qoydu. Qızın bədəni soyuq idi. Başını kişinin çiyni üstə qoydu. Seyid hiss elədi ki, Səkinə onun sinəsini iyləyir. Get gedə onun burnundan çıxan havanın səsini, sonra isə isti nəfəsini sinəsində hiss elədi. Səkinənin utancaqlığı getmişdi, başqa adam olmuşdu, kişinin sinəsini iyləyir, bundan doymur və elə bil nəfəsi təngləşirdi. Seyidə əvvəl gülməli gələn bu hərəkətlər onu həyacanlatdı.

Amma əsas işə gələndə Səkinə yenə qorxmağa, dartınmağa başladı. Elə bil özünü bilmirdi, ehtiras onu aparırdı, amma Seyidi yaxın qoymurdu. Yırğaları yarızor oldu, harada başlayıb necə gurtardığı bilinmədi. Geyinəndən sonra Səkinə yenə arada Seyidnən Siznən danışmağa başladı.

Bir gün sonra Səkinə zəng vurdu, gecələri uşaq kimi yatmağından danışdı. Ancaq bunları eşidəndə Seyid annadı ki yuxusuzluq Səkinənin həyatını necə göy əsliyə bükür, əzaba döndərir. Bunun səbəbini təxminən bilirdi, eşitmişdi kimnənsə: ərsiz qadınların çoxu gecələr pis yatır, ya da yata bilmir, çünki kişisizlik təbiətə ziddi. Amma bu barədə qıza demədi, onsuz da əzab çəkirdi, birdən hələ ürəyinə salardı. Amma zəngdən aydın idi ki, Səkinə də yuxusuzluğunun səbəbini bilir, çünki onun zəngi də o yarıgerçək yırğadan razılıq əlaməti idi.

Amma Seyid bu gürüşdən də yadında saxlaya bilmədi bir şey. Ona görə əli gəlmirdi qıza zəng açmağa. Neçə həftə bir-birini aramadılar. Sonra yenə Seyidə zənglər gəldi günortadan sonra. Görüşdülər. İçdikləri arağın qurtarmağına az qalmış Səkinə qəribə sözlər danışdı: keçən səfər emalatxanadan gedəndə yolda bir vor-zakonnan tanış olub. Bu vor-zakon onu təqib eləməyə, telefonda qorxutmağa başlayıb, deyib ki. ancaq mənim olmalısan, yoxsa səni öldürərəm. Səkinə bu qəribə sözləri maraqnan danışırdı:

– Yenə zəng vurur?– Sakinə başı ilə təsdiqlədi, gözləri axdı, Seyid davam elədi– ay dəli, heç kəsə telefon vermə, küçədə tanış olma heç kəsnən...
– Yəqin bir az kefli olmuşam,– dedi və uşaq kimi ürəkdən güldü, – amma day istəmirəm zəng vursun, zəhləmi tökür...
– Sənə içmək olmaz, – Bunu deyəndə Seyidin əlindəki şüşə bomboş idi.
– İçməyəndə utanıram, yatağa girmək istəmirəm, Urusyetdə yoldaşım öyrətdi mənə, deyirdi ki soyuqsan...

Amma qazın yanındakı otaqda Səkinə heç soyuq deyildi bu dəfə. Kişinin üstünə çıxıb yalvarırdı ona:

– Sıx məni özünə, sıx məni özünə, – sonra da var səsi ilə qiyyə çəkirdi.

Bu dəfə Seyid qızdan razı qaldı, vor-zakonnan da gizli görüşə biləcəyi haqda şübhələri getdi. Bir az Səkinəni təriflədi. Qız ona əməliyyat olunmağının xırdalıqlarını danışdı. Cərrah qadın Firəngiz xanım tibb elmləri doktoru imiş, əməliyyatdan sonra ona deyib:

– Təmizlədim oranı, innən belə vəhşi kimi olassan!

Seyidi gülmək tutdu. Kefi açıldı. Amma geyinəndə bədənindəki göyləri görəndə qanı qaraldı. Fikirləşdi ki, bu qız gah quzu, gah da vəhşi olur. Ayrılanda qıza nəsihət verdi:

– Vor-zakona de ki, ərim gəlib, day zəng vurmasın. Zəng vuranda isə nə hə, nə yox, gördün onun səsidi, dəstəyi qoy, rədd olub gedəcək...

Doğrudan da vor-zakon rədd olub getdi. Amma onlarda şakər yarandı: hər dəfə araq içəndə Səkinə kefli halda Balaxanski küçədən qayıdanda tanış odluğu kişilərdən danışırdı, həm də başqa söhbət tapmaq çətin idi onlar üçün. Buna görə Seyid də arxayın olub bu söhbətlərə maraqnan qulaq asırdı. Növbəti dəfə Səkinə bir avtobus sürücüsündən danışdı:

– Otuz dörd yaşı var, subaydı, məni seçib. Sevir məni, telefonda elə sözlər deyir mənə!

Seyid yenə axırıncı badəni içəndə ciddi tərzdə dedi Səkinəyə:

– O sənnən kiçikdi, baş tutan iş deyil, boşla getsin...

Amma Səkinə tanışlarından gec ayrılırdı. Deyəsən, onlara ehtiyacı vardı, içində qalmaqal yaradıb başını qatırdı. Seyid soyuq, quru adam idi, isti sözlərnən arası yox idi. Qıza sevgidən filanan heç nə demirdi. Səkinə də elə bil onun acığına Səfərnən parklardakı görüşlərindən, ondan eşitdiyi şirin sözlərdən də danışırdı. Bu sözlərin tarixi illərnən idi.

Bir dəfə də Səkinə kafe saxlayan bir ordubadlı kişidən danışdı. Dedi onun arvadı ordadı, kənddə. Burda özünə təmiz qadın axtarır. Səkinəni sevir, çünki uşaqlıqdan arıq, badamgöz qadınlardan xoşu gəlir. Tez-tez qızı öz kafesinə dəvət edir. Özü də çox gözəl kişidi, otuz səkkiz yaşı var. İki uşağı var, oradakı arvadı səkkiz sinif bitirib, Səkinə ilə yeni bir həyat başlamaq istir.

Üzü yaza Səkinə hamilə oldu. Tərslikdən əri də vətənə gəlib-getmirdi, ziyana düşüb kasıblamışdı. Mərdəkandakı bağını, şəhərdə iki evini satmışdı. Bu uşaq mütləq götürülməli idi. Səkinə yenə Firəngiz doktorun yanına getdi. Amma doktorun deyəsən başı xarab olmuşdu: təklif elədi ki, uşağı saxlasın və sonra Firəngiz xanıma versin. O da deyəsən uşaqdan pul qazanmaq istirdi. Səkinəni bulvara restorana dəvət eləmişdi. Qız bu görüş haqqında romantik şəkildə danışırdı, amma Seyid burda heç bir romantika görmürdü. Doktor öz sevgilisi və iş yolaşı, özündəm on beş yaş kiçik olan Əlburus doktornan gəlmişdi. Onlar birlikdə qızın başını bişirirdilər ki, uşağı saxlasın.

İş onnan qurtardı ki, Səkinənin uşağını dörd aylıq olanda götürdülər. Pulunu da Seyid verməli oldu və şübhələndi ki, həkim işi uzadıb ki, əməliyyatın qiyməti baha olsun. Əvvəl güman elədi, sonradan əmin oldu. Amma Səkinə belə şeyləri eyninə almırdı, hətta Firəngiz xanımnan tez-tez danışırdı telefonda.

Aradan illər keçirdi. Seyidnən Səkinə də bəzən üç-dörd ay görüşmürdülər. Qız bir gün zəng vuranda o, dəqiq bilirdi: qızın əri gəlib, bir-iki həftə qalıb gedib. O gedəndən sonra Səkinə dəli kimi olurdu:

– Dünən səhər uçdu, – deyirdi, iri gözlərini xəyal aparırdı, ağlamsınırdı,– ürəyim elə darıxdı...

Üçüncü ildən sonra onlar ildə dörd-beş dəfə görüşən dost olmuşdular. Səkinə onun yanına gəlirdi həm də ürəyini boşaltmağa. Belə görüşlərdə hərdən Seyidin qıza ürəyi yanırdı, ömrünün ən yaxşı illərini kişisiz qalmağın, illər boyu səhəri açıq göznən açmağı faciə sayırdı, onun ərinə sadiqliyinə heyrət edirdi. Onun qızın əri üçün dediyi atmacaları da qəbul etmirdi, onu yaxşı adam adlandırırdı. Baxmayaraq ki, çox vaxt az pul yollayırdı ona. Əri də deyəsən doğrudan yaxşı adam idi, gah pullu, gah da pulsuz olurdu, gələndə onu harasa rayona aparır, gəzdirirdi: qız Şəkidən, Qala Altından, Nabrandan danışırdı Seyidə. Amma axırda gedirdi özündən də böyük rus arvadının yanına. Onlar Səkinəynən rəfiqə kimi olmuşdular, kişinin səhhəti ilə bağlı məsələlərdə telefonla əlaqə saxlayırdılar.

Həyat dalbadal sınaqlar gətiridi Seyidnən bu qızın dostluğuna. Bir gün Səkinə yenə uşağa qaldı ərinin kasıb vaxtlarında. Seyidin qanı it qanına döndü, çünki bu, adi hamiləlik deyildi. Uşaqlıqdan kənarda təhlükəli hamiləlik idi, əməliyyat geciksə, Səkinə qanaxmadan ölə bilərdi. Axırda lazer üsulu ilə əməliyyat edən həkim tapıldı. Seyid çətinliklə pul düzəldib verdi qıza. Özünə də onunla təskinlik verdi ki, bu problemin biryolluq həllidi, Səkinə daha uşağa qalmayacaq.

Amma Seyidin sevinci çox sürmədi. O biri bahar Səkinə yenə uşağa qaldı. Necə həkimə getdi, hamısı dedi təcili əməliyyat lazımdı. Lazerçi cərrah isə yoxa çıxmışdı. Seyid onu söyməkdən yorulmurdu. Səkinə çox müayinələrdən sonra ona dedi ki, o həkim birinci əməliyyatda uşaqlıqdan kənar hamiləliyin yarana bildiyi novun ancaq birini götürüb, əslində hər ikisini götürməli idi. Çünki novun birində hamiləlik olursa, o birisində də mütləq olur. Özəl xəstəxanada isə dedilər ki, o cərrah burada otaq icarə eləmişdi, xarici texnikasını götürüb bizdən köçüb, yerini də bilmirik. Seyid şübhələndi ki, yalan deyirlər.

Vəziyyət isə çətin idi, çünki Seyid bir il əvvəlki qədər pul vermişdi Səkinəyə, amma bu pula heç yerdə əməliyyat eləmirdilər, qiymətlər iki dəfə artmışdı. Millətdə insaf yox idi, Seyiddə pul. Gecikmək də olmazdı. Səkinə məcbur olub Bakıdan uzaq şəhərdə şəraitsiz əməliyyata getdi. Öldü, ölümdən qayıtdı. Cərrah onun qanının pis laxtalanmağından xəbərsiz idi. Amma qanı qurtarsa da ölmədi, çünki qisməti yaşamaq imiş.

Seyidinsə bu işlərdən gözü qorxdu. İki-üç ay telefonda danışdılar. Sonra Səkinə yenə iki-üç dəfə emalatxanaya gəldi. Sonra üç-dörd il yoxa çıxdı. Anası öləndən sonra qız ağır depressiyaya düşüb. Əri onu və qızı Urusyətə aparıb. Orda qızı öz qohumuna ərə verib. Bakıdakı tanış şair ona Moskvaya iki min pul yollayıb, bu pula təzədən Bakıya qayıdıb. Əri orda içməyə başlayıb...

Sonraki görüşdə Səkinə pul göndərən şairin onu həqiqətən sevməsindən, ona Türkiyəyə köçməyi təklif etməsindən danışdı. Yenə Səfəri xatırladı. O artıq allah rəhmətinə getmişdi. Seyid qızın bu macəralarına diqqətnən qulaq asırdı, maraqlı idi onunçün. Amma borc elədiyinə görə onu danladı. Nahaq özünü asılı vəziyyətə salmışdı. Amma Seyid də başa düşürdü ki, Səkinəninki sözdən keçib, alayı cür olmuşdu. Sonra qız yenə yoxa çıxdı.

***

Onların tanışlığının on üçüncü ili Səkinə yenə zəng elədi Seyidə. Onun artıq qırx altı yaşı vardı. Səhəri öz sürücüsü onu emalatxanaya gətirdi. Gümüşü mersedes idi, qoşa faralı. Oturub yenə araq içdilər. Səkinə İki dənə bir litrlik rus arağı gətirmişdi. Dedi ki, əri ürəyindən əməliyyat olunub, day içmir. Bir rus prokurorun bazarını idarə edir. Yenə varlanıblar.
– Tak cto ona meyvə alverçisi demə, ali təhsili var, o mənim canikimdi,– dedi əri haqqında, – ona qurban olum...
Sonra Səkinə pul xərcləməyindən, pul itirməyindən danışdı. Yırğa vaxtı gələndə təkid elədi ki, gedək ərimin mənə aldığı təzə evdə eləyək. Seyid yarıkönül razılaşdı. Onun mersedesində təzə evə getdilər. Muzey kimi bəzəkli idi.
Qəttəzə ikiyerli çarpayıda uzandılar. Ağlar da təzə idi, iyindən bilinirdi. Səkinə kökəlib yaxşılaşmışdı. Amma bir az buxaq sallamışdı, sifətinə yaraşmırdı. Amma bədəni bərk, təmiz idi. Durmadan danışırdı. Yırğaları elə bil lap birinci gürüşdəkinin təkrarı idi. Bəlkə ondan da pis idi. Yırğanın harada, necə bitdiyini bilmədilər. Yataqda kar kimi oldu qız, onun sözlərini eşitmirdi, istəklərini saymırdı.. Elə tələsirdi ki, elə bil qapını döyürlər. Axırda özü də pərt kimi oldu, amma özünü o yola qoymadı. Balaca bayramı korlamadı. Seyid də dinmədi, amma belə xoşlamırdı.

Yataqdan qalxıb evdən çıxanda Səkinə sumkasından bir topa yüzlük çıxarıb Seyidə uzatdı:

– Meyvəsatanın pulundan bir az da sən xərştə,– yarızaafat dedi Seyidə.

Seyid pərt kimi oldu. Qısaca dedi:

- Götürmərəm onun pulunu...– o insaflı adam idi, annırdı ki, Səkinəni yaxşı pis o kişi saxlır bu illəri.

– Hamı xəşdiyir, sən də xəştə...

Səkinənin səsində uşaq səmimiyyəti vardı. Yalvarırdı elə bil. Seyid əlini uzadıb bircə yüzlük götürdü:

– Gələn dəfə gedərik restorana,– dedi gülə-gülə.

– Gələn dəfə bağa gedərik. Təzə bağ alıb canikim...

Səkinə Seyidi həyətdə mersedesə oturtdu, özü oturmadı. Maşın onu Balaxanski küçəsinə gətirdi. Yaşlı sürücü yolda dedi:

– Mən Səkinənin dayısıyam... Yaxşı insandı o...

Seyid də nəsə dedi. Danışmağa həvəsi yox idi.

Aradan iki-üç ay keçdi, amma bağa getmək üçün Səkinə zəng vurmadı. Bir gün telefonuna Türkiyədən SMS gəldi:

“Mən Yavru Ağbaşnan həmişəlik İstanbula köçdüm. O məni həqiqətən sevir. Burda biznesi və evi var. Məni axtarma. Sən məni heç vaxt sevməmisən. Səkinə”.

Seyid nə qədər fikirləşdisə, Ağbaşın kim olduğunu yadına sala bilmədi. Səhəri gün xatırladı: bir-iki dəfə adını eşitmişdi. Əsil adı Mənuçöhr idi. Səkinəyə iki min borc vermiş şairin kiçik qardaşı idi. Modernist şəkillər çəkirdi. Türkiyədəki biznes isə böyük qardaşlarının idi.

Bir də Seyid xatırladı: Səkinə özü ona nə vaxtsa demişdi: ərə getməzdən əvvəl, qız vaxtında üç uşağı olan bir həkimlə qaçmaq istəyirmiş. Çamadanın da yığıbmış. Amma baş tutmayıb.

Fəhmi Seyidə deyirdi: bu qız yenə zəng vuracaq.

Noyabr, 2013.
XS
SM
MD
LG