Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:45

Azərbaycanda benzin Norveçdəkindən 2 dəfə baha çıxır


Azərbaycanda benzinin qiyməti qaldırıldı. Dünya ölkələri ilə müqayisədə bu yeni qiymət azdır ya çoxdur?

Bu müqayisənin obyektiv olması üçün hər bir ölkədə benzinin qiymətini həmin ölkədəki orta maaşla müqayisə etmək olar.

Dünya Əmək Təşkilatının hər bir ölkədə orta maaş haqda rəsmi statistikası var.

Beləliklə, dünyada benzinin ən baha olduğu ölkə Norveçdir. Azərbaycanı əvvəlcə Norveçlə müqayisə edək.

Norveçdə 1 litr benzinin qiyməti 2,05 avrodur. Ancaq orda orta maaş ayda 2704 avrodur. Benzinin qiyməti orta maaşın 0,08 faizidir.

Dünya Əmək Təşkilatının eyni hesabatına görə, Azərbaycanda orta əmək haqqı 438 avrodur. Benzinin qiyməti 0,75 avrodur. Benzinin qiyməti orta maaşın 0,17 faizi olur.

Beləliklə, orta maaşa nisbətlə götürəndə, Azərbaycanda benzin, Norveçdən 2 dəfə bahadır.

Tutaq ki, Norveç neft ölkəsidir. Nefti olmayan Türkiyə ilə müqayisə edək.

Türkiyədə orta aylıq maaş 1272 avrodur. Mütləq qiymətlə götürəndə burda benzinin qiyməti bahalıqda dünyada ikinci yerdədir – 1,75 avro.

Ancaq benzinin qiymətinin orta maaşa nisbətini götürəndə bu, 0,14 faiz edir. Bu da Azərbaycandakı 0,17 faizdən azdır. Dəqiq desək, Türkiyədə benzin Azərbaycandakından 20 faiz ucuz çıxır.

Azərbaycanda benzinin qiyməti deyəsən, bircə Ermənistanla müqayisədə ucuz ola bilər.

Nefti olmayan, neft kəmərlərinə çlıxışı olmayan Ermənistanda orta maaş 346 avrodur. Benzinin qiyməti 1,02 avrodur. Orta maaşa nisbətlə götürəndə, benzinin qiyməti orta maaşın 0,29 faizidir. Belə müqayisədə, Ermənistanda benzin Azərbaycandakından 70 faiz bahadır.

Daha bir neftsiz ölkə - Gürcüstanla müqayisə edək. Gürcüstanda orta maaş 443 avrodur. Benzinin qiyməti 0,88 avrodur. Nisbətdə 0,19 faiz edir. Yəni, benzinin qiyməti təxminən Azərbaycandakı kimidir, bir az bahadır. Ancaq Gürcüstan neft ölkəsi deyil, nefti qıraqdan alır.

Və nəhayət, maraq üçün, ABŞ-la müqayisə edək. ABŞ-da orta aylıq əmək haqqı, avroya çevirəndə, 2400 avrodur. Benzinin qiyməti 0,64 avrodur. Nisbət 0,026 faiz edir. Yəni, Azərbaycanda benzin ABŞ-dan 6 dəfə bahadır.

Bütün bu müqayisələrdən bir nəticə çıxır ki, sənayecə və iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə benzin nisbi götürəndə ucuzdur, iqtisadi cəhətdən inkişaf etməmiş və ya etməkdə olan ölkədə isə, nefti nə qədər olur-olsun, benzin baha olacaq.

Azərbaycanda benzin, nisbi götürəndə ucuz deyil. Belə olan halda, Azərbaycan hökuməti benzini bahalandırmaya bilərdimi?

Qubad İbadoğlu
Qubad İbadoğlu
İqtisadçı ekspert Qubad İbadoğlu: Əlbəttə. Bahalandırmamaq üçün hökumətin əlində kifayət qədər resurs var.

Azadlıq Radiosu: Bəs onda hökumət niyə bahalanmaya getdi?

Qubad İbadoğlu: Gələn il Neft Fondundan büdcəyə transferlər 17 faiz azalacaq. Hökumət bunun yerini doldurmağa çalışır. Bunun bir yolu aksizlərdən gəlirləri artırmaqdır. Hökumət benzinə, tütünə, spirtli içkilərə akisz dərəcələrini artırmaq yolunu tutur.

Azadlıq Radiosu: Belə çıxır ki, benzinin bahalanmağı ilə iş bitməyib?

Qubad İbadoğlu: Benzin bahalandı. Tütün bahalanıb. Yaxınlarda ola bilsin ki, araq, pivə bahalansın, akisz dərəcələrində dəyişikliklə bağlı.
XS
SM
MD
LG