Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:38

Nazir oğlunun evindən pulsayan maşın çıxır


Gömrük rəsmisi həbs olunur
Gömrük rəsmisi həbs olunur
Türkiyədə 5 polis rəisi işdən çıxarılıb. Bundan bir gün qabaq isə korrupsiya, rüşvət və fırıldaqçılıq ittihamı ilə 49 adam tutulub. Tutulanlar arasında 3 nazirin oğulları da var. Türkiyəni şoka salan bu polis reydlərinə indi işdən çıxarılan polis rəisləri əmr veribmiş.

İstanbulda və Ankarada tutulanlar arasında daxili işlər naziri Muammer Gulerin, İqtisadiyyat naziri Zafer Caglayanın və Ekologiya naziri Erdogan Bayraktarın oğulları var. Türkiyənin dövlət bankı Halkbankın baş icra rəhbəri Suleyman Aslan, tikintiləri ilə tanınan məşhur iş adamı Ali Agaoglu da tutulanlar arasındadır.

Həbs olunanlar bəzi tikinti layihələrinə görə rüşvət verməkdə və almaqda, pul yumaqda və qızıl qaçaqmalçılığında ittiham olunurlar.

Hurriyet qəzeti yazır ki, bu əməliyyat bir ildir ki, başlanıb. İndi tutulanlar bir ildir ki, nəzarət altında olublar.

“Radikal” qəzeti yazır ki, daxili işlər nazirinin oğlu Barish Gulerin evindəki seyflərdən külli miqdarda dollar, avro və türk lirəsi çıxıb. Nazir oğlunun evində həmçinin pulsayan aparat aşkarlanıb. Pulların hamısı müsadirə olunub.

PROKUROR NİYƏ İŞDƏN ÇIXARILIR?

Həbslər niyə keçirilib və keçirilibsə, buna əmr verən polis, prokuror niyə işdən çıxarılır?

Tanınmış şəxslərin həbsinə sanksiya vermiş İstanbul baş prokurorunun birinci müavini Zekeriyye Oz cinayət işinin istintaqından kənarlaşdırılıb.

Türkiyə mediası prokuror Zekeriyye Ozun Gulen hərəkatına yaxın olduğunu bildirir.

İstanbul Əmniyyət Müdirliyinin (polis idarəsi) maliyyə şöbəsinin müdiri Yaqub Sayqılı, Qaçaqmalçılığa qarşı mübarizə şöbəsinin müdiri Togrul Turhal, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə şöbəsinin müdiri Nazmi Ardıc, Terrorla mübarizə şöbəsinin müdiri Omer Koshe və Asayiş şöbəsinin müdiri Ersan Erchikti vəzifələrindən kənarlaşdırılıblar.

Onların hamısının Fətullah Gülən hərəkatına rəğbəti olduğu bildirilir.
Solda Gulen. sagda Erdogan
Solda Gulen. sagda Erdogan


GULEN ERDOGANA QARŞI

Frans Press Agentliyinin məlumatına görə, həbsləri və bunun ardınca polis və prokurorların işdən çıxarılmasını islamçı baş nazir Erdoganla hazırda sürgündə olan ilahiyyatçı lider Fetullah Gulen arasındakı mübarizə ilə izah edirlər. İzahlara görə gələn il seçkidir və islamçıların öz arasında dava qızışır.

Dava isə keçən ay başlanıb. O vaxt Erdogan hökuməti Gulenin Hizmət hərəkatının ölkə boyu açdığı özəl məktəbləri bağlamaq planını açıqladı.

Bir ay sonra Gulen tərəfdarları əks-hücuma keçir və hücum üçün hökumətin zəif yeri olan korrupsiyanı və tikinti layihələrini seçir.

Baş nazir Erdogan və onun islamçı AK partiyası Türkiyənin bəlası olan korrupsiyanın kökünü kəsməyi vəd edir. Korrupsiya isə ən çox tikintidə kök salıb.

AK partiyanın sədr müavini Huseyin Celik deyir: “Bizim hökumət hakimiyyətə gələndən korrupsiyaya çox həssasdır. Konstitusiya dövlətində hamı qanun qarşısında bərabərdir”.

Türkiyə mediası yazır ki, indi Gulen tərəfdarları korrupsiya ilə mübarizə apardığını deyən hökuməti məhz korrupsiya tərəfdən vururlar.

Polis reydlərindən sonra Erdogan çıxış edib və deyib ki, o, hədələrə və ya “çirkli alyanslara” boyun əyməyəcək.

Frans Press yazır ki, baş nazir bunları deyəndə Gulen hərəkatınımı nəzərdə tuturdu? – bunu demək çətindir.

Ancaq Konyada çıxış edən Erdogan deyib: “Türkiyə banan respublikası və ya 3-cü dərəcəli tayfa dövləti deyil. Mənim ölkəmin işçində və ya çölündə heç kim özünü mənim ölkəmdən yuxarı qoya bilməz”.

Hazırda ABŞ-da sürgündə yaşayan 72 yaşlı Gulen Türkiyədə dünyəvi dövlət əleyhinə təbliğatda ittiham olunaraq 1999-cu ildə Türkiyədən gedib.

Ancaq onun Türkiyənin dövlət aparatına və məmurlara güclü nüfuzu var. O cümlədən ədliyyə sisteminə və polisə. Ümumi fikrə görə, prokurorlar və polislər arasında Gulenin xeyli tərəfdarı var.

Ancaq Gulenin tərəfdarlarının sırası ola bilsin, daha genişdir.
Hakan Shukur
Hakan Shukur


HAKAN SHUKUR

2 gün qabaq Türkiyənin məşhur futbol ulduzu Hakan Shukur AKP-dən istefa verdiyini elan etdi.

Bu partiyadan deputat olan Hakan Shukur Gulenin Hizmet hərəkatının məktəblərinin bağlanmasının əleyhinə çıxış edir.

Bundan bir neçə gün qabaq isə AKP-dən digər deputat
İdris Bal istefa vermişdi. O, partiyanın siyasi xəttinə zidd baxışlarda ittiham olunurdu.

Gulenin Hizmet hərəkatı isə özünü islam ideyalarına əsaslanan qlobal sosial və mədəni hərəkat adlandırır. Hizmetin Türkiyədə 4 min, dünya boyu isə 500 məktəbi var.

Müxalifətin Milliyətçi Hərəkat partiyasının lideri Devlet Bahceli həbslər və polis rəislərinin işdən çıxarılması haqda deyib: “Oğrular hökumətin ətrafında cəmləşib. AK partiya qaranlıq və çirkli işlərin ortasındadır.”
XS
SM
MD
LG