Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:29

QHT-lər İlham Əliyevi parlamentdə qəbul edilən qanunu imzalamamağa çağırır


Foto: Arxiv
Foto: Arxiv
-
40-a yaxın təşkilat rəhbəri prezidentə müraciət edib ki, QHT-lərin fəaliyyəti ilə bağlı qanunvericiliyə dəyişiklikləri imzalamasın. Müraciət müəlliflərinin fikrincə, parlamentin dekabrın 17-də qəbul etdiyi dəyişikliklər QHT-lərin fəaliyyətini məhdudlaşdırır.

«Hakimiyyət qeyri-hökumət təşkilatlarının fəaliyyətinə son dərəcə mürtəce dəyişikliklər edir. Artıq parlament təsdiqləyib, prezidentin imzasını gözləyir. Ölkə başçısı da imzasını qoysa, Şeyx həzrətlərindən Azərbaycanda bütün müstəqil QHT-lərin fatihəsini oxumaq üçün savadlı bir molla istəməkdən savayı yolumuz yoxdur».

Bu cümlələri facebook profilində iqtisadçı Rövşən Ağayev paylaşıb. AzadlıqRadiosuna müsahibəsində Rövşən Ağayev deyib ki, qanunların sərtləşməsinə yox, QHT-lərə yaradılan bürokratik əngəllərin qanuna salınmasına etiraz edirlər.

İqtisadçı fikrini əsaslandırmaq üçün bəzi dəyişikliklərə diqqət çəkir:

«Dəyişikliklərə görə, QHT-lər hər 90 gündən bir qeydiyyata dair çıxarışlarını Ədliyyə Nazirliyində təzələməli olacaqlar. Nazirlik kefi istəməsə, təzələməyəcək, ona gözün üstə qaşın var deyən də olmayacaq. Necə ki QHT-lərin qeydiyyatına 30 gün tələb olunduğu halda heç 13 ilə də qeydə alınmayan təşkilatların sayı-hesabı yoxdur... Bundan başqa, QHT üzvləri iddia ərizəsi ilə məhkəməyə müraciət etsə və təşkilatın onların hüquqlarını pozduğunu, birləşmə hüququnun həyata keçirilməsinə maneə yaratdığını bildirsə, məhkəmə qərarı əsasında qeyri-hökumət təşkilatının fəaliyyəti dayandırıla bilər».

Rövşən Ağayevə görə, istənilən təşkilatda bir adamın öz təşkilatına qarşı qalxmasını təşkil etmək Azərbaycan reallığında elə də çətin iş deyil. İqtisadçı dediklərinə bunu da əlavə edir ki, ölkədə QHT-ləri potensial «şərçi və dönük» üzvlərindən ədalətli şəkildə qoruyacaq müstəqil məhkəmə yoxdur. Onun fikrincə, elə bu bəhanə ilə gələcəkdə neçə-neçə QHT-yə «qırmızı vərəqə» göstərilə bilər.

ZİYAFƏT ƏSGƏROV: «MƏQSƏD ŞƏFFAFLIQDIR, BAŞQA NİYYƏT YOXDUR»

QHT-lər haqqında qanuna dəyişikliklərin müzakirəsi zamanı parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov narahatlığa əsas olmadığını və dəyişikliklərin hər hansı başqa bir niyyətə xidmət etmədiyini söyləyib. O, bütün dəyişikliklərin yalnız şəffaflığı hədəflədiyini bildirib.

Birinci vitse-spikerin bu sözlərini YAP-çı deputat Siyavuş Novruzov da dəstəkləyərək, şəffaf çalışan qurumların təlaşlanmağa ehtiyac duymayacağını deyib.

«MƏQSƏD ŞƏFFAFLIQDIRSA, ONU XƏRCLƏNƏN MİLYARDLARIN İÇİNDƏ YARATSINLAR»

Rövşən Ağayevin fikrincə, dəyişikliklər gerçəkdən başqa niyyətə xidmət etmirsə və şəffaflığın artırılmasına hesablanıbsa, onda 300-400 manat maaş alsa da, 100 milyon manatlıq əmlaka sahiblənən məmurlara bu şəffaflıq məsələsi niyə şamil olunmur:

«Niyə bu məsələdə şəffaflığın qayğısına qalmırlar? Niyə nazirliklər bütün dünyada olduğu kimi, ildə bir dəfə xərclədiyi pullar barədə parlamentə hesabat vermir?
Rövşən Ağayev
Rövşən Ağayev
Şəffaflıq yaratmağa belə ehtiyac varsa, onu xərclənən milyardların içərisində yaratsınlar. Bu ölkədə ən sərt hesabatlılıq sistemi məhz QHT-lər üçün yaradılıb. İldə bir dəfə Maliyyə Nazirliyinə icmal və detallı maliyyə hesabatı verilir, hər rüb Vergilər Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna, Dövlət Statistika Komitəsinə hesabat verilir. Bütün layihələr müqavilələr imzalandığı gündən bir ay ərzində Ədliyyə Nazirliyində qeydiyyatdan keçir. Maliyyə monitorinqi orqanı bank hesabları vasitəsilə QHT-lərin maliyyə axınlarını son qəpiyinədək nəzarətdə saxlayır. Bu qədər geniş nəzarət imkanını mövcud olduğu şəraitdə qeyri-şəffaflıqdan şikayətlənmək absurddur. Hökumətin yaratmaq istədiyi şəffaflıq sistemi yox, bürokratik əngəllər sistemidir».

«AVTORİTAR İDARƏETMƏYƏ AZAD TƏŞKİLATLAR LAZIM DEYİL»

Rövşən Ağayevə görə, bu dəyişikliklər, əslində, hökumətin sonuncu müstəqil QHT qalasına hücumudur və neft gəlirlərinin azalması dövrünə hazırlıq deməkdir:

«Misal üçün yenicə həbs olunmuş QHT rəhbəri Anar Məmmədli hakimiyyətin marağına uyğun gəlməyən seçki şəffaflığı istiqamətində yetərincə monitorinqlər aparırdı. Iqtisadi sahədə ixtisaslaşan QHT-lər hökumətin büdcə siyasətinə və korrupsiyaya dair müşahidələrini paylaşır. Bu, hökumətin maraqlarına uyğun deyil. Yəni azad təşkilatlar bu cür avtoritar idarəetmə üçün həmişə problemdir. Neft pullarının azalması dövründə hökumətin daha çox eyibləri ortaya çıxacaq, axı həmin pullar hökumətin eyiblərini kifayət qədər örtürdü. Hökumət bunların hamısını görür. Mətbuatla bağlı problem əhəmiyyətli dərəcədə “həll olunub”. Sonuncu azad fikirin olduğu qala QHT-lər idi...».

«FƏALİYYƏTİ MƏHDUDLAŞDIRAN BİR MƏQAM GÖRMÜRƏM»

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Milli Məclisin qəbul etdiyi dəyişikliklərdə QHT-lərin fəaliyyətini məhdudlaşdıran məqamların olmadığını deyir. Onun fikrincə, sözügedən dəyişikliklər inkişaf etmiş ölkələrin təcrübəsinə istinadla hazırlanıb:

«Biz ən mütərəqqi ölkələrin qanunvericiliyinə baxaraq öz qanunlarımızı təkmilləşdirməliyik. İndiki dəyişikliklərdə QHT-lərin fəaliyyətini məhdudlaşdıran bir məqam görmürəm, əgər elə müddəalar varsa QHT rəhbəri kimi ona göz yuma bilmərəm».

Azər Mehtiyev
Azər Mehtiyev
«QƏRARI PREZİDENT VERMƏLİDİR»

Müraciətə imza atanlardan biri – İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev ümid edir ki, prezidentə yazdıqları nəticəsiz qalmayacaq:

«Müraciətin qəbul edilib-edilməməsi üz tutduğumuz ünvanın mövqeyindən asılıdır. Bir neçə il əvvəl də QHT qanunvericiliyinə təklif olunan dəyişiklikləri parlament qəbul etmişdi. Amma vətəndaş cəmiyyətinin etirazlarından sonra həmin dəyişikliklərin bəziləri qəbul olunmadı. Hələ ki, QHT-lərin hər hansı etiraz aksiyası keçirməsi ilə bağlı qərar qəbul edilməyib. İlkin olaraq prezidentə müraciət etmişik, hansı qərarın verilməsi Prezident Administrasiyasından asılıdır».

Dekabrın 17-də Milli Məclis «QHT-lər» və «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» qanunlara dəyişiklikləri qəbul edib və imzalanması üçün prezidentə göndərib.
XS
SM
MD
LG