Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:49

Kitab "məmə" sözünə görə qadağan edilib?


-

Pərviz Əzimov:

- Faiq Qürbətov isə buna heç bir cavab vermədən təhqiramiz formada dedi: “Get bacına oxutdur bu kitabı. Evdəkilərinə oxutdur. Mən deyirəm yayılmamalıdır vəssalam”.

Faiq Qürbətov:

- Pərviz Əzimov “Qrant haqqında” qanunun 4 cü bəndini və o cümlədən Prezident Yanında Gənclər Fondunun qaydalarının 3.9 bəndini pozub.


SENZURA, YOXSA?..

Gənc fəal Pərviz Əzimov Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu tərəfindən təzyiqlə qarşılaşması ilə bağlı məlumat yayıb.

Musavat.com xəbər verir ki, P. Əzimovun yaydığı məlumatda qeyd olunur ki, onun çap etdiyi gənc yazarların hekayələrindən ibarət "13" adlı kitab senzura ilə qarşılaşıb.

"Məlumatınız olduğu kimi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fonduna gənc yazarların hekayələrindən ibarət kitabın çap olunması ilə bağlı “Cib kitabı” adlı layihə təqdim etmişdim. Layihəyə fondun Müşahidə Şurası tərəfindən baxıldı və maliyyə ayrılması ilə bağlı qərar verildi.

Layihə çərçivəsində ekspertlər tərəfindən seçilmiş 13 müəllifin hekayəsindən ibarət “13” adlı kitab çap olundu. Kitab çap olunduqdan sonra bir nüsəxsini təqdimatöncəsi keçiriləcək təqdimata dəvətnamə ilə birlikdə Gənclər Fonduna təqdim etdim.
Kitabı təqdim etdikdən 1 gün sonra fondun aparat rəhbəri Faiq Qürbətov mənimlə əlaqə saxlayaraq “Bu kitab yayılmamalıdır" dedi. Səbəbini soruşduqda isə bildirdi ki, kitabdan əxlaqsız sözlər var: “Kitabda “məmə” sözü var (İddia edilir ki, həmin söz gənc yazar Mövlud Mövludun hekayəsində yer alıb - Oxu zalı). Utanmırsan, bu kitabı çap edirsən. Bu bizim milli-mənəvi dəyərlərimizə ziddir. Mən heç vaxt icazə verə bilmərəm ki, bu kitabı ovladlarım oxusun”.
Pərviz Əzimov
Pərviz Əzimov

F. Qürbətova ölkədə senzuranın ləğvi ilə bağlı eks-prezident Heydər Əliyevin imzaladığı sərəncamı xatırlatdım. O isə buna heç bir cavab vermədən təhqiramiz formada: “Get bacına oxutdur bu kitabı. Evdəkilərinə oxutdur. Mən deyirəm yayılmamalıdır vəssalam”.

1 gün sonra isə kitabın təqdimatı keçiriləcəyi Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsi “Kitab evi”ndən mənimlə əlaqə saxlayaraq bildirdilər ki, yuxarıdan tapşırıq gəlib. Ona görə də təqdimat üçün yer verə bilməyəcəyik.

Belə olan halda tələb etdim ki, fond bununla bağlı mənə rəsmi məktub göndərsin. 1 gün sonra fonddan elektron poçtuma daxil olan məktubda isə tamam başqa səbəblər göstərilməyə başladı. Məktubda göstərilirdi ki, güya kitabın üzərinə yazılan qiymət Qeyri-Kommersiya Layihələrinin maliyyələşdirilməsi ilə bağlı qanuna ziddir. Yəni ki, kitab satılmamalıdır. Bu məktublarına cavab olaraq bildirdim ki, mənim tərəfimdən fonda təqdim olunan "Cib kitabı" layihəsində "Layihənin davamlılığı çap olunacaq kitabların simvolik qiymətə satışı ilə təmin olunacaq. Beləki, kitablar simvolik qiymətə 2.5 AZN-ə satılacaq. Əldə olunan gəlir isə layihənin davamlılığını təmin edəcək. İndiki layihə əsasən paytaxt gənclərini əhatə edəcək. Əldə olunan vəsait vasitəsilə isə layihənin ikinci hissəsi olaraq region gənclərinin kitabları çap olunacaq" təklifini əlavə etmişdim.

Fondun Müşahidə Şurası layihənin dəyərləndirərkən buna heç bir etiraz etməyib və mənə bu bəndin dəyişdirilməsi ilə bağlı öncədən heç bir xəbərdarlıq edilməyib. Müşahidə Şurası məndən yalnız büdcənin azaldılmasını tələb edib və mən də buna əməl etmişəm. Lakin göndərdikləri məktubda qeyd olunur ki, kitabların üzərində olan qiymət kommersiya əldə etmək üçün yazılıb və bu qanuna ziddir.
Bir daha bildirirəm ki, burada məqsəd kommersiya xarakterli deyil. Fonda da bildirdim ki, qiymət layihənin icrasına mane olursa, mən şəxsi vəsaitim hesabına mətbəədə bütün kitablara düzəliş etməyə və qiymət hissəsini yığışdırmağa hazıram. Əgər bununla layihə davam edərsə, layihə rəhbəri olaraq bunu edə bilərəm.
Bundan başqa, məsələ ilə bağlı Prezident İlham Əliyevə və fondun icraçı direktoru Fərhad Hacıyevə də müraciət ünvanladım. Müvafiq olaraq Prezidentə və F. Hacıyevə göndərdiyim ilk məktubdan 17 gün, ikinci məktubdan isə 14 gün vaxt keçməsinə baxmayaraq heç bir məktubuma cavab verilməyib.

4 gün öncə isə fonda yaxınlaşaraq layihə ilə bağlı təsviri və maliyyə hesabatını təqdim etmək istədim. Mühasibə hesabatı təqdim edərkən Faiq Qürbətov içəri daxil oldu və “Bundan hesabatı qəbul etməyin. Bu o tərbiyəsiz kitabın müəllifidir”, - deyərək hesabatımı qəbul etməməyi tapşırdı.
Faiq Qürbətov
Faiq Qürbətov

Faiq Qürbətovla dialoq aparmağa cəhd etsəm də, məni aşağılamağa, təhqir etməyə, tərbiyəsiz, əxlaqsız adlandırmağa başladı. Ona bildirdim ki, mən kommersiya məqsədi güdmürəm və kitabın üzərindəki qiymət layihənin davamlılığı üçün nəzərdə tutulmuşdu. Bunu da Müşahidə Şurası təsdiq edib. Əgər bu yenə də problemdirsə, mən kitabın üzərindəki qiyməti şəxsi vəsaitim hesabına mətbədə düzəltdirə bilərəm. Amma onu da xüsusi olaraq xatırlatdım ki, fonda göndərdiyim məktubların heç birinə cavab verilmir.

F. Qürbətov isə bildirdi ki, fondun loqosu kitabın üzərində götürülməlidir. Bu isə onu göstərir ki, məsələ kitabın üzərindəki qiymət yox (çünki o hissə dəyişdirilir və satışı təşkil olunmayacaq.P.Ə) kitabın mətni ilə bağlıdır. Qısaca, kitaba senzura tətbiq edilir.

“Pərviz Əzimovun dedikləri doğru deyil. Biz məsələ ilə bağlı ona Gənclər Fondu adından məktub göndərmişik. O məktubda da bütün məsələlər öz əksini tapıb”.

Bu sözlərisə“Qafqazinfo”ya açıqlamasında Gənclər Fondunun Aparat rəhbəri Faiq Qürbətov gənc fəal Pərviz Əzimovun iddialarına cavab verərkən deyib. Faiq Qürbətov qeyd edib ki, Fond tərəfindən Pərviz Əzimovun layihəsi üçün ayrılmış vəsait kitabın çap olunub pulsuz paylanması üçüm nəzərdə tutulub: “ Pərviz Əzimov “Qrant haqqında” qanunun 4 cü bəndini və o cümlədən Prezident Yanında Gənclər Fondunun qaydalarının 3.9 bəndini pozub. Yəni dövlət puluna buraxılmış kitabın satışı və kommersiya xarakteri daşıdığından Fond tərəfindən ona bildirilib ki, bu layihə dayandırılmalıdır. Bu kitab satışa buraxılmamalıdır. O səbəbdən də Pərviz Əzimovun hesabatı və layihəsi qəbul olunmur”.

Onun sözlərinə görə, alınmış qrant hesabına həyata keçirilmiş layihə yüz faiz həyata keçirildikdən sonra layihənin xərcləri üçün ayrılmış vəsaitin qalan hissəsi fond tərəfindən ödənilir: “Hal hazırda Pərviz Əzimov heç bir hesabat verməyib. Onun layihəsi təsviri hesabatda düzgün aparılmayıb. Bu səbəbdən də layihəsi qəbul olunmayıb və pul vəsaitinin də hesaba köçürülməsi mümkün deyil”.
XS
SM
MD
LG