Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:50

NİDA-çı gənc: «Həbsim absurdun zirvəsidir»


Üzeyir Məmmədli
Üzeyir Məmmədli
-
Bunu həbsdə olan NİDA üzvü Üzeyir Məmmədli məhkəmədə deyib. Dekabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA-çılarla bağlı proses davam edib.

Prosesdə təqsirləndirilən NİDA üzvü Üzeyir Məmmədli ilkin mərhələdə məhkəmədə ifadə verməkdən imtina edib. Əvvəlcə şahid ifadəsi, sonra ibtidai istintaqa verdiyi ifadələri elan olunub. Daha sonra vəkil və dövlət ittihamçısının suallarını cavablandırıb. Ü. Məmmədli ona edilən ittihamları əsassız və sübtsuz saydığını deyib:

“Həbsimi absurdun zirvəsi sayıram. NİDA hər zaman dinc mübarizənin tərəfdarı olub. Hüquqi, demokratik mübarizə aparıb. İndiki hakimiyət dəyişməlidir. Demokratik dövlət, xalqın hakimyyəti qurulmalıdır. NİDA bu istiqamətdə də mübarizəsini davam etdirir”.

NİDA üzvləri mart-aprel aylarında həbs olunublar. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi əvvəlcə onları qanunsuz olaraq partlayıcı maddə əldə etmə, saxlama, daşıma və gəzdirmədə, zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdində günahlandırıb.

İstintaqın iddiasına görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar. Daha sonra gənclərin bir neçəsinə qarşı qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama ittihamı da irəli sürülüb.

“Azad Gənclik” Təşkilatının üzvü, həbsindən sonra NİDA-ya üzv yazılan İlkin Rüstəmzadə mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında həbs olunub. Prokurorluq əvvəl ona xuliqanlıq ittihamı irəli sürüb. Sonra işə zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdi ittihamı da əlavə olunub.

Gənclər ittihamları qəbul etmir. Həbslərinin siyasi sifarişli olduğunu bildirirlər.
XS
SM
MD
LG