Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:03

Hitlerin sevimli rejissoru - Ən ağır cəza


Helene Bertha Amalie "Leni" Riefenstahl
Helene Bertha Amalie "Leni" Riefenstahl

-

22 iyun - Nasist Almaniyasının SSRİ-yə hücum etdiyi gündür

"Nasistlərin əlaltısı", "Göbbelsin məşuqəsi"...

101 yaşında ölənəcən Leni Riefenstahl (Rifenştal) bu tip ittihamları, qınaqları əsassız və uydurma adlandırdı, amma onlardan can qurtara bilmədi.

Heç vaxt üzr istəmədi. Buna görə, onu həmişə daxilən nasist olaraq qalmaqda suçladılar.

2003-cü ildə dünyasını dəyişənəcən, o, yalnızca, nasistlərin sifarişi ilə film çəkdiyinə "təəssüf etdiyini" deyirdi.

Söhbət 1934-cü ildə çəkilmiş "İradənin təntənəsi" adlı sənədli filmdən gedir.

Düzdür, həmin film müharibədən sonra qadağan edildi, amma onun kadrlarından anti-faşist filmlərində indi də istifadə edilir. Yəqin xatırlayarsınız, Hitler svastikalı bayraqlarla bəzədilmiş nəhəng meydanda - nasistlərin 200 min nəfərlik nizami dəstələri qarşısında çıxış edir.

HİTLERİN ÇOXDANKI TANIŞI

Bu, nasistlərin Nürnberq toplantısıdır. Onun keçirilməsində məqsəd həm də Hitler-Xalq birliyini nümayiş etdirən film çəkmək idi.

Filmi isə Leni Riefenstahl çəkəcəkdi. Bunu Fürer özü istəmişdi.

"İradənin təntənəsi" filmindən kadr
"İradənin təntənəsi" filmindən kadr


32 yaşlı Riefenstahl o zaman yetərincə məşhur idi, amma daha çox romantik bədii filmləri ilə.

O, Hitlerlə hələ onun hakimiyyətə gəlməsindən əvvəl tanış olmuşdu.

Amma Riefenstahl həm də novator sənətkar kimi ad çıxarmışdı.

Hitler əmin idi ki, Fürer-Xalq birliyini ən inandırıcı formada o, canlandıra bilərdi.

Riefenstahl-ın çəkdiyi film sonradan lənətlənsə də, bu gün də təbliğat filmləri tarixində ən peşəkar iş sayılır.

Film o dövrün təbliğat filmləri kimi bəlağətli mətn oxunuşu ilə müşayiət edilmir.

Rejissor bunun əvəzində kütlədəki insanların nasistlərin çıxışlarına səmimi reaksiyalarını "tutmağa" çalışıb.

ŞƏRHSİZ...

Riefenstahl iddia edirdi ki, 1934-cü ildə xalq həqiqətən də Hitlerə inanırdı, onu 1-ci Dünya Müharibəsindəki ağır məğlubiyyətdən sonrakı Almaniyanın xilaskarı sayırdı.

Rejissor deyirdi ki, onun filmində şərh yoxdur. Həqiqətən də zahirən tamaşaçını yönləndirən yoxdur, amma bir-birinin ardınca çıxış edən nasist liderləri var...

Lakin çox çətin suallar da vardı ki, Riefenstahl-ın onlara cavabı elə də inandırıcı səslənmirdi.

Məsələn, Almaniyadakı yəhudi poqromları dövründə susması.

"Mən Nasional-sosialist partiyasının üzvü olmamışam, anti-semit fikirlər söyləməmişəm, anti-semit olmamışam".

O hesab edirdi ki, bu, onun şər əməllərin iştirakçısı olmadığını əsaslandırmaq üçün yetərlidir.

Yaxud Parisi tutan Hitlerə vurduğu teleqram:

"Böyük Fürer, bu möhtəşəm qələbə münasibətilə sizi təbrik edirəm".

Bəs buna nə izah vermək olar?

Adolf Hitler və Leni Riefenstahl
Adolf Hitler və Leni Riefenstahl


Riefenstahl deyirdi ki, o, Almaniyanın Fransanı işğal etməsi ilə müharibənin nəhayət ki, bitəcəyini düşünür, sülhün bərqərar olacağına sevinirdi...

400 KİLOMETR UZUNLUĞUNDA LENT

1936-cı ildə o, nasistlər üçün daha bir film çəkəcəkdi: "Olimpia". Berlin olimpiadası haqda.

Amma Riefenstahl ölənəcən bu film haqda siyasi kontektdə danışmaqdan imtina edəcəkdi.

Baxmayaraq ki, filmin pulunu Göbbelsin təbliğat nazirliyi vermişdi və Hitler bu oyunlardan nasist Almaniyası üçün, indinin dəbdə olan termini ilə desək, piar kampaniyası düzəltmək istəyirdi.

Həmin sənədli filmin çəkilişinə o dövr üçün fantastik məbləğ olan 7 milyon dollar ayrılmışdı.

Riefenstahl-ın çəkdiyi "Olimpia" da xidmət etdiyi ideologiyaya baxmayaraq sənət əsəri idi.

Rejissor 30 kamera ilə işləyirdi.

İndi üzgüçülük, qaçış, uzunluğa, hündürlüyə tullanma və s idman növlərinin çəkilişində adi sayılan üsulların, çəkiliş bucaqlarının bəzilərini ilk dəfə məhz Riefenstahl düşünüb tapmış, gerçəkləşdirmişdi.

Bəzi innovasiyalarına isə idman məmurları icazə verməmişdilər. Məsələn, 100 metr məsafəyə qaçanları qaçış zolağının qırağı ilə müşayiət edən kameraya.

Riefenstahl "Olimpia" filmini çəkərkən
Riefenstahl "Olimpia" filmini çəkərkən


Çəkilən 400 kilometrlik lentə baxmaq 10 həftə çəkmişdi, montaj isə 2 il vaxt aparmışdı.

MÜTTƏHİMLƏR KÜRSÜSÜNDƏ

Riefenstahl iddia edirdi ki, o heç zaman siyasətə qarışmayıb, sadəcə, böyük tədbir və mərasimlərdən film hazırlamağı ona həvalə ediblər, o da həmin işlərin öhdəsindən vicdanla gəlməyə çalışıb.

Müharibədən sonra Riefenstahl həbs edildi və Almaniyanın denasifikasiyası ilə bağlı məhkəmələrdə müttəhim kürsüsündə əyləşdi.

Onu cəzasız azad etdilər, məhkəmə hökmündə onun cinayət törətmədiyi, yalnız "nasistlərə rəğbət bəslədiyi" deyilirdi.

Həmin hökm Almaniyada və ondan kənarda etirazlara səbəb oldu.

Amma əslində, ona çox ağır cəza kəsdilər.

Film çəkməsinə qadağa qoyuldu.

Ömrünü sənətə həsr etmiş, şəxsi həyatına çox az vaxt saxlamış bir qadın üçün bundan böyük cəza ola bilməzdi.

Çox-çox sonralar o, sənətə Afrikanın müasir sivilizasiyadan kənar yaşayan qəbilələrini çəkməklə qayıtdı, həm rejissor, həm də fotoqraf kimi.

90 yaşında isə akvalanq geyib sualtı çəkilişlər apardı.

SUSAN SONTAG-IN İTTİHAMI

Əvvəlki şöhrətinin zirvəsinə yüksələ bilməsə də, əvvəlki ittihamlar səngimədi.

Leni Riefenstahl özü haqda filmdə (rejissor: Ray Müller)
Leni Riefenstahl özü haqda filmdə (rejissor: Ray Müller)


Amerika yazıçısı Susan Sontag onun nubiyalıların çılpaq bədənlərini lentə köçürməsində gizli məna gördü.

Sontag yazırdı ki, Riefenstahl-ın seçimi təsadüfi deyil. Nubiyalıların güclü, əzələli, yaraşıqlı bədənləri insanın təbiətlə harmoniyasının simvolu kimi təsvir olunurdu. Necə ki, vaxtilə nasist liderləri anti-semit siyasətlərini əsaslandırmaq üçün "təbii alman ruhunu" "saxta yəhudi intellektualizmi"nə qarşı qoyurdular...

Ömrünün sonuna qədər adı nasizmlə assosiasiya olunan Riefenstahl-a kimsə böyük projektlər həvalə etməyə risk etmədi.

İndinin özündə də onun şəxsiyyəti neo-nasistlər üçün ilham mənbəyi olaraq qalır.

Bunun üçün Youtube-da onun filmlərinin altında yer alan şərhlərə baxmaq yetərlidir...

Amma bununla yanaşı onun həyat və yaradıcılığına ən düzgün qiyməti yəqin ki milyonlar verə bilər.

Onlara bu imkanı 1993-cü ildə rejissor Ray Muller yaratdı.

O, yaradıcılığı birmənalı qiymətləndirilməyən həmkarı haqda "Leni Riefenstahl-ın gözəl və qorxunc həyatı" adlı film çəkdi.

Film Riefenstahl-ın xeyrinə və əleyhinə olan bütün arqumentləri toplayıb ortaya qoydu.

Film elə peşəkar çəkilmiş, elə təsirli alınmışdı ki, bəzi məşhur televiziyalar onu prime-time-da yayınladı.

Riefenstahl haqda bu film bir çox mükafatlara, o cümlədən "Emmy"yə layiq görüldü...

R.Qəmbərov

XS
SM
MD
LG