Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 04:38

«Azərbaycan demokratiya binasının daşlarını hörür»


Elin Süleymanov Vaşinqtonda Azərbaycanla bağlı təşkil olunmuş tədbirdə
Elin Süleymanov Vaşinqtonda Azərbaycanla bağlı təşkil olunmuş tədbirdə
-
Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Elin Süleymanov "Wasington Times” qəzetində Azərbaycanda demokratiyanın inkişafından yazır.

Səfir yazır ki, Azərbaycan və Birləşmiş Ştatlar beynəlxalq terrorizmlə mübarizədən tutmuş Əfqanıstanda çiyin-çiyinə hərbi xidmətə və əfqan xalqının xoşbəxt gələcəyinin təmin edilməsinədək dünyanın ən çətin sınaqlarında partnyorluq edirlər.

Məqalədə deyilir ki, Azərbaycan 2014-cü ildən sonra da Əfqanıstanda fəaliyyət göstərməyə erkən təklifini vermiş azsaylı ölkələrdəndir və bu ölkə Əfqanıstandakı Beynəlxalq Təhlükəsizlik Dəstəyi Qüvvələrini (International Security Assistance Force) təchiz edən Şimal Təchizat Şəbəkəsi (Northern Distribution Network) ilə daşımaların 40 faizinə tranzitlik edir.

İsrailin yaxşı dostu

Cənab Süleymanov yazır ki, ABŞ və Azərbaycan həmçinin Xəzər dənizinin qazını Avropa bazarlarına gətirəcək Cənub Qaz Dəhlizi layihəsini dəstəkləməklə Avropanın enerji təhlükəsizliyinə töhfə verirlər.

“Əhəmiyyətlidir ki, - yazır səfir – öz müsəlman irsi ilə fəxr edən Azərbaycan, mədəniyyətlərarası dialoqun güclü dəstəkçisidir və İsrailin yaxşı dostudur”.

Azərbaycan səfiri Ermənistan-Azərbaycan münaqişəsinin çözülməsi üçün davamlı həll yolunun tapılması istiqamətində ABŞ-ın səylərini xüsusilə təqdir edir.

Daha sonra Azərbaycan prezidentinin son seçkilərinə toxunan səfir qeyd edir ki, Azərbaycan vətəndaşları bu seçkidə həm də ABŞ-Azərbaycan tərəfdaşlığı kimi siyasi baxışa səs veriblər.

O yazır ki, İlham Əliyevin böyük fərqlə qələbəsi gözlənilən idi və aparıcı şərhçi və araşdırma mərkəzləri, habelə seçkiqabağı rəy sorğularının nəticələri ilə proqnozlaşdırılmışdı.

Cənab Süleymanov vurğulayır ki, Azərbaycanın sürətli sosial-iqtisadi yüksəlişi, ötən onillikdə Ümumi Daxili Məhsulun üçqat artması və cənab Əliyevin mürəkkəb regiondakı qətiyyətli və praqmatik liderliyi onun müxalifət üzərində mübahisəsiz üstünlüyünü təmin edib.

“Çox az siyasi təcrübəsi olan tarixçi”

“Əlavə olaraq müxalifət arasındakı çaşqınlıq özünü “ehtiyat namizəd” elan etmiş Cəmil Həsənlinin namizədliyinin irəli sürülməsinə gətirib çıxardı” – yazır Azərbaycanın ABŞ-dakı səfiri.

Səfir yazır ki, “çox az siyasi təcrübəsi olan tarixçinin” namizədliyi cənab Əliyevin opponentlərinin hər hansı imkanlarını heçə endirib”.

Lakin Elin Süleymanov gileylənir ki, “Azərbaycandakı bu real siyasi vəziyyət” çox vaxt media tərəfindən nəzərə alınmır.

Səfir yazır ki, heç bir seçki qüsursuz deyildir və burada da pozuntu və problemlərin olması mümkündür.

Təəssüf ki, ABŞ da…

Elin Süleymanovun məqaləsində deyilir ki, Azərbaycan seçkilərini on minlərlə müşahidəçi izləyib, müxalifət namizədlərinə toplaşma sərbəstliyi, günaşırı canlı televiziya efiri imkanı yaradılıb.

Onun fikrincə, bütün bunlar Azərbaycanda azad plüralizmin nişanəsidir.

Səfir yazır ki, seçkilərin ardınca əksər beynəlxalq müşahidəçilər – Avropa İttifaqı, AŞPA nümayəndə heyəti və ATƏT-in müşahidə missiyasının başçısı da daxil olmaqla, seçkiləri irəliyə doğru addım adlandırblar.

“Lakin bunlarla kəskin ziddiyyətdə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları ofisinin missiyası son dərəcə neqativ hesabat hazırlayıb və təəssüf ki, bu hesabat ABŞ Dövlət Departamenti tərəfindən dəstəklənib” – yazır Azərbaycan səfiri.

Cənab Süleymanov bildirir ki, Azərbaycan vətəndaşları İlham Əliyevə səs verməklə bu cür ziddiyyətli qiymətləndirməni qəbul etmədiklərini ifadə ediblər.

Elin Süleymanov yazır ki, dünyada ilk müsəlman respublikasını qurmuş Azərbaycan demokratiyanın bünövrəsi üçün təməl daşlarını hələ 1918-ci ildə atıb.

“Biz eyni şəkildə, bu gün də ABŞ-Azərbaycan strateji partnyorluğunu möhkəmləndirməli, mövcud qərəzli stereotipləri sındırmaq və yenilərinin yaranmasına imkan verməməklə xəbər başlıqlarına çıxmalıyıq” – yekunlaşdırır Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov.

Yazı "Vaşinqton Tayms" ın təşviqat qrupunun hazırladığı xüsusi hesabtın bir hissəsi kimi dərc olunub. Hesabatın 1 səhifəsində Anar Məmmədovun başcılıq etdiyi "Azərbaycan-Amerika Alyansı"nın reklamı özünə yer tapır. Hesabatda həmçinin ABŞ-ın bəzi keçmiş və indiki Konqres üzvlərinin fikirləri də öz əksini tapır.

Respublikaçı senator Roger Wicker yazır: "Azərbaycan Birləşmiş Ştatların dəstəyinə və diqqətinə layiq olan əhəmiyyətli müttəfiqdir". "Doğrudur, ölkənin demokratiyaya doğru hərəkəti tamailə bizim ümid etdiyimiz kimi deyil", yazan müəllif əlavə edir ki, Azərbaycandakı demokratik prinsiplərin inkişafı ABŞ-ın və dünyanın digər azad ölkələrinin təhlükəsizliyinin gücləndirilməsini vəd edir.
XS
SM
MD
LG