Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:53

73 kitab dükanı müflis oldu


Kitab oxuyan şəxs. Arxiv
Kitab oxuyan şəxs. Arxiv
-

Uçurumun qırağı....

Ötən həftənin cümə axşamı britaniyalı kitabçı David Ford müflis olmaq həddinə çatdığını anladı.

Həmin gün onun West Yorkshire qraflığındakı “Saltaire” kitab dükanının gəliri gəmi 7,5 funt-sterlinq oldu (təxminən 10 manat). Bu, günə 50 funt-sterlinq ziyana işləmək demək idi.

Amma kitabçı dəsmal götürüb ağlamaq əvəzinə Facebook-a üz tutdu:

"TƏCİLİ! Bizim - müştərilərə ehtiyacımız var. Aydın görünür ki, bu şəkildə işimizə davam edə bilmərik və dükanımızın gələcəyi sual altındadır. Əgər “Saltaire” kitab dükanının yaşamasını istəyirsinizsə, ÇOX XAHİŞ EDİRİK, öz dostlarınıza deyin, bizim dükanda bir az pul xərcləsinlər… Təcili köməyə ehtiyacımız var”.

David Ford postuna onu da əlavə edir ki, son milad bayramı ərəfəsində dükanın qarşısındakı səkidə qazıntı işlərinin aparılması da biznesinə zərbə vurub. (Milad bayramı Qərb ölkələrində kitabçıların ən çox qazanc əldə etdiyi dövrlərdəndir).

Bu müraciətdən dərhal sonra David Ford-un dükanına axın başlayır. O, “Guardian” qəzetinə deyib ki, yanvarın 11-də 300 funt-sterlinqlik kitab satıb. Bu onun dükanının tarixində “ən gəlirli şənbə” olub. O gündən bəri də qazancı azalmağa doğru getsə də, hələ də orta göstəricidən yüksək olaraq qalır. Amma David Ford illüziyalara qapılmır, deyir ki, hələ də dükanın gələcəyi ilə bağlı şübhələri qalır.

“İnsanlar düşünürlər ki, kitabçıların qazancı çox olur. Mən bu müraciətimlə göstərmək istədim ki, bu belə deyil. Qazancımız minimum maaşdan da aşağıdır”.

David Ford-un fikrincə, kitab dükanlarını dövlət, bələdiyyə yox, insanlar yaşatmalıdır.

Britaniya Kitabçılar Assosiasiyasının məlumatına görə, 2012-ci ildə ölkədə 73 müstəqil kitab dükanı bağlanıb.Və kitab dükanlarının ümumi sayı 1000 civarına enib.

David Ford deyir ki, əgər on-line satış ənənəvi kitab dükanlarının rəqibinə çevrilibsə, onlar da öz bizneslərini reklam etmək üçün İnternetdən istifadə etməlidirlər. Ən əsası isə müştərilərə xidmətin səviyyəsini yüksək saxlamalıdırlar:

“Yaxşı kitabçını heç kəs rəqabətdə yenə bilməz” – deyən David Ford hesab edir ki, ənənəvi kitab dükanlarında çalışanlar həm satdıqları mal haqda çox məlumatlıdırlar, həm də kitablar haqqında müştəriyə şövqlə danışa bilirlər. Onun fikrincə, kitab dükanları təkcə kitab alınan yox, həm də insanların toplaşıb kitabları müzakirə etdiyi, kitab müəlliflərini dinləmək üçün bir məkan olmalıdır.

"Guardian"
XS
SM
MD
LG