Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:57

Qorbaçov 20 Yanvardan yazır, Əliyevi tənqid edir


Mikhail Gorbachev
Mikhail Gorbachev
-

1990-cı ilin yanvarında Bakıda baş verən hadisələr Mixail Qorbaçov üçün bir dərs olub. SSRİ-nin son rəhbəri bunu özünün "Həyat və islahatlar" kitabında yazır.

Qorbaçovun "bu faciəvi hadisələrdən" çıxardığı nəticə belədir: Düzdür, hakimiyyət ekstremal vəziyyətdən güc tətbiq etmədən çıxa bilməz, amma bu hərəkətin mühümlüyü tam olaraq əsaslandırılmalı və bu, yüz ölçülüb bir biçilmiş tədbir olmalıdır. Problemi yalnız siyasi vasitələrlə həll etmək mümkündür.

Qorbaçov "bəzi saxtalaşdırma cəhdlərinə" etiraz edərək vurğulayır ki, Bakıya qoşun yeridilməsi ehtiyacı respublikada yaranmış fövqəladə vəziyyətdən doğmuşdu:

"Bəli, üzücüdür, çox üzücüdür ki, 90-cı ilin yanvarında çoxlu sayda bakılı həyatını itirdi. Fərq etməz milliyyəti nə idi. Amma əgər o zaman zorakılığın qarşısı alınmasaydı, qurbanların sayı dəfələrlə artıq olardı. 90-cı ilin yanvar hadisələrindən nəticə çıxarılıbmı? Mən buna şübhə edirəm: Azərbaycan-erməni savaşı da bunu göstərir".
Bakı, 1990-cı ilin 20 yanvarı
Bakı, 1990-cı ilin 20 yanvarı

Qorbaçov yazır ki, 90-cı ilin əvvəlində ermənilərlə azərbaycanlılar arasında münasibətlər yenidən kəskinləşmişdi. Bu da "erməni poqromları"na gətirib çıxarmışdı. Kitabda qeyd edilir ki, yanvarın 13-də, axşam, "xuliqan elementlərdən ibarət dəstələr" iğtişaş və zorakılıq törətmiş, bu da insan tələfatı ilə nəticələnmişdi:

"Yanvarın 15-də Sov.İKP Mərkəzi Komitəsinin bürosu Bakıda vəziyyətin normallaşdırılması üçün təxirəsalınmaz tədbirləri müzakirə etdi. Qəbul edilən qərarda qeyd edilirdi ki, respublikada sabitliyi pozmağa çalışan cinayətkar qüvvələr öz niyyətlərini reallaşdırmaq istiqamətində praktiki addımlar atmağa başlayıblar. DQMV-də vəziyyətin kəskin pisləşməsindən istifadə edərək Bakıda ehtirasları coşdurmuş, insanların bir qismini - Ermənistandan qaçqın düşənləri qanunazidd hərəkətlərə sövq etmişlər. Yanvarın 13-də Bakıda baş vermiş iğtişaş və zorakılıq nəticəsində cinayətkarlar qətllər törədiblər, bunlar əsasən ermənilər olub. Onlarla insan yaralanıb. Evlər talan edilib. Təxirəsalınmaz tədbirlərin görülməsinə ehtiyac var".

Qorbaçov kitabında yazır ki, yerli hakimiyyət orqanları qayda-qanunu bərpa etməyə çalışsalar da, daxildəki parçalanma və ixtilaflar hakimiyyətin fəaliyyətini və vəziyyətə nəzarət etmək qabiliyyətini iflic etmişdi.
Heydər Əliyev, 1971-ci ildə 1 may nümayişi zamanı
Heydər Əliyev, 1971-ci ildə 1 may nümayişi zamanı

Qorbaçov Prezident Şurasından Y.Primakovu, Sov.İKP-dən isə A.Girenkonu Bakıya göndərir. Amma onlardan Azərbaycandakı vəziyyətin hansı yöndə inkişafı ilə bağlı ciddi narahatlıq doğuran xəbərlər gəlməyə başlayır: "ölkədə hərc-mərclik baş alıb gedir", "18 rayonda yerli orqanlar süpürülüb atılıb", "İranla sərhəd sökülüb". Qorbaçov yazır ki, respublika rəhbərliyi "güclənən mənəvi terror şəraitində" lazımi qərarlar qəbul etmək iqtidarında deyildi:

"Yanvarın 19-da Sov.İKP, Ali Sovetin Rəyasət Heyəti və SSRİ Nazirlər Sovetinin "Azərbaycan və erməni xalqlarına" Müraciəti dərc edildi. SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət tətbiq edilirdi. İğtişaşların təşkilatçıları Qərara tabe olmaqdan imtina edirdilər. Onlar Bakıya yeridilmiş qoşunların işinə ən müxtəlif üsullarla maneçilik törədirdilər. Bunun nəticəsi - yeni qurbanlar oldu. Yanvarın 20-də mən mərkəzi televiziya ilə çıxış edərək vəziyyətə qiymət verdim və ölkə rəhbərliyinin addımlarını izah etdim".

Kitabın "Qarabağ partlayışı" bölümündə isə Qorbaçov erməni-azərbaycanlı münaqişəsinin necə başlanmasından, ermənilərin şikayətləri, Dağlıq Qarabağda sıxışdırılmaları, Azərbaycan rəhbərliyinin muxtar vilayətdə yanlış kadr siyasət aparması ilə bağlı iddiaları haqda yazır.

Qorbaçov 80-ci illərin ortalarına qədər Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevlə bağlı qeyd edir ki, "əgər Əliyev düzgün beynəlmiləl siyasət yürütsəydi, fəlakətin qarşısını almaq mümkün olardı. 1988-ci ildə isə artıq gec idi".

Ardı var

M.Qorbaçov. Həyat və islahatlar, 1995
XS
SM
MD
LG