Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:56

Stalinin qırmızı qrafı


Alexey Tolstoy
Alexey Tolstoy
-

"Bir Allah şahiddir ki, mən indi istənilən çarın çəkmələrini öpməyə hazıram! Əgər əlimə keçsəydilər, paslı bizlə o Leninin və ya Trotskinin gözlərini oyardım və əlim zərrəcə əsməzdi...”


Aleksey TOLSTOY - Qırmızı qraf

Sovetlər dönəmində Aleksey Tolstoyu belə adlandırırdılar.

Bir çox mənalarda bu ad özünü doğruldurdu və yazar özü də bir çox baxımdan özünü məhz belə hiss edirdi: “qraf” adını o, miras kimi və ədəbiyyatdakı yerinə görə, “qırmızı” adını isə tutduğu əqidəyə, daha dəqiq desək, dünyagörüşünə görə qazanmışdı.

Vaxtilə mühacirətdən Sovetlər İttifaqına qayıtmaq qərarına gələn qraf Aleksey Tolstoy həm özü, həm də öz simasında rus mühacirləri üçün tarixi seçim etmişdi.

Digər emiqrantların dünyagörüşündə siyasi, mənəvi, mədəni və digər prinsiplər önəm daşıdığı halda, Tolstoy bütün bunlara məhəl qoymadan Vətənini seçmişdi.

Başqaları isə (məsələn, Bunin) vətəndən kənarda, qürbətdə qalmağa üstünlük verməklə, öz prinsiplərinə sadiq qalmışdılar, onlar inqilabı və Sovet hakimiyyətini, bolşevizmi və qırmızı terroru, Lenin ilə Stalini rədd edirdilər.

Aleksey Tolstoy isə belə şeylərdən heç qorxub-çəkinmirdi, çünki onun yaradıcı enerjisi hansısa siyasi əqidədən və ya iqtidar tipindən asılı deyildi, bu enerji daha çox Vətənə, böyük bir dövlətin taleyinə və nailiyyətlərinə, onun faciə və şöhrətlərlə zəngin tarixinə bağlı idi, bu ölkənin başında kimin durması və tarixi hansı səmtə yönəltməsi isə onun nəzərində əhəmiyyətsiz idi.
İosif Stalin
İosif Stalin

A.Tolstoy öz ölkəsi və onun tarixiylə birbaşa və dolaysız şəkildə bağlı idi. O, həmişə özünü Sovet Rusiyasında sağ qalan sonuncu rus qrafı sayırdı. A.Tolstoyun tarix səhnəsindəki yerini, mövqeyini itirmək kimi şəxsi qorxusu yox idi. Bununla yanaşı, o, əmin idi ki, Sovet hakimiyyəti onun tarixi statusuna nəinki zərbə vurmağa qıyar, hətta əksinə, yazıçı Tolstoyun bu iqtidarı dəstəkləməklə daha da gücləndirməsini istəyər.

Tarixən əsli-nəcabəti Ryurikoviçlərə gedib çıxan Tolstoy bir növ “Sovet kübarları”nın səlahiyyətli təmsilçisi idi, buna görə də özünü canlı tarixin bir parçası saymaqla qalmır, bu tarixin bir qismini də bədii sözün gücüylə özü yaratmağa çalışırdı. Halbuki Tolstoyun özünü bir parçası saydığı həmin tarixin özü artıq hədsiz dərəcədə teatrallaşmış bir proses idi.

Ölkədə “Böyük terror”un hökm sürdüyü illərdə repressiyaya uğrayanlar və onların ailə üzvləri tərəfindən arxa və dəstək tapmaq ümidiylə SSRİ Ali Sovetinin deputatı olan A.N.Tolstoya etdikləri çoxsaylı müraciətləri yazar gah sükutla, gah da aşkar soyuqqanlılıqla qarşılayırdı və bu faktlar bizə indi yaxşı məlumdur. Halbuki lazım biləndə o, 1936-cı ildə Zinovyev-Kamenev prosesi və ya 1937-ci ilin yanvarında Radek-Pyatakov prosesi ilə bağlı müqəssirlərin güllələnməsinə haqq qazandırmaq üçün rəsmi mətbuatda görünməkdən çəkinmirdi, Katın faciəsi barədə minlərlə polyak əsirinin məhkəməsiz-istintaqsız və əsl faşist amansızlığıyla güllələnməsi barədə rəsmi açıqlamanı dəstəkləməyindən qalmırdı.

Çox az adam bilir ki, Böyük Vətən müharibəsi illərində məşhurlaşan “Vətən uğrunda! Stalin uğrunda!” şüarının da müəllifi də məhz A.Tolstoy idi və o, ilk dəfə bu çağırışı həmin müharibədən bir neçə il əvvəl, ulu rəhbərin 60 illik yubileyinə həsr olunmuş ziyafətdə tost (sağlıq) kimi səsləndirmişdi.

Bütün bu sadalanan faktlar A.Tolstoyun həm insan kimi, həm də vətəndaş kimi ağciyərliyini sübuta yetirməkdədir, ancaq bunlar onun bir söz ustası kimi qiymətinə, yazarlıq metod və üslubuna, XX yüzil rus ədəbiyyatındakı yerinə, mövqeyinə hər hansı xələl gətirmir.

Bir dəfə Odessada Buninlə rastlaşan qraf Tolstoy çığırıbmış: “Yəqin inanmazsınız ki... o Kremldə əyləşən yaramazlardan ən nəhayət qurtulduğum üçün necə bəxtəvərəm!.. Bir Allah şahiddir ki, mən indi istənilən çarın çəkmələrini öpməyə hazıram! Əgər əlimə keçsəydilər, paslı bizlə o Leninin və ya Trotskinin gözlərini oyardım və əlim zərrəcə əsməzdi...”

Bundan bir xeyli müddət sonra, 1936-cı ilin noyabrında Parisdə son kərə görüşdükləri zaman, Buninin şahidliyinə görə, A.Tolstoy ondan soruşubmuş: “Səni öpə bilərəmmi? Bolşevik olduğum üçün məndən qorxmursan ki?” Bunu deyərkən o, bolşeviklərə aşkar şəkildə istehza edirdi. Bunun ardınca o, Rusiyada necə gen-bol yaşadığından söz açır və Buninə də vətənə qayıtmağı təklif edib, deyir ki, orada onu təmtəraqla, hətta kilsə zənglərini çalmaqla qarşılayarlar. Bunin də bu təklifə zarafatla cavab verərək deyir ki, sizdə kilsə zənglərinin çalınması yasaqlanıb. Bundan sonra o, mühacirətdən geri dönmüş Tolstoyla nə SSRİ-dəki həyat şəraiti, nə də özünün oraya qayıtması barədə hər hansı müzakirə aparmağa maraq göstərir...
Fransa - Ivan Bunin, Paris, 1933
Fransa - Ivan Bunin, Paris, 1933

“Ərəfə” qəzetinin 14 aprel 1922-ci il tarixli sayında çap etdirdiyi “N.V.Çaykovskiyə açıq məktub”da Aleksey Tolstoy öz siyasi prinsipsizliyinin, mənəvi və ideoloji relyativizminin (bütün biliklər nisbi olduğu üçün, varlığın obyektiv dərkinin mümkün olmadığını irəli sürən idealist fəlsəfi nəzəriyyə - A.Y.) səbəbləri barədə açıqlamalar verməyə çalışmışdı. Mühacirətdən SSRİ-yə qayıtmazdan öncə o, belə bir etirafda bulunmuşdu:

“Ağlarla qırmızılar arasında gərgin qarşıdurma zamanı mən ağların tərəfindəydim və sırf fiziki baxımdan qırmızıları görən gözüm yox idi, çünki onları rus dövlətini yıxıb-sürüyənlər kimi, bütün bəlaların baisi kimi dəyərləndirirdim. Həmin dövrdə mənim iki qardaşım həlak oldu, iki əmim güllələndi, aclıqdan və xəstəlikdən səkkiz qohumum dünyasını dəyişdi. Mən və ailəm dəhşətlər yaşadıq. Onlara nifrət bəsləməyə yetərincə səbəbim vardı. Qırmızılar qalib gəldilər, dava-qırğın bitdi, ancaq biz, Parisdəki rus mühacirlər, hələ də bitmiş mübarizənin təsirindən ayrıla, çıxa bilmirdik. Hər gün biz bolşeviklərin devrilməsi üçün yeni bir möhlət qoyurduq, çünki onların sonunu göstərən ciddi nişanələr görürdük”.

Bütün bu sadalanan şərtlər yazarın önündə onu vətənə aparan yolları nəinki qapayırdı, əksinə, dərin hissiyyatı onu tezliklə vətənə dönməyə səsləyirdi. Öz vicdanı və ağlıyla baş-başa qalan yazar özü üçün yeganə hədəf kimi Rus dövlətçiliyinin hər vəchlə qorunmasını və təsdiqini seçir: buna aparan mümkün yollar arasında seçim əsnasında (ilk növbədə öz-özünə) anlayır ki, bu baxımdan bircə yolu var və bu - “...Rusiyada real şəkildə var olan və “Bolşevik hökuməti” adlanan iqtidarı tanımaqdır, çünki hazırda nə Rusiyada, nə də ondan kənarda başqa bir rus hökuməti yoxdur”.

Mühacirətdə qalıb, bolşevizmin məhvini gözləmək – təhlükəsiz və sakit yoldur, ancaq, təəssüf ki, mövcud şərtlərdə bu, insanın yox, istridyənin (yeməli dəniz ilbizinin – A.Y.) seçəcəyi yoldur. Gertsen sürgündə yox, sülh şəraitində yaşayırdı, deməli, biz də, diri ikən zirzəmiyə soxulmağa razı olmamalıyıq! A.Tolstoyun əsərlərindəki hər iki ideya - əzablı yollarla irəliləmə və I Pyotr nümunəsi – yazarın əsas ideyasından – böyük dövlətçilik ideyasından qaynaqlanır və bir-birini tamamlayırdı.

Ayrı-ayrı bənzərsiz şəxsiyyətlər, özünütəsdiqlə bağlı illüziyalardan imtina edən ziyalılar öz həyatlarının mənasını yeni cəmiyyətin qurulmasında iştirakda görürdü, xalqla bir arada olmaqda görürdü. Yalnız bu halda onun əzablı yollarda vurnuxmaları, ən nəhayət, nöqtələnə bilər. Pyotrun nümunəsində isə ən uca məqsəd – yeni, güclü dövlətin qurulmasıdır və bu iş hamıdan, ilk növbədə dövlət başçısından fədakarlıq tələb edir. Ölkə lideri şəxsi iradəsi, dəyanəti, intellektual gücü sayəsində həm tarixin, həm də həyatın mövcud şərtlərinə qarşı dirənir, öz müxaliflərini və düşmənlərini yenir, fövqəlinsan əlaqələrdən faydalanaraq, tarixin gedişatını dəyişdirir.

Yazarın qələmindən çıxan, ona ölümündən sonra dərin rəğbət oyadan və dövlət səviyyəsində mükafatlandırılan üçüncü əsəri də var: bu, dramatik povest sayılan “İvan Qroznı”dır. 17 yanvar 1945-ci il tarixdə xərçəng xəstəliyindən vəfat edən yazar oğluna hədiyyə etdiyi bu əsərin əlyazması üzərində yazmışdı: “Bu - mənim yazdığım ən yaxşı əsərdir”. Bu povestdə yazarın daha bir ideyası öz əksini tapıb: “Ləkəsiz insan yoxdur”, terror - qaçılmazdır və önlənə bilməz, rus xalqının tökülən qanına görə çoxları məsuliyyət daşıyır, buna görə hamı – təqsirkardır (təkcə İvan Qroznı yox, fitnəkar knyazlar da).

Ən böyük hədəf isə - böyük dövlətin qurulmasıdır və o, qurbanlar tələb edir (Moskva çarlığı da o tökülən qanlar hesabına qurulubdur).
Aleksey Tolstoyun şəkli sovet markası üzərində
Aleksey Tolstoyun şəkli sovet markası üzərində

Tolstoyun bir çox müasirləri də anlayırdılar ki, Pyotr haqda roman inqilabi hərəkat və ondan sonra qurulan Sovetlər ölkəsində gedən inqilabi dəyişikliklərə aid misilsiz metafora (məcaz – A.Y.) idi. Bir tərəfdən gülünc ordu birlikləri, digər tərəfdən isə oxatanlar tərəfindən dəstəklənən Pyotr və Sofya arasında iqtidar uğrunda aparılan mübarizə ilə XX yüzildə Rusiyada gedən və köhnəliklə yeniliyin ölümcül çarpışması sayılan Vətəndaş müharibəsi arasında Tolstoyun əsərlərində birbaşa paralellər mövcuddur. İslahatçı çar kimi Pyotrun Rusiyada mövcud olan barbarlığa məhz elə barbar üsullarla da son qoyması ilə Stalinin sosializm cəmiyyəti qurması arasındakı assosiasiya da son dərəcə aşkar sezilməkdədir.

Lakin qəddar sosializmin başlıca mərhələlərinə sənayeləşmə və kollektivləşmə ilə yanaşı, həm də qolçomaqlarla mübarizə, aclıq, düşərgələr, müxalifətə və əksinqilabçılara qarşı ibrət məhkəmələri, terror, iqtidarın özbaşınalığı, habelə Dövlət aparatının hüdudsuz zalımlığı da daxildir.

Qarşıya qoyduğu məqsədlərə çatmaqda inadkar, düşmənlərinə qarşı amansız, öz sadiq nökərlərinə münasibətdə isə üzgörən, hətta səxavətli olan Stalinin böyük iradəyə sahib şəxsiyyəti müəyyən bədii şişirtmələr və məlum güzəştlər şərtiylə “taxt-tac xidmətçisi” sayılan Pyotrun nəhəng şəxsiyyyəti ilə müqayisə oluna bilərdi, çünki bütün hakimiyyəti öz əlində cəmləşdirən Pyotr da tiran (zülmkar) idi, özü kimi düşünməyənlərə amansız divan tuturdu və böyük imperiya quracaq qədər uzaqgörən biriydi. Ölkədə bütün hakimiyyəti əlində toplayan və artıq öz kultunu yaratmağa başlayan ulu rəhbərin sözsüz ki, bu cür bənzətmə xoşuna gəlməliydi.

Pyotr barədə romanın ideyasını açıqlayan A.Tolstoy həmişə vurğulayırmış ki, əslində “çağdaş tarixi” qələmə alıb. Müsahibələrinin birində yazar bənzərlikləri sezənlərin haqlı olduğunu da etiraf eləmişdi: “I Pyotr” romanı – müasir dönəmə... tarixən uzaq keçmişlərdən edilən yanaşmadır”. “Kamzolundakı (qolsuz və qısa kişi paltarı – A.Y.) bütün ləkələri görsəm belə, Pyotr yenə də mənə uzaq tarixin dumanları ardından boylanan bir tapmacanı xatırladırdı”.
Yazıçının roman üzərindəki işi ölkədə beşillik planın həyata keçirilməsiylə eyni vaxta təsadüf edir.

“Birinci Pyotr” romanı – hər şeydən əvvəl, müasirliyə söykənməklə, tarixə marksist nöqteyi-nəzərdən nüfuz etmə cəhdidir. İdeya baxımından bu əsər Stalinin “Sosializm gücləndikcə sinfi mübarizə daha da kəskinləşəcəkdir” fikriylə birbaşa səsləşir. Bununla belə, romandakı baş qəhrəman heç də Pyotru xatırladan Stalin deyildir. Əgər bu belə olsaydı, onda Tolstoyun əsəri tarixi yox, siyasi çalarlı pamflet sayılardı, həm də bütün oxucu kütləsi onu ucuz və bəsit yaltaqlıq kimi, ya da mövcud quruluşa qarşı aşkar parodiya kimi dəyərləndirərdi. Halbuki A.Tolstoyun bütün bənzətmələri oxucuda son dərəcə zərif və dərin təəssürat buraxır.

Əsərlə onun yarandığı dövr arasındakı bənzərlik tarixdəki iki dönüş mərhələsi – Pyotr və sosializm ilə, habelə böyük iradə sahibi iki dövlət başçısı – Böyük Pyotr və böyük Stalin arasındakı bənzərliklə bitir. Əsər həm də amansızlığına görə bənzəyən iki mübarizə - hakimiyyət uğrunda, yeniliyin köhnəlik üzərindəki qələbəsi uğrunda mübarizələr, mütərəqqi olanın mürtəce üzərindəki qələbəsi haqdadır. Hər iki halda ölkəni təkbaşına idarə edən hökmdarın inqilabi yenilikləri həyata keçirməsinə sadə xalq böyük təşəbbüskarlıqla qoşulur... Hər iki çarın gerçəkləşdirdiyi tarixi islahatların doğruluğuna isə heç kəs zərrəcə şəkk-şübhə eləmir, çünki güc sahibi – həmişə haqlıdır...

Pyotr dönəmində yaşanan tarixi hadisələrin A.Tolstoy tərəfndən modern tərzdə təqdimi barədə istənilən qədər fikir yürütmək mümkündür, ancaq fakt faktlığında qalır: həmin dövrlə bağlı bizim təsəvvürlərimiz ilk növbədə “Birinci Pyotr” romanı sayəsində formalaşır, bu zaman hansısa dəqiq tarixi araşdırmalar bir işə yaramır. Bədii söz sənətinin tarix elmi üzərindəki qələbəsini təmin etməkdən ötrü A.Tolstoy tarixi faktlardan sırf o hallarda yararlanıb ki, bunlar onun bədii təxəyyülünü qanadlandıra bilsin.

Pyotrun sonsuz çılğınlığı və təşəbbüskarlığı onun hərtərəfli inkişaf etmiş xarakterindən, içini dolduran həyat eşqinin daim aşıb-daşmasından, görmək istədiyi işin vacibliyinə və özünə olan hədsiz inamından qaynaqlanırdı. Stalində isə şübhəçilik, hiyləgərlik, xırda hesablaşmalara meyl, dahilik maniyası özünü büruzə verirdi və bunların hamısı dəhşətli səviyyədəki aşağılıq, natamamlıq kompleksinin nişanələridir.

Başqa millətdən olan, yetərli təhsil görməyən, ikinci dərəcəli partiya funksioneri olan bu şəxs Leninin yaxın çevrəsindəki “intellektuallar” tərəfindən hakimiyyətdə ikinci adam səviyyəsinə qədər yüksəldilmişdi. Ağayana davranışlara malik olan qraf Tolstoy insanın hansı “sortdan” olduğunu asanlıqla təyin edə bilirdi.

Doğrudur, Tolstoyun təsvir etdiyi Pyotrun hər sözündə, hər hərəkətində, hər jestində (bunlar bəzən hər nə qədər əhəmiyyətsiz və ya aşağılayıcı olsalar belə) onun çarlıq mövqeyi və əsli-nəcabəti nəzərə çarpır. Bütün bunlarla onun əhatəsindəkilər razılaşmaya da bilərlər, ancaq liderə münasibətdə hər kəs öz yerini, həddini bilməyə məcburdur, çünki qarşısındakı - tək kəlməylə Çardır.

Stalin isə yarıvəhşi Zaqafqaziyadan gəlibdir, bir çəkməçinin oğludur, iğtişaşlarda iştirakına görə seminariyadan qovulubmuş. Sonralar Leninin yaratdığı Xalq Komissarları Komitəsində milli məsələlər üzrə komissar təyin edilib və bütün xidmət karyerasında onun yüksək “cinsdən” olduğuna dair heç nə sezilmir, halbuki Lenində, xüsusilə də Plexanovda bu cəhət yüksək səviyyədə idi, hətta Trotski və Zinovyevdə də bu özəlliyin varlığı hər hansı şübhə doğurmurdu. Bütün hallarda (Pyotr dövrünün təsviri fonunda) inqilabçıların, bolşeviklərin bir-biriylə müqayisəsi tamamilə yerinə düşürdü. Məsələn, Leninlə Stalinin müqayisəsi... Pyotr isə tamamilə başqa məsələ idi.

Pyotrla Stalinin şəxsiyyəti arasında yerlə-göy qədər fərq olduğu üçün tam ciddiyyətlə durub: “Stalin – bu günün Pyotrudur!” iddiasını irəli sürmək tamamilə imkansız görünürdü. İlk baxışda Stalin bu cür tərifdən xoşhallansa da, Pyotrla müqayisədə hakimiyyət düşkünü, taxt-tac oğrusu və təsadüfi adam sayılırdı... Özünün dünyamiqyaslı tarixi şəxsiyyət olmasını uman bu şəxs əslində bir heç idi!

Ancaq A.Tolstoyun yaradıcılığında o vaxta qədər sənət aləmində görünməyən, prinsipial baxımdan yeniliklər də var idi. O, öz çağdaşı sayılan marksist nəzəriyyənin, Stalin ideologiyasının və inqilabi zorakılığın prizmasından tarixi keçmişə yanaşırdı.

Elə buna görə də onun yaratdığı Pyotr və İvan Qroznı obrazları oxucuların və ya tamaşaçıların təsəvvüründə “qırmızı çarlar” kimi, “inqilabçı çarlar” kimi, Lenin və Stalinin birbaşa sələfləri kimi canlanırdılar. Onlar arasındakı birbaşa və düzxətli bağlılıq göstərirdi ki, tarixən Rusiya dövlətinin var olma məntiqi qanlı çevrilişlərə, kütləvi qurbanlara və terrora, zalım hökmdarların özlərini amansız şəkildə xalqa sırımasına əsaslanıb.

Bundan isə belə nəticə çıxırdı ki, Rusiya barbarlığa son qoymaq üçün illah barbar üsullardan yararlanmağa məcburdur və bunun dışında ölkənin hər hansı sivil inkişaf yolu yoxdur.

1938-ci ildə A.Tolstoy “I Pyotr” kinofilminin ssenari müəllifi kimi Lenin ordeni ilə təltif olunur. O vaxt hamıya yaxşı bəlliydi ki, bu ssenari “öz zəmanəsinin fövqünə yüksələn bir şəxsiyyətə” həsr olunub. Yazıçının yaşadığı cəmiyyətdə həmin şəxsin kimliyi isə hamıya bəlli olduğundan, indi bu barədə uzun-uzadı danışmağa hər hansı gərək qalmır.

Azərbaycan dilinə çevirdi – Azad Yaşar
XS
SM
MD
LG