Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:40

ABŞ-dan Azərbaycan zabitinin öldürülməsi xəbərinə reaksiya - Atışma dayanmır [Fotolar]


arxiv foto
arxiv foto
-

ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Marie Harf yanvarın 24-də Azərbaycan və erməni silahlı qüvvələrinin təmas xəttində bir həftəyə yaxın davam edən atışmalara münasibət bildirib, o cümlədən Azərbaycan Müdafiə Nazirliyinin erməni tərəfinin Azərbaycan əsgərini öldürməsi ilə bağlı iddiasına.

“Əlbəttə ki, biz məlumatları görmüşük və hər yerdə, o cümlədən burada insan itkisinə təəssüflənirik. Bizim mövqeyimiz dəyişməz qalır, güc tətbiqi münaqişəni həll etməyəcək. Bizi bütün tərəfləri gücdən istifadə etməkdən, yaxud gücdən istifadə hədələrindən çəkinməyə çağırırıq. Biz münaqişə tərəfləri ilə birgə işləyərək sülhə nail olmaqda israrlıyıq. Bu bizim hədəfimiz olaraq qalır və hədəfimiz dəyişməyib. Bilirik ki, bunu etmək çətindir, amma hədəfimizdən yayınmayacağıq”.

ERMƏNİLƏR HAVA MƏKANINA NƏZARƏT ETDİKLƏRİNİ DEYİRLƏR

Qarabağdakı erməni silahlı qüvvələri özlərinin hava hücumundan müdafiə sistemlərinin sutkanın 24 saatı dayanmadan keşik çəkdiyini bildirir. Bu barədə həmin qurumdan AzadliqRadiosunun erməni xidmətinə bildiriblər.

Azərbaycanın döyüş təyyarələrinin təmas xəttində uçuşlar həyata keçirməsi barədə xəbərləri şərh edərkən bildiriblər ki, “yanvarın 24-də Azərbaycan təyyarələri yalınız öz hava məkanlarında hərəkət ediblər.”

AZƏRBAYCANDA DA ERMƏNİSTANDA DA QADINLAR YARALANIB

Ermənistandan Regnum.ru saytına verilən xəbərə görə yanvarın 23-də Azərbaycan silahlı qüvvələrinin Tovuz istiqamətindən atdıqları güllələrdən biri Ermənistanın Ayqepar kəndində 16 yaşlı qız uşağının ayağına dəyib. Xəbərə görə yaralı xəstəxanaya çatdırılıb, vəziyyəti normaldır.

Ermənistan son bir neçə gündə sərhəddə yerləşən kəndlərinin Tovuz istiqamətindən müntəzəm atəşə məruz qaldığını iddia edir.

Azərbaycanda yayılan məlumata görə isə Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunu atəşə tutması nəticəsində 38 yaşlı Əlibəyli kənd sakini Ruhiyyə Hüseynova yaralanıb. Bu barədə həmin kəndin icra nümayəndəsi Valeh Rzayev məlumat verib. O, yaralının müalicə edildiyini, vəziyyətinin normal olduğunu deyib.

İcra nümayəndəsi bildirir ki, Ermənistan ötən gecə saat 2-dən səhər saat 6-a qədər Əlibəylini atəş altında saxlayıb. Valeh Rzayev son 10 gündə demək olan müntəzəm atəş altında olduqlarını deyir.

Azərbaycanın Müdafiə Nazirliyi son günlər atəşkəsin pozulmasının intensivləşdiyini, ötən gecə də erməni kəşfiyyat-diversiya qrupunun təmas xəttini keçməyə çalışdığını bildirir. Rəsmi xəbərə görə erməni əsgərləri Azərbaycanıən Tərtər rayonu istiqamətində Qapanlı və Seysulan yaşayış məntəqələri arasında, qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Amma onların qarşısı alınıb.

Müdafiə Nazirliyi rəsmi xəbərində onu da vurğulayır ki, kəşfiyyat qrupu geri çəkilərkən onlara verilən əmrlər qeyri-erməni dilində də səsləndirilirmiş. Amma nazirlik bunun hansı dil olduğunu açıqlamır.

Azərbaycan hərbi hava qüvvələrinin döyüş təyyarələri də yanvarın 24-də təmas xətti boyunca uçuşlar həyata keçirib. Müdafiə Nazirliyindən bildiriblər ki, hərbi hava qüvvələri təmas xəttində vəziyyətə nəzarətə üçün bu addımı atıblar.

Təmas xəttində gərginlik əsasən yanvarın 19-dan 20-ə keçən gecədən gərginləşib. Ermənistan həmin gecə Qarabağda Azərbaycan əsgərlərinin sərhədi keçməyə çalışdıqlarını, atışmada bir erməni əsgərini - Armen Hovanisyan-ı öldürdüklərini bildirir. Amma Bakı bu məlumatın yalan olduğunu bildirir.

Yanvarın 23-də isə Azərbaycan Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında erməni tərəfinin snayperlə zabit Elnur Cəfərovu öldürdüklərini bildirib.

Erməni silahlı qüvvələri 1990-cı illərin əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında altı rayonunu işğal edib. Azərbaycanla Ermənistan 1994-cü ildə atəş razılaşması imzalasalar da hələlik sülh danışıqları yekun nəticə verməyib.
Tez-tez tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edir.
Tovuz atəş altında


“ATƏŞKƏS 300 DƏFƏ POZULUB”

Ermənistan Müdafiə Nazirliyi atəşkəsi Azərbaycan tərəfin pozduğunu bildirir. Nazirliyin mətbuat katibi Arsrun Ovannisyan AzadlıqRadiosunun erməni xidmətinə bildirib ki, ötən gecə qarşı tərəf sərhəd boyunca 300 dəfə atəşkəsi pozub. Bu, pozuntuların orta sayından 10-12 dəfə çoxdur.

Ermənistanda hökumətin iclası müdafiə nazirinin izahatıyla başlayıb. Nazir Seyran Ohanyan gərginliyi Azərbaycan tərəfin “çaşqın davranışıyla” izah edib.

Ermənistan tərəfin atəşkəs pozuntusuna adekvat cavab verdiyi söylənir. İnsan itkisi yoxdur.

“YƏQİN ÖZ QRAFİKLƏRİ VAR”

Movses kəndinin başçısı Ararat Avalyan deyir ki, bu, yanvarda artıq üçüncü hadisədir:

“Axşam saatlarında intensiv atışma başlayır. Ötən il də yanvarın axırında, fevralın əvvəlində olmuşdu. Fevralın 5-də ölənlər vardı. Bütün yayı isə heç bir insident baş vermədi. İndi yenə fəallaşıblar. Bakıda faciənin ildönümü – atışma, Sumqayıt hadisələri günü – atışma, Xocalı hadisələri günü – atışma... Yəqin qrafikləri var. Şifahi deyirlər ki, guya torpaqları geri alırlar”.

Ermənistan xarici işlər nazirinin müavini Shavarsh Kocharyanın fikrincə, bu hadisələr danışıqlar prosesinə şübhəsiz təsirsiz ötüşməyəcək.

“Əlbəttə ki, danışıqlar prosesinə müsbət təsiri ola bilməz. Həmsədrlərin əsas tələbi xalqları müharibəyə deyil, sülhə hazırlamaqdır”.

TOVUZ ATƏŞ ALTINDA

Tovuz rayonunun Koxanəbi kənd icra nümayəndəsi Nəsib Hüseynov AzadlıqRadiosuna deyir ki, 3-4 gündür kənddə atışma gedir. O, ötən gecə atışmanın yarım saat davam etdiyini söyləyir:

“Kəndə elə bir ziyan dəyməyib. Hərbçilərimiz lazımi cavabı verirlər. Hər şey qaydasındadır. Hərə öz evindədir”.

Nəsib Hüseynov Əlibəyli kəndindən atışma səslərinin davamlı gəldiyini söyləyir.

ATƏŞKƏS 93 DƏFƏ POZULUB

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində ümumilikdə 93 dəfə atəşkəs rejimi pozulub.

Erməni silahlı bölmələri yanvarın 23-24-də Ermənistan Respublikasının İcevan rayonunun Berkaber, Vazaşen, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində, Berd rayonunun Mosesqex, Ayqepar, Ayqedzor, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq, Koxanəbi, Əlibəyli kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqeləri atəşə tutublar.

Füzulinin Horadiz, Qorqan, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdamın Mərzili, Yusifcanlı, Şuraabad, Şıxlar, Cəvahirli, Tərtərin Çiləbürt, Qızıl Oba, Goranboyun Tapqaraqoyunlu, Xocavəndin Kuropatkino, Cəbrayılın Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
XS
SM
MD
LG