Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:06

Günel Mövlud. Xilas elədiyiniz ilan...


Günel Mövlud
Günel Mövlud
-

Nobelçi yazarlardan biri öz müsahibəsində demişdi ki, yazıçıya nifrət etmirlərsə, deməli, o artıq ölüb...


Günel Mövlud


MÜDRİK NİFRƏT

Bu yazı yenicə yazmağa başlayan gənclərə ithaf olunur


Bir kişi qış günü yolla gedir. Qarşısına qarın içində donmuş ilan çıxır. Kişinin ilana yazığı gəlir. Buz parçasına çevrilmiş ilanı götürüb, qoynuna qoyur. Kişinin sinəsindən gələn isti ilə qızınan ilanın donu açılır. İlan özünə gəlir. Və kişini sancıb öldürür.

Səhv eləmirəmsə, rus nağılıdı. Mənim yadımda elə qalıb. Bir-iki intellektual tapılıb, deyə bilər ki, qədim yunan əfsanələrindəndi. Bəri başdan razılaşıram. Mənim üçün fərqi yoxdur.

Çexov deyirdi ki, heç bir hiss – nə dostluq, nə sevgi, nə də ehtiram insanları ümumi nifrət qədər bir-birinə bağlamır. Nifrət elə bir şeydi ki, insana bir dəqiqə də olsun rahatlıq vermir, canına, qanına, damarlarına, tüklərinin dibinə qədər işləyir, varlığına hakim kəsilir.

Nifrət hisslər arasında məhz onu hiss edəni, bəsləyəni məhv etməkdə ən effektli hissdir. Nifrət, ürəyinin içində isitdiyin o zəhərli ilandır ki, bir gün elə özünü məhv edəcək.

Bununla belə, mən Azərbaycanda çoxluğun nifrətini olduqca müsbət və yaxşı qəbul edirəm. Bu nifrətə tuş gələndə sevinir, gəlməyəndə ruhdan düşürəm. Çünki, bu nifrətlə də, sevgi ilə də nə, kim, necə olmağın mümkünlüyünü uzun ilər müşahidə edə bilmişəm.

Başlayaq xalq sevgisindən.

Xalq sevgisi təhlükəlidir. Bu sevginin həsrətində olmaq səni asanlıqla xalq yazıçısına, xalq artistinə, tamadaya, rəqqasəyə, paytaxt sakininə, muğam ustasına çevirə bilər.
Şerif Deqradasiya
Şerif Deqradasiya

Xalq sevgisi sənin əlinə qaval, ağzına zurna, qoltuğuna saz verə bilər. Sən bu sevgini daha çox istəyib, daha yaxından hiss elədikcə arxayınlaşır, tənbəlləşirsən, ölkədə, ətrafında, qohum-qonşuda gördüyün bütün pisliklərlə, qanunsuzluqlarla, iyrəncliklərlə barışırsan, razılaşırsan.

Xalq sevgisini hiss elədikcə Alim Qasımov olub, prezidentin seçkiqabağı kampaniyasına qoşulursan, Anar olub, yazıçıları prezidentə səs verməyə çağırırsan, Ağasəlim Çıldağ olub, "Heydər Əliyof mənim bobamdı" deyirsən, Fikrət Qoca olub, «Yaşa prezidentim, yaşa!» şeirini yazırsan, Elçin Əfəndiyev olub, dövrünün gəncliyinə «lümpen» deyirsən.

Xalq sevgisi sənə meyxana dedizdirir, «bolvanka» yazdırır, ulduz yarışmalarında münsif kürsüsünə otuzdurur, sağlıqlar dedizdirir, moizə oxutdurur.

Bir sözlə, bəşəriyyətə, insanlığa lazım olmayan, qara qəpik xeyri dəyməyən nə varsa, bunun hamısını sənə xalq sevgisi, xalq rəğbəti elətdirə bilər…

Keçək nifrətə.

Rotterdamlı Erazm deyirdi ki, müdrikcəsinə nifrət etməkdə sevginin verə biləcəyi qədər xeyir var. Bu mənada Azərbaycanda çoxluğun nifrətini müdrik hesab etmək olar. Çünki bu tarix boyu bu nifrət bir dəfə də olsun, bəşəriyyətə, insanlığa zərər vurmayıb.

Bu nifrətin sayəsində Mirzə Cəlil, Axundov, Sabir kimi adamlar sadəcə yazdıqları ilə deyil, həm də çəkdikləri məşəqqətlərlə qalıblar insanlıq tarixinin yaddaşında.

Xalq nifrəti olduqca məhsuldardır. Bu nifrət səni məcbur edir ki, onun öhdəsindən gəlmək üçün daha çox oxuyasan, daha çox öyrənəsən, qərb humanistləri, maarifçiləri, filosofları ilə tanış olasan, klassiklərdən kömək istəyəsən, zövqünü formalaşdırasan, özünü formada saxlayasan, öz üzərində işləyəsən.

Bu nifrətə davam gətirmək, sinə gərmək üçün üçün sən illər uzunu zəhmət çəkib, axırda insanlıq tarixində fikir adamı, mütəfəkkir, yazıçı kimi qala bilərsən.

On il, on beş il əvvələ baxıram. Nə qədər adamla eyni zamanda başlamışdıq yazmağa. Amma illər keçdikcə o dəstədən barmaqla sayıla biləcək adamlar qaldı. Qalanları ələndilər.

İstedadlarına, mütaliələrinə, həvəslərinə baxmayaraq, çoxları davam gətirmədi. Yeni fikrə, fərqliliyə dözümsüzlüyü, nifrəti, təhqirləri həzm edə bilmədilər. Həvəsdən düşdülər. Kənara çəkildilər.

Biz çox az qaldıq. Bir dəfə Seymur Baycan halımızı soruşan gürcü şairi Şota İataşviliyə dedi ki, biz məşhurlaşdıq, amma sayımız azaldı. Şota çox pis oldu. O, Seymurun nə dediyini çox gözəl anladı.

İndi mətbuatda, ədəbiyyatda nə qədər yeni, gənc imzalar görürəm. Aralarında xeyli maraqlı, savadlı gənclər var. Ancaq bir-iki yazıdan sonra tükənirlər, gördükləri reaksiyalardan depressiyaya düşürlər. Onlara bəzi şeyləri demək bizim borcumuzdu. Bəlkə də bunları bizə vaxtında desəydilər, biz daha güclü olardıq.

Yazar şöhrəti oxucunun sevgisi üzərində deyil, nifrəti üzərində bərqərar olur. Sənə nifrət nə qədər çoxdusa, sən o qədər uğurlusan. İddialı qələm sahibi oxucu sevgisinin deyil, nifrətinin həsrətində olmalıdır. Sizə ünvanlanan söyüşlər, təhqirlər ancaq və ancaq xeyrinizə işləyir.

Bu gün sizə nə qədər çox nifrət edirlərsə, əlli il, yüz il sonra o qədər çox sevəcək, o qədər çox ehtiramla anacaqlar.

Nobelçi yazarlardan biri öz müsahibəsində demişdi ki, yazıçıya nifrət etmirlərsə, deməli, o artıq ölüb.

Yazıların üstündə əsmək, onların doğurduğu reaksiyalardan depressiyaya düşmək, sizə olan münasibətə həssaslıqla fikir vermək lazım deyil. Siz sadəcə işinizdə olun. Hər gün yazın. Hər gün oxuyun. Hər gün yeni nəsə öyrənin. Və yenə hər gün yazın.

Russo son əsərlərindən birində yazır:

«Dəfələrlə əlyazmalarımı oğurlayıblar. Bəzən qorxuya, təlaşa düşür, əlyazmalarımı bərk-bərk gizləyirdim. Amma ömrümün sonlarına yaxın başa düşdüm ki, nə qədər boş işlə məşğulam. Qoy əlyazmalarımı oğurlasınlar, qoy fikirlərimi başqalarının adına çıxsınlar, kitablarımı yandırsınlar. Onlar mənim şöhrətimi, kitablarımı, fikirlərimi əlimdən ala bilərlər. Amma onlar heç vaxt yazarkən yaşadığım o möhtəşəm hissləri mənim əlimdən ala bilməyəcəklər…»
XS
SM
MD
LG