Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:53

Niyə özlərini yandırırlar?


Özünü yandıran əlil: “Rüşvət istədilər, dedim verməyəcəm”
Gözlə

No media source currently available

0:00 0:04:23 0:00

Özünü yandıran əlil: “Rüşvət istədilər, dedim verməyəcəm”

-
Azərbaycanda son günlər tez-tez insanların özlərini yandırması ilə bağlı xəbərlər eşidilir. Özünü yandırmaqla intihara cəhd edənlər əsasən hüquqlarının pozulduğunu, haqlarının yeyildiyini deyirlər. Bunu bir neçə gün öncə özünü yandıran 2-ci qrup Qarabağ əlili Maarif Vəliyev də deyir:

«Hüququmu tələb elədim, ala bilmədim. Məni kiçik bir yerdə yerləşdirmədilər. Orda-burda kirayədə qaldım. Balamı sağalda bilmədim. Hara lazımdır, getmişəm. Rəsmi heç nə cavab vermədilər. Başqa heç bir əlacım qalmadı, üstümə benzin töküb yandırdım. Axırıncı yoldur bu...».

Yevlaxlı əlil Nizami Kərimov da deyirdi:

«Birinci dəfə sosial müavinəti düzəldəndə iki ildən artıq get-gələ saldılar. Nə isə düzəltdirdik. Onun vaxtı qurtardı. İkinci dəfə müraciət edəndə 4 ay süründürürdülər. Rüşvət istədilər, dedim verməyəcəyəm. Belə çıxır rüşvətə görə süründürürlər...».

Azad İsazadə
Azad İsazadə
NİYƏ İNTİHARA CƏHD EDƏNLƏR MƏHZ ÖZÜNÜ YANDIRMAQ YOLUNU SEÇİR?

Psixoloq Azad İsazadə deyir ki, özünü yandıranlar adətən problemlərə uzun müddət dözən adamlar olur. Daha dözülməz vəziyyətə çatanda, özlərini yandırmağa əl atırlar:

«Onu eşitmirlər deyə, intihar adi intihar olmur. Bu nümayiş xarakteri alır. Yəni, cəmiyyət görsün ki, mən nə cür əziyyət çəkirəm. Təki mənim problemimi görsünlər, eşitsinlər. Nümayiş etdirirəm ki, hamı görsün. Uzun müddət dözürlər deyə, mənəvi-psixoloji ağrı, dərd o qədər dərin olur ki, o ağrını söndürmək üçün dəhşətli fiziki ağrını hissə etməyə hazır olurlar. Təki daxili dərd ağrısını kəssin. Son yandıranlar da «məmurlar məni eşitmir deyə, problemimi yuxarıya çatdırmaq üçün bircə çıxış yolum olur» demək istəyirlər».

Əhməd Qəşəmoğlu
Əhməd Qəşəmoğlu
ZƏİF İNSANLAR BELƏ ŞEYLƏRİN TƏSİRİ ALTINA DÜŞÜRLƏR

Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, son baş verənlər insanların sosial-psixoloji problemləri ilə bağlıdır. Onun fikrincə, Qarabağ veteranı Zaur Həsənovun özünü yandırması bu proseslərə pis mənada təsir etdi:

«Bu məsələləri təcili olaraq elə həll etmək lazımdır ki, bu cür həssas insanlarla məmurların münasibəti səviyyəli şəkildə qurulsun. İkinci tərəfdən də hadisələri belə populyarlaşdırmaq yaxşı deyil. Çünki psixoloji cəhətdən müəyyən qədər zəif olan insanlar belə şeylərin təsiri altına düşürlər. Bütün respublikanın bilməyi, maddi cəhətdən ailəsinin xeyir görməyi - bütün bunlar hamısı bir yerdə olan məsələlərdir. Ona görə belə məsələlərdə nə qədər həssas olunsa, o qədər ölkənin xeyirinədir».

«BELƏ GETSƏ...»

Son baş verən hadisələrin kökündə məmur özbaşınalığı, korrupsiyanın dayandığı xüsusi vurğulanır.
Zəfər Quliyev
Zəfər Quliyev
​Siyasi ekspert Zəfər Quliyev deyir ki, son dövrlər ölkədə ictimai əhval ruhiyyədə inamsızlıq da hiss olunur. Sosial durumun çətinləşməsi bu hissi daha da artırır:

«Məmurlar insanlarla kobud davranırlar. Korrupsiya adi hala çevrilib. Təəssüf ki, bütün bunlara qarşı hökumət dairələrində nə mübarizə aparılır, nə də ciddi islahatlar keçirilir. Belə getsə, ağır sosial iqtisadi durum psixoloji böhrana gətirə bilər. Artıq o psixoloji böhranın bəzi elementləri hiss olunur».

Özünü yandırmaqla bağlı son hadisələrdə dövlət məmurları hələ ki, «məsələ araşdırılacaq» deməklə kifayətləniblər.

Hakim partiya üzvlərinin məsələyə reaksiyasını öyrənmək cəhdlərimiz isə alınmadı.

Keçən ilin dekabrında özünü yandıran Qarabağ əlili Zaur Həsənova Yeni Azərbaycan Partiyasından olan deputatlar Siyavuş Novruzovla Mübariz Qurbanlı da baş çəkmişdilər. Həmkarlar İttifaqı Konfederasiyası Zaur Həsənova 100 min manat kompensasiya verilməsi haqda qərar qəbul etmişdi. Onun övladlarına yetkinlik yaşına çatana qədər hər ay 1500 manat müavinət ayrılmışdı.
XS
SM
MD
LG