Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:55

Öləndə dostları onun bədənindəki pirsinqləri xatirə kimi götürmüşdülər...


Kathy Acker
Kathy Acker
-

Amerika yazıçısı Kathy Acker-in çılğın həyatı, ədəbiyyata gətirdiyi yeniliklər...


Aleksandr Skidan


KATHY ACKER HAQQINDA


Keti Aker 30 noyabr 1997-ci ildə dünyasını dəyişib.

Şənbə günü, günorta saat 1- də.

Xərçəngdən.

Xərçəng onun hər yerinə yayılmışdı, onda döş xərçəngi, dalaq xərçəngi, mədəaltı vəzin xərçəngi, sümük xərçəngi və s. tapılmışdı.

Keti Akerin adı sizə tanışdırmı? Bilmirəm. Onun “Göz portreti” (1992) kitabını Arkadi Draqamuşenkonun məsləhəti ilə oxudum. Kitabın əlvan rəngli üz qabığında qısa saç düzümü və birinin önü əllə qapadılmış göz şəkli vardı. Qızın qaşı üzərində isə kitabın adı yazılmışdı.

Bunun ardınca əlimə həmin müəllifin başqa kitabları keçdi, amma hələ də o ilk kitabın təsiri altındaydım. Orda Akerin 1973, 1974 və 1975-ci illərdə yazdığı, yaradıcılığının erkən dövrünə aid ilk əsərləri (və mənim fikrimcə, ən yaxşı əsərələri) toplanıb.

Bunlar: “Qara Tarantula tərəfindən yazılmış Qara Tarantulanın məsum həyatı”, “Mənə əyan oldu ki, mən nimfomanam” (əsərin ilk cümləsi: I absolutely love to fuck), “Anri Tuluz-Lotrekin yazdığı, Tuluz-Lotrekin yetkin həyatı” əsərləridir.

Bu dövrdə postmodernizm termini hələ mədəni və ekzistensial dünyagörüşü kimi təşəkkül tapmamışdı.

Akerin əsərləri heyrətamizdir, çünki onda hələ stilistik qaydalar möhkəmlənməmişdi (sonralar tənqidçilər pank, kiberpank, denarrativ, dekonstruksiya kimi üslubları bir-birindən ayıracaqdılar), açıq-saçıqlıq hələ ifadə üsulu deyildi, ilk dəfəydi ki, bir qadından insan ruhunu fəth edən qarışıq və azğın bir intonasiya ilə qışqırıq çıxırdı.

Onun nəsrinə səmimilik qatan bu keyfiyyət sonrakı əsərlərində tədricən yoxa çıxır. Bəlkə mən yanılıram, amma iş orasındadır ki, (təqribən belədir, az, ya çox belədir) sonralar xeyli yazıçı onu yamsılamağa başladı ki, bu da həmişə olduğu kimi, onun gətirdiyi yeniliyi gözdən saldı, insanların duyumunu kütləşdirdi. Onun mətnlərində gözlənilməzlik effekti (ahəngsizliyin ahəngdarlığı), bununla belə həm də təbiilik itdi, təkrarçılıq başladı, buna müvafiq olaraq əvvəlcədən gözlənilən, bilinən mətnlər doğuldu.

Aker bir anda böyük uğurlar qazandı. Onun kitabları haqqında saysız-hesabsız məqalələr yazıldı, bəziləri onu elə gurultulu hesab edirdi ki, hətta markiz de Sadın qələmindən çıxmış, radikal formanın və qadağan olmuş dilin birləşdiyi “Təmiz şüurun tənqidi” əsərinin rok-n-roll versiyası da adlandırırdılar. Bu, yaralayan və partladan (darmadağın edən) ədəbiyyat idi.

Həmin ərəfədə, altmışıncı illərdə Aker, Cerom Rottenberqin emalatxanasında poeziya ilə məşğul olur, sonra özünü nəsrin qucağına atır, yuxarıda adları çəkilmiş üç romanını yazıb, bir neçə min tirajla çap etdirir (belə görünür çap xərcini də özü ödəyir), Birləşmiş Ştatlardan baş götürüb İngiltərəyə gəlir (“Tuluz-Lotrek” romanı satışdan yığışdırılır), bir müddət Köhnə Dünyada yaşayır, 80-ci illərin əvvəllərində Yeni Dünyaya qayıdır. Burda gecə-gündüz yazır, bir-birinin ardınca “Böyük ümidlər”, “Orta məktəbdə qan və cəsarət”, “Don Kixot”, “Pyer Paolo Pazolini tərəfindən yazılmış ölümüm və həyatım”, “Hissiyyatsızlıq imperiyası”, “İdentiklik yaddaşı”, “Mənim anam: şeytanşünaslıq” romanlarını yazır.

Mən bu romanların adlarını çəkirəm, çünki bu adlar özü öz haqqında danışır. Bütün romanlarda əsas mövzu dəyişilməz qalır: cinsəllik, dil, təcavüz, hakimiyyət, yazı. Çılğınlıq. Bədən. Üstəlik bütün sadalananlara 1976-cı ildən bəri Delyoz (Gilles Deleuze – fransız filosofu) və Qvattari (Felix Guattari – fransız psixoanalitiki) kimi dahilərin əsərləri ilə tanış olmuş bir adamın gözü ilə baxmaq. Aker “Tuluz-Lotrek” də açıq siyası nitqləri, yetmişinci illərin ortalarında Birləşmiş Ştatların ortodoksal səviyyədə marksist analizini, hər hansı “motivasiyasız” seksual və zorlanma səhnələrini birləşdirib. Burda mətnlər açıq-açığına bir-birinə calanır, dil dilə, diskurs diskursa keçir. O, çəkinmədən klassiklərdən, Dikkensdən, De Saddan başlayaraq Uilyam Hibsona qədər bir çox müəlliflərin mətnlərini özününküləşdirir, onu dəfələrlə plagiatda günahlandırırlar.

“Bu, ədəbiyyatın xarakteridir” - deyə Akker etiraz edir. – “Mən plagiat eləmirəm, mənimsəyirəm. Daha doğrusu başqasının materialından istifadə edirəm, amma onu öz adıma çıxmıram və qoy başqaları da eyni şəkildə məndən istifadə etsin”.

Onun mənimsədiyi janrları Jan-Lük Nansi (Jean-Luc Nancy – fransız filosfu) ümumiləşmiş şəkildə “ədəbiyyat kommunizmi” adlandırmışdı bura avtobioqrafiya, pornoqrafiya, detektiv, elmi fantastika daxildir. Bu “aşağı” janrlar onun qayçısı altında (Berrouzun “cut-up” prinsipi ilə) etiraf-əzab mətnlərinə başlanğıc verir. O, çılğın təbiəti ilə daim özünə yeni məşğuliyyətlər axtarırdı.

Baykerlərlə oturub-durur, bodibildinqlə məşğul olur, bədənini başdan-başa tatuirovkalarla doldurur, hər tərəfinə pirsinqlər taxdırır. Feministdən çevrilib mazoxist olur. Birinci şəxs qismində pank Artonun, fahişə Lotrek və Van-Qoqun, Jorj Batayın arvadının, Batayın özünün, qatil-manyakın, seksual qurbanın, de Sadın adından yazır. Ədəbi işarələr, işarəvi ədəbiyyat darmadağın olur. Danışan kimdir? Yazan kimdir? Bilinmir. Məsəlçün, söhbət ananın intiharındanmı gedir (mövzu, mətndən mətnə keçdikcə dəyişir)? Ya da yaxın qohumlar arasında cinsi əlaqədənmi? Haqqında bəhs olunan bu adamın cinsi nədir, cinsi seçimi nədir? Cəmiyyətin işi-gücü cinsi seçimləri zorla, fərq etməz, cinayətlərlə, günahlarla, arzularla, yuxularla, xəstəliklərdə, masturbasiyayla, uşaqlıqla qəbul etdirmək olub. Bu amiranəlik ədəbiyyatın qanına və canına hopub. Akersə Başqa ədəbiyyatı canlandırdı, onun amiranəliyi müraciət formasındadır. O deyir: Siz mənim cinsi seçimimi bilmək istəyirsiniz? Buyurun. I absolutely love to fuck.

Bu ədəbiyyat terrorizmi (ya da tərsinə psixoanaliz, oxucu-analitiklə yerini dəyişmiş müəllif-pasiyent) dəbə düşür. Bu doğrudur.

Bir də doğru olan odur ki, Aker uzun müddət və dəhşətli ağrılar çəkərək öldü. Dostları onu Tixuandakı alternativ tibb klinikasına apardılar. Nəfəs ala bilmirdi, ağrıyla vuruşurdu. Son məqamlarında morfidən imtina etmişdi. Ancaq sakitləşmək üçün bir miqdar valium (sakitləşdirən, yuxu gətirən preparat) qəbul edirdi. Nəhayət həkimlər onun bədəninə qoşulmuş boruları bir-bir çıxardılar və aparatı söndürdülər. Həmin vaxt yanında olan dostları, xatirə kimi pirsinqlərini götürdülər.

Akerin son yazdığı əsər üçpərdəli opera “Rekviem” idi.

Çevirdi: Namiq Hüseynli
XS
SM
MD
LG