Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:36

Boris Akunin. Axıb gedən sake və qaçan pişik


Boris Akunin
Boris Akunin
-

Mənim fikrimcə, Lev Tolstoy öz zirvəsinə “Hacı Murad”la (1904) çatıb, ondan sonra hər şey bitib, böyük səhnədən uzaqlaşıb...


Boris Akunin


AXIB GEDƏN SAKE VƏ QAÇAN PİŞİK


Dahilik haqda acizanə elmi cızma-qaralarıma davam edirəm. Diqqətinizə daha bir müəmmanı da çatdırmaq istəyirəm.

Elə istedadlı adamlar var ki, yaş ötdükcə sönüb gedir, bəziləri isə yaşlandıqca kamilləşir. Bunun sirri nədir?

Ən sevdiyim filmlərin rejissorunun, ya da mənim üçün çox şeyi ifadə edən bir yazıçının yaşlandıqca özünə hər cür cəfəngiyyatı rəva bilib düşdükcə-düşməsini görəndə keçirdiyim hissləri çatdıra bilmirəm.

Bunun üzərində çox baş sındırdım və belə bir qərara vardım. Mənə elə gəlir burda da məsələ dahilikdəki kimidir, gərək istedadın iki növünü ayıra biləsən.

Adətən yaradıcılıqda yüksəlişə nail olan insanların, fiziki bir mükəmməllik sahibi olduqları da görünür. Bu cür istedadı “hormonal” adlandırmaq olar. Bu, göz qamaşdıran və gözəl bir çiçək kimidir.
Lev Tolstoy
Lev Tolstoy

Deməli, yaradıcı insanın ağlında, yaxud zövqündə bir çatışmazlıq olanda, hissiyyat, energetika, “kimya”, cazibədarlıq araya girir və əskikliyi tamamlayır.

Lakin yaş ötdükcə, əlbəttə, hormonların aşıb-daşdığı günlər də yavaş-yavaş geridə qalır, duyğular korlaşır və ancaq texniki vərdişlər qalır, əlbəttə, onları da gözardı etmək olmaz, amma yalnız bir-iki vərdişlə hara gedib çıxasan ki.

Birdən-birə məlum olur ki, dünənki kumirin, əxlaqi cəhətdən elə də cəlbedici deyilmiş, bir yığın zir-zibili tirajlayaraq hələ də gündəmdə qalmağa çalışır, yaxud da darıxdıcı eksperimentləri ilə hələ də nə isə sübut etməyə çalışır.

“Hormonal” dahi gözqamaşdırıcı gözələ çox bənzəyir, onun bütün cazibəsi seks-sehrindədir. Bu qəbildən olan qadınlar da, gözümüzün önündə depressiv lövhələr canlandırırlar, nə vaxtsa bir işə yaramış vasitələrini işə salanda pis vəziyyətə düşürlər.

İstedadlı sənətkarın öz gücünü saxlaya bilməsi üçün onun təkcə testosterona deyil, ağıl və ürəyə də arxalanması lazımdır.

Belə rejissor İnqmar Berqman kimi ən yaxşı filmini yetmişindən sonra və hətta Akira Kurosava kimi səksənlərində yaratmağa başlayacaq.

Həmçinin yorulduğunu hiss edən kimi, vaxtında dayanacaq, çünki bunu etməyə ağlı və mədəniyyəti çatacaq.
Misima
Misima

Mənim fikrimcə, Lev Tolstoy öz zirvəsinə “Hacı Murad”la (1904) çatıb, ondan sonra hər şey bitib, böyük səhnədən uzaqlaşıb.

“Hormonal” dahilər və istedadlar arasında elələrinə də rastlayırıq ki, təbii vergilərinə qarşı çox tələbkar olurlar, bir balaca tükəndiklərini hiss edən kimi sənətdən uzaqlaşırlar.

Misalçün, Artur Rembo. O, poeziyada inqilab etmiş bütün şeirlərini iyirmi yaşına qədər yazır, sonra isə özünə başqa məşğuliyyətlər tapır və ölənə kimi bircə sətir da yazmır. Dahiliyin o qədər amansız növləri var ki, bir də görürsən səs-küylə gəlir, günəş kimi hər yanı tutur, sonra isə izsiz-tozsuz silinib gedir.

Yaxud da başqa nümunə: Yukio Misima. Mən ömrümün xeyli ilini bu yazıçıya həsr etmişəm və onun ədəbi istedadını çox yüksək qiymətləndirirəm. Ancaq o, ağıllı deyildi, onun zövqü tez-tez vulqarlığa yuvarlanırdı, əxlaqi keyfiyyətlərindən isə heç danışmaq belə istəmirəm.

Lakin Misima yazıçılığa ən yüksək ciddiyyətlə eynilə bir yol kimi yanaşırdı. Əminəm ki, o, bardağın dağılmasını, içindəki sakenin axıb getməsini hiss etdiyi üçün 45 yaşındaca öz həyatına qıydı.

Onun bütün dövrlərin və xalqların əsas ədəbi şedevri hesab etdiyi ölümü məndə bu təəssüratı yaratdı: sanki qarşımızda çox gözəl, zərif, bəzəkli bir bardaq var, amma içi bomboşdur. Yazıçı əlyazması üzərində işi bitirdi və elə həmin gün səs-küylü intihar təşkil edib, dünyadan köçdü. Bu özü də bir növ bədii əsər idi.

Əgər sakenin axıb getdiyini hiss etdinsə, xarakiri etmək lazım deyil. Dünyada yaradıcılıqdan başqa o qədər maraqlı və layiqli məşğuliyyətlər var ki. Bircə qaranlıq otaqda olmayan qara pişiyi tutmağa çalışmayasan, hər halda bununla özündən başqa heç kimi aldatmayacaqsan.

Çevirdi: Namiq Hüseynli
XS
SM
MD
LG