Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:32

Ünlü tarixçiyə Vətən torpağında məzar yerini niyə çox gördülər?


Boran Əziz
Boran Əziz
-
«Onun ölümü ancaq tarix elmi üçün deyil, həm də Azərbaycan ziyalılığı, təhsili üçün böyük itkidir».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına 2014-cü il yanvarın 16-da dünyadan köçmüş ünlü tarixçi, Türk Tarix Qurumunun üzvü, Əməkdar elm xadimi professor Süleyman Əlyarlının xatirəsinə həsr olunmuş verilişdə tarixçi-alim Boran Əziz söylədi.

ONU NİYƏ QƏBUL ETMİRDİLƏR?!

Onun dediyinə görə, bu, yaxın 50-70 ildə yeri doldurulmayacaq itkidir:

«Süleyman müəllim obyektiv tarixçi olduğu qədər də, gözəl müəllim idi... Azərbaycan tarixinin problemlərini mühazirələrində o qədər aydın, dəqiq, qaynaqlar əsasında izah edirdi ki, o cür izahı mən bu yaşımda heç bir elmi kitabdan ala bilməmişəm... O, sadəcə, faktı sadalamır, tarixi dünyada gedən proseslər fonunda dəyərləndirirdi. Süleyman müəllim Azərbaycan tarixini həm də bütöv islam-türk dünyasının bir hissəsi kimi təqdim edirdi. Bu, sovet dövründə Azərbaycan tarixinə yeni bir baxış idi. O üzdən onu çox vaxt qəbul etmirdilər».

«KÖNÜLLÜ BİRLƏŞMƏ DEYİL!»

Boran Əzizin bildirdiyinə görə, Süleyman müəllim sovetlər dönəmində Azərbaycan tarixinin siyasiləşdirilmiş mövzularına qarşı çıxırdı:

«Bu mövzulardan biri XIX əsrdə Azərbaycanın çar Rusiyası tərəfindən işğalı idi. Hakim sovet konsepsiyası bu işğalı «könüllü birləşmə» kimi təqdim edirdi. Guya Azərbaycan müstəmləkə boyunduruğunu könüllü boynuna keçirib... Hətta buna görə birləşmənin 150 illik yubileyində sovet Azərbaycanına «Lenin» ordeni də vermişdilər. Bax, həmin dövrdə – 1964-cü ildə Süleyman müəllim özündə alim və vətəndaş cəsarəti tapıb buna etiraz eləmişdi. Tarixi faktları, çar Rusiyasının Azərbaycanda törətdiyi vəhşilikləri və qətliamları üzə çıxaran arxiv materialları əsasında sübut elədi ki, bu könüllü birləşmə olmayıb! Çar Rusiyası Azərbaycanın kəndlərini, şəhərlərini, ona müqavimət göstərənləri, hətta qocaları və qadınları rəhm etmədən qətlə yetirib... Bu açıqlamalara görə, o dövrdə Süleyman müəllimin doktorluq işini ləğv elədilər. Amma Süleyman müəllim ada, vəzifəyə uymadı, elmi vicdanının, vətəndaş vicdanının əleyhinə getmədi, təzyiq və təqiblərə baxmayaraq, sözünün üstündə durdu».

«KÖNÜLLÜ BİRLƏŞMƏ» YOX, «KÖNÜLLÜ BİRLƏŞDİRİLMƏ»...

Boran müəllimin dediyinə görə, bu etiraz izsiz ötüşmədi:

«Süleyman müəllim tək deyildi. O dövrdə Süleyman müəllimi müdafiə edən kişilər də vardı – rəhmətlik Ziya Bünyadov, Mahmud İsmayılov kimi tarixçilər, Bəxtiyar Vahabzadə, Nurəddin Rza, Xudu Məmmədov kimi şəxsiyyətlər vardı. Allah hamısına rəhmət eləsin! Hakim konsepsiyanın əleyhinə getmək izsiz qalmır. Bunun Süleyman müəllimin sağlığına, dolanışığına çox ciddi təsiri oldu. Amma onlar məcbur qaldılar ki, «könüllü birləşmə» ifadəsini dəyişdirib «könüllü birləşdirilmə» kimi ifadə etsinlər. Təbii ki, «işğal» sözünə yenə icazə vermirdilər...».

MİLLİ-AZADLIQ HƏRƏKATI DƏRS PROQRAMINDA...

Müsahibimizin fikrincə, əngəllərlə üzləşsə də, Süleyman müəllim apardığı tədqiqatların nəticəsini auditoriya və dərsliklərdə tələbələrinə çatdırırdı:
Süleyman Əlyarlı
Süleyman Əlyarlı

«Məsələn, milli-azadlıq mövzusu...Sovet dövründə tam qadağa qoyulmuş mövzulardandı. Əvvəla, ona görə ki, azadlıq uğrunda onun qədrini bilən, kölə kimi yaşamaq istəməyən məğrur, qürurlu xalq mübarizə aparar... Sovet dövründə bu inkar olunurdu. Elə nəsillər yetişdirilirdi ki, sanki belə keyfiyyətlər bu xalqa aid deyil. ​Digər tərəfdən, əgər sən azadlığın uğrunda mübarizə aparmamısansa, demək, sənin torpağın işğal olunmayıb... Bu, çox məkrli bir siyasət idi, amma Süleyman müəllim elmi əsaslarla buna qarşı çıxan və belə siyasətin doğru olmadığını sübut edən azsaylı kişilərdəndi... O, ilk dəfə milli-azadlıq hərəkatı haqqında məqalə yazdı. 1987-ci ildə ilk dəfə Azərbaycan tarixinin proqramına «Milli-azadlıq hərəkatı» mövzusunu daxil etdi. Bu hərəkatı doğuran amilləri, hərəkatın ideoloji prinsipləri və nəzəri əsaslarını, onu işləyib hazırlayan şəxsiyyətlərin xidmətlərini, «İttifaqi-müslümün» və «Difai» partiyalarını, M.Ə.Rəsulzadənin Müsavat Partiyasını və s. dərsliyə saldı. Mən fəxr edirəm ki, tale mənə bu cür şəxslə çiyin-çiyinə işləmək və onun mübarizəsini canlı izləmək səadəti nəsib elədi. Bütün bunlar təkcə tələbələrin yox, onunla işləyənlərin də formalaşmasına, dünyagörüşünə təsir edirdi».

«GƏNCƏNİN ADI QAYTARILSIN!»

Boran Əziz 1950-60-cı illərdə Azərbaycanda yer adlarının dəyişdirilməsi ilə bağlı da maraqlı faktlar söylədi:

«O illərdə Azərbaycan xalqının yaranışı və tarixində əhəmiyyəti böyük olan toponimlərin dəyişdirilməsinə başlanmışdı. Bunlara çox cılız – sovet ideologiyasına görə çox böyük adlar verilirdi –Mayak, Pobeda, İskra kimi. 1966-cı il yanvarın 8-də Süleyman müəllim «Ədəbiyyat» qəzetində yer adlarının bu cür dəyişdirilməsinin doğru olmadığı barədə bir məqalə yazmışdı. Bu azmış kimi, Gəncənin adının qaytarılması məsələsini qaldırmışdı... O yazırdı ki, Kirovun adına Azərbaycanda, Bakıda çoxlu yerlər var. Gəncə də Azərbaycan tarixi üçün əhəmiyyətli bir yerdir. Xalqın şüurunda Gəncə azadlıq simvolu kimi qalıb. Bu məqalə ruslaşdırmaya ciddi etiraz kimi Türkiyədə də əks-səda doğurmuşdu. Xarici radiolar da bu məqaləni səsləndirmişdi. İş böyümüş, Moskva hər şeydən xəbər tutmuşdu. Mərkəzi Komitədə müzakirəyə çıxarıb qəzetin baş redaktor əvəzi Əlfi Qasımovu töhmətlə işdən azad etmişdilər. Süleyman müəllim ciddi basqı altında idi. Ona millətçi damğası vurmuşdular. Amma Süleyman müəllim millətçi yox, millətsevərdi...».

SONDA MƏSƏLƏ PLENUMA ÇIXARILDI

Verilişin qonağı bu fəaliyyətin sonda Süleyman müəllimə vurduğu ziyanlardan da danışdı:

«1971-ci ilin oktyabrında Azərbaycan KP MK-nın plenumu olmuşdu. Plenumda Azərbaycanda bir qrup ziyalının millətçiliklə məşğul olduğu, xüsusən «Rusiya ilə əbədi və sarsılmaz dostluğa xələl gətirən zərərli təbliğatlar apardığı» qeyd olunmuşdu. Siyahıda Azərbaycan Dövlət Universitetinin müəllimi Süleyman Əlyarov da vardı... Onlar proletar beynəlmiləlçiliyinə böyük zərbə vururlarmış və s. Bu, əslində, o dövrdə ölüm hökmünə bərabər idi. Mərkəzi Komitənin bu qərarından sonra çoxları Süleyman müəllimə salam verməyə də cəsarət etmirdi. Üz-üzə gələndə də, yan-yörələrinə baxırdılar ki, görən olmadı ki? Amma Süleyman müəllim sınmamışdı...».

Boran Əziz
Boran Əziz
BİR İBRƏTAMİZ MİSAL... O, BELƏ KİŞİYİDİ!

Boran müəllim bu təzyiqlərlə bağlı ürəksızladan bir əhvalat da danışdı:

«Bir dəfə Süleyman müəllim mənə dedi ki, maşınım xarabdır, gedək Xırdalanda «Jiquli» mərkəzi var – ora. Gedəndə gördüm burda hamı Süleyman müəllimi tanıyır. Üstəlik, Süleyman müəllim maşının hissələri ilə bağlı mexaniklərlə həmkar kimi danışır. Geri qayıdanda dedim, Süleyman müəllim, siz maşının hissələrini necə öyrənmisiniz? Cavabı qulağımdan getməyib: «1971-ci il plenumunda adım çəkiləndən sonra, düşündüm, məni işdən çıxaracaqlar, övladlarım ac qala bilər. Qaraj müdiri olan dostumdan xahiş etdim ki, işdən sonra maşının həm işlək hissələrini, həm də mühərrikini mənə öyrətsin. Yarım il hər gün dərsdən sonra onun yanına gəlib bunları öyrəndim ki, övladlarım heç kəsə möhtac qalmasın.... O, belə kişi idi...».

SON MƏNZİL – ONA BİR PARÇA VƏTƏN TORPAĞINI ZORLA VERDİLƏR...

Boran Əziz aparıcının: «Belə görkəmli tarixçinin dəfni niyə susqun keçdi» sualına belə cavab verdi:

«Təəssüfləndirici və ağrıdıcı bir məqama toxundunuz. Sovet işğal rejimi dövründə heç nədən çəkinməyən, Azərbaycan xalqının milli özünüdərkinin inkişafı üçün əlindən gələni əsirgəməyən, ictimai fikrin oyanışında xidmətləri olan bir adamı yoxmuş kimi qəbul etmək yanlışlıqdır! Belə sayqısızlıq heç kəsə başucalığı gətirməz! Süleyman Əlyarlıya sevdiyi Vətən torpağında 2-3 kv.m-lik məzar yerini də rəva görmədilər. Çox ağrıdıq, çox üzüldük! Amma Süleyman müəllim şan-şöhrət axtaran adam deyildi. Axı, ölən insanın bir basdırılmaq hüququ da var! Hər bir vətəndaş bizim üçün qiymətlidir. Xüsusən, belə xidmətləri olan şəxs! Çox ayıb oldu. Nəhayət, Süleyman müəllim Yasamal qəbiristanlığında – ailə üzvləri tərəfindən çox çətinliklə tapılan yerdə dəfn edildi. Amma könül istərdi ki, belə olmasın... Bu, həm də gələcək nəslə – dövləti və dövlətçiliyi uğrunda mübarizə aparanlara bir örnəkdir...».
XS
SM
MD
LG