Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:38

İsmayıllı məhbusları qəfəsdən çıxmaqdan imtina edir


İsmayıllı hadisələri ilə bağlı məhkəmə prosesi
İsmayıllı hadisələri ilə bağlı məhkəmə prosesi
-
İsmayıllı hadisələrinə görə təqsirləndirilənlərin məhkəməsində narazılıq yaranıb.

Bu barədə AzadlıqRadiosunun müxbiri xəbər verir.

Vəkillər İsmayıllı rayonunun polis rəisi Nizami Qocayev, Mingəçevir polis rəisi Ələsgər Bədəlov, Bakı şəhər Xəzər rayon Polis İdarəsinin rəisi Azər Muradov və «Azadlıq» qəzetinin o vaxtkı müxbiri Elçin İsmayıllının məhkəməyə şahid qismində gətirilməsi vəsatətini qaldırıb.

Dövlət ittihamçısı bu vəsatəti əsassız sayıb.

Hakimin bu vəsatəti təmin etməməsi məhbusların etirazına səbəb olub. Məhbuslar saxlandıqları qəfəsdən çıxmaqdan imtina edirlər:

«Məhbuslar bildirib ki, hər birinin həyatı həmin şahidlərin deyəcəklərindən asılıdır. Bunu özlərinə qarşı edilən haqsızlıq adlandırıblar. Göstərilən şahidlərin gətirilməsini tələb edirlər. Vəsatət təmin edilməyincə qəfəsdən çıxmayacaqlarını bəyan ediblər. İndi onlarla danışıqlar aparılır».

***
Fevralın 11-də İsmayıllı hadisələrində təqsirləndirilənlərin işi üzrə məhkəmə prosesi davam edib.

Şəki Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilənlərlə bağlı məhkəmə qərarları elan olunub. Ötən il yanvarın 23-də baş verənlərlə bağlı təqsirləndirilənlərin telefon danışıqları, onların izlənilməsi ilə bağlı məhkəmə qərarı elan olunub.

Daha sonra prosesdə DİN və MTN-in apardığı müşahidələr yer alıb, onlarla bağlı dinlənmələr keçirilib. Məhkəmə prosesinə ABŞ səfirliyinin nümayəndələri və AXCP sədri də qatılıb.

Ötən il yanvarın 23-də İsmayıllıda «Çıraq» otelinin inzibatçısı və daha bir nəfərin yerli sakinləri təhqir etməsindən sonra bir qrup sakin oteli və onun həyətində olan maşınları yandırıb. Bundan sonra yerli camaatla təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib.

Olaydan sonra 18 nəfər həbs olunub. Onların arasında REAL Hərəkatının lideri İlqar Məmmədov və Müsavat başqanının müşaviri Tofiq Yaqublu da var.

Həbs olunanlar ictimai asayişi pozmaq, vətəndaşları kütləvi iğtişaşlara çağırmaq və hakimiyyət nümayəndələrinə zor işlətməkdə ittiham olunurlar.

Müdafiə tərəfi ittihamları qəbul etmir.
XS
SM
MD
LG