Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:45

Dostoyevski: “Mən bunu Tolstoydan gözləmirdim” (İLK DƏFƏ)


Tolsoy və Dostoyevski
Tolsoy və Dostoyevski
-

Bizim indiki rus intelligentlərinin çoxu təzə şey öyrənib: "Nə xalq? Xalq elə mən özüməm"...


“Oxu zalı”nda böyük rus yazıçısı Fyodor Dostoyevskinin “Yazıçının gündəliyi” əsərindən parçaların çapına başlayırıq. Günel Mövludun çevirdiyi bölümlər Dostoyevskinin, rus nəsrinin digər nəhəngi Lev Tolstoy haqda fikirlərini əhatə edir.


F.M.Dostoyevski


YAZIÇININ GÜNDƏLİYİ


(Aylıq nəşr)

1877, YANVAR, İKİNCİ FƏSİL


V. Ad gününə hazırlaşan uşaq

Qraf Tolstoyun «Uşaqlıq və yeniyetməlik» əsəri yadınızdadırmı?

Orda bir oğlan uşağı var – poemanın qəhrəmanı. Amma o, başqaları, qardaşı Volodya kimi adi oğlan uşağı deyil. Onun hələ cəmi on iki yaşı var, amma beyninə və ürəyinə girən fikirlər, hisslər öz yaşıdlarını narahat edən şeylərdən çox fərqlidir.

O, çılğınlıqla öz arzularına, hisslərinə qapılır və artıq başa düşür ki, bu şeyləri özündə saxlasa, başqaları ilə paylaşmasa, yaxşıdı.

Onun həya, əxlaq hissi və yüksək qüruru ona bu hisslərdən xəbər tutmağa mane olur.

O öz qardaşına həsəd aparır və onu özündən olduqca yüksək tutur, xüsusilə onun yaraşığına və bacarığına həsəd aparır, bununla yanaşı o həm də hiss edir ki, əslində qardaşı bütün məsələlərdə ondan çox aşağıdır amma bu hissi alçaqlıq hesab edərək, özündən uzaqlaşdırır.

O tez-tez güzgüyə baxır və qərara gəlir ki, olduqca çirkindir. Düşünür ki, heç kim onu sevmir, əksinə hamının ondan zəhləsi gedir...

Bir sözlə, bu oğlan uşağı olduqca qeyri-adi uşaqdı, eyni zamanda sonradan Puşkinin vəsiyyəti ilə tarixçisi və yazarı olacağı orta-ali dvoryan zümrəsinə aid ailəyə mənsub adam - qraf Lev Tolstoydur.

Budur, onların Moskvadakı böyük ailə ocaqlarına qonaqlar axışır; böyük bacının ad günüdür, böyüklər uşaqları ilə gəlir - oğlanlar, qızlar. Rəqslər, oyunlar başlayır.

Qəhrəmanımız süstdür, hamıdan pis rəqs eləyir, ağlı ilə seçilmək istəsə də, bu da ona müəssər olmur, özü də tərs kimi, qonaqlıqda xeyli qız var – yenə əbədi şübhələri ona əzab verir ki, o hamıdan pisdi. O bir çılğınlıq eləyib, hamının diqqətini çəkməyə qərar verir.

Bütün qızların, özündən böyük, təmkinli, onu heçlik hesab edən oğlanların yanında o birdən özünü unudaraq, özünü dərin uçuruma atan adamın hiss eləyə biləcəyi bir vəziyyətdə xidmətçiyə dilini göstərib, var gücü ilə ilə onu vurur! "Budur, hamı onun nəyə qadir olduğunu gördü!" Onu rüsvayçı bir şəkildə sürüyüb apararaq, zirzəmiyə salırlar.

Əbədi məhv olduğunu hiss eləyən oğlan arzulara qapılır: budur, o evdən qaçır, orduda xidmətə başlayır, çoxlu türk öldürür və yaralanıb, yıxılır. Qələbə! Hamı «hanı bizim xilaskarımız?!» deyə qışqırıb, onu öpür və qucaqlayır.

Budur, o artıq Moskvadadır, sarıqlı əlini boynundan asıb, Tver bulvarı boyunca addımlayır, onu hökmdar şəxsən qarşılayır... Birdən ağlına gəlir ki, indi qapı açılacaq, əli qırmanclı xidmətçi içəri girəcək, bunu düşünəndə bütün arzuları qəfildən dumanlanıb, uçur.

Başqa düşüncələr ona hakim kəsilir. O qəfildən özünün guya niyə sevilməməsinin səbəbini kəşf edir: bəlkə də o bu ailənin ögey övladıdı, bunu ondan gizlədirlər...

O öz arzularında bir az da uzaca gedir, budur zirzəmiyə girənlər onun meyitini tapırlar: "Yazıq uşaq!" – hamının ona yazığı gəlir.

Atası "O, xeyirxah oğlan idi! Onu siz məhv elədiniz" - deyə xidmətçini danlayır... göz yaşları xəyalpərvərə hakim kəsilir...

Bütün həngamə onun xəstələnməyi, qızdırmaları, sayıqlamaları ilə nəticələnir. Uşaq qəlbi barədə qeyri-adi şəkildə yazılmış, olduqca ciddi psixoloji etüddür.

Bu hissəni qəsdən belə xırdalıqları ilə yada saldım. Bu günlərdə mən K-dən bir məktub almışam, bu məktubda on iki yaşlı oğlanın ölümü təsvir olunub, ola bilər ki, bu iki məsələdə nəsə oxşarlıq var.

Bir sözlə, məktubda heç nəyi dəyişmədən, bircə söz də əlavə eləmədən, bəzi yerləri yazmaq istəyirəm. Süjet olduqca maraqlıdır.

Noyabrın səkkizində, nahar saatlarından sonra şəhərə intihar xəbəri yayıldı, 12-13 yaşlı bir yeniyetmə oğlan, progimnaziya tələbəsi özünü asmışdı. İşin təfərrüatı belə idi.

Həmin gün tələbənin öyrənə bilmədiyi bir fəndən dərs deyən sinif müəllimi oğlanı gimnaziyada axşam saat beşə qədər tək buraxmaqla cəzalandırır.

Oğlan xeyli o baş-bu başa gəzinəndən sonra gözünə dəyən bir kəndiri götürüb, adətən qızılı, ya da qırmızı lövhə asılan, həmin gün isə lövhənin nədənsə çıxarıldığı mismara bağlayaraq, özünü asır.

Qonşu otaqların döşəmələrini yuyan qarovulçu bədbəxt uşağı belə görəndə inspektorun yanına qaçır, inspektor tez hadisə yerinə gəlir, intihar edən uşağı kəndirdən açırlar, amma onu həyata qaytarmaq mümkün olmur... Nədir bu intiharın səbəbi?

Oğlan heç vaxt özünü əsəbi, vəhşi kimi aparmayıb, belə götürəndə yaxşı da oxuyurmuş, amma nədənsə son vaxtlar, onu cəzalandıran sinif müəlliminin fənnindən axsayırmış.. .
Dostoyevski
Dostoyevski

Deyilənə görə, uşağın atası da yaman sərt adammış, oğlanın özünün isə bu günlərdə ad günü olasıymış. Bəlkə də o, uşaq həvəsi ilə düşünürmüş ki, o evə dönəndə onu anası, atası, qardaş-bacıları necə heyranlıqla qarşılayacaqlar... Və qəfildən boş gimnaziyada tək-tənha, ac qalanda o, atasının dəhşətli dərəcədə qəzəblənəcəyini, utanacağını, rüsvayçılığını, ala biləcəyi cəzanı düşünməyə başlayıb.

O bilirmiş ki, özünü öldürmək kimi bir vasitə də var (bizim zəmanədə hansı uşaq bunu bilmir ki?). İntihar edən uşağa, onu görən inspektora, bəlkə də uşaqların sevimlisi olan gözəl pedaqoqa, öz divarları arasında belə şeylərə şahid olan məktəbə adamın çox yazığı gəlir.

İntihar edənin sinif yoldaşları, aralarında hazırlıq siniflərində oxuyan körpələrin də olduğu başqa məktəblilər baş verənləri öyrənəndə nələr yaşayıblar? Belə elm həddən artıq baha başa gəlmirmi?

İkilərə, birlərə, sonradan şagirdlərin özlərini mismarlarından asdıqları qırmızı və qızılı lövhələrə həddən artıq çox önəm verilmirmi? Bizim təlim-tərbiyə işlərindəki formalizm, quruluq, ürəksizlik həddən artıq çox deyilmi?

Əlbəttə, ad gününə hazırlaşan balaca oğlana adamın dəhşətli dərəcədə yazığı gəlir, amma mən onun intiharının ehtimal olunan səbəbləri, yəni «iki»lər, ballar, ifrat sərt təlim-tərbiyə barədə danışmaq fikrində deyiləm.

Bunların hamısı əvvəllər intiharlarsız da həll olunurdu, görünür ki, intiharın səbəbi heç də bunlar deyilmiş.

Qraf Tolstoyun «Yenyetməliy»indəki epizodu isə oxşarlığına görə misal gətirdim, amma ortada böyük bir fərq var. Şübhəsiz ki, ad gününə hazırlaşan Mişa özünü təkcə qəzəbindən, qorxudan öldürməmişdi.

Hər iki hiss – qəzəb də, qorxu da – həddən artıq sadə hisslərdi və çox güman ki, bunlar öz-özlüyündə həll olunacaqdı.

Düzdü, cəzalanmaq qorxusu da ona təsir edə bilərdi, xüsusilə hər şeydən xəstəhal dərəcədə şübhələnən uşaqlarda bu çox olur, amma daha da qəliz, qraf Tolstoyun təsvir eədiyi kimi, hələ tam anlaşılmamış, içində gizlətdiyi uşaq sualları, ədalətsizlik kimi bir şeyi hiss edərək, üzülmə, özünün heçlik olduğu barədə əzablı düşüncələr, durmadan, xəstəhal şəkildə böyüyən: "Axı niyə hamının məndən belə zəhləsi gedir?" sualı, başqalarını heyfsilənməyə məcbur eləmək ehtirası, yəni başqalarının sevgisini qazanma yanğısı və bir çox, bir çox qəliz səbəblər ola bilərdi.

Məsələ burasındadı ki, bu səbəblərin bəziləri doğrudan da varmış, amma ortada başqa bir gerçəkliyin də cizgiləri var.
Lev Tolstoyun portreti
Lev Tolstoyun portreti

Bu, tamam başqa, bizim qraf Lev Tolstoyun tarixçisi olduğu orta-ali zümrədən, moskvalı mülkədar ailəsində çoxdan təməlini qoymuş möhkəm və sakit cizgilərdir.

Və bunlar elə bir vaxtda baş verirdi ki, köhnə mülkədar ənənələrinə söykənən, bu ənənələrin üstündə bərqərar olan rus dvoryan quruluşuna yeni, hələ naməlum, radikal bir dəyişiklik, ən azından, bir ucdan elə hey davamı gələn yeni naməlum dəyişmələr nüfuz edirdi.

Bizim yeniyetmənin məsələsində artıq bizim zəmanəyə xas, özəl bir cəhət də var. Qraf Tolstoyun yeniyetməsi ağrılı göz yaşlarını kövrək ürəyinə axıda-axıda arzulayırdı ki, doğmaları zirzəmiyə girib, onun meyitini tapacaq, onu sevməyə, özlərini gunahlandırmağa başlayacaqlar.

O hətta intihar da arzulaya bilərdi, amma bunu ancaq arzu edə bilərdi: tarixi kökləri olan dvoryan əxlaqı on iki yaşlı uşaqda belə çox möhkəm idi və onun arzusu arzu olaraq qalmalıydı, bu birisində isə istədi və elədi. Əslində, bu qeydlərlə mən, təkcə zəmanəmizdəki intihar epidemiyası barədə danışmıram. Hiss olunur ki, burada nəsə qaranlıq bir məsələ var, nəsə rus həyat tərzinin böyük bir hissəsi nəzarətsiz və tarixsiz qalıb.

Ən azından, məlumdur ki, bizim orta-ali dvoryan çevrəsinin həyatı, bizim belletristlərin belə parlaq boyalarla təsvir elədiyi həyat artıq tamam məhv olub, rus həyat tərzinin bir küncünə sıxışdırılıb.

Bəs, qalan künc-bucaqların, özü də dəhşətli dərəcədə çoxlü künclərin tarixini kim yazacaq? Və ictimai həyatın əslində çoxdan, amma son vaxtlar xüsusilə daha çox yaşadığı xaosda hələ normal qanun, hətta şekspirvari bir sənətkarın yapışa biləcəyi ümid, idarəedici ipucu tapmaq mümkün deyilsə, bu xaosun heç olmasa bir hissəsini o idarəedici ipucu barədə düşünmədən kim qələmə alacaq?

Ən əsası isə, elə bil bütün bunlar heç kimin vecinə deyil, elə bil ki, belə şeylər bizim hətta ən böyük sənətkarlarımız üçün hələ tezdir. Sözsüz ki, bizim dağılmaqda olan bir həyatımız və dağılmaqda olan ailəmiz var.

Amma təzədən, amma tamam başqa başlanğıclarla qurulan yeni həyatımız da var. Bunları kim görəcək, bunları kim göstərəcək? Kim bu dağılmanın və yeni yaranmanın qanunlarını azacıq da olsa müəyyənləşdirə və ifadə edə bilər? Yoxsa hələ tezdi? Axı elə keçmişdə də, keçmişdəkilərin də hamısı ifadə olunmayıb…


İYUL-AVQUST, İKİNCİ FƏSİL

I. Yenə də xüsusiləşdirmə. “Anna Karenina”nın səkkizinci fəsli

Bizim indiki rus intelligentlərinin çoxu təzə şey öyrənib: "Nə xalq? Xalq elə mən özüməm". "Anna Karenina"nın səkkizinci fəslində Levin - roman müəllifinin sevimli qəhrəmanı öz-özünə deyir ki, xalq elə mən özüməm.

Bir vaxt «Anna Karenina»dan danışanda mən bu Levini «təmiz ürəkli Levin» adlandırmışam. Onun ürəyinin təmizliyinə inanmaqda davam edərək, mən onun xalq olduğuna inanmıram; əksinə, indi onun həvəslə xüsusiləşdirməyə can atdığını görürəm.

Bu iyul-avqust gündəliyimə başlayanda barəsində söhbət açdığım «Anna Karenina»nın səkkizinci fəslini oxuyanda buna əmin oldum. Əlbəttə, bu faktdır ki, Levin real şəxsiyyət deyil, romançının təxəyyülünün məhsuludur. Bununla belə, bu romançı nəhəng istedad, möhtəşəm zəka və Rusiya intelligentlərinin hörmət elədiyi insandır.

Bu romançı ideal, yəni uydurulmuş şəxsin dili ilə bir az da özünün müasir rus gerçəkliyinə baxışlarını ifadə edir ki, bu da, bu gözəl romanı oxuyan hər kəsə aydındır.

Beləliklə, əslində mövcud olmayan Levinin düşüncələrinə baxaraq, biz artıq ən vacib müasirlərimizdən birinin hazırki rus gerçəkliyinə real baxışlarını görəcəyik.

Bu isə indi nəhəng, sarsıdıcı və tez-tez dəyişən gerçək hadisələrlə dolu zamanımızda belə müzakirə obyekti ola bilər. Bu qədər mühüm bir rus yazıçısının, son iki ildə bütün ruslar üçün ümummilli hərəkat halını alan Şərq məsələsinə baxışı onun romanının sonuncu, səkkizinci, «Russkiy vestnik» redaksiyasının imtina elədiyi fəslində dəqiq ifadə olunub.

Bu baxışın mahiyyəti, mən başa düşdüyüm qədərilə, əsasən bundan ibarətdir ki, əvvəla, xalqımız milli hərəkat adlanan şeyi dəstəkləmir, xalq heç bunun nə olduğunu başa düşmür.

İkincisi, bütün bunlar əvvəl məlum şəxslər tərəfindən təşkil olunub, daha sonra jurnalistlər tərəfindən qəzetləri daha çox oxunsun deyə, dəstəklənib.

Üçüncüsü, bu adamların hamısı könüllülərdi, yolunu azmış, sərxoş və axmaq adamlardı.

Dördüncüsü, milli ruhun intibahı adlanan bu həngamə nəinki məlum şəxslər tərəfindən təşkil olunub və jurnalistlər tərəfindən dəstəklənib, ümumiyyətlə, bu məsələnin təməlində yalan var…

Nəhayət, beşincisi, slavyanlara qarşı törədilmiş barbarlıq, eşidilməmiş işgəncələr biz ruslarda mərhəmət hissi oyada bilməz – «slavyanların çəkdikləri əzablara qarşı bizdə birbaşa mərhəmət hissi yoxdur və ola da bilməz». Sonuncu fikir dəqiq və konkret ifadə olunub.

Beləliklə, "təmiz ürəkli Levin" fərdiliyə meylləndi və onun fikri rus xalqının böyük hissəsinin fikrindən ayrıldı.

Onun öz fikri isə o qədər də yeni və orijinal deyil. Ötən qış olsaydı, bu fikir bizim Peterburq cəmiyyətində heç də pis mövqe tutmayan adamlar arasında xeyli məşhur olardı, buna görə də, kitabın bir az gecikməyinə adamın heyfi gəlir. Başa düşə bilmirəm, Levinin belə kədərli fikir ayrılığı və başqalarından qüssəli şəkildə uzaqlaşmağı nədəndir.

Düzdü, o «narahat», hər şeyi analiz edən, lap ciddi təhlil etsək, heç nəyə inanmayan adamdır. Bütün bunlara baxmayaraq, o, «təmiz ürəkli» birisidir, mən bu fikrimdə qalıram, hərçənd, adam məəttəl qalır ki, belə qeyri-təbii, yöndəmsiz bir fikir son dərəcə təmiz və səmimi bir qəlbə hansı sirli, hətta bir az da gülməli yolla girə bilib.

Hərçənd, bunu da qeyd edim ki, bir çoxlarının iddia elədiyi, özümün də aydın gördüyüm kimi, Levinin dili ilə müəllif bir çox məsələlərə öz münasibətini, baxışlarını bəzən hətta bədiiliyi qurban vermək bahasına desə də, mən yenə də Levini müəlliflə qarışdırmıram.

Mən bunu bir az da acı çaşqınlıq içində deyirəm, çünki müəllifin fikirlərinin çoxu bir Levinin, bədii təxəyyül məhsulu olan bircə nəfər Levinin dilindən deyilsə belə, axı mən müəllifdən bunu gözləmirdim!

Ardı var
XS
SM
MD
LG