Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:52

İTV-də «açıq-saçıq geyim» olayı


Leyla Aslanova
Leyla Aslanova
-
Sosial şəbəkələrdə yayılan bir xəbər təkcə ölkə deyil, xarici mediada, özəlliklə Türkiyənin «Milliyet» və «Hürriyet» qəzetlərində əks-səda verib:

«Azərbaycan İctimai Televiziyasının aparıcısı açıq-saçıq geyiminə görə işdən çıxarılıb».

Söhbət «Siluet» proqramının aparıcısı Leyla Aslanovadan gedir. Məhz onun geyimini vurğulayan videogörüntülər sosial şəbəkələrdə yayılandan sonra həmin aparıcının işinə son verildiyi xəbər verilir.

«CANLI YAYIMDAKI GÖRÜNTÜ BİR TƏSADÜF OLUB»

«Fransız silueti» estetik klinikasında həkim-kosmetoloq çalışan və eyni zamanda İTV-də də proqram aparan Leyla Aslanova mediaya açıqlamasında ona işdən çıxarılmaqla bağlı hər hansı xəbərdarlıq edilmədiyini, sadəcə, sözügedən video yayılandan sonra İTV-yə getmədiyini bildirib.

Sözügedən verilişin nə formatı, nə də mövzusu nəsə fövqəladə etik pozuntuya və ya başqalarına pis örnək olmağa əsas vermədiyindən ortaya təbii sual çıxır: Söz açılan mövzudan yayınmayan və fikri tamamilə danışdıqlarında olan aparıcının paltarının bir az dartılması və ya açılması onun işdə çıxarılması ilə nəticələnə bilərmi?

Aparıcının özü baş verənlərə görə utandığını, heç vaxt açıq-saçıq geyinmədiyini, canlı yayımdakı görüntüsünün də bir təsadüf olduğunu dilə gətirib.

İctimai Televiziya və Radionun mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev olaya özünün «facebook» profilində reaksiya verib:
Teymur Abdullayev
Teymur Abdullayev

«Əslində, keçmiş rəhbərliyin zamanından İTV-də aparıcılıq edən Leyla xanımla verilişdən sonra yollar ayrılıb və o, artıq İTV-nin əməkdaşı deyil».

Bu, sadəcə, reaksiyadır və təbii ki, məsələyə aydınlıq gətirmir. Axı aparıcının geyimi hər hansı səbəbdən ədəb normalarına sığmırdısa, bunu efir vaxtı ona nəzərəçarpmadan demək-eşitdirmək mümkün idi. Məsələn, danışarkən qalstuku əyilən kişiyə, ekranda onun müsahibi görünərkən, macal tapıb «qalstukunu düzəlt, lütfən» söyləmək və ya bunun işarəsini vermək mümkündür. ​Eləcə də koftası əzilib-büzülən və bir az açılan qadın aparıcıya da... Bu baxımdan məhz geyimə görə işdən çıxarmaq çox ağır və ədalətsiz cəza deyilmi?

YAYIM ŞURASININ SƏDRİ: «ONUN GEYİMİ XOŞA GƏLMƏYİB VƏ İTV NARAZI QALIB»

Yayım Şurasının sədri Cahangir Məmmədli adıçəkilən şəxsin heç vaxt İTV əməkdaşı olmadığını bildirir. Onun sözlərinə görə, «Fransız silueti» estetik klinikasının televiziyada yayımladığı «Siluet» verilişini telejurnalistlər aparsa da, sonradan bu iş kilinikanın həkimi Leyla Aslanovaya həvalə olunub:

«Yəni o xanım televiziyanın işçisi deyil. Onun geyimi xoşa gəlməyib və televiziya narazı qalıb. Bundan sonra o, aparıcılıqdan uzaqlaşrılıb. İndi həmin verilişi tamam başqa adam aparacaq».

Cahangir Məmmədli
Cahangir Məmmədli
Geyimə görə, aparıcının verilişdən uzaqlaşdırılmasının mümkünlüyünə gəlincə, Cahangir Məmmədli deyir ki, İctimai Televiziya digər televiziyalardan fərqli olaraq milli-mənəvi dəyərlərin qorunmasına daha çox diqqət yetirir:

«İTV ona görə ictimaidir ki, orda digər kanallardan fərqli olaraq açıq-saçıq geyim və s. məsələlərə yol verilmir, milli mənəvi dəyərlər qorunur, bu qanunda da belədir. Belə cəzalandırmalar gözləniləndir».

Amma Yayım Şurasının sədri baş verən olayda daha çox rejissoru günahkar sayır:

«Əslində, Yayım Şurası bu məsələni araşdıracaq. Ancaq indi məlum olan odur ki, bu məsələdə günahkar verilişin rejissorudur. Çünki həmin aparıcı İctimai Televiziyanın işçisi deyil. Onun işdən çıxarılması kimi məlumatların yayılması doğru deyil, bunlar şişirdilmiş məlumatlardır. O, İTV-nin ştatlı işçisi deyil ki, onu kimsə işdən çıxarsın».

Xalid Ağəliyev
Xalid Ağəliyev
«BU PROBLEM İTV-DƏ DAXİLİ RƏHBƏR QAYDALARIN OLMAMASINDAN DOĞUR»

İTV-nin Yayım Şurası bu məsələdə daha çox «İctimai Televiziya və Radio Yayımı haqqında» qanuna istinad etsə də, bu qanunda geyimlə bağlı hər hansı qadağa yer almayıb. Maraqlıdır ki, fevralın 10-da Milli Televiziya və Radio Şurasının İctimai Televiziya və Radio Yayımları Şirkətinə xəbərdarlığında bu geyim məsələsindən söz açılmır. Xəbərdarlıqda televiziyanın reklam yayımı ilə bağlı pozuntuya yol verdiyi diqqətə yetirilir.

Media Hüquqları İnstitutunun hüquqşünası Xalid Ağəliyevin fikrincə, aparıcının hansısa geyim məsələsinə görə televiziyadan uzaqlaşdırlması, əslində, həmin media qurumundakı problemlərdən xəbər verir:

«Yəni bu problem İTV-də daxili rəhbər qaydaların yaradılmamasından doğur».

Xalid Ağəliyevə görə, İTV ilə öz arasındakı müqaviləni əsas götürərək sözügedən aparıcı məhkəməyə üz tutub pozulmuş hüquqlarının bərpasını da istəyə bilər.
Qulu Məhərrəmli
Qulu Məhərrəmli

«VERİLİŞİ APARANI YOX, ONU EFİRƏ VERƏNİ CƏZALANDIRMAQ LAZIMDIR»

Teletənqidçi Qulu Məhərrəmli belə hesab edir ki, baş verənlər ictimai qınağın nəticəsi olsaydı, bunu anlamaq olardı. Onun fikrincə, İTV-dəki verilişlərlə bağlı saysız-hesabsız iştimai qınaqların heç biri nəzərə alınmadığı halda aparıcının geyiminə televiziyanın belə tez reaksiya verməsi heç cür anlaşılan deyil:

«Aparıcının sinəsi göründü deyə, onu işdən çıxarmaq doğru deyil və qanunda da belə bir hal yoxdur. Efirə necə çıxmağı hər bir aparıcı bilir. Bu baxımdan da həmin verilişi aparanı yox, onu efirə verəni cəzalandırmaq lazımdır. Aparıcı koftasının sürüşməsini görməyə bilər, amma bunu efirə verən rejissor mütləq görməlidir və görür də. Hesab edirəm ki, aparıcını həmin görüntüyə görə qınağa çəkmək, onu layihədən uzaqlaşdırmaq doğru yanaşma deyil. Canlı yayında belə hallar olanda verilişin prodüseri, rejissoru aparıcını xəbərdar edə və ya həmin vaxt kameranın yönünü dəyişdirə bilər».

Qulu Məhərrəmlinin qənaətinə görə, canlı yayımda xanım aparıcı ilə bağlı baş verənlər birbaşa rejissorla prodüser və redaktorun yanlışlarıdır. Deməli, aparıcı deyil, yayıma məsul həmin şəxslər cəzalandırılmalıdır.
XS
SM
MD
LG