Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:12

İsopiya (Seçmə hekayələrdən)


Günel Eyvazlı
Günel Eyvazlı
-

Təng-nəfəs evə qayıdan erkək, yataqda qoyduğu xanımı tapmır. Bütün evi gəzir. Bütün qapıları açır, amma, tapmır...


Son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilir.


Günel Eyvazlı


İSOPİYA


Yanma! Atəş soyuqdur. Sən ondan qorxduğundan səni yandırar. Kibritin üzrərində gəzişən alova diqqətlə bax, istəsən barmağına yaxınlaşmaz. Bəlkə yaxınlaşıb sənin dərinə yüngülcə toxuna bilər.

O səni sevsə, kül olmağına imkan verməz. Necə ki, minilliklər öncə əlləri bağlı şəkildə atəşdə yandırılan İbrahimi alov salamat saxladı. Azərin oğlu yana bilməzdi.

Onun daxilində qığılcım var idi. Od onu sevirdi. Əgər, daxilində qığılcım varsa birgə atəşlənəcəksən. Buza bənzəsən qarla, istiyə bənzəsən günəşlə dost olacaqsan. Bax, içində nə gəzdirirsən?

Yol səni hara istəsən apara bilər. Sən hara getmək istədiyini bilirsənmi?

Qaradərili qadın gecənin qaranlığında görünmür. Bəyaz əndamlı xanım, günəşli səhərlərin birində dar küçə ilə harasa gedir. Eyvanda bir kişi siqaret yandırır. Qurşağa qədər soyunmuş, gecənin istisindən soyunmuş. Atəş barmağını yandırır. O isə hiss etmir. Xanımın ətəklərinə toxunan sərin meh, donunu küləkləndirir. Eyvandan baxan erkək, çarpayıda qoyduğu qadını unudub. Bəyaz əndamlı bu xanım haradan gəlir?

Süpürgəçi mənim eyvanıma baxır. Deyəsən mən hər səhər bu qadını gözləyirəm. Sabah olacaq, yenə bu xanım buradan keçəcək. Gecələr qaradərili qadın kimi gizlənib, gündüzlər görünəcək.

Bu günün sualı. Bu qadın haradan gəlir?

Bu məhlənin ağsaqqalı qadınlara inanmır. Düşüncələrində, o küçə qadınıdır deyir. Zaman isə heç nə demir. Susur. Hər səhər eyvanda görünən erkək isə, bu xanımı, nəzəri ilə küçənin sonuna qədər ötürür.

Xanım isə heç kimi görmür. Bəlkə kimsə qonşu küçədə avtomobilini saxlayıb? Hə, o avtomobil bu dəqiqə oradan uzaqlaşdı. Həmişə bu saatda buradan keçir. Çox güman ki, bu xanım qonşu küçədə bu avtomobildən enib, öz evinə gedir. Fərziyyə.

Saatın əqrəbləri sənin üçün dövr edir. Eynilə yer kimi. Bəs onun enerjisi tükənsə necə olacaq? Hər gün eyni sualla bir gənc özünə müraciət edir. Onun başqa dərdi yoxdur. Yerin qatlarını araşdırır. Nüvə, mantiya. O, coğrafiya, geologiya ilə maraqlanır. Ağlagəlməz təcrübələr keçirir evində. Saat, batareya ilə işləyir. Bəs yer? Bəs sən? Enerji. Hardandır bu enerji? Niyə insanı yandırmır? Bəlkə yandırır?

Hindistanda bir insan rəhmətə getdi. Bir ulduz alışa-alışa yerə süzüldü. Böyük tonqal qaladılar. Mərhumu ataşlə qovuşdurdular.

Od-alov-atəş-tonqal. Eyni məfhumun müxtəlif adları. Bəlkə də 100 adı var. Kim bilir?

Sən hərəkətdə olduqca, dünya dönür. Dünya hərəkətdir. Hərəkətdə olmağın, yaşayırsan deməkdir. Saatın əqrəbi rəqəmlər üzərində yeriyir. Zamanın hansısa naməlum bir vaxtı, sən artıq dünyada olmayacaqsan. Harda olacaqsan? Olacağın yer, bu yer qədər maraqlıdır. Bəlkə naməlum olduğundan maraqlıdır. Bəlkə gözəl olduğunu bilsən, daha tez oraya getmək üçün tələsərsən. Amma, axirətə getmək üçün İsopiyadan mütləq keçəcəksən.

İsopiya. Orada günəş sənin ixtiyarındadır. Onun harada durması səndən asılıdır. Sən fikrən onun istiqamətini dəyişə bilirsən. Bəlkə doyunca yatmaq üçün günəşi uzun müddət qürubda saxlayacaqsan. Amma, deyilənə görə oralar o qədər gözəldir ki, sən heç yatmaq istəməzsən. Gözlərini boynundan asıb, sinən üstə gəzdirərsən. Hətta qulaqlarını belə əlinlə qopara bilərsən. Sən orada hissələrə bölünə bilər və yenidən birləşə bilərsən.

Bir-ləş. Tam-laş. İki nəsnə qovuşur. Bir-ləşir. Bir olur.

Budama, əlindəki zərb alətinə bərk-bərk vuraraq ruhları köməyə çalışır. Bu gün o öləcək. İsopiyaya yol alacaq.

Yol alacaq- yol onu aparacaq - o yola gedəcək- yol olacaq.

Burada bəziləri axar çay olar. Bəziləri şam kimi əriyər. Bəziləri torpaq olar.

Burada gözlərini bağlasan da görərsən. Vaxtilə arzuladıqların sənin qarşında dayanar. Sən ən çox arzuladığını seçərsən. Bəlkə nə vaxtsa, uca dağları görüb, kaş bu hündürlüyü aşardım demişdin. İndi ayaqların səni istədiyin yerə aparar. Əlçatmaz zirvələr, əlçatan olar. Körpəlikdə arzuladığın oyuncaqlar göydən tökülər. Günəşli günlərin birində sərinləmək üçün qar istəmişdin. Bax, lopa-lopa yağar. Ən çox anan üçün darıxmışdın. O səni İsopiyada gəlib tapar. Ağbirçəkli, nur üzlü anan, bir ağacın kölgəsində oturar. Həzin səsi ilə laylay oxuyar. Sən enli gövdəli ağaca yaxınlaşarsan. Ananın qucağında özünü görərsən. Demək ki, anan da səni görmək istəmişdi. Amma, belə körpə, ufaq, dinməz şəkildə.

Çünki günlərin bir günü acılamışdın ananı. O da dönüb sənə “Dilin qurusun” demişdi. Sonra yüz dəfə tövbə etmişdi. Sonra səni bağışlamışdı. Əvvəlki kimi qayğını çəkmişdi. Amma dediyin sözü heç unutmamışdı. İndi eyni qayğı ilə səni yenidən böyütmək istəyir. Bəlkə yaşının hansısa çağında səhvə yol verib. Bəlkə, sənə düzgün tərbiyə verməyib deyə düşünür. Keçmiş səhvləri düzəltmək üçün, səni yenidən doğdu, əzizlədi. Missiyasını rahat şəkildə həyata keçirdikdən sonra rahat gedəcək o dünyaya.

İsopiya arzuların reallaşma məkanıdır. İsopiya səhvlərin bərpa edildiyi məkandır. Hamının yolu buradan keçəcək.

Orada insanlar enerjilərini birləşdirərək günəşi başlarının üzərinə qaldırarlar. Kölgələr məhv olar.

İsopiyada sən, sənin ixtayarındasan. Bütün əzaların sənin əllərindədir. Təbiət belə sənə tabedir. Barmağınla səmanı qarışdırırsan. Buludları silirsən. Əlinlə ay çəkirsən. Ulduz çəkirsən. Söz yazırsan .

Hər şey gördüyün kimi deyil. Gördüyündən də o tərəfi görməyi bacar. Burada insanlar bir-birlərinin içindən keçərlər. Qapı döyməzlər, qapı açmazlar. Özlərinə çəkilib, başqaları üçün açılmağı bacararlar.

Bəlkə də bəyaz, havalı qadın İsopiyaya tələsirdi. O asta-asta, küləkdən dalğalanan saçları ilə dar küçədən keçir. Yüngül parfüm ətri, eyvanda dayanan kişini bihuş edir. O, quş olub eyvandan aşağı uçmaq istəyir. Qəflətən qağayıya dönür. Xanımın başının üzərində dövrə vurur. Bir nəfər- qağayılar dəniz kənarında olmalıdır. Deyir. Kim deyir ki, qağayılar mütləq dəniz kənarında olmalıdır?

Xanım isə dar küçələrlə addımlayır, addımlayır. Qağayı yol boyu onu müşayət edir. Edir. Xanım arabir qolundakı saata baxır. Saat səkkizdir. Tam səkkiz.

Qağayı, insan olub xanımın qarşısında dayanır. Əllərini yarıçılpaq bədəni üzərində çarpazlayır. Xanım onun içərisindən keçib bloka daxil olur. Pillələr ilə yuxarı qalxır. Qalxdıqca pillələr bitmir. Əgər o bitməsini istəsəydi bitərdi. Uzun yol var qarşıda. Nəhayət binanın damına çatır. Ayaqları əsə-əsə hündürlükdən aşağıya boylanır.
Gedimmi? Getməyimmi? Düşünür. Nəhayət fikrini qətiləşdirir.

Ağ paltarlı qadın, bir bəyaz lələk kimi, bəyaz qar kimi yerə yaxınlaşır. Sükut...

Qaradərili qadın, oğlu Budamanı ölülər dünyasına yola salır. Oğlunun son dəfə çaldığı zərb alətini daha şiddətlə döyəcləyir. Qulaq batıran ritm altında var gücü ilə ağlayır. Hamı onun dəhşətli səsinə qulaq asır. Qaranlıqda heç kim onu görmür.

Budamanın hər gün eyni məhlədən keçən anasına yazığı gəlir. Onun ən böyük arzularından biri idi anasını bəyaz görmək. Elə də görürdü. Hər gün pillələri qalxan və özünü atmaq istəyən anası, son anda fikrini dəyişib evə dönürdü. Bu dəfə isə dönmür. Budama, həmin dar küçəyə boylanıb, zərif addımlarla irəliləyən anasını görür. Bir qağayını, onun başının üzərində dövrə vurduğunu görür. Anasını intihardan saxlaya bilmir.

Nə qədər çalışsa da, bu dünyaya müdaxilə edə bilmir. Sadəcə dua edir. Anasını, yerə sakit, ağrısız düşməsi üçün, bəyaz qara dönməsini arzulayır. Belə də olur.

Budama, uzun-uzadı, ağacın kölgəsində oturub, köksündə balasını oxşayan, ona laylay deyən bəyaz qadına baxır. Və ikinci dəfə dünyaya gələrkən, qaradərili doğulmadığı üçün şükr edir.

Göyün üzünə günəş çəkir. Sonra ən sevimli oyuncaqlarını körpəyə verir. Anasının əllərindən öpür. Anası onu tanımasa da, o tanıyır. Onunla bir yerdə olduğuna sevinir.

İsopiya. Həm uzaqdır, həm də yaxın. Bəlkə sən dəfələrlə onun içindən keçmisən. Amma, hiss etməmisən. Bəlkə həmin anda nələrisə dəyişə bilərdin. Amma, dəyişmədin. Hər şey əllərində ikən, əlindən qaçırdın. Hər şey su kimi barmaqlarının arasından yerə töküldü. Həyatın nəfəs qədər ani oldu. Bitdi.
Çox keçmir ki, qocalırsan. Çox keçmir ki, yatağa məhkum olursan. Çox keçmir ki, gəncliyində etdiyin səhvləri düşünürsən. Aldatdığın qızı. Sevdiy oğlanı. Üzünə qəzəblə sillə vurduğun oğlunu. Bəsdir əl çək, dediyin ananı. Aldatdığın insanı. Aldandığın məqamları. Yolu keçərkən bilərəkdən tapdadığın qarışqanı. Sənə əl açan və ovucları boş qayıdan dilənçini. Uzun illər üzərində oturduğun, sonra unutduğun skamyanı. Yarımçıq kitabını. Sevirəm demədiyin qızı. Sevirəm demədiyin oğlanı. Çox şeyi dəyişə bilərdin. Dəyişmədin. Amma, bu məkanın varlığına inan. İsopiya, səhvlərini düzəltmək üçün sonuncu şansındır. Yararlan.

Təng-nəfəs evə qayıdan erkək, yataqda qoyduğu xanımı tapmır. Bütün evi gəzir. Bütün qapıları açır, amma, tapmır. Onu görmüşdülər. Deyirlər laqeydlikdən çox bezdi. Səhərlər, otağından yoxa çıxmış sevdiyini axtardı. Sevdiyi kişini, bir xanımın ardınca gedən gördü.

Evə pərişan dönərkən, bir avtomobildən düşən insan, ona çiçək verdi. Çiçək başqası üçün alınmışdı, amma, çiçəklərin sahibi görüşə gəlməmişdi. Demək ki, qismət onun idi. Çiçəkləri aldı, qonşu küçədən hər gün eyni saatda keçən avtomobilə mindi. Bu dəfə həmişəlik getdi.

Budama hər şeyi görürdü. Onu isə, yalnız qağayılar görürdü.
XS
SM
MD
LG