Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:59

Repçi Kabus: "Demək ki cəmiyyətdə bir problem var ki, mən buna münasibət bildirirəm"


Şəhriyar Məcidzadə və Həbib Rüstəm (sağda)
Şəhriyar Məcidzadə və Həbib Rüstəm (sağda)
-

Repçi Kabus (Həbib Rüstəm)

- Əgər bizim cəmiyyətdə problemlər olmasaydı mən rep yazmadım. Hər şey yaxşı olsaydı mən nəyə görə rep yazmalıyam ki.

Demək ki, cəmiyyətdə bir problem var ki, mən buna münasibət bildirirəm. Mənim yazdığım replər sosial problemləri, gənclərin indiki durumunu, mənim qarşı olduğum şeyləri əhatə edir.



Polis repçi Kabusun Vətən kinoteatrında fevralın 16-na təyin edilmiş «Ergenekon» adlı solo-konsertinə imkan verməyib.

Konsertin təşkilatçısı Milli Fikir Mərkəzinin rəhbəri Şəhriyar Məcidzadənin sözlərinə görə, onlara səbəb kimi təhlükəsizlik problemini göstəriblər.

Bəs əslində səbəb nədir?

Bu haqda Şəhriyar Məcidzadə, konserti ləğv olunan repçi Kabus və repçi KorYOLÇU danışırlar.


Səadət Akifqızı

- Həbib bəy, Azərbaycanda bir rep təhlükəsi varmı?

Həbib Rüstəm

- Əslində rep təhlükə deyil. Bu musiqi növü Amerikada qaradərililərin ağdərililərə qarşı üsyanı kimi yaranmış bir dalğa idi, amma Azərbaycanda belə bir hal olmadığı üçün repi təhlükə saymıram. Rep sadəcə insanın sözlərini daha aydın şəkildə deyə bilməsi üçün şərait yaradır.

Səadət A.

- Şəhriyar bəy, Milli Fikir Mərkəzi rep konserti təşkil etməyi qərara aldı, nədən belə bir fikrə düşdünüz?

Şəhriyar Məcidzadə

- Birincisi, Həbib bizim təşkilatın üzvlərindəndir, təşkilatımızın təsisçilərindəndir. Rep Azərbaycanda gəncliyin bir azadlıq dalğasıdır. İnsanlar minimum imkanlarla öz fikirlərini çatdırmalıdırlar, buna görə ya yazılara, ya da repə əl atırlar.

Çünki rep deməkdən ötrü sənin vokalın, musiqiçilərin və s. olmamalıdır, deməyə sözün olmalıdır və istedadın olmalıdır. Amma gəlin baxaq görək söhbət hansı etirazdan gedir və bu, radikallığa nə qədər yardımçı ola bilər. Bu, Amerikada minimum imkanlarla insanların öz acılarını, sosial problemlərini ifadə etmək üçün lazım idi. Azərbaycanda isə gənclərin belə problemləri var. Bizə televiziya imkanları tanınmır, mətbuat imkanları çox zaman tanınmır, çünki müstəqil fəaliyyət göstərmək istəyən gənclərlə həmişə arzuolunmaz, diplomatik dildə desək “non grata” kimi davranırlar. Mən Həbibin replərini dinləyəndə dedim ki, bu, kifayət qədər ciddi fikirlərdir və bunu davam etdirmək lazımdır. Biz ona öz imkanlarımızla dəstək verdik və insanlar tərəfindən dinlənilməyə başladı.
Şəhriyar Məcidzadə
Şəhriyar Məcidzadə

Ümumiyyətlə axı rep niyə təhlükə olmalıdır? Mənim fikrimcə əlində kitab tutan, düşüncəsi olan aydın gənclərdən çəkinməməlidirlər, əksinə radikallığa meyli olan, özünü ifadə problemi yaşayan, öz şəxsiyyət defisitini başqaları ilə əlaqələndirən insanlardır təhlükəli.

Səadət A.

- Azərbaycanda rep ənənəsi artıq çoxdan yaranıb. Bu ənənə doxsanıncı illərdə Anar Nağılbazla başladı. Hətta onların konsertinə xalq artistlərinin konsertindən daha çox tamaşaçı yığılırdı. Siz necə bilirsiniz o dövrdəki auditoriya populyarlığı indi də qalıbmı?

Həbib Rüstəm

- Mən bir reper olaraq onu deyə bilərəm ki, məncə heç bir reper Azərbaycandakı tamaşaçı kütləsindən razı deyil. Çünki bu gün bir reper nə qədər məşhur olursa olsun, bir konsert verəndə ora ən çoxu üç yüz nəfər gəlir. İnsanlarda nə qədər ki, enerji yoxdur, sönüklük var, repə də maraq bir o qədər az olacaq. Çünki rep o zaman maraqlı olur ki, insanın içində əlavə enerji var və onu sərf etmək istəyir. Azərbaycan cəmiyyətində, xüsusilə Azərbaycan gəncliyində bu enerji olmadığı üçün repə tələbat da yavaş-yavaş azalır. O dövrlərə baxsan, onda indiyə nisbətən repə maraq daha böyük idi. Amma o dövrdəki rep dinləyiciləri indiki qədər repi anlamırdılar. İndi anlayanlar daha çoxdur. O vaxtlar, Anar Nağılbaz, Elşad Xose bu dalğanı başlayanda insanlar replə tanış deyildilər, bunun nə olduğunu bilmirdilər, sadəcə onlara maraqlı gəlirdi deyə dinləyirdilər. Amma hal-hazırda repi dinləyən, sevən bir kütlə var ki, rep onlarda xüsusi maraq yaradır. Yenə də Azərbaycanda gənclərə ümumi diqqət yoxdur, rep konserti keçirilən o zallar da çox balacadır, ora cəmi 300-400 nəfər yığışa bilir.

Səadət A.

- Ola bilsin bizi izləyənlər əhvalatın necə baş verdiyini bilmirlər. Konsert təşkil edərkən planlarınız nə idi?

Şəhriyar M.

- Biz iki ay bundan əvvəldən “Kabus”un konserti keçiriləcəyini elan etmişdik, gedib yerlə danışmışdıq, texniki problemləri həll etmişdik, iki ay müddətində konsertin piarı ilə məşğul olduq. Konsertin baş tutmasına bir gün qalmış mənə zəng vurub dedilər ki, burda polislər var, konsertin keçirilməsini istəmirlər. Mən çox təəccübləndim. Mənə dedilər ki, təhlükəsizlik üçün polis idarəsinə yaxud Bakı şəhər icra hakimiyyətinə məktub yazmalıyıq ki, biz konsert keçirəcəyik. Mən bununla razılaşmadım. Lakin mənim danışığım heç bir nəticə vermədi və beləliklə konsertimiz baş tutmadı.
Səadət Akifqızı
Səadət Akifqızı

Səadət A.

- Siz bunu nə ilə izah edirsiniz, öz versiyanız varmı?

Şəhriyar M.

- Ola bilsin bu Kabusun oxuduğu mahnılarla bağlıydı, bəlkə mənim fəaliyyətimlə bağlıydı, bəlkə də təşkilatımızla bağlıydı, bunu aydınlaşdırmaq bizim üçün mümkün olmadı. Buna səbəb görə bilmirdim, heç bir zaman, dövlətlə, hüquq-mühafizə orqanları ilə problemi olmayan bir təşkilatın təşkil etdiyi konsertə niyə qadağa qoyulsun ki. Mən bununla bağlı hüquq-mühafizə orqanlarına ünvanlanmış bir yazı yazmışdım. Fevral ayının 19-da isə bir aksiya keçirdim. Aksiyadan sonra mən həbs edildim. Yalnız bundan sonra bizə dəymiş ziyanı ödədilər.

Səadət A.

- Siz bayaq gənclərin əvvəlki, 90-cı illərdəki rep dinləyiciləri olmadığını söylədiniz, bəs bu günkü gənclik hansı mövzuda repləri dinləmək istəyir?

Həbib Rüstəm

- Bu artıq insanlardan asılıdır. O vaxt repə tələbat daha çox idi, insanlar üçün bu yeni idi deyə maraq böyük idi, indi isə münasibət fərqlidir. Bir dövr də oldu ki, rep sürətlə gözdən düşdü, replə məşğul olana avara kimi baxırdılar. Cəmiyyətdən bizə böyük bir basqı vardı, indi isə o basqı xeyli azalıb, daha rahatıq.

Səadət A.

- Sizin replərdə siyasi istəklərmi var, sosial mesajlarmı var?

Həbib Rüstəm

- Əgər bizim cəmiyyətdə problemlər olmasaydı mən rep yazmadım. Hər şey yaxşı olsaydı mən nəyə görə rep yazmalıyam ki. Demək ki, cəmiyyətdə bir problem var ki, mən buna münasibət bildirirəm. Mənim yazdığım replər sosial problemləri, gənclərin indiki durumunu, mənim qarşı olduğum şeyləri əhatə edir.

Səadət A.

- Şəhriyar bəy sizin təşkilatın emblemində Avropa Birliyinin bayrağını gördüm. Azərbaycan gəncləri Avropaya inteqrasiyaya necə yanaşırlar? Bunda maraqlıdırlarmı?

Şəhriyar M.

- Azərbaycan gənclərinin düşünməsinin qarşısını almaq üçün təhsil sistemini məhv ediblər, Azərbaycan gənclərinin düşünməməsindən ötrü sənəti banallaşdırıblar, təsəvvür edin ki, bizim musiqini Əfqanıstandan dinləyirlər və sevirlər. Amma Azərbaycanda kifayət qədər istedadlı adamlar var. Bu istedadlı gənclər, intellektual kəsim ölkəsinin ən yaxşı şəkildə, ən yaxşı nümunələrlə yaşamağını istəyir, Avropa bunun üçün bir nümunədir, nümunə olmasaydı biz Avropa Şurasına üzv olmazdıq. Şəxsən mənim fikrimə görə fərd harda özünü tapa bilirsə, öz məsuliyyətini dərk edə bilirsə mənim üçün nümunə oradır. Düşünün ki, bir gənc mexaniki olaraq təhsil alır, oturub Cəlil Məmmədquluzadəni, yaxud Dostoyevskini oxuyanda o, imtahan vermək üçün testə a, b, c, d yazmaq üçün oxuyur. Əlbəttə o, Avropanı anlamayacaq. Məncə Avropa aydın düşünmək, düşüncələrini başqasına doqma kimi sırımamaq, ən önəmlisi yaradıcılıq azadlığı, mühiti yaratmaqdır. Bizdə yaradıcı gənclərə inkvizitor kimi davranırlar, amma Avropa inkvizisiyanı 15-16-cı əsrlərdə yaşayıb.

Səadət A.

- İndi telefonda başqa bir qonağımız “Kor Yolçu” ləqəbli repçi Əli Əliyev var. Əli bəy necə düşünürsünüz, rep Azərbaycan gənci üçün Avropaya inteqrasiyaya nə dərəcədə uğurlu bir dəstəkdir?

Əli Əliyev

- Avropaya baxanda Azərbaycanda rep demək olar ki, heç inkişaf etməyib. Biz dinləyicidən çox özümüz bu repi ayaqda saxlamağa çalışırıq. Mənə elə gəlir buna bacardığımız qədər nail oluruq. Azərbaycandakı rep Türkiyə və Rusiya ilə müqayisədə daha aşağıdır, bu da ondan irəli gəlir ki, hələ zaman lazımdır. Düşünürəm ki, bunun səbəbi odur ki, dinləyicilərimizin çoxu azyaşlılardır və bizə lazımi qədər dəstək ola bilmirlər. Biz konsertimizi özümüz təşkil edirik, halbuki konserti dinləyicilər yaxud prodüserlər təşkil etməlidir. Hip-hop konsertləri təşkil olunmalıdır, bura repçilər dəvət olunmalıdır, TV-lərdə rep klipləri nümayiş olunmalıdır. Bu hər şeydə hiss olunmalıdır. Mən hardasa belə bilirəm ki, dinləyicilərin özü də dəstək ola bilmirlər, çünki 20-25 yaşlar arası gənclərdir. Azərbaycanda repi ayaqda tutmağa çalışanlar ancaq özümüzük, keçən illərə baxanda daha çox yol qət etmişik, amma başqa ölkələrə baxanda bizim rep geridədir. Azərbaycanda rep o qədər də pis yerdə deyil sadəcə lazımi yerdə deyil, biz onun öz yerində olmadığından şikayətlənirik. Düşünürəm ki, rep dinləyənlərin 99 faizi, millətə cəmiyyətə yararlı gənclərdir.

Səadət A.

- Əli bəy, Həbib bəy qeyd etdi ki, Azərbaycanda sosial porblemlər olmasaydı o, replə məşğul olmazdı, necə bilirsiniz, repin mövzusu cəmiyyətdəki problemlərdənmi qaynaqlanır? Yaxud burdan qaynaqlanmalıdırmı?

Əli Ə.

- Xeyr, amma daha çox üstünlük bu tip mövzulara verilir, amma sonradan sevgidən oxumağa başlayanlar da olur.

Səadət A.

- İndi efirdə bloqçu Cavid Ağadır. Cavid bəy, siz necə düşünürsünüz, Azərbaycanda repin inkişafı üçün münbit zəmin varmı?

Cavid Ağa

- Sözün düzü mən bir o qədər də rep dinləyicisi deyiləm, mən daha çox rok, metal janrının dinləyicisiyəm, amma əvvəllər repi dinləmişəm. Düşünürəm ki, əgər repə bir underground janr kimi yanaşılırsa, biz çox geridə qalmışıq. Repə 90-larda, 80-lərdə underground kimi baxılırdı. Ancaq biz hələ də repə belə yanaşırıqsa deməli xeyli gerilərdəyik.

Səadət A.

- Bəs sizcə repə necə baxılmalıdır?

Cavid A.

- Rep hal-hazırda qlobal olaraq meynstrim janrlardan hesab olunur, çox məşhur repçilər,hip-hop musiqiçiləri var. Amma Azərbaycanda repin belə vəziyyətində əsas səbəb ideologiyadır, simvolizmlərdir. Düşünürəm ki, bizdə repin çox irəli gedə bilməməyinin səbəbi, mental düşüncə tərzidir.

Şəhriyar M.

- Məsələ burasındadır ki, azadlığın olmadığı bir yerdə hansı musiqi, hansı ədəbiyyat inkişaf edə bilər. Azərbaycanın son iyirimi ilinin ən möhtəşəm ədəbi əsəri deyəndə hansını sadalaya bilərik? Bilirsiniz, bolşevik təfəkküründə olan insanlar yaradıcı insanları görəndə onu anlamırlar. Bizim bolşevik təfəkkürü imkan vermir ki, sual verib sonra onun cavabını gözləyək, bizdə hər zaman hökm verilib sonra sual soruşulur. Azərbaycanda gənclərə qarşı qocaların diskriminasiyası var ki, mən qocalmışamsa deməli mən hər zaman haqlıyam. Azadlıq yoxdursa insanlar gah mentaliteti günahlandıracaq, gah başqa bir şeyi, hamı bir-birində səhv axtarmağa başlayacaq. Eynilə Babil qalası kimi, orda necə olmuşdu? İnsanlara dil veriləndən sonra hamı bir-birini qırmağa başladı. Bax bu Babil qalası əhvalatının baş verməməsi üçün insanların yaradıcılığına azadlıq vermək lazımdır. Yaradıcı insanlar ekstremist deyil, onlardan təhlükə gözləmək lazım deyil.
XS
SM
MD
LG