Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:07

Əli İnsanov: «Məni sındırmaq olmaz» [Video]


Əli İnsanov: «Məni sındıra bilməyəcəksiz»
Gözlə

No media source currently available

0:00 0:03:07 0:00

Əli İnsanov: «Məni sındıra bilməyəcəksiz»

-
Fevralın 25-də keçmiş səhiyyə naziri Əli İnsanov Bakı Apellyasiya Məhkəməsinə gətirilsə də, məhkəməyə qatılmayıb. Vəkili Toğrul Babayevin sözlərinə görə, hüquqlarını qoruduğu şəxs iradəsinə zidd olaraq gətirildiyindən məhkəmə zalına girməkdən boyun qaçırıb. Keçmiş nazirin bu addımı heç də gözlənilməz olmayıb. O, bir gün öncə həmin iclasa qatılmayacağını ayrıca bəyanatda dilə gətirmişdi.

Əli İnsanov sözügedən bəyanatda bildirirdi ki, «Bakı Apellyasiya Məhkəməsində işə siyasi sifarişlə baxıldığına..., Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı icra olunmadığına, birinci instansiya məhkəməsinin hökmünün qüvvədə saxlanacağı əvvəlcədən məlum olduğuna görə», etiraz olaraq apellyasiya baxışında iştirakdan imtina edir.

Bugünkü – fevralın 25-dəki məhkəmə iclasında Apellyasiya Məhkəməsinin qərarı elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsi olan Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanıb.

«ANALOQU OLMAYAN BIR MƏHKƏMƏ KEÇİRİLDİ»

Əli İnsanovun vəkili Toğrul Babayev məhkəmənin qərarını qanunsuz və ədalətsiz sayır:

«Bu qərarda göstərilir ki, birinci instansiya məhkəməsinin Əli İnsanov barədə çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanır. Halbuki Avropa İnsan Haqları Məhkəməsinin qərarı vardı. Həmin qərarda göstərilmişdi ki, Əli İnsanov barəsində birinci instansiya məhkəməsində araşdırılma aparılmayıb.
Toğrul Babayev
Toğrul Babayev
Bakı Apellyasiya Məhkəməsində heç bir araşdırılma aparılmadan, müdafiə tərəfinin şahidləri çağırılmadan işə baxıldı. Müstəqil Azərbaycan dövlətində analoqu olmayan bir məhkəmə keçirildi. Müdafiə tərəfi dəfələrlə vəsatət qaldırsa da, heç bir vəsatət təmin olunmadı».

Məhkəmənin qərarı Əli İnsanov üçün ayrıca – məhbuslar üçün oturduğu otaqda oxunub. Vəkilinin sözlərinə görə, keçmiş nazir sınmayacağını söyləyib:

«Əli İnsanov dedi ki, bu qərarla mənə heç bir şey edə bilməzsiniz. Məni sındırmaq olmaz. Mən axıra qədər mübarizəmi davam etdirəcəyəm».

Müdafiə tərəfi qərardan Avropa İnsan Haqları Məhkəməsinə dərhal şikayət verəcəyini bildirib.

«İŞ BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNƏ QAYTARILMALIYDI»

Hüquqşünas Əlayıf Həsənov deyir ki, Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasını ratifikasiya və Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasını qəbul edib.
Əlayıf Həsənov
Əlayıf Həsənov
Qanuna görə, həmin məhkəmədə Konvensiya normalarının pozuntusu müəyyənləşərsə, Ali Məhkəmənin Plenumu birinci instansiya məhkəməsinin, bəzi hallarda Apellyasiya Məhkəməsinin, bir sıra hallarda isə kasasiya instansiyasının qərarlarını ləğv etməlidir. Bundan sonra araşdırma aparılmalıdır:

«Mən Əli İnsanov haqda qərarla tanışam. Orda Konvensiyanın 6-cı maddəsinin elə pozuntuları sadalanmışdı ki, Azərbaycan məhkəmələri gələcəkdə o pozuntuları təkrar etməməliydi. Əgər Ali Məhkəmənin Plenumu Avropa İnsan Haqları Məhkəməsinin Əli İnsanovun işi ilə bağlı qərarına hörmətlə yanaşsaydı, əslində, birinci instansiya məhkəməsinin özünün də hökmünü ləğv etməli, işi birinci instansiya məhkəməsinə qaytarmalıydı. Lakin Ali Məhkəmənin Plenumu yarımçıq bir qərar çıxardı – Apellyasiya Məhkəməsinin qərarını ləğv etdi və işi Apellyasiya Məhkəməsinə qaytardı».

Keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında – parlament seçkiləri ərəfəsində dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib. Sonradan ittiham dəyişdirilərək iqtisadi cinayətlərlə əvəz olunub. O, 11 il müddətinə azadlıqdan məhrum edilib.
Əli İnsanov
Əli İnsanov

2013-cü il martın 14-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Əli İnsanovun İnsan Hüquqları Konvensiyasının 3-cü (işgəncələrin qadağan edilməsi) və 6-cı maddələri (ədalətli məhkəmə çəkişməsi hüququ) ilə zəmanət verilmiş hüquqlarının pozulmasını tanıyıb və ona 10 min avro həcmində kompensasiyanın verilməsi haqda qərar çıxarıb.

AİHM qərarının icrası ilə bağlı Ali Məhkəmənin Plenumu 2013-cü il noyabrın 15-də təkrar baxılmaq üçün işi Bakı Apellyasiya Məhkəməsinə göndərib. Bu il yanvarın 17-də Bakı Apellyasiya Məhkəməsində işə təkrar baxış başlanmışdı.

MƏHKƏMƏ ŞÜŞƏ QƏFƏSLƏ DƏ YADDA QALDI

Təkrar baxış Əli İnsanovun məhkəmə zalında səs keçirməyən şüşə qəfəsə salınması ilə də yadda qaldı. Keçmiş nazir hər dəfə hakimiyyətə qarşı tənqidi fikirlər səsləndirincə mikrofon dərhal söndürülürdü. Vəkil Toğrul Babayevin dediyinə görə, hava həmin şüşə qəfəsə ayrıca boruyla verilirmiş.
XS
SM
MD
LG