Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:20

Hakimin qərarına etiraz olaraq NİDA-çılar vəkillərdən imtina etdi


NİDA-çılar
NİDA-çılar
-
Fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA-çıların işi ilə bağlı məhkəmə davam edib.

NİDA-çıların zala gətirilməsi yenə də gecikirdi. Adətən bu hal şahidin məhkəməyə gəlmədiyində baş verirdi. Məhkəmə izləyiciləri vəziyyətin yenə də eyni olduğunu düşünüb NİDA-çıların zala gətirilməsini tələb etdi. Əvvəlcə uzun sürən alqışlar eşidildi. Sonra alqış səsləri fonunda “Gətir! Gətir!” şüarları səsləndi. Daha sonra yüksək səslə NİDA-nın himni oxundu.

Məhkəmə nəzarətçiləri səsin uzağa getməməsi üçün qapıları bağladı. Bir neçə dəqiqə sonra NİDA-çılar zala gətirildi.

Yenə alqış eşidildi. Bu dəfəki alqışlar həbsdəki NİDA-çı Bəxtiyar Quliyevin doğum günü təbriki idi.

“BU EYNƏKLİ OĞLAN”

Uzun müddətdir yolu gözlənilən şahid Anar Abbasov da məhkəməyə gəlib çıxa bilmişdi.
Şahid zala girəndə qəfəsdəki Zaur Qurbanlı ona “heç olmasa ömründə bir dəfə kişi ol, düzünü danış” deyə müraciət etdi. Hakim buna etirazını bildirəndə Zaur Qurbanlı “bu sadəcə bir təklifdir” deyə cavab verdi.

Məhkəmə başladı. İttihamçı tərəfin irəli sürdüyü şahid Anar Abbasov istintaqa verdiyi ifadəsini təsdiqlədiyini bildirdi. O, təqsirləndirilən 8 nəfərlə ötən ilin yanvarın sonu fevralın əvvəlində Axundov parkında tanış olub bir yerdə kafeyə getdiklərini dedi.

O, Zaur Qurbanlını göstərərək deyib ki, “bu eynəkli oğlan mənə dedi ki, boş vaxtın olanda gəl, biz bu kafedə oluruq. İndi əsgər ölümlərinə görə narahatıq. İstəyirik ki, mitinq edək, şüşənin içərisinə benzin töküb partladaq...”

Bu zaman dövlət ittihamçısı onun sözünə müdaxilə edərək “partladaq yox, yandıraq” deyib.
Şahid prokurorun suallarını cavablandırandan sonra vəkil Elton Quliyev məhkəməyə bir tələb irəli sürüb:

“Şahidin şəxsiyyət vəsiqəsi üzərində yoxdur. Biz necə bilək ki, bu həmin şahiddir, ya yox? Bunu məhkəmə müəyyən etməli idi, amma etməyib. Mən əmin olmaq istəyirəm ki, bu həmin adamdır. Hazırki vəziyyətdə onun şahid kimi dindirilməsi nə dərəcədə qanunidir?

“DE Kİ, XATIRLAMIRAM”

Hakim Elton Quliyevə etiraz edib və dindirilmənin davam etməli olduqlarını bildirib:

“On gündür bu şahidin gətirilməsinə çalışırıq. Zəhmət olmasa mahiyyəti üzrə suallarınızı verin məhkəməni davam edək. Biz kimlik məsələsini sonra dəqiqləşdirərik”.

Başqa bir vəkil həbsdəki NİDA-çıların hansıları ilə görüşməsi və kimlərin maska geyinməsi barədə sual verdi.

Şahid cavablandıra bilmədikdə prokurorun “de ki, xatırlamıram” deyərək istiqamət verməsi NİDA-çıların sərt narazılığına səbəb oldu:

Rəşadət Axundov: “Azərbaycan hakimiyyəti 22 ildir belə adamlar yaratmaq istəyir. Bu hakimiyyətin yarada bildiyi şah əsəri elə bu şahiddir. İnsanları belə zəlil gününə qoyurlar”.

Bəxtiyar Quliyev: “Siz burada bizimlə oyun oynayırsınız? Normal məhkəmə keçirin”.

Sonra prokurora və şahidə ağır sözlər ünvanladılar. Hakimlər yerində müşavirə keçirməli oldular. Müşavirədən sonra hakimlər məhkəmənin bu günlük təqsirləndirilən şəxslər olmadan davam etməsinə qərar verdilər və fasiləyə yollandılar.

Fasilədən sonra vəkil Elton Quliyev prosesdə iştirak edə bilməyəcəklərini deyib:

“Onlar bir ildir günahsız həbsdədir. Hamımız vəkillikdən, hakimlikdən, prokurorluqdan əvvəl insanıq. Onlardan birinin övladı olub, birinin ailəsində faciələr baş verib və onlar bu zaman ailələrinin yanında ola bilməyiblər. Onların hazırki davaranışları emosionallıqdan irəli gəlir. NİDA-çıların məhkəmədə iştirakları vacibdir”.

Vəkilin təqsirləndirilən şəxslərin geri qaytarılıb iclası davam etdirmək təklifinə cavab olaraq hakim qərarını dəyişməyəcəyini bildirib.

Məhkəmə fevralın 28-dək təxirə salınıb.
XS
SM
MD
LG