Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:00

Hökumət «Sovetski» sakinlərinin təkliflərinə cavab verdi


Martın 3-nü Sovetski sakinləri həyəcanla gözləyirdilər. Sökülən evlərə görə kompensasiyaların artırılması tələblərində hökumətdən məhz bu gün cavab gəlməli idi. Martın 3-də oldu belə bir görüş. AzadliqRadiosu baş verənləri canlı izləyirdi. Xəbərlər daim yeniləndiyindən günün əvvəlində olan hadisələr yazının sonunda, son hadisələr yuxarıda yerləşib. Mətnin içində canlı videoyazının təkrarına da baxmaq olar

RAZILIQ VERMƏYƏNLƏR ƏVVƏLKİ QAYDADA YAŞAMAĞA DAVAM EDƏ BİLƏRLƏR

Yasamal rayon İcra Hakimiyyətində rəsmilərlə keçmiş «Sovetski» sakinləri nümayəndələrinin görüşü davam edir.

Yasamal rayon icra başçısının birinci müavini Səməd İslamov Təşkilat Komitəsinin suallarına hökumətin cavablarını səsləndirib.

Bildirilib ki, bu ərazidəki torpaqlar dövlət ehtiyacları ilə bağlı qanunvericiliyə uyğun alınmır, çünki dövlət əhəmiyyətli yol çəkilmir, müdafiə və təhlükəsizlik baxımından önəm daşıyan obyekt tikilmir. Yasamal rayonunda yol infrastrukturunun genişləndirilməsini hədəfləyən tikinti üçün Mülki Məcəllənin 565-ci maddəsinə uyğun alqı-satqı aparılacaq. Buna görə də sakinlərdən mənzillərin könüllü alınması nəzərdə tutulub.

Mənzillərin bir kvadratmetrinə 3 min 500-4 min manat təklifinə gəlincə, hökumətin cavabında bildirilib ki, Mülki Məcəllənin 139.1 maddəsinə görə, satın alınması nəzərdə tutulan evlərin bir hissəsinin «kupça»sı olmasa da, sakinlərin uzun müddət yaşaması və ərazinin mərkəzə yaxınlığı diqqətə alınaraq Bakı Şəhər İcra Hakimiyyətinə bu mənzillərin sahiblərinə ödəniş verilməsi barədə tapşırıq verilib.

(Mətn videodan aşağıda davam edir)
O da diqqətə yetirilib ki, ərazidə yerləşən tikililərin böyük əksəriyyəti mövcud tikinti və yaşayış normalarına uyğun gəlmir, kommunikasiya sistemləri də yaxşı vəziyyətdə deyil. Son dövrlərdə müəyyənləşdirilib ki, daşınmaz əmlakın hər kvadratmetrinin dəyəri 1500 manatdan azdır. Buna baxmayaraq, sakinlərə bazar qiymətlərinə uyğun gələn 1500 manat təklif olunur. Yüz sakinin həmin vəsaiti bankdan götürdüyü, xeyli müraciətçinin obyektlərini həmin qiymətə satmağa razılaşdığı, sakinlərin təklif etdiyi 3 min 500-4 min manatın reallığa uyğun olmadığı bildirilib.

Hər ailəyə fərdi yanaşmaq təklifinə gəlincə, cavabda qeyd edilib ki, satınalma mənzil sahibləri ilə qarşılıqlı razılaşma əsasında gerçəkləşəcək. Razılaşma olarsa, məbləğ sakinlərin hesabına köçürüləcək və bu zaman mənzildə qeydiyyatda olanların sayı nəzərə alınmayacaq.

Söküntü zamanı divarların, soba yerlərinin və s. sahələrin də nəzərə alınması ilə bağlı bildirilib ki, məsələ Mülki Məcəllənin 59-cu maddəsinə görə tənzimlənir və sözügedən yerlər mənzil sahəsinə aid edilmir.

Satın alınarkən mənzillərin yerinə və təmirə fərdi yanaşmaqla bağlı təklifə də cavab verilib. Cavabda vurğulanıb ki, satın alınacaq obyektlər üçün təklif edilən 1500 manat müəyyənləşdirilərkən təmir də nəzərə alınıb.

Söküntü zamanı əhalinin məişətinə hər hansı təsir göstərilməməsi barədə təklifə cavab olaraq bildirilib ki, mülkiyyətçilərlə razılaşma əldə edilməli və kompensasiya ödənilməlidir. Söküntü işləri yalnız bundan sonra başlana bilər.

Sakinlərin şəhərin mərkəzində mənzillərlə təmin edilməsi təklifinə də müsbət cavab verilməyib. Bildirilib ki, torpaqlar dövlət ehtiyacı üçün alınmadığından mənzil sahibləri ilə münasibətləri Mülki Məcəllə tənzimləyir.

Mülki Məcəllənin 405-ci maddəsinə görə, tərəflər razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Razılıq verməyən sakinlər əvvəlki qaydada yaşamağa davam edə bilərlər.

Təşkilat Komitəsinin üzvləri ilə müzakirələr davam edir.
MƏCBURİ KÖÇÜRÜLMƏ OLMAYACAQ

«Biz kimisə evindən köçürtmək məqsədi güdmürük. Evlərini satmaq istəyənlərin evləri alınacaq».

Bunu Baş nazirin müavini Abid Şərifov deyib:

«Orada elə evlər var ki, nə pəncərəsi, nə qapısı var. Oradan çıxmaq istəyən çıxsın. 3-mərtəbəli villada yaşamaq istəyən yaşasın. Mən qısa müddətdə məhəllənin baş planını hazırlatdıracağam və bir çox suallara da bununla tam cavab verəcəyəm».

A.Şərifov məcburi köçürülmə olmayacağını vurğulayıb.

«SOVETSKİ» SAKİNLƏRİ YENİDƏN AKSİYAYA BAŞLADILAR

«Sovetski» sakinlərinin arxa məhəllələrdə pərakəndə etirazları davam edir.

Daha bir nəfəri polis saxlayıb.

Küçələrdəki adamlar evlərindən çıxmaq istəmədiklərini deyirlər. Deyiblər ki, təkliflərindən biri də evlərinin bərpa olunmasıdır: «Demirlər ki, bu evlərin görünüşü yaxşı deyil, onda bərpa edib, yaxşı görünüşə salsınlar».

Polislər isə arxa məhəllələrdə də əl-ələ tutub halqa yaradıblar.

Yasamal rayon İcra Hakimiyyətində isə rəsmilərlə sakinlərin nümayəndələri görüş davam edir.

***

«Sovetski» məhəlləsinin sakinləri deyib ki, polis etiraz edən 2 nəfəri saxlayıb:

«Biz onların buraxılmasını tələb edirik. Haqqını tələb edəni tutmalıdırlar?».

Sakinlər tutulanların buraxılmasını, Yasamal rayon İcra Hakimiyyətində keçirilən görüşün nəticələrini gözləyirlər.

Sakinlər deyir ki, «tutulan məhəllə uşaqlarını verin. Tutulanlar buraxılarsa, dağılışırıq, buraxmırlarsa, dağılışmayacağıq».

Polis camaata deyib ki, saxlananlar buraxılıb. Bundan sonra polis adamlardan ərazini boşaltmağı tələb edib.

***
Polis 173 saylı məktəbin qarşısına yığışmış «Sovetski» sakinlərini ərazidən uzaqlaşdırıb. Saat 16:00-da Yasamal rayon İcra Hakimiyyətində sakinlərin nümayəndələri ilə rəsmilərin görüşü olacaq.

***

«Sovetski»də aksiya - 3 mart 2014
«Sovetski»də aksiya - 3 mart 2014
Polis bir neçə dəfə etiraz edən sakinlərdən dağılışmağı tələb edib. Adamlar deyib ki, «bizə təzyiq göstərməyin. Lazım olsa, keçən dəfəkindən qat-qat çox adam yığışacaq».

Polis daha bir neçə dəfə dağılışmağı tələb edib. Bundan sonra adamlar dağılışmağa qərar veriblər.

***

Polis deyir ki, «kifayət qədər danışdınız. Bizi məcbur etməyin. Heç kim bura yığışmasın... Qarşıdurma yaratmağa ehtiyac yoxdur. Hamınıza cavab veriləcək. Sizin nümayəndələrinizə məlumat veriləcək».

Camaat da deyir ki, «bura Azadlıq meydanıdır ki, bizi qovursunuz?».

***

Polis sakinlərdən 173 saylı məktəbin qarşısından getməyi tələb edir.

Camaat deyir ki, «dağılışmayacağıq. Qoy «Sovetski»dəki 55 min adamı öldürsünlər, sonra söksünlər. Səsimizi prezident eşitsin. Biz haqqımızı tələb edirik. Pulumuzu istəyirik, evimizi alırlarsa, ev versinlər».

***

173 saylı məktəbin qarşısına yığışan adamlar deyir ki, «bizim siyasətlə işimiz yoxdur, biz ancaq ev istəyirik. Bura bu qədər polisin tökülməsi düz deyil. Səsimizə prezident səs versin. Biz prezidenti seçmişik ki, dərdimizə yansın. Qiymət bizi razı salmır. Bizə deyirlər ki, evləri siçan yuvasına, quşxanaya oxşayır. Öz evimizdir, bizə xoşdur».

Polislər qol-qola girib sakinlərin toplaşmasına imkan vermir.

***

173 saylı məktəbin qarşısına polislər yığışıb. Yol polisi yolu boşaldır. Ərazidə yol patrul və post patrul xidmətlərinin maşınları gözə dəyir.

***

Etiraz edən sakinlərdən biri Əflatun Mehdiyev AzadlıqRadiosuna deyib ki, hökumətin təklif etdiyi 1500 manatla o, ev ala bilməyəcək:

«60 min manata mən nə ala bilərəm? Bəlkə prezidentə başqa informasiya verirlər?».

Başqa bir sakin isə deyib ki, «bizi yerimizdən-yurdumuzdan edirlər. Harada yaşayaq? Elə pul versinlər ki, ev ala bilək, ya da şəhərdə tikilən evlərdən versin. Milisi niyə tökmüsünüz bura, qol gücünüzü bizə göstərirsiniz? Ya biz burda ölərik, ya da evimiz tələb edərik. Qəddafini gözünüzün qabağına gətirin».

Bir başqa məhəllə sakini: «Prezident dedi məni seçin yaxşı olacaq, bizdə seçdik. Belə yaxşı oldu, belə yaxşılıq etdi bizə? Qoyun sürüsü kimi tökürlər bizi küçələrə. Fikir azadlığı varsa, niyə bizə azad söz deməyə imkan vermirlər?».

***

Polis adamları uzaqlaşdırır. Əraziyə yığışan qadınlardan biri etirazçıları Prezident Administrasiyasının qarşısına getməyə çağırıb:

«Gəlin Prezident Aparatına gedək. Heydər Əliyev sağ olsaydı, belə şeylər olmazdı».

***

Martın 3-də Yasamal rayon İcra Hakimiyyətində Bakının «Sovetski» məhəlləsi sakinlərinin bir qrupu ilə görüş keçiriləcək.

Məhəllədə isə çoxlu polis var. Onlar etiraz edən sakinləri ərazidən uzaqlaşdırmağa çalışır.

Camaat deyir ki, hökumətin bir kvadratmetrə görə təklif etdiyi 1500 manat onları qane etmir.
XS
SM
MD
LG