Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:46

Nobel mükafatına namizəd yazıçı Əkrəm Əylisli ilə söhbət [Video]


-


Yazıçı Əkrəm Əylislinin Nobel mükafatına namizədliyi irəli sürülüb. «İşdən sonra» verilişində Əkrəm Əylisli bu barədə danışıb:

«Mən bu müraciətin kütləvi informasiya vasitələrinə haradan və necə sızdığını bilmirəm. Müraciətə imza atanlardan yalnız birini – Andrei Bitov-u şəxsən tanıyıram. Bilirəm ki, Andrei Bitov ötən əsrin 60-cı illərindən bəri dünyanın ədəbi dairələrində öz əqidəsi və istedadı ilə tanınan böyük rus yazıçısıdır. Azərbaycan ədəbi mühitində də onu tanıyanlar az deyil. Müraciətə imza atan digər 13 nəfər alim və ictimai xadimin heç birini şəxsən tanımıram. Ancaq onların elmi və ictimai fəaliyyətinə qismən bələdəm. Ancaq biz bu müzakirəni tez başlamışıq. Çünki bu təqdimat hələ Nobel mükafatını almaq deyil...».

«MƏNİM ƏSƏRİM DƏRK OLUNMAYIB»

««Daş yuxular» romanına humanizm mövqeyindən yanaşmaq lazımdır. Dünyada xeyli adam yazıçının missiyasını onun özü kimi dərk edə bilirsə və buna eyni münasibətlə yanaşırsa, bu, müsbət hadisədir. Ədəbiyyatda yeni ab-hava yaradan əsərlər heç vaxt mübahisəsiz qəbul olunmur. Düşünürəm ki, mənim əsərim dərk olunmayıb. Bu əsərə bədii cəhətdən əhəmiyyətsiz kimi yanaşmaq insafdan deyil...».

«XALQIMI SEVİRƏM, XALQIMA İNANIRAM»

«Mən bu əsəri içimin, ürəyimin qanı ilə yazmışam. Bu əsər mənim varlığıma nənəmin, babamın, dayımın danışdıqlarından hopub. Uşaq təfəkkürünə tez həkk olunur hər şey. Mən bu hadisələri uydurmamışam. Əsərə sənədli yazı kimi də yanaşmaq olar. Çünki bu hadisələri mənə danışıblar. Eşitmişəm, duymuşam. Mən fəxr edirəm ki, mənim xalqımın içində elə insanlar var ki, hər kəsin fəlakətinə fəlakət kimi yanaşır, hər kəsin ağrısını öz ağrısı kimi qəbul edir. Qorxmamaq üçün sevmək lazımdır. Mən bu hədələrdən ona görə qorxmadım ki, xalqımı sevirəm, xalqıma inanıram. Belə olmasaydı, məni çox tez fikrimdən döndərmək olardı...».

«ƏN PİS SÜLH ƏN YAXŞI MÜHARİBƏDƏN ÜSTÜNDÜR»

«Bu əsərin bizim konfliktin mülayimləşməsinə ciddi təsiri oldu. Əsərlə bağlı bir erməni rəy yazmışdı ki, bilsəydik Azərbaycanda erməni xalqına belə münasibət də var, biz heç Dağlıq Qarabağı istəməzdik. Bədii əsərin təsiri birdən-birə üzə çıxmır. Bədii əsəri bədii əsər kimi oxumaq lazımdır. Əsərdə baş verənlər bütün vəhşilikləri gözü ilə görən, varlığında uşaq təmizliyi olan bir insanın gördükləridir. Bunu mənim adıma yazmaq da doğru deyil. Mənim baş qəhrəmanla oxşar cəhətlərim ola bilər. Ancaq bədii əsərin qəhrəmanının düşündüklərini bütövlükdə yazıçının adına yazmaq olmaz. Bu, ədəbiyyatın qanunu deyil. Yazıçı iki xalqı bir-birinə düşmən edən siyasətlə barışa bilməz. Mən bir dəfə parlamentdə də bu fikri səsləndirmişəm ki, ən pis sülh ən yaxşı müharibədən üstündür...».
XS
SM
MD
LG