Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:22

Putin Krım tatarlarının liderini öz tərəfinə çəkə bilmədi


Mustafa Cəmilev. Arxiv fotosu
Mustafa Cəmilev. Arxiv fotosu
Martın 12-də Moskvada Rusiya prezidenti Vladimir Putinin Krım tatarlarının lideri Mustafa Cəmilovla yarım saat davam edən söhbəti olub. Bu söhbətdə Tatarıstanın keçmiş prezidenti Mintimer Shaymiyev vasitəçi olub.

Mustafa Cəmilovun Turan-a müsahibəsindən belə bir nəticə çıxarmaq olar ki, Putin Krım tatarları liderinin dəstəyini qazanmaq və onu Krımın Rusiya tərəfindən qəsb edilməsini dəstəkləməyə razı salmaq istəyib.

“Əvvəlcə Tatarıstanın keçmiş prezidenti Shaymiyevlə görüşdüm. Krımda və Ukraynada hazırki vəziyyət haqqında fikir mübadiləsi apardıq, tatar əhalinin vəziyyəti haqqında danışdıq”, Cəmilov deyib.

“Shaymiyev Rusiya hərbiçilərinin addımları və Krımdan çıxarılması haqqında sualları cavablandıra bilməyib, amma deyib ki, Rusiya prezidenti mənimlə danışmaq istərdi”, deyə Cəmilov daha sonra bildirib.

O qeyd edib ki, əvvəlcə Ukrayna rəhbərliyinin bu görüş üçün icazəsini almalıdır və yalnız baş nazir Yatsenyukun razılığını aldıqdan sonra Putinlə söhbət baş tutub.

“Yarım saat ərzində Putin mənim baş verənlər haqqında fikrimi dinlədi və öz fikrini ifadə etdi. Krımda baş verənlərlə bağlı qiymətləndirmələrimiz bir-birindən fərqli idi. Lakin qan tökülməməsi fikrində ortaq idik. Putin tatarların münaqişəyə müdaxilə etməməsini və təxribatlara uymamasını xahiş etdi. Mən dedim ki, tatarlar əllərindən gələni edəcəklər, lakin hər şey bizdən asılı deyil və qarşıdurmalar başlayarsa, vəziyyətin qarşısını almaq mümkün olmayacaq və bütün tərəflər münaqişəyə cəlb ediləcək”, deyə Cəmilov qeyd edib.

O, Rusiya qoşunlarının Krımdan çıxarılması və Ukraynanın ərazi bütövlüyünə riayət edilməsi zərurətini vurğulayıb.

Cæmilov deyir: “Biz Krımın muxtariyyətinin artırılması ideyasını dəstəkləyirik, amma yarımadanın ayrılmasına və başqa dövlətə verilməsinə qətiyyətlə qarşıyıq. Putin mənimlə razılaşmayıb və referendumun nəticəsini gözləməyi təklif edib. Lakin biz bu referendumu qanunsuz hesab edirik və onun nəticələri əvvəlcədən aydındır. Bu mənada Rusiyanın siyasəti tamamilə aydındır”.

* Cəmilov Krım tatarlarının hüquqlarını müdafiə etdiyi üçün 15 ilini sovet həbsxanalarında keçirib. O, tatarların Krıma qayıtması hərəkatının təşkilatçılarındandır. 2013-cü ilə qədər Krım-tatar xalqının məclis başqanı olub. Hazırda Cəmilov Ukrayna Ali Radasının üzvü və Krımın tatar əhalisinin və bütün Ukraynanın ən hörmətli və nüfuzlu nümayəndələrindən biridir.
XS
SM
MD
LG