Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:21

Böyük alimin itən əsərləri, axır ki, nəşr olundu...


«Azərbaycan jurnalistləri və naşirləri»
«Azərbaycan jurnalistləri və naşirləri»
-
««XIX-XX əsr Azərbaycan jurnalistləri və naşirləri» ensiklopediyası bir elmi tədqiqat institutunun, yaxud müəlliflər kollektivinin görə biləcəyi əzəmətli iş olsa da... Əziz Mirəhmədov bu işi təkbaşına görmüşdü».

Bu sözlər ünlü araşdırıcı Əziz Mirəhmədovun «Azərbaycan jurnalistləri və naşirləri» ensiklopediyasının annotasiyasından götürülüb.

ENSİKLOPEDİYADA 500-DƏK MƏTBUAT İŞÇİSİ BARƏDƏ BİLGİ VAR

Yeni nəşr əməkdar elm xadimi professor Əziz Mirəhmədovun 1940-cı illərdən 2000-ci ilədək sürən aramsız araşdırmalarının məhsuludur.

Kitabda 500-dək yazıçı, jurnalist və naşirin müxtəlif mətbuat orqanlarında, mətbəə və nəşriyyatlarda keçən ömür yolu əksini tapıb.

Əziz Mirəhmədov bu mövzunu 1940-cı illərdə doktorluq işi kimi başlasa da, mətbuat tarixində yer alan nəşrlərin sovet ideologiyasının tələblərinə cavab verməməsi səbəbindən bu işdən əl çəkməli olub.

BİRİNCİ İTKİ…

Əziz müəllim daha sonra böyük ziyalılar ordusunu unudulmaqdan qorumaq məqsədilə ensiklopedik lüğət hazırlamaq fikrinə düşüb və bu lüğətin üzərində 40 ildən çox çalışıb, çünki «..xalqın şərəfli tarixini mətbuatsız layiqincə öyrənib işıqlandırmaq mümkün deyil».

1980-ci illərin ortalarında Əziz Mirəhmədov lüğəti tamamlayıb nəşriyyata verib. Ancaq nəşriyyatda ona yeganə makina nüsxəsinin itdiyini deyirlər...

ƏZİZ MÜƏLLİM HƏR ŞEYİ TƏZƏDƏN YAZIR!

Əziz müəllim bu nəhəng işin itməsindən sarsılsa da, təslim olmur. Arxivini araşdırıb hər şeyi təzədən yazır. Üstəlik, artıq müstəqillik qazanmış ölkə vətəndaşı kimi yazır.

Gələcək kitabı köhnə qəliblərdən təmizləyir və kitabdakı mətbuat işçilərinin sayını 300-dən 500-ə çatdırır. Nəticədə, daha mükəmməl bir ensiklopedik toplu alınır.

ÖLÜM…İKİNCİ İTKİ

Amma bu nəşrin çapını görmək görkəmli alimə qismət olmur. Əziz müəllim xəstələnir və dünyadan köçür...

Bu azmış kimi ailəsinə xəbər gəlir ki, nəşriyyat bu əlyazmanı da itirib.
Əziz Mirəhmədov
Əziz Mirəhmədov

İTƏNLƏR ARASINDA DAHA İKİ ƏSƏRİN MAKİNA NÜSXƏSİ VARDI

Əhatəli müqəddimə ilə nəşrə verdiyi 14 çap vərəqi həcmində «Əhməd bəy Ağaoğlu» monoqrafiyası, Məhəmməd Hadinin «Seçilmiş əsərləri»nin ilk dəfə toplanmış 800 səhifəlik ikinci cildinin makina nüsxəsi də «itənlər» arasında idi...

«MAKİNA NÜSXƏLƏRİNİ OĞURLAYIBLAR!»

Kitaba müqəddimə yazan filologiya doktoru Dilarə Mirəhmədova-Əlizadənin (Əziz müəllimin qızı) fikrincə, bu, həmin kitablara göz dikən və müəyyən vaxtdan sonra onları öz adına çap etdirmək istəyən plagiatçıların işidir.

ATANIN BAŞ TUTMAYAN ARZUSUNU QIZI GERÇƏKLƏŞDİRDİ

Dilarə xanım «itən» makina nüsxələrinin hər ikisinin tədqiqatçının arxivində qalmış yarımçıq mətnini nəşr etdirməklə bəd əməlin qarşısını almaq fikrinə düşür və bu istəyini gerçəkləşdirir.

Onun yazdığına görə, «Azərbaycan jurnalistləri və naşirləri» ensiklopediyasının indiki variantı «itmiş» nüsxənin yarısından da azdır…

«Əhməd bəy Ağaoğlu» monoqrafiyasının isə çox hissəsi arxivdə qorunubmuş.

İKİ KİTAB EYNİ GÜNDƏ TƏQDİM OLUNDU

Martın 14-də Beynəlxalq Mətbuat Mərkəzində həmin iki natamam kitabın – «Azərbaycan jurnalistləri və naşirləri» ensiklopediyasının və «Əhməd bəy Ağaoğlu» monoqrafiyasının təqdimat mərasimi keçirildi.

ƏZİZ MÜƏLLİMİN ƏZİZ XATİRƏSİNƏ...

Xatırladaq ki, ünlü araşdırıcı Əziz Mirəhmədov 1920-ci ildə Bakıda doğulub.

Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. Bir müddət Bakı məktəblərində müəllimlik edib.

Azərbaycan Dövlət Universitetinin(indiki BDU-nun) Azərbaycan ədəbiyyatı kafedrasında müəllim çalışıb.

O, ünlü şair Bəxtiyar Vahabzadənin müəllimi olub.

Daha sonra onu Nizami adına Ədəbiyyat İnstitutuna dəvət ediblər.

Əziz Mirəhmədovun doktorluq işi «Cəlil Məmmədquluzadə və XX əsrin əvvəllərində Azərbaycan mətbuatının inkişaf mərhələləri» olub.

80-ci illərdə onun Mirzə Cəlilə həsr edilmiş fundamental əsəri - «Azərbaycan Molla Nəsrəddini» araşdırması çapdan çıxıb.

Onun 18 kitabı, 500-dən çox elmi məqaləsi var.

1980-ci ildən AMEA-nın müxbir üzvü idi.

O, ömrünün sonunadək «Molla Nəsrəddin» jurnalının 25 illik nömrələrinin transliterasiyası, 12 cilddə çapa hazırlanması və birinci cildin nəşr edilməsi işini də başa çatdırıb.

Əziz Mirəhmədov 2002-ci ildə Bakıda həyata göz yumub.
XS
SM
MD
LG