Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:36

Qaraqan Vergilər Nazirliyinə: «Qanun»a qarşı sərt olmayın!


Elxan Qaraqan
Elxan Qaraqan
-
Yazıçı, repçi Elxan Qaraqandan Vergilər Nazirliyinin 150 min manat cərimələdiyi “Qanun” nəşriyyatına dəstək gəldi.

Nəşriyyatdan "Oxu zalı"na verilən məlumata görə, Qaraqan dəstəyini aşağıdakı açıqlama ilə ifadə edib:

- Bilirəm Qanun qarşısında hər kəs bərabərdir. Hüquq, konstitutsiya cəmiyyətin yaşaması üçün ən vacib məhfumlardandır. Məhkəmələr kənardan nə qədər sərt görünsələr də əslində xoş mərama xidmət edir, ədaləti bərqərar edirlər. Və ədalətli olmaq üçün bir çox halda soyuqqanlı olub emosiyasız hərəkət etmək lazımdır.

Bizim cinayət məcəlləsində bütün qanun pozuntuları ilə bağlı “nə etmək lazımdı”, “necə etmək lazımdır”, hamısı yazılıb və hakimlər də bundan nəticə çıxarıb qərar verirlər. Amma bizdə olduğu kimi bütün inkişaf etmiş ölkələrdə də görkəmli hüquqşünaslar anlayıblar ki, qanunlarımız nə qədər dəqiq olsa da yenə də insan faktoru nəzərə alınmalıdır.

Elə məhz bu faktora görə hər bir hakimə bütün şikayət və tərifləri dinlədikdən sonra yenə də qərara gələrkən öz vicdanı və iradəsi ilə hərəkət etmək hüququ verilir. Məsələn, heç bir halda yaralı leytenantın qanaxmasını kəsmək üçün onun formasını cırıb sarğı düzəldən və leytenantı xilas edən əsgərə “Özündən rütbəcə böyük hərbçinin formasını cıraraq onun şərəf və ləyaqətini tapdaladın” deyib cəzalandırmaq olmaz. Yerə yıxılıb huşunu itirən qadının üzünə su töküb şillə vurduğuna görə səni zorlamada günahlandıra bilməzlər. Ya da bir şairə “yansın dağlar, silkələnsin göylər” misrasına görə sən terrorçusan və partlayış etmək istəyirsən deməzlər.

"Qanun" nəşriyyatı heç bir leytenantı xilas etməyib və huşunu itirmiş qadını özünə gətirməyib. Görməmişik, deyə bilmərik.

Amma minlərlə kitab oxuyan Azərbaycan gəncinin həyatında bəlkə də daha vacib dəyişikliklərə səbəb olub. Onun ölkəyə qazandıracağı pulları heç vaxt dəqiq hesablaya bilməyəcəyik. Nə qədər təhsil ocağının vermədiyi bilikləri gənclərə bəxş etdiyini də sayıb qurtarmaq olmaz. Vergilər Nazirliyindən bu insani faktoru nəzərə almalarını xahiş edirəm.

Bir ölkə üçün vergilər çox vacibdir, bu, dövlətin iqtisadi gücünü möhkəmləndirir. Amma digər vergilər də var. Istedadlı adamlar, yazarlar, rəssamlar, bəstəkarlar və alimlər, şairlər və sənətkarlar – bu da tanrının vergisidir. Gəlin bu vergiləri də toplayaq və qoruyaq. "Qanun" nəşriyyatı da elə uzun illər bu missiyaya xidmət etməkdədir. İnsanları maarifləndirir və istedadları ölkələrinə bağlayır.

Bir də xahiş edirəm, qərarlarınızda çox sərt olmayın.
XS
SM
MD
LG