Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:49

Azad Yaşar. Tənqidçi S.Hüseynli Rasimə irad tutur ki...


Azad Yaşar
Azad Yaşar
-

...Eyni məntiqlə Lev Tolstoydan da soruşmaq olardı ki, qağa, sən 1828-ci ildə doğulmusansa, nə haqla 1812-ci il savaşı barədə o boydana «Hərb və sülh» adlı sicilləmə yazmısan?!

Əslində əsərin kompozisiyası bunun suçunu Rasimin yox, gündəlik sahibi Kamil Dadaşovun ayağına yazmamıza imkan verir, çünki adamın hətta öz həyatı ilə bağlı intim və ya real detalları tam dəqiqliyi ilə, həm də 20 il sonra xatırlaması qəliz məsələdir.

...R.Qaraca «On bir gecə»də anlaşılmaz və absurd cümlələr də işlədir...


Azad Yaşar bu məqaləsi ilə yazıçı Rasim Qaracanın “On bir gecə” romanının “Oxu zalı”nda başlanan müzakirəsinə qoşulur.


Azad Yaşar


«ON BİR GECƏ» BARƏDƏ DÜŞÜNDÜKLƏRİM


Azadlıq Radiosunun şair Rasim Qaracanın «On bir gecə» əsəri üzrə açdığı müzakirədə diqqətimi çəkən bir məqam tənqidçilərin yox, onların yazılarına şərh verənlərdən birinin aşağıdakı fikirləri oldu:

«Dolu» romanı göstərir ki, bu xalq kimdir, nə qədər şəhid verib, Pələng kimi oğullar ölüb. Qaracalar isə o döyüş dönəmlərində ya daş-kəsək arxasında gizlənib, ya da Rusyetdə. İndi bunlar Qarabağ haqqında roman yazır. Kim verib sənə bu haqqı?»

Əvvəla, hansısa müharibə haqda bədii və ya sənədli əsər yazanların hamısının həmin savaşın veteranı olması şərtini qoymaq dünya praktikasında ən absurd şərtdir hər halda.

Eyni məntiqlə Lev Tolstoydan da soruşmaq olardı ki, qağa, sən 1828-ci ildə doğulmusansa, nə haqla 1812-ci il savaşı barədə o boydana «Hərb və sülh» adlı sicilləmə yazmısan?! Axı, o müharibə gedəndə sənin heç «qaralaman» da yox idi dünyada?!

Tarixi şəxsiyyətlər və hadisələr, xüsusilə də müharibə və inqilablar onların pərdəarxası məqamlarının təqdimi, gerçək məğziylə bağlı məlum və naməlum faktların saf-çürük edilməsi baxımından ən azı 20-30 il bəkləmə dövrü tələb edir. Təsadüfi deyil ki, hökumətlər də hər hansı tarixi olayla bağlı sirrlərini açmazdan öncə 30 illiyə susmağı üstün tuturlar…


Tanınmış yazar Aqil Abbasın «Dolu» romanının motivləri əsasında rejissor Elxan Cəfərovun çəkdiyi eyniadlı bədii filmdə də tərs xronologiya («keçmişə baxış» və ya «indidən keçmişə») üsulu seçilib.

Həmin ekran əsərində də son döyüşdən təkcə bir nəfər (batalyon komandiri) diri çıxır və vaxtilə baş verən hadisələr bizə bir növ onun şahidliyi ilə çatdırılır.

«Dolu» filminin əsas qəhrəmanlarından sütül cavan Pələngin son nəfəsdə nisbətən yaşlı döyüş yoldaşı Drakona etirafı da tarix boyu qanlı savaşlarda nakam ölən gənclərin nisgili və etirazı kimi səslənir: «Drakon, mən heç qadın üzü görmədim».

«On bir gecə»dəki «Poxludərədə öpüşmə» hekayəti də buna bənzər etirafla başlanır: «Bəri başdan deyim, mənim heç vaxt heç bir qadınla yaxınlığım olmayıb» (səh.42).
Milli mentalitet, ədəb-əxlaq keşikçilərimiz yeri gələndə filmdəki bu tək və bir cümləlik etirafı ssenarist Aqil Abbasa irad tutmaqdan çəkindikləri halda, bunu bir cavanın nakamlığına bağışladıqları halda, R.Qaracanın Qarabağ savaşı iştirakçılarından 10-u (!) barədə oxşar təfərrüatları, həm də tək cümlə ilə yox, ayrı-ayrı əhvalatlar şəklində təqdim etməsini, yəni bir növ bu misalı postmodernistcəsinə tirajlamasını görəsən niyə ona heç cür bağışlamırlar?!

O ki qaldı Rasimin çörəkpulu dalınca Rusiyaya getməsinə, mən Allah şahidiyəm ki, bu hadisə 1994-cü ildə olub, onda artıq qarşı tərəflə atəşkəs barədə ilkin razılıq əldə olunmuşdu, may ayında da Bişkek sazişi imzalandı. Yəni məktəb və məhəllə dostları, yaşıdları kimi, bir vətənpərvər kimi Rasimin də savaşa getmə ehtimalı xeyli yüksək idi, sadəcə yaşı 30-u ötdüyündən və iki övlad atası olduğundan bəlkə də buna gərək duyulmurdu.

Eyni küçədə böyüsək də, təxminən 26 yaşımdan sonra Rasimi yaxından tanımışam. Qarabağ savaşında iştirak edən yaşıdlarımız hər dəfə məzuniyyətə, evə gələndə onların cəbhə xatirələrinə birlikdə və maraqla qulaq asmışıq. Təsadüfi deyil ki, «On bir gecə» əsərindəki ayrı-ayrı detallar, adam və yer adları da mənə həmin dövrü xatırlatdı. Həmin dost-tanışlarımızın çoxusu savaş bitəndən sonra (yenə də çörəkpulu ardınca!) Rusiyaya yollandı. Bəlkə Rasimi Rusyetə getməkdə suçlayanlar indi durub onları da töhmətləndirələr ki, niyə qürbətə üz tutublar?!

Ona görə də indi bilən də danışır, bilməyən də. Kimsə Qarabağda həqiqətən vuruşubsa (hələ necə vuruşduğu ayrıca araşdırma mövzusudur, çünki indi döşünə döyənlərin arasında vaxtilə mətbəxdə kartofsoyan da ola bilər, əsirlərin, meyitlərin dəyiş-düyüşündəki dəllal da!), ona hamımızın dərin hörməti var, çünki bu insanlar ən azından Vətən uğrunda canlarını aşkar riskə atıblar. Şəxsən mən sizə iki Qarabağ əlili göstərərəm ki, son 20 ildə ciblərindəki vəsiqədən, imtiyazlarından yararlanaraq, hər il onlarla insanı «işini düzəltmək» adıyla aldadıb, pullarını alır, sonra ya izlərini itirir, ya da bəzi məmurlardan daha betər şəkildə süründürməçiliklə uğraşırlar…

Keçək müzakirə mövzusuna. Əsərdəki hekayətləri son döyüşdən sağ çıxan yeganə şəxsin danışması Vətən uğrunda ölənlərin ruhlarının və xatirələrinin yaşamasını, ölümsüzlüyünü, həyatın isə, hər şeyə rəğmən, davam etdiyinə işarədir. 10 hekayətin hamısının eyni təhkiyə və oxşar dillə təsviri isə müəllifə irad tutula bilməz, çünki bunları bizim üçün nağıl edən, yazan adam bircə nəfərdir, buna görə də fərqli əsgərlərin anlatımları məcburən ortaq məxrəcə gətirilib, eyni üsluba salınıb. Hekayətlərin ilkin mənbələri sayılan qaynaq şəxslər isə o biri dünyadadır.

Bu hekayətlər savaş qazisinin öz döyüş dostları ilə bağlı bir növ şahid ifadələrini xatırladır. Unutmayaq ki, o, 10 hekayətdən yalnız birini özü danışır, qalan 9 hekayəti isə başqalarından, yəni səngər yoldaşlarından eşidib. Yəni vaxtilə onlardan nə eşidibsə, necə eşidibsə, onu bizə çatdırır, hələ üstəlik, eşitdiklərindən də yadında nə qalıbsa, onu danışa, yaza bilir. Həmin döyüşdən azı 20 il ötüb, yaddaşda müəyyən silinmələrin, təhriflərin olması normal haldır. Əksinə, döyüşçü Kamil Dadaşovun iki onillikdən sonra başqalarının həyatı ilə bağlı təfərrüatları bunca dəqiqliklə təsvir etməsi və ya xatırlaması təəccüblüdür.
Rasim Qaraca
Rasim Qaraca


Tənqidçi S.Hüseynli Rasimə irad tutur ki, «burada belə yazır, bir qədər sonra buna zidd şey yazır». Əslində əsərin kompozisiyası bunun suçunu Rasimin yox, gündəlik sahibi Kamil Dadaşovun ayağına yazmamıza imkan verir, çünki adamın hətta öz həyatı ilə bağlı intim və ya real detalları tam dəqiqliyi ilə, həm də 20 il sonra xatırlaması qəliz məsələdir, onda qala öz döyüş yoldaşlarının sabahkı döyüşdən sağ çıxıb-çıxmayacaqlarından əmin olmadıqları, sarsıntı və təlaşlarla dolu bir gecə boyu danışdıqlarını yaddaşında dəqiq qoruyub saxlaması…

İnsanların cinsi təmaslarını yüksək bədii səviyyədə, damarda axan qanı qızışdıracaq şəkildə təsvir etmək adətən yazardan xüsusi ustalıq tələb edib və edir. Amerikada ədəbi əsərlərdə intim səhnələrin təsvirində yol verilən naşılığa görə xüsusi mükafat da var və hər il öz sahiblərini tapır. Ən tanınmış qələm adamları da erotik mövzuda yazarkən çətinlik çəkdiklərini, bu sahədə hər hansı yenilik edə bilmədiklərini ya etiraf edirlər, ya da bu işdə sən deyən dərinə getmirlər.

Azərbaycan nəsrində erotik mətn yaradıcılığı hazırda rüşeym səviyyəsində olduğundan Rasimə bu işdə ehtiyatlı davranmağı, oxucularla intim məqamları paylaşarkən iyrənc, ürəkbulandırıcı söz və ifadələrdən uzaq durmağı məsləhət görərdim. Misallara baxaq:

səh.78-79 «…kişi qadının içərisinə işəməli və bundan da uşaq əmələ gəlməli idi».

səh.36 «…dəlicəsinə öpüşürdü, üzümü yalayıb tamamən tüpürcəyə bulaşdırmışdı».
Əsərdə oxuduğumuz erotik səhnələr bugünkü həyat tərzimizlə, açıq-saçıq videoların, mətnlərin əlyetənliyi ilə müqayisədə nisbətən dayaz, bəsit və doyumsuz görünə bilər, ancaq bu da müəllifə nöqsan tutula bilməz, çünki həmin illərdə insanlar və bütövlükdə cəmiyyət indikiylə müqayisədə daha bakir(ə), daha abırlı idi, cinsi həyata başlama yaşı xeyli aşağı idi, insest halları daha az idi, ölkədə rəsmi nikahdan kənar və ya dini nikahda doğulan uşaqların sayı 30 min nəfərə (bir şəhərin əhalisinə!) çatmırdı.
Hətta 1990-cı illərin əvvəllərində SSRİ ilə ABŞ arasında tanınmış jurnalist Vladimir Poznerin təşkil etdiyi telekörpülərdən birində rus qadın səmimi etiraf etmişdi ki, «Sovet İttifaqında seks yox idi!»

«On bir gecə»də on şəhidin intim təcrübə barədə hekayətləri bir qazinin gündəliyi əsasında oxucuya təqdim edilsə də, romanın ikinci (yedək) adı kimi «Qarabağ Dekameronu» seçilib.
"Dekameron"a illüstrasiya
"Dekameron"a illüstrasiya

«Dekameron» - dünya novellistika sənətinin parlaq incisidir, bütün məlum novella ustaları oradakı hekayətlərdən ustalıq sirrlərini öyrəndiklərini zaman-zaman etiraf ediblər.

1313-1375-ci illərdə yaşayıb-yaratmış italyan və dünya ədəbiyyatının klassiki Covanni Bokkaçço 1350-1353-cü illərdə qələmə aldığı bu əsərdə orta əsrlərin asketik xristian əxlaqına böyük zərbə vurduğundan sağlığında xeyli hücuma məruz qalmışdı. Kilsə onun barəsində «kafir» hökmü çıxarır, gərgin tərəddüdlər içində çapalayan yazar özünün sonuncu və ən cürətli əsəri sayılan «Dekameron»u yandırmaq həddinə qədər gətirilir, lakin xoşbəxtlikdən yaşca böyük qələm dostu, italyan ədəbiyyatının klassiki Françesko Petrarka (1304-1374) qahmar çıxaraq, onu bu fikrindən daşındırır.

Məlum olduğu kimi, Bokkaççonun «Dekameron»u on gün boyu danışılan əyləncəli hekayətlər toplusudur, əsərin adı da elə buna görə «10 gün» (yunanca «Deximeron») mənasına gəlir. Əsərdə 1348-ci ildə Florensiyanı bürüyərək, minlərlə insanın həyatına son qoyan vəbadan qurtulmaqdan ötrü 7 xanım və 3 cavan oğlan şəhər ətrafındakı malikanəyə yollanır, epidemiyanın səngiməsini orada gözləyir, o ara şəhər əhlinin yaşadığı dərin sarsıntını veclərinə almadan deyir-gülür, mahnılar oxuyur, rəqs edir və bildikləri ən şux, məzəli əhvalatları bir-birlərinə anlatmaqla vaxt keçirirlər.

«Dekameron» əsəri sırf qadın oxucuların başlarını qatmaq və qayğısız vaxt keçirmələri üçün yazılsa da, onda rahiblərin nikahdan imtinasına qarşı etirazlar, habelə qadınların qarşılıqlı sevgi əsasında nikaha girməsini və sevginin insanı insan edən bir nemət olduğunu təsdiqləyən humanist ideyalar da öz əksini tapıbdır.

Rasim Qaracanın öz əsərini «Dekameron»un dekonstruksiyası kimi təqdim etməsinə rəğmən, onu «On bir gecə» adlandırması oxucularda bir az çaşqınlıq yaradır. Əslində bu əsər «On birinci gecə» adlanmalıydı, çünki «Dekameron»dan fərqli olaraq, burada əhvalatlar 10 gün (və ya 11 gecə!) boyu deyil, bircə gecədə, həm də 9 vətənpərvərin öləcəyi döyüşdən qabaqkı, sonuncu və 11-ci gecədə danışılır.

Məşhur «Dekameron» əsəri barədə bu detalların təqdimindən məqsədim – «On bir gecə»nin də məhz novellalar (hekayətlər) toplusu olduğunu, roman janrının tələblərinə tam mənada uymadığını göstərməkdir. Əsərdə hekayətləri verilən qəhrəmanların bir-biriylə qarşılıqlı münasibəti, hər hansı siyasi, iqtisadi, mənəvi ideya uğrunda mübarizəsi, bir-birinə bəslədiyi bağlılıq və hisslər (rəğbət, nifrət, laqeydlik və s.), mənafelərin toqquşması, onların qısa və ya uzun zaman dilimində birgə keçdikləri həyat yolu, rastlaşdıqları keşməkeşlər, xarakterlərin hərtərəfli açılması və zamanla dəyişməsi təsvir olunmur. Hətta hər hansı hekayətdə digər döyüşçü ilə bağlı detala da rastlanmır.

Bütün bunlardan dolayı «On bir gecə» də, «Dekameron» kimi, roman yox, novellalar toplusudur, buradakı qəhrəmanları bir araya gətirən səbəb isə eyni səngərdə ortaq düşmənə qarşı vuruşmalarıdır. İllah roman demək istəyiriksə, onda bu əsəri «roman-gündəlik» adlandırmaq daha doğru olardı…

Qəhrəmanların əksəriyyətinin ilk cinsəl yaşantıları isə adətən frotterizmdən (paltarlı və ya çılpaq bədənlərin qarşılıqlı sürtünməsindən) o yana getmir. Onlar və seçdikləri qadınlar adətən, 83-cü səhifədə deyildiyi kimi, «bundan artığına cəsarət etmirlər».
Poxludərədə ilk öpüşməsindən danışan Rövşəni, yataqda onu arxadan qucaqlayan və özündən 17 yaş böyük Adilənin döşlərinin yumşaqlığını hiss edən İlqarı, «Başqa bir sevgilidə» vərəmli Svetlana ilə rəqs edən Sərdarı, «Yol azmış iki nəfər»də tələbə qızı atının tərkinə alan Fəxrini, «Gənclikdə belə səhvlər olur»da Xəyaləni əncirlikdəki quma yıxan və bu yolla ömründə ilk dəfə boşalan Kamili buna misal göstərmək olar.

Bu adamlar arasındakı başlıca fərq isə qasıq və ya kürək frotterizmidir. Hətta bunlardan Rövşən etiraf edir ki, bu hiss «sevgi qədər insanın ağlını başından alırdı, onun qədər maqnit gücünə sahib idi, ancaq sevginin özü deyildi».

Əsərin dilində anaxronizmlər (zamanlamadakı uyğunsuzluqlar) da aşkar sezilir.
Təxminən 20 il qabaqkı (əsasən də orta təhsilli) gənclərin dilində olması imkansız sayılan, dilimizin lüğət tərkibinə son 10-15 ildə çağdaş türkcədən keçən kəlmələrdən sıx-sıx istifadə hallarıyla rastlaşırıq: sevgiöncəsi (cinsi əlaqədən öncəki), sonsuzadək (əbədilik, həmişəlik), buz dolabı (soyuducu), (boşanmada) rəsmi işləmlər, bit bazarı (xırda-xuruş bazarı), hördüyü (toxuduğu) yun jaket, elektriklə çarpılmaq (elektrik cərəyanıyla vurulmaq), (binada) qat (mərtəbə), oysa (halbuki), birlikdəlik (can bir qəlbdə yaşama), vodka (nə onda bu söz dilimizdə işlənib, nə də indi.

Mümkün variantlar – araq, ağgöz və ceyran südüdür), qoşmaq (qaçmaq), yürümək (yerimək, piyada getmək), əski günlər (ötən / keçmiş günlər), gecənin gec saatlarına qədər (gecəyarıdan keçənə qədər), institutun Tarix fakültəsini qazanmışdım (Tarix fakültəsinə girmişdim və ya daxil olmuşdum), ortalığı (məclisi / hamını) şənləndirmək.
Digər anaxronizm isə pul məbləğləriylə bağlıdır: 34-cü səhifədə gənclər taksiyə 5 manat verir və bu hadisənin döyüşdən 5 il əvvəl olduğu vurğulanır. 98-ci səhifədə isə Sərdar erməni ginekoloqa eyni məbləğdə şirnilik verir. O vaxtkı əskinaslarda ən azı 3-4 sıfır var idi, buna görə də həmin məbləğlər ən azından 5000 manat (yəni 5 «məmməd») ola bilərdi.

19-cu səhifədə Ukrayna səfərindən söhbət getdiyi halda, qəfildən «gedib Rusiyanı görmək» ifadəsinə rast gəlirik, az sonra isə təkrar Ukrayna adı çəkilir. Kimsə bu ölkələr arasındakı fərqə məhəl qoymaya bilər, ancaq bu iki ölkə onda da, elə indi də ayrı-ayrı ölkələrdir (hətta hazırda bir-biriylə savaşacaq duruma da gəliblər!)
Dilimizdə gözəl şeirlərin, mətnlərin müəllifi kimi tanınan R.Qaraca «On bir gecə»də anlaşılmaz və absurd cümlələr də işlədir, bunu hər halda onun əsəri tez-tələsik tamamlamaq istəyi ilə izah etmək olar. Misallara baxaq:

«Bu qıza qarşı olmayan sevgim indi də nifrətə çevrilmişdi» (səh.113)

«…parkda onunla qucaqlaşmaq, öpüşmək istəyirdim. Lena istəklərimi geri qaytarırdı» (səh.26)

«Cəmi bir-iki günə günəş doğacaq, millət dənizə axışacaqdı» (səh.34). Sual doğur: Günəş bəyəm hər gün doğmur ki?

«Bir insanın kölgəsinə belə baxaraq, onun səni sevib-sevmədiyini bilmək mümkündür». İrəli sürülən bu iddia «Sevgidə kölgə diaqnostikası» elminin təməli ola bilər.

Alnından (və ya gicgahından) güllə yarası alan qadının ərinə: «Tahir, sən neylədin?» deməsi kriminalistika tarixində indiyədək heç görünməmiş, ağlasığmaz faktdır. (səh.58)

Bunlara baxmayaraq, əsərdə uğurlu məqamlar da az deyildir. Hekayətlərin dili yetərincə axıcıdır, onlar asan oxunur, müxtəlif obrazlar və hadisələr özünəxas detallarla verilib.

Xramortda bir evdən tapılan 300 şüşə çaxırın verdiyi sərxoşluğun eşq sərməstliyi ilə müqayisəsi Rasimin uğurlu tapıntısıdır. Digər tapıntı kimi isə qırdan çıxarılan inəyin kəsilməsi sonucu qara mazut gölməçəsinin yanında al-qırmızı kiçik qan gölməçəsinin yaranmasını göstərmək olar.

Ümumilikdə götürəndə, «Poxludərədə öpüşmə», «Nasos stansiyasında işləyən adam» və «Sevginin nifrətə çevrilməsi» bu əsərin nisbətən ustalıqla işlənmiş bölümləridir.

Savaş səhnələri fonunda intim məqamları işıqlandırmaqla Rasim həm də demək istəyir ki, ölüb-öldürməyə məcbur olan insanların qəlbində də nakam sevgilər, arzular var və onları qəlblərində daşıyanlar qanlı savaşı nöqtələyən kimi həyata, sevgiyə qaldıqları yerdən davam etmək və ya yeni bir həyata başlamaq barədə düşünürlər...

Müəllif müzakirə əsnasında səslənən haqlı iradlarla razılaşar və göstərilən uyğunsuzluqları əsərin sonrakı nəşrlərində aradan qaldırarsa, inanıram ki, «On bir gecə» Birinci Qarabağ müharibəsi barədə yazılan uğurlu nəsr əsərləri arasında öz layiqli yerini tuta bilər.
XS
SM
MD
LG