Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:06

Sülh Korpusunun Azərbaycanda 2 proqramı dayandırılıb


Sülh Korpusu
Sülh Korpusu
-
Azərbaycanın Gənclər və İdman Nazirliyi Sülh Korpusu ilə ötən noyabrda bitən Anlaşma Memorandumunu yeniləməmək qərarına gəlib. Bu da Azərbaycanda Gənclərin İnkişafı Proqramını sona çatdırıb.

Bunu ABŞ səfirliyinin mətbuat xidməti AzadlıqRadiosunun sorğusuna cavabında bildirir.

TEFL PROQRAMI DA DAYANDIRILIB

Aprelin 1-də Azərbaycanın Təhsil Nazirliyi Sülh Korpusunu xəbərdar edib ki, İngilis Dilinin Xarici Dil kimi Öyrədilməsi Proqramının (TEFL) icrasını dəyərləndirmək üçün onu hələlik dayandırır. Bu qərar aprelin 5-də Azərbaycana gəlməyi planlaşdıran 36 könüllünün planlarını pozub.

Səfirlik bu proqramların statusu barədə əlavə şərhi Azərbaycan hökumətindən almağı məsləhət görür.

Bütün bunlardan sonra Sülh Korpusu bu yaz ölkəyə gəlməyi planlaşdıran 55 könüllünün dərslərini təxirə salıb.

HAZIRDA ÇALIŞAN KÖNÜLLÜLƏR ÖLKƏDƏ QALACAQ

Məlumata görə, Sülh Korpusu və Azərbaycan hökuməti Korpusun bu ölkədə proqramlarını yenidən qiymətləndirmək üçün birlikdə işləyəcək.

Təhsil Nazirliyi Sülh Korpusunu əmin edib ki, ölkədə hazırda çalışan könüllülər planlaşdırılan səfərləri boyu Azərbaycanda qala biləcəklər.

Sülh Korpusunun proqramının dayandırılması barədə informasiyanı ilk dəfə aprelin 9-da «Turan» informasiya agentliyi yayıb. Agentliyə görə, Sülh Korpusunun rəhbərliyi və Bakıdakı ABŞ səfirliyi son bir neçə ay ərzində Gənclərin İnkişafı Proqramının gələcəyini müzakirə ediblər. Ancaq müsbət nəticə olmayıb.

Hazırda Azərbaycanda 74 könüllü var. Proqram 2003-cü ildə yaradılandan Sülh Korpusunun 500 könüllüsü bu ölkədə xidmət edib.

AzadlıqRadiosu məsələyə rəsmi orqanların mövqeyini almağa çalışır. Saytımızı izləyin.
XS
SM
MD
LG