Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:17

Günel Mövlud. Avropa haqda mifləri dağıtmaq


Günel Mövlud
Günel Mövlud
-

Banklarda da bürokratiya, lazımsız, mənasız sənədlərin tələbi, araşdırmalar, ləngitmələr və ən əsası məmur süründürməçiliyi baş alıb gedir...

Hə, əldə qalır təxminən 500 avro. Buyurun, sizə yemək, əyləncə, paltar üçün qalan pul elə bu qədərdir...


Günel Mövlud


AVROPA HAQDA MİFLƏRİ DAĞITMAQ...

«Berlin qeydləri» silsiləsindən…

(Birinci yazı)


Avropa coğrafi məkan kimi məni heç vaxt cəlb eləməyib.

Bir neçə dəfə səfərdə olmuşam, onda da səfər vaxtım on gündən çox olanda, Qafqaz üçün o qədər darıxırdım ki, küçədə Namiq Qaraçuxurlunu da görsəm, Qafqaz qoxusu gələn adam kimi, bağrıma basmağa hazır olurdum.

Ona görə Azərbaycan demirəm ki, doğrudan da, Qafqazı ölkələrə ayırmıram.

Xüsusilə, Cənubi Qafqaz ölkələri adətlər, ovqat, mentalitet, xarakter etibarilə demək olar ki, bir-birindən heç nə ilə seçilmir.

İndi, Avropadan baxanda, daha dərindən hiss edirsən: azərbaycanlı ilə erməninin, gürcü ilə azərbaycanlının arasında heç bir ciddi fərq yoxdur.

Təbii ki, dini çıxmaq və mədəniyyət, incəsənət kimi dəyərlərə münasibətdəki xırda fərqləri nəzərə almaq şərtiilə…

Təxminən səkkiz ay əvvəl Avropaya gələndə də, heç bir çəhrayı arzum, böyük ümidlərim, ciddi gözləntilərim yox idi.

Nə yaradıcı, nə maddi, nə də ovqat dəyişikliyi baxımından.

Ona görə də, Avropada gördüklərim məni nə məyus elədi, nə şok yaşatdı. Sadəcə, fikirlərimi, təəssüratlarımı bir daha təsdiqləmiş oldum.

Gəlin, Avropa barədə bizim insanlarımızın heyranlıq və ikrah kimi iki fərqli qütbə ayrılan təəssüratlarına göz gəzdirək.

Avropaya heyranlıq duyan insanların buralar barədə stereotipləri budur: Avropa cənnətdir, burada insan ən ali dəyərdir, insanlar görünməmiş rifah içində yaşayır, maaşlar olduqca yüksəkdir, Avropa insanı olduqca mədənidir, çoxu o qədər həssasdır ki, heyvanlara əzab verməmək üçün ət yeməkdən belə imtina edib, Avropada kasıb yoxdur, Avropada bədbəxt yoxdur, bir sözlə, Avropa yekdir…

Avropaya böyük bir striptiz səhnəsi, böyük bir əxlaqsızlıq yuvası, gey və lesbiyanların məkanı, böyük-kiçiyə hörmət qoyulmayan yer kimi baxanlar, buranı məişət əxlaqının, ailə dəyərlərinin tamamilə süquta uğradığı yer kimi tanıyanlar daha çoxdur… Xüsusilə millətçi çevrələr, mühafizəkar təfəkkürlü insanlar, milli televiziyamız Avropanı az qala əxlaqsızlıq yuvası kimi tanıtmaqda bərk maraqlıdırlar.

Avropa yazılarını yazmaqda məqsədim, bu iki yanaşmanın hər ikisini reallıqlar, xırdalıqlar, misallar, faktlar vasitəsilə dağıtmaqdı.

Başlayaq üçüncü ölkə insanını Avropada gözləyənlərdən.

Əgər bura böyük arzular, böyük ümidlərlə gəlmisinizsə, amma əvvəlcədən burada yaşamağın şərtləri barədə məlumat yığmamısınzsa, işiniz çox çətin olacaq.

Əgər Avropaya iş vizası ilə gəlmisinizsə, vizanız altı aydan az vaxtı nəzərdə tutubsa, siz Almaniyada bank hesabı aça bilməzsiniz.

Deyə bilərsiniz ki, nəyimə lazımdı, mənim öz ölkəmdə bank hesabım var.

Məsələ burasındadır ki, əgər sizin məhz Almaniya banklarında hesabınız yoxdursa, heç bir ev sahibi sizə ev verməyəcək.
Almaniya - Hanover-də bazar
Almaniya - Hanover-də bazar

Yaşamaq üçün sizə lazım olan evi tutmaq üçün sizdən yarım çamadan sənəd istəyəcəklər, o sənədlərin hamısı qaydasında olsa, amma hesabınız alman bank hesabı olmasa, sadəcə üzünüzə gülüb, sizi yola salacaqlar.

Böyük marketlərdəki, dükanlardakı kassalarda ödənişi öz kartınızla etməkistəsəniz, yenə məyus olacaqsınız. Almaniyada fəaliyyət göstərən banklardan başqa heç bir bankın kartı ilə ödəniş etməyiniz mümkün deyil.

Öz kartınızla isə siz ancaq bankomatdan pul çıxarıb, nağd ödəniş edə bilərsiniz.

Əgər iş vizanız yarımillikdən çoxdursa, burada bank hesabı aça bilərsiniz. Amma bu da az qala bir neçə ay aparacaq.

Çünki hər yerdə olduğu kimi, banklarda da bürokratiya, lazımsız, mənasız sənədlərin tələbi, araşdırmalar, ləngitmələr və ən əsası məmur süründürməçiliyi baş alıb gedir.

Süründürməçilik, bürokratiya, məmur özbaşınalığı Almaniyanın hər addımında, hər yerindədir. Bir məmurun «yox» cavabı verdiyi işə başqa məmur ovqatından asılı olaraq «hə» cavabı verə bilər.

Ən maraqlısı budur ki, hər iki məmur öz cavabını qanuni şəkildə əsaslandıra da bilər.

Daha bir mif isə Avropada səhiyyənin pulsuz olmağıdır. Əlbəttə, hamının tibbi sığortası var, işləmək üçün gələnlər də tibbi sığorta ilə təmin edilir, amma qəfildən xəstələnsəniz, məlum olacaq ki, siz həmin anda həkimə müraciət edə bilməzsiniz.

Görüşü bir neçə gün əvvəlcədən almalı, növbədə saatlarla gözləməlisiniz. Sonra da qəfildən məlum ola bilər ki, ən asan tibbi xidmət, diş çəkdirmək və ya dişi mülaicə etdirmək isə, ümumiyyətlə tibbi sığortaya daxil deyil.

Bunun xərcini özünüz ödəməlisiniz. Bir dişin adicə «plomblanma»sı isə sizə düz 150 avroya başa gələ bilər.

Sığortasız, burada «VIP xəstə» deyilən statusla, yəni eləcənə durub, qəfil özəl klinikaya getsəniz, ən adi müayinə 300 avro tutacaq.

Dərdinizin dərmanını sizə tanış həkiminiz pulsuz desə belə, o dərmanı aptekdən ala bilməyəcəksiniz, çünki Almaniyada çox nadir dərmanlar var ki, onları həkim resepti olmadan əldə edə biləsiniz.

Bunun niyə belə olduğunu soruşsanız, deyəcəklər ki, hər şey əvvəlcədən hesablanmalıdır, xəstələnmə vaxtı belə…

Avropada insanların rifah içində yaşamağı əslində, ilk baxışdan görünən, aldadıcı bir şeydi. Azərbaycanda gəzən miflərdən biri budurki, Avropada adi satıcı ayda 2000-3000 avro maaş alır.

O qədər də şişirdilmiş rəqəm deyil. Doğrudan da, burada minimum əmək haqqı 1500 avro civarındadır. Amma bu pulun 20 faizi vergiyə çıxılır. İşçi əlində qalan 1200 avronun ayda minimum 350 avrosunu kirayə pulu ödəyir.

Çünki Avropada əhalinin böyük bir qismi ömrü boyu ev almaq barədə düşünmür – ev özü çox baha olmasa da, evin vergisi bir ayrı aləmdir.

Deməli, vergi və kirayədən başqa, ayda təxminən 100 avro kommunal xərclər, 60 avro nəqliyyat xərcləri, evdə, məişətdə işlətdiyiniz cihazların vergisi… Bəli, siz evdə hər hansı bir məişət texnikasını «rozetkaya» taxan andan o cihazı işlətdiyinzə görə vergi hesablanır…

Hə, əldə qalır təxminən 500 avro. Buyurun, sizə yemək, əyləncə, paltar üçün qalan pul elə bu qədərdir. Təbii, maaşı çox olanlar da az deyil, amma onların vergisi də çoxdur, it-pişik saxlayırlarsa, avtomobildən istifadə edirlərsə, onların da hamısına görə vergi ödəyirlər.

Azərbaycanda, Gürcüstanda qəpik-quruş müqabilində aldığınız ərzaqlar – göyərti, süd məhsulları, meyvə-tərəvəz Avropada iki yerə ayrılır. GMO-dan, müxtəlif gübrə və hormonlardan real ölçülərini itirmiş məhsullara və orijinal, qatqısız, bioməhsullara.

Birincilər, elə bizdəki kimi, qəpik-quruşadır, ikinci, bioməhsullar isə od bahası. Məsələn, bir klo biobadımcanın kilosu 7-8 avro, bir dənə bioxiyarın qiyməti təxminən iki avrodur.

Avropada ətlik heyvanlar isə iki şəraitdə saxlanılır. Çöl-bayır şəraitində və inkubatorda.
İnkubatorda saxlanan mal-qara xüsusi yem və dərmanlarla böyüdülür, ətlərinin rəngi ətdən başqa hər şeyə oxşayır və qiyməti 5-6 avroya olur.

Çöl-bayır şəraitində saxlanan, heyvan balası kimi ot yeyib, qidalanan malların ətinin qiyməti isə təxminən 25-30 avrodur.

Buna görə də, gündəlik, normal həyatın da vegetarian, ot yeyən Avropa insanı məsələn, Qafqaza çatan kimi olur ət yeyən. Ucuz və dadlı ətdən hazırlanan kababları şiş-şiş ötürürlər. Sonra Avropaya qayıdıb, təzədən olurlar vegetarian.

Mənim bir neçə avropalı tanışım var ki, etiraf eləyirlər – biz Qafqazda ət yeyən, Avropada vegetarian oluruq…

Maddi rifahın guya olduqca yüksək olduğu deyilən Avropada metroda dilənçilər də var, qələm-saqqız satanlar da, küçədə yatan evsizlər də, həftəsonları kafelərin önündəki boş şüşüləri yığıb, satanlar da… əhalinin xeyli hissəsi, işləyən, maaşalan, gözəl-gözəl, sarışın qızlar, qadınlar ikinci əl paltarların satıldığı dükanlardan paltar alır, qarderobunu ildə bircə dəfə dəyişir, «bit bazar»larından alış-veriş edir, meyvə-tərəvəz, ət, pendiri kilo ilə deyil, qramla alır…

Pivənin sudan ucuz olması isə mif deyil. Doğrudan da, pivə buralarda çox ucuzdur.

Ardı var…
XS
SM
MD
LG