Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:57

Bu gənclər nə istəyirlər axı?


Azad Qaradərəli
Azad Qaradərəli
-

"Başqaları absurd teatr qurarkən biz absurd məhkəmələr qurmuşuq zaman-zaman.

Bu gənclər nə istəyirlər axı? Çox az şey: düzlük, həqiqət, korrupsiyasız ölkə, güclü təhsil və yaxşı maaşlı iş yeri...



Azad Qaradərəli


ADAMLARI DOĞULDUQLARINA PEŞMAN ETMƏYİN


Bu gün Azərbaycanın gələcəyi olan gənclər türmədədirlər.

Və ən qorxulusu odur ki, bu uşaqlara qatı cinayətkarlara kəsilən işi vermək istəyirlər.

Xeyir, mən dövlətimizin və dövlətçiliyimizin qarantlarından olan məhkəmə sistemimizə qara yaxmaq fikrindən uzağam.

Ola bilər ki, bu bəd hal baş verməsin, amma təəssüf ki dövlət ittihamçısının fikri bunu deməyə əsas verir.

Yəni bizdə hər şeyin sifarişli olduğu göz önündəykən, bu gənclərə də durub, durub 8-10 il iş istənilməsi çox absurddur.

Amma biz haçan absurddan xils olduq ki. Başqaları absurd teatr qurarkən biz absurd məhkəmələr qurmuşuq zaman-zaman.

Bir yazıçı kimi mən bu anti-demokratik məhkəmə oyunlarının bir çoxunda iştirak etmişəm və görmüşəm ki, heç nə sübut olunmaya-olunmaya adamlara ağır cəza verirlər və hətta bu məhkəmənin davamı Avropa məhkəmələrinə gedib çıxanda ölkəmizi cərimə edir, sanksiya tətbiq edirlər ki, bu da onsuz da korlanmış imicimizə zərbə vurur.

Cənablar! Bu uşaqların – N!İDA-çı gənclərin yaşı üst-üstə bəzi böyük vəzifə sahibinin ikisinin yaşı qədərdir! Allahınız olsun. Adamları doğulduqlarına peşman etməyin.

Gəncləri yaşadıqları ölkəyə nifrətə vadar etməyin.

Bu nəsli intiriqabazlığa, qisasçılığa, nifrət ruhuyla böyüməyə təhrik etməyin.

Hər belə məhkəmədən sonra bilirsiniz ölkəni nə qədər gənc tərk edir? Bir gün başınızı qaldırıb görəcəksiniz ki, bir özünüz, bir də qohum-qardaşınız qalıb burada. Bəs kimə hökm edəcəksiniz? Kimə zülm edəcəksiniz? Kimə iş verəcəksiniz?

İnsaf dinin yarısıdır deyiblər. Kokteyllə kotletin fərqini bilməyən deputatın qanun yazdığı ölkədə yəqin ki, insaf çoxdan ayaqlar altındadır.

Bu gənclər nə istəyirlər axı? Çox az şey: düzlük, həqiqət, korrupsiyasız ölkə, güclü təhsil və yaxşı maaşlı iş yeri. Bunu siz istəmirsinizmi, cənablar? Belə görünür ki, istəmirsiniz. İstəsəydiniz, bu uşaqları içəri doldurmazdınız. Çağırıb dinləyər, sonra onların istədiyini yaradardınız.

Dünya dəyişir, cənablar. İndi heç bir ağıllı ölkə rəhbəri, müxalifəti və xalqı inqilab istəmir. Çünki inqilab sonucda qan, ölüm, dağıntı və vətəndaş müharibəsi deməkdir.

Nə yazıqlar ki, bunu bəzi ölkə başçıları və məmurları istəyirlər. Xalqını, gənclərini bilə-bilə inqilaba sürükləyirlər. Bizdə İsmayıllı hadisələri ona yaxşı sübut idi.

Mən yazıçıyam. Ölkəmin, onun gələcəyi olan gənclərin firavan həyat yaşamasını istəyirəm. Yazılarımda da buna can atıram. Səd heyf ki, bizi buna doğru getməyə qoymurlar.

Əgər belə olmasaydı, mən indi bu yazının əvəzinə, sevgidən, bəşəri arzulardan qaynaqlanan bir hekayə yazardım.

N!DA-çı gənclər aclıq elan ediblər. Yaşı 40-ı keçmiş adamın ac qalması o qədər də qorxulu deyil. Amma hələ orqanizmi bərkiməmiş gənclərin aclıq etməsi, onların gələcək inkişafları üçün təhlükədir. Bu onlarda mənəvi, psixoloji və fiziki travma yarada bilər.

Mən ən əvvəl üzümü aclıq edən gənclərə tuturam: bir ağsaqqal kimi xahiş edirəm aclığı dayandırın. Çünki anti-demokratik cəmiyyətlərdə bu tip aksiyalara reaksiya verən çətin ki, tapılsın. Dünya isə onsuz da sizin səsinizi eşitmir. Çünki onlara siz yox, neft lazımdır.

Və yenə bu gənclərin absurd məhkəməsini həyata keçirənlərə üz tuturam: həyatınızda bircə dəfə də olsun özünüzdə güc tapıb ürəyinizin səsinə qulaq asın: bu uşaqları buraxın getsinlər evlərinə.

Allaha da xoş gedər.


Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG