Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 06:33

«Böyük 7-lər» Rusiyaya qarşı yeni sanksiyalar barədə razılığa gəldilər


Barack Obama və Vladimir Putin G8 summitində, Şimali İrlandiya - 17 iyun 2013
Barack Obama və Vladimir Putin G8 summitində, Şimali İrlandiya - 17 iyun 2013
-
Sənayecə inkişaf etmiş ölkələrin G7 qrupu Ukraynadakı böhranda oynadığı rola görə Rusiya üzərinə qoyulacaq yeni sanksiyalar barədə razılaşma əldə ediblər.

ABŞ-ın yüksəkvəzifəli rəsmiləri bildiriblər ki, bu sanksiyalardan bəziləri artıq bu bazar ertəsi qüvvəyə minəcək.

Vaxtilə Rusiyanın daxil olduğu G8-dən G7-yə çevrilən qrup Kreml üzərinə təzyiqləri artırmaq məqsədilə Krımın ilhaqından bəri Moskvaya qarşı iqtisadi cəzalandırma vasitələrinə keçib.

Birgə bəyanatda deyilir ki, Ukraynada gələn ay keçiriləcək seçkilərin uğurunu və demokratikliyini təmin etmək naminə Rusiyanın üzərinə məqsədli sanksiyaların tətbiqi çevik şəkildə reallaşdırılmalıdır.

Qərbin Rusiyaya qarşı ritorikasının sərtləşməsi ABŞ prezidentinin Avropa liderləri ilə telefon söhbətindən sonra başlanıb. Avropa müttəfiqlərinin qətiyyətini alqışlayan ABŞ Dövlət Departamenti sanksiyalar barədə qərarı partnyorların «çəkici bir nöqtəyə vurması» kimi təqdir edib.

Bununla belə, ABŞ rəsmilərindən biri qeyd edib ki, müxtəlif ölkələrdən gələn sanksiyalar fərqli olacaq. Belə ki bir sıra Avropa ölkələri Rusiyadan enerji asılılığındadır.

HƏR BİR ÖLKƏ SANKSİYANI ÖZÜ MÜƏYYƏN EDƏCƏK

ABŞ rəsmisi bildirib ki, məhz buna görə də hər bir ölkə Rusiya üzərinə hansı sanksiyanı tətbiq edəcəyini özü müəyyənləşdirəcək.

Onun dediyinə görə, sanksiyalar eyni olmasa da, yaxşı əlaqələndiriləcək. ABŞ sanksiyaların özünə aid olanlarını artıq bu bazar ertəsindən tətbiq etmək niyyətindədir.

«Böyük 7-lər»in birgə bəyanatında həmçinin rusiyapərəst separatçılarla mübarizədə Ukrayna hökumətinin nümayiş etdirdiyi təmkin təqdir olunur.

«Əksinə, Rusiya Cenevrə razılaşmasının reallaşması üçün heç bir konkret addım atmır» –bəyanatda deyilir.
Slavyanskda Rusiyameylli qüvvələr - 23 aprel 2014
Slavyanskda Rusiyameylli qüvvələr - 23 aprel 2014


RUSİYA SÜLHƏ YOX, HƏRBƏ CAN ATIR

Sənəddə vurğulanır ki, Rusiya razılaşmanı açıq şəkildə dəstəkləməyib, Ukraynada sabitliyi pozan separatçıların hərəkətlərini pisləməyib. Onları silahlarını yerə qoymağa və qanunsuz zəbt etdikləri hökumət binalarını tərk etməyə çağırmayıb.

«Bunun əvəzində Rusiya narahatedici ritorikası və Ukrayna sərhədlərində keçirdiyi hərbi manevrlə gərginliyi artırmaqda davam edir» – sənəddə bildirilir.

Bəyanatda Rusiyanın Krımı və Sevastopolu ilhaq etməsi qətiyyətlə pislənir və bildirilir ki, bu ərazilər heç vaxt Rusiyanın tərkib hissəsi olaraq tanınmayacaq.

HƏLƏLİK ADI ÇƏKİLMƏYƏN TƏDBİRLƏR

Sənəddə işarə edilir ki, Rusiyaya qarşı sanksiyalar iqtisadi, ticarət və maliyyə sahələrindən kənara da çıxa bilər.

Etibarlı mənbələr bildiriblər ki, burada söhbət ilk növbədə bir sıra Rusiya rəsmilərinin hədəflənməsindən gedir.

Həmin mənbələrin məlumatına görə, ABŞ hələlik adı çəkilməyən tədbirləri Rusiya qüvvələrinin Ukrayna ərazisinə müdaxiləsi təqdirində elan edəcək.
XS
SM
MD
LG