Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:53

NİDA-çıların valideynləri biganəlikdən şikayətlənir


Arxiv foto: NİDA-nın məhkəməsi zamanı
Arxiv foto: NİDA-nın məhkəməsi zamanı
-

«Rəşadət az əvvəl zəng etmişdi. Səsi yaxşı gəlmirdi, heyi yoxdur. Çox pis durumdayıq. Övladlarımız qapalı yerdə, heç kim getmir, maraqlanmır. Nə televiziyalar, nə özəl kanallar işıqlandırmır məsələni. Dövlət qurumlarından da heç kim baş çəkmir. Elə bil aclıq aksiyası edən də yoxdur».

Bunu artıq 11 gündür aclıq edən NİDA-çı Rəşadət Axundovun anası Mətanət Axundova AzadlıqRadiosuna bildirib. O, həmçinin oğlunda mədə ağrılarının artdığını da deyib.

«ZAUR QAN XƏSTƏSİDİR, O, YAXŞI QİDALANMALIDIR»

Zaur Qurbanlının da anası Səkinə Qurbanova oğlunun səsinin zəif gəldiyini, çox danışa bilmədiyini bildirib:

«Həmişə 15 dəqiqə danışırdı. İndi 5 dəqiqə tez-tələsik danışdı, dedi, gedirəm yatmağa. Zaur qan xəstəsidir, o, yaxşı qidalanmalıdır. İndiyədək Qızıl Ayparadan və Ombudsmandan gəliblər yanına. Penitensiar Xidmət isə onların aclıq aksiyasını keçirməsini tanımır».

Şahin Novruzlunun anası Mehparə Novruzova 2 gündür oğlundan xəbər ala bilmədiyini deyir:

«İki gün əvvəl danışmışam Şahinlə. Səsi pis idi, halı yoxdur. Azyaşlıdır. Heç kim gedib maraqlanmır onlarla. Dörd divar arasında vərəm tutma ehtimalı da çoxdur. Nə qədər təkid eləsəm də aclığı dayandırmır».

Həbsdəki 8 NİDA-çı ədalətli məhkəmə qərarı və azad olunmaları tələbi ilə aprelin 17-dən aclıq aksiyasına başlayıblar. Valideynləri övladlarının azad edilməsi üçün aprelin 20-də aclıq aksiyasına başlamışdı. Lakin övladlarının «siz dayandırmasanız biz quru aclığa başlayırıq» mesajından sonra valideynlər aprelin 24-də aclığı müvəqqəti dayandırdılar.

YAP icra katibinin müavini Mübariz Qurbanlı valideynlərin və 8 NİDA-çının bu addımını məhkəməyə təzyiq adlandırıb.

Penitensiar Xidmət təcridxanada aclıq aksiyası saxlanmasını təkzib edib.

Dövlət ittihamçısı məhkəmədə NİDA-çılara 6 il yarımdan 8 il yarımadək həbs cəzası istəyib. Elə həmin gündən onlar aclıq aksiyasına başlayıblar.
XS
SM
MD
LG