Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:51

Anar Məmmədlinin məhkəməsində zərərçəkənlər istintaqa etiraz edirlər


Anar Məmmədli
Anar Məmmədli
-
Anar Məmmədlinin hüquqlarının müdafiəsinə vəkil İradə Cavadova da qoşulub.

AzadlıqRadiosunun məhkəmə prosesində iştirak edən müxbirinin verdiyi məlumata görə, bugünkü məhkəmədə zərərçəkənlərin ifadələri dinlənilib.

Beş zərərçəkəndən dördü deyib ki, onlar məhkəməyə şahid kimi çağırılıb. Onlar istintaq zamanı zərərçəkən kimi tanındıqlarına etiraz ediblər.

Onlardan biri - Sahib Rüstəmli deyib ki, məhkəmədə zərərçəkən kimi iştirak etməyinə görə utanır:

«Mən burda zərərçəkən kimi ifadə verdiyimə görə xəcalət çəkirəm. Çünki Anar Məmmədli həmişə mənə yardım edib».

Başqa bir zərərçəkən Fikrət Kazımov isə deyib ki, o, ittiham olunanları tanımır.

İstintaq materiallarına görə, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi Fikrət Kazımovun icraçı direktoru olduğu firmadan 9 min manata yaxın texniki avadanlıq alıb. İstintaq bu avadanlığın alınmadığını, qayimənin saxta olduğunu bildirir.

Vəkil Elçin Sadıqov bildirib ki, alqı-satqı olub və vergi orqanları bu alqı-satqı əməliyyatını tanıyıb. Fikrət Kazımov ittiham olunanlara qarşı heç bir iddiasının olmadığını bildirib.

Məhkəmə prosesi mayın 5-də davam edəcək.

Aprelin 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, qurumun icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə başlayıb.

Anar Məmmədli 2013-cü ilin dekabrın 16-da həbs olunub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma, seçkinin nəticələrinə təsir məqsədilə törədilən vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir. Müdafiə tərəfi Anar Məmmədlinin həbsinin əsl səbəbinin keçən ilin oktyabrında keçirilmiş prezident seçkilərində qanun pozuntularının monitorinqinin aparılması olduğunu bildirir.

Beynəlxalq hüquq müdafiə təşkilatı «Amnesty International» Anar Məmmədlini «vicdan məhbusu» sayır.
XS
SM
MD
LG