Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:49

Parisdən məktublar... 100 il sonra Bakıda oxundu


Əlimərdan Bəy Topşubaşı
Əlimərdan Bəy Topşubaşı
-
«Mənə elə gəlir ki, Əlimərdan bəy Topçubaşı haqqında çəkdiyimiz film yaxşı alınıb».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına Əlimərdan bəy Topçubaşovun 150 illiyinə həsr edilmiş «Parisdən məktublar» sənədli filminin məsləhətçisi - tanınmış ictimai xadim Ramiz Abutalıbov söylədi.

5 ÖLKƏNİN PAYTAXTINDA ÇƏKİLİŞLƏR OLUB

Onun dediyinə görə, əldə olan material hədsiz çox idi:
«Təkcə Parisdə 3 saatlıq çəkiliş etdik. Əlbəttə, hamısını 35 dəqiqəlik sənədli filmə salmaq mümkün deyildi. Amma Əlimərdan bəyin həyat yolunu, diplomatik fəaliyyətini bu zamana sığdırmağa çalışdıq. Əlimərdan bəy Tiflisdə doğulub, orada, Sankt-Peterburq, Bakı və Parisdə yaşayıb. Biz hətta Moskvada da çəkilişlər etdik. Bu şəhərdə yaşamasa da, orada keçirilən taleyüklü tədbirlərdə iştirak edib. Qalan materiallardan gələcəkdə istifadə etmək fikrindəyik. Tahir müəllimin bir fikri var. İstəyirik 1919-cu ilin aprelində Paris Sülh Konfransına qatılmaq üçün Fransanın paytaxtına gedən Azərbaycan nümayəndə heyətindən, onların sonrakı taleyindən də bir film çəkək».

NİYƏ «PARİSDƏN MƏKTUBLAR»?

Aparıcının: ««Parisdən məktublar» adı necə yarandı» – sualına filmin rejissoru Tahir Əliyev belə cavab verdi:

«Əlimərdan bəyin vətəndən gedəndən ta ölümünədək 15-16 illik fəaliyyəti, istər Azərbaycanla, istərsə Parisdə və başqa şəhərlərdə yaşayan mühacirlərlə əlaqəsi ən çox məktublaşma yoluyla baş tutub. Filmi çəkməyə girişəndə, Ramiz müəllim bizə böyük bir arxiv təqdim etdi. O arxivin də çoxu məktublar idi... Bu üzdən filmi məktubların üzərində qurduq. Filmdə heç bir müsahib yoxdur. Hətta filmin mətni sırf sənədlər üzərində yazılıb, heç bir bədii təxəyyül də yoxdur. Təkcə adı bədiiləşdirmək lazım idi. Beləcə, «Parisdən məktublar» yarandı».

«TAHİR MÜƏLLİMİ VARİSİM SAYIRAM»

«Topçubaşı haqqında film sizi necə birləşdirdi» – sualını Ramiz Abutalıbov belə cavabladı:

«Tahir müəllimlə 5-6 ildir ki, əməkdaşlıq edirik. Uzun illərdir mühacirlərlə bağlı sənədlər toplayıram. Mən Tahir müəllimi varisim sayıram. 2009-cu ildə tanış olduq. Əvvəlcə legion haqqında, daha sonra Mixaylo barədə söhbətlərimiz oldu. Qərara gəldik ki, filmlər çəkək. Məsələn, Paris Əlimərdan bəyin adıyla bağlıdır, İstanbul və Varşava Məhəmməd Əmin bəyin və s. Sonra Əlimərdan bəyin 150 illiyiylə bağlı prezident sərəncamı çıxdı. Mədəniyyət Nazirliyi də maliyyə ayırdı və onun hesabına filmi çəkdik».

«MÖHTƏŞƏM BEŞLİK»

Ramiz Abutalıbov gələcəkdə «Möhtəşəm beşlik» adlı layihənin də reallaşdırılacağının anonsunu verdi:
Ramiz Abutalıbov
Ramiz Abutalıbov

«Bir neçə il əvvəl Hamlet İsaxanlı XX əsrin əvvəllərində yaşamış böyük insanlarımızla bağlı bir ifadə işlətmişdi – «Möhtəşəm beşlik». Söhbət Əli bəy Hüseynzadədən, Əhməd bəy Ağaoğlundan, Əlimərdan bəy Topçubaşovdan, M.Ə.Rəsulzadə və N.Nərimanovdan gedir. Fikrimcə, bu möhtəşəm beşlik barədə film çəkmək lazımdır. 35 dəqiqəlik də olsa, film olsun ki, tarixdə qalsın. Düzdür, gətirdiyim sənədlərin hamısını Dövlət Arxivi yaxşı qoruyur. Ancaq cavan nəslə onları tanıtmaq da vacibdir».

RAMİZ MÜƏLLİM ƏLİMƏRDAN BƏYİ NECƏ TANIDI?

Ramiz müəllim sovetlər dönəmində Əlimərdan bəyin yalnız adını eşitdiyini bildirdi:

«Böyüklərdən üçrəngli bayraq sözünü də eşidirdim, hətta «Çoxdandır ayrılmışam üçrəngli bayrağımdan... A dostlar, mən yoruldum bu gizli ağlamaqdan» şeirini də. Əhməd Cavad, deyilənə görə, kağız silginin üstündə yazıb və onu bu şeirə görə tutublar... 1971-ci ildə mən Parisə işləməyə getdim (Ramiz Abutalıbov sovetlər dönəmində uzun illər YUNESKO-nun katibliyində çalışıb – S.İ.). Getməzdən əvvəl Abbas Zamanov (o dönəmin tanınmış ədəbiyyat tarixçisi, professor—S.İ.) və maestro Niyazi (Üzeyir bəyin qardaşı oğlu – zamanının əfsanəvi dirijoru – S.İ.) mənə gizlicə bir neçə telefon nömrəsi verdilər. Maestro qardaşı oğlu Timuçinin (Ceyhun Hacıbəylinin oğlu – S.İ.), Abbas müəllim də Ələkbər bəyin (Əlimərdan bəyin oğlu –S.İ.), Qədir Süleymanın, Tofiq Tağıyevin və b. telefonunu verdilər. Beləcə, onlarla tanış oldum. Ələkbər bəylə dostlaşdıq. Ələkbər bəy 1977-ci ildə dünyasını dəyişdi. Mən onun dəfnində də iştirak etdim...».

ARXİVDƏ HEYDƏR ƏLİYEVƏ MÜRACİƏT VARMIŞ

Ramiz müəllim maraqlı bir nüansa toxundu:
«O vaxtlar tanınmış bəstəkar Rauf Hacıyev (məşhur «Sevgilim» mahnısının bəstəçisi – S. İ.) Əlimərdan bəyin arxivi ilə bağlı Azərbaycan hökumətinə müraciət edibmiş. Rauf Hacıyev Əlimərdan bəygillə qohum idi (Əlimərdan bəy Həsən bəy Zərdabinin qızı Pəri xanımla evlənmişdi. Rauf Hacıyevin anasını Həsən bəy öz evində qızlarından seçmədən böyüdüb saxlayıb – S.İ.). Mən o məktubun varlığından xəbərsiz idim. Sən demə, Rauf Hacıyev ovaxtkı kommunist partiyasının birinci katibi Heydər Əliyevə məktub yazıbmış ki, Əlimərdan bəyin Parisdə böyük arxivi var. Oğlu onu bizə bağışlamaq istəyir. Bunun dövlət səviyyəsində həll olunmasını istəyir. Cavab da var ki, bu məsələ ilə məşğul olun. Altında Heydər Əliyevin imzası ilə. Amma məşğul olan olmayıb».

«BİRİNCİ DALĞA MÜHACİRLƏRİ GÖRDÜM»

Ramiz Abutalıbov arxivi gətirmək üçün özünün də çalışdığını dedi:

«Amma gördüm Ələkbər bəyin elə də həvəsi yoxdur onu bizə verməyə. O istəyirdi hər şey rəsmi olsun, həm də sənədlər onun üçün çox qiymətliydi, atasının yadigarıydı. Ələkbər bəy vaxtilə atasının şəxsi katibi olub.
Əlimərdan bəy Topçubaşı
Əlimərdan bəy Topçubaşı
Hətta onun ölümündən sonra «Prometey» hərəkatında atasını əvəz eləyib. Mən o dövr mühacirlərinin hamısı ilə görüşdüm. Ceyhun bəyin oğlu Timuçinlə, İren xanımla (İren Melikof – Parisdə yaşayan məşhur şərqşünas alim – S.İ.), Səlim Turanla (Əli bəy Hüseynzadənin Parisdə yaşayan rəssam oğlu – S.İ.) tanış oldum».

Ramiz Abutalıbov onları gördüyü üçün özünü xoşbəxt sayır:

«Düşünürəm ki, nə xoşbəxtəm ki, onlarla tanış oldum, birinci dalğa mühacirləri gördüm. İndi onların heç biri həyatda yoxdur... Birinci böyük hədiyyəni Timuçin bəydən aldım. Mənə atasının –Ceyhun bəy Hacıbəylinin arxivini verdi. Gətirib Dövlət Arxivinə verdim. Zərifə xanım Kürdəmir – Əlimərdan bəyin nəvəsi mənə çox material verdi. Daha sonra Məcid Musazadə, Əli Həsənzadə (AzadlıqRadiosunun əməkdaşları – S.İ.) mənə inandılar və sənədləri etibar etdilər. Qədir Süleyman bir qədim xalça bağışladı. İndi Xalça Muzeyindədir. Hətta rus mühacirlər də mənə inanmağa başladılar. Yəqin eşitmiş olarsınız, Sevastopolda – Qara Dəniz Muzeyində Ayvazovskinin 3 rəsm əsəri saxlanılır – mən gətirmişəm. Sonra Dövlət Tarix Muzeyində Filip Malyavinin qələmlə çəkdiyi Lenin rəsmi – onu da mənə İbadulla Əzimzadə vermişdi...».

PARİSDƏKİ ARXİV NƏ VƏZİYYƏTDƏDİR?

Aparıcının «Əlimərdan bəyin Parisdəki arxivi nə vəziyyətdədir» sualını Ramiz Abutalıbov belə cavabladı:

«Yaxşı qorunur. Arxivin əsas hissəsi ordadır. Orada Siyasi Elmlər Üzrə Ali Məktəb var – həm tədris, həm də elmi işlər aparılır. Onun nəzdində bir mərkəz var – Rusiya, Qafqaz, Şərqi Avropa Tədqiqatları Mərkəzi. Arxiv orada qorunur, çox yaxşı saxlanılır, nəhəng bir arxivdir. Onun bəzi sənədlərindən mən istifadə etmişəm, bəzisindən Cəmil Həsənli (Ötən il Cəmil Həsənlinin «Tarixi şəxsiyyətin tarixi (Əlimərdan bəy Topçubaşov)» kitabı çapdan çıxıb – S.İ). Düzdür, mərkəzə giriş bir az çətindir. Çünki mərkəzin rəhbəri ermənidir. Əlbəttə, qadağan edə bilmir, amma bir balaca mane olurlar. Bilirsiniz, mən bacarmadığımızı kiminsə üstünə atmağı xoşlamıram. Fakt odur ki, biz o arxivdən istifadə edirik. İndi mən bir kitab hazırlayıram o arxivin əsasında».

TOPÇUBAŞININ DİPLOMATİK FƏALİYYƏTİNİN ZİRVƏSİ...

«Sizcə Əlimərdan bəyin Parisdə keçirdiyi 15 illik həyata hansı rəng uyğun gəlir? Ağ-ağ-qara, qırmızı...» – sualına cavab belə oldu:

«Əlimərdan bəyin diplomatik fəaliyyətinin ən yüksək zirvəsi 1920-ci il yanvarın 11-dəki tanınmaqdır (Azərbaycanın Ali Şura üzvləri və müttəfiq dövlətlər tərəfindən de-fakto tanınması nəzərdə tutulur – S.İ.) . 3 dəfə baş nazir Brianla (Fransanın baş naziri – S.İ.), bir dəfə V. Vilsonla (ABŞ prezidenti – S.İ.) və Klimansonla görüşüb. Azərbaycanın müstəqilliyinin bərpası üçün çalışıb. Ancaq 1924-cü ildə – Fransa Sovet İttifaqı ilə müqavilə bağlayandan sonra Parisdəki Azərbaycan nümayəndə heyəti öz səlahiyyətlərini itirdi və onları dinləyən olmadı... Bu, Əlimərdan bəyin məktublarında da əksini tapıb. Bundan sonra onların həyatının ağır dövrü başlayır. 1927-28-ci illərdə M.Əmin bəylə Əlimərdan bəyin arasında Milli Mərkəz məsələsində müəyyən münaqişə də başlayır... Qruplara bölünürlər. Bizim fikrimizcə, bu işdə KQB-nin də barmağı olub. Onların arasındakı anlaşılmazlıq indi bizə ağır gəlir, amma onlar da insandırlar – bu, ola bilər».
Soldan sağa: Məhəmməd Məhərrəmov, Miryaqub Mehdiyev, Əlimərdan bəy Topçubaşov, Fransa, 1920-ci illər,
Soldan sağa: Məhəmməd Məhərrəmov, Miryaqub Mehdiyev, Əlimərdan bəy Topçubaşov, Fransa, 1920-ci illər,

«DÜŞMƏNİMƏ DƏ BELƏ BİR YAY ARZULAMIRAM...»

Müsahibimiz Əlimərdan bəyin həyatındakı daha bir dövrdən danışdı:

«Kasıbçılıq məsələsi vardı. Ceyhun bəyə yazır ki, avqustla birgə tətil də başa çatır, heç düşmənimə də – əgər beləsi varsa – mənəvi əzablardan ibarət bu cür tətil arzulamıram... Borclar yenidən artıb və müxtəlif ehtiyaclar yenidən özü barədə fəryad qoparmaqdadır... Mənzillə bağlı məsələ «Damokl qılıncı» kimi başımızın üstündən asılıb və belə bir zamanda uşaqları, çətin ki, bir yerə göndərə bilək... Hər dəfə ağır borca girsəm də, tükənməyən ehtiyacın cəngində yenidən boğuluram...».

BİR QIĞILCIM...

Ramiz Abutalıbovun fikrincə, bütün bu ehtiyaclara baxmayaraq, sonda Əlimərdan bəyin həyatında bir qığılcım yandı:

«Əlimərdan bəy ömrü boyu birləşmiş Qafqaz tərəfdarı olub. Və ömrünün sonunda o pakta qol çəkdi – Məhəmməd Əmin bəylə birgə. Bu da mənim fikrimcə, o cür ağır həyatın bir kompensasiyası idi...».
ÖNCƏ VƏTƏN!!!

Filmin rejissoru Tahir Əliyevin fikrincə, bütün ağırlıqlarına baxmayaraq, bu cür həyat hər adama qismət olmur:

«Filmin çəkiliş prosesində bir şeyi dərk elədim: Mühacirətdə hər kəs yaşaya bilər. Əlimərdan bəyin yaşamasınınsa bir dramaturgiyası var! Onun hər addımı bir hadisə idi! Hətta eşitdiyiniz o məktubda – Ceyhun bəyə yazdığı məktubda kasıbçılıqdan inləsə də, hiss edirsən ki, onu ötəri deyir, tezcə də uğrunda çarpışdığı milli davaya qayıdır...».
XS
SM
MD
LG