Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:28

Rüfət Əhmədzadənin 20-liyə düşməyən hekayəsi


Rüfət Əhmədzadə
Rüfət Əhmədzadə
-

Bu hekayə "Ədəbi Azadlıq-2014" müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb. Müsabiqəyə göndərildiyi kimi, nöqtə-vergülünə toxunulmadan çap edilir.


Rüfət Əhmədzadə


Nyu-Yorkda müharibə söhbəti


Conatan yorğun idi. Hər şeydən – işdən, ailəsindən, qısqanc sevgilisindən…

İndi dincəlmək üçün bir şüşə pivə bəs edərdi. Bir də ki, cəmi 1 həftə əvvəl ortaq dostlar vasitəsi ilə tanış olduğu italiyalı fotoqraf Filipenin şirin ləhcə ilə danışdığı müharibə xatirələri.

Con hərbiçi olmaq istəyirdi, amma valideynlərinin məsləhətlərini dinləyərək, elektronika mühəndisi oldu. İndi bir mobil rabitə şirkətində çalışır. Amma ürəyində hələ də arzusu var: nə vaxtsa, ilk fürsətdə DARPA-da, Müdafiə Nazirliyinin elmi-tədqiqat işlərində mütəxəssis kimi çalışacaq, özünü göstərəcək. Müharibəyə olan marağının səbəbini özü də anlamırdı. Anlayırdı ki, müharibə heç də yaxşı şey deyil, amma… Nədənsə, uşaqlıqdan seyr etdiyi filmlərdəki əzəmətli qəhrəmanlardan biri olmaq arzusu hələ də içindədir və hər dəfə ətrafından sıxılanda bu arzu baş qaldırır. Nyu-Yorkdakı həyatın adiləşməsi onu uzaqların macəralarına həvəsləndirir.

Yaxınlarda nə vardı? Bəlkə daha da sərbəst yaşamaq imkanı. Musiqi ilə məşğul olmaq, istədiyi işi seçmək, ayrı evdə qalmaq, Rebekkaya bir kəlmə “ayrılaq” deyərək, gecə klublarında rəngli əyləncələr axtarmaq… Zarafat deyil, Conatan Rivs dünyanın ən demokratik ölkəsinin vətəndaşıdır, istədiyi zaman istədiyi cür yaşaya bilər. 11 sentyabr terroru geridə qalmışdı. Onda Conun 15 yaşı var idi, o dəhşəti hamı kimi Rivs ailəsi də yaşamışdı. Amma artıq həyat öz yoluna düşmüş, Nyu-Yorkdan terror təhlükəsi sovuşmuşdu.

Con müharibəyə meyilli idi, lakin həyatın digər tərəflərini də yoxlamaqdan qorxur, yaxud da, dindar-mühafizəkar ailənin (belə ailələrə çox rast gəlinməz, dostları da tez-tez Conatana onun necə xoşbəxt olduğunu deyirdilər) intellektual övladı kimi yaşamağı üstün tuturdu. Rebekka elə ona lazım olan qızdır. Universitet kitabxanasında işləyir, çox da ağıllı qızdır, nə olsun ki, qalın eynəkləri olmadan sevişməyi də bacarmır…

Amerikalı gənc özü də “botanik”dir; bəlkə də, orduda çox fərsiz biri olardı. Elə bu “bəlkə”lər və “amma”ları beynində çək-çevir edərək bir siqaret yandırdı və bayaqdan telefonla danışan Filipeyə baxdı.

Otağın ortasında telefonu qulağına söykəyərək obaş-bubaş vargəl edən fotoqraf özünün Romadakı tanışı ilə uzun-uzun nəyisə müzakirə edir, doğma italyanca nəyinsə məhz o düşünən kimi olduğunu sübut etməyə çalışırdı.

Filipe dəstəyi asdı, divana tərəf qayıtdı, yerə qoyduğu pivə şüşəsini götürüb Cona üz tutdu:

– Con, bilirsən nəyi danışırdıq? – cavab gözləmədən davam etdi. – Mən Amerikaya gəlmişəm ki, müharibədən, inqilablardan və çaxnaşmalardan uzaq olum. Amma sən demə, əsl müharibə, əsl çaxnaşma elə burda imiş. Mənə Romadan zəng edirlər, Vaşinqtona getməyi xahiş edirlər. Zəng edən tanışım agentliyə təzə direktor keçib. İnan mənə, yorulmuşam artıq! Bəlkə Los-Ancelesə getdim, orda bir jurnalda işə düzələrəm, olaram şou dünyasının fotoqrafı. Əsəbi siyasətçiləri, aqressiv əsgərləri, çılğın etirazçıları, əzilən insanları çəkməkdən bezmişəm!

Con siqaret tüstünü buraxın, pivədən bir qurtum aldı, Filipeyə dedi:

– Bir həftədir eyni şeyləri deyirsən, amma sən müharibədən danışanda çox həyəcanlı olursan, gözlərindən od saçır. Elə buna görə də, hər gün səninlə görüşüb pivə içirəm. Özümü unuduram, sənin söhbətlərində burdan uzaqlaşıram… Belə etmə, Filipe! Sən buraların adamı deyilsən. Ya da ki, şou adamı deyilsən. Axı niyə bezmisən, nədən yorulmusan?

– Sənin üçün müharibə, mitinqlər, qarşıdurmalar həyəcandır, adrenalindir. Mənim üçünsə adi iş. Sən Nyu-Yorkda müdirin bir tapşırıqla hansısa prezentasiyaya göndərəndə ağız büzürsən, mənsə “Liviyada yaxşı işlədin, indi get Suriyaya” sözlərini eşidəndə. Bax, Ukraynada inqilab təzə oldu, mən prinsipə girib işdən çıxdım, öz hesabıma gəldim bura. Krıma göndərmək istədilər, alınmadı. İndi də deyirlər ki. Get Vaşinqtondakı ofisdə işlə…. Sənətimi sevirəm, sadəcə bir az həyatıma rəng qatmaq istəyirəm. Adrenalinsiz, sakit.

Con maraqla dikəldi, dedi:

– Müharibənin nə olduğunu bilmək istərdim.

Filipe gülümsündü:

– Amerika prezidentindən soruş! Nə edirsən axı?

– Sadəcə maraqlıdır. Görəsən, müharibə edən ölkənin gəncləri indi nə hiss edir?

Filipe ucadan qəhqəhə çəkdi:

– Onlar da öz dostlarından sənin nə hiss etdiyini soruşur. Bax… Təsəvvür elə ki, sən öz həmyaşıdını, amma 6 yaşından əsirlikdə böyümüş və artıq 28 yaşa çatmış birini görürsən. Sən nə hiss edərdin?

Con duruxdu:

– Deyə bilmərəm, Filipe. Onun gözlərinə baxmağa, özümü onun yerinə qoymağa çalışardım.

– Və təsəvvür et ki, həmin gənc elə sən özünsən. Doğma ailəndən kimsə qalmayıb. Qalıbsa da, sənin xəbərin yoxdur. Düz 22 ildir, eyni sözləri eşidirsən: “səni sevsəydilər, gəlib azad edərdilər”. Sən özün də, artıq buna inanmağa başlayırsan. Öz doğmalarına qarşı, xalqına qarşı nə hiss edərdin?

– Xalqımın əks-hücuma keçəcəyi anı gözləyərdim, intiqam üçün, azadlığım üçün dua edərdim. Hər an, hər saat. Dilim başqa şey desə də… Bəlkə də, bilmək olmaz, 22 il əsirlikdə qalan adamın beyni çoxdan yuyular. Amma yox, müharibəni görsəydim, tezliklə bitməsi üçün nəsə etməyə çalışardım.

– Hə, – Filipe təsdiq etdi. – belə halda insanlar 2 yoldan birini seçir: ya həddən artıq liberal olur, ya da həddən artıq millətçi. Mərkəzçi olmaq, ortaq yol tutmaq alınmır. İnsanın gözləri qarşısına gəlir hər şey… Çox görmüşəm belələrini. Əfqanıstan, İraq, Liviya… Hətta Qafqazdan olan bir çox gənclə də danışmışam.

– Filipe, 22 il əsirlikdə qalan bir gənci düşünən olarmı səncə? – Conatan yenə pivəsini qurtumlayıb, sağ ayağını altında qatdaladı, divanda Filipe ilə üzbəüz olmaq istəyirmiş kimi, tamamilə onun tərəfə çöndü. – Axı, o gənci ölkəsi çoxdan itirib!

– Eh, Con! Ölkəsinin itirdiyi gənc sənsən. O gənci isə ölkəsi təzə-təzə qazanır. Bir gün o gənc öz xalqının qarşısına çıxar və deyər: Ey, siz! Məni ölmüş bilirdiniz, amma mən sağ qalmışam! Bəli. Sağ qalmışam! Bəlkə də, ən böyük faciə elə budur! Kaş ki, öləydim! Kaş məni ağlım kəsməyən vaxtda öldürəydilər… Sizi belə unutqan görməyəydim.

– Filipe, sən qisasçı imişsən! – Conatan yarızarafat-yarıciddi dedi. – O gənc ölkəsini yenidən müharibəyə səsləyir?

Fotoqraf bir qədər susdu. Boş pivə şüşəsini yüngülcə yerə atdı. Şüşə dığırlana-dığırlana qarşıdakı masanın altına getdi, divara dəyib dayandı.

– Conatan! O gənc ölkəsinə demək istəyir ki, məni əsir verdiyiniz zaman siz müharibəyə qol çəkmisiniz. Və artıq, bu müharibə taleyinizdir! Ya məni elə siz vurub öldürün, ya da gəlin azad edin, bu məsələ bitsin!

– Filipe, sülh institutları 28 yaşlı əsirə kömək edə bilməzmi yəni?

İtaliyalı fotoqraf köks ötürdü:

– Ah, Conatan… Sülh institutları “status-kvo”lar təşkil edirlər, atəşkəs yaradırlar, 6 yaşlı əsirləri 28 yaşlı bədbəxtə çevirirlər… Mənə bax, o gəncin döyüşdə ölən başqa gənclərdən nəyi artıqdır?

– Filipe, elə mən də səndən bunu soruşmaq istərdim.

– Heç nəyi! Amma bir məsələ var: hər körpə 28 yaşına çata bilsəydi – sənin kimi, mənim kimi, onda müharibələr nisbətən ədalətli olardı…

– Nə demək istəyirsən, dostum? – Conatan bir siqaret də yandırdı.

– Mənə də siqaret ver, mən də səninlə birlikdə zəhərlənim…– Filipe ondan siqaret aldı və Conun tutduğu alışqanla onu yandırıb, tüstünü içinə çəkdi. – İkimiz də həmyaşıdıq, Con! Əgər ikimiz də 6 yaşında əsir düşsəydik, indi artıq düşmənlərimiz kimi düşünərdik. Sadəcə, beynimizin bir guşəsində 1-2 epizod qalardı.

Ağzından tüstü buludlarını havaya buraxdı.

– O epizodlar da belə dumanlı olardı. Ən yaxşı müharibə bitmiş müharibədir, əziz dostum! Elə ona görə də, yer üzündə bitmiş müharibə olmayıb hələ! 11 sentyabr, 2001-ci il… Bu hadisədən sonra müharibə başladı. Halbuki, bəzilərinə görə, bu terrorun da səbəbi elə müharibələr idi. Bir-biri ilə əlaqəli əməllər. Bədəlini bəşəriyyət ödəyir. Hə, epizodlar deyirdim axı… Epizodların da hamısı yarımçıq qalıb!

Ondan sonra, heç biri dinib-danışmadı. Filipe kirədə qaldığı mənzilin soyuducusundan daha 2 şüşə pivə götürdü, gəlib divanda fikirli halda yayxanmış Conun yanında oturdu. Bu dəfə söhbət Filipenin Los-Anceles səfərindən gedirdi. Onlar bir daha müharibə barədə danışmadılar. Səhərisi gün Filipe getdi Hollivuda – “rəngli həyat” dalınca.

Con isə öz həyatını olduğu kimi sürməyə davam etdi, tezliklə də ailə qurdu. O, məcbur olmayana qədər müdafiə sahəsinə maraq göstərməyəcək. Amma bir sual onu hər gün düşündürəcək: Bu lənətəgəlmiş epizodları necə bir-biriylə montaj eləmək olar ki, dünyada müharibə filmi də biryolluq bitsin... və daha çəkilməsin?!

O, heç Hollivuddakı filmlərin də bitməsinə inanmır. Artıq Con üçün hər film bir yarımçıq epizoddur – insan həyatı kimi.
XS
SM
MD
LG